Dekabrın 14-də “Fövqəladə hallar uşaqların gözü
ilə” V Respublika və I Beynəlxalq uşaq yaradıcılıq
müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi
keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd uşaqlara
təhlükəsiz həyat tərzinin əsaslarının öyrədilməsi,
istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək
verilməsi, yetişməkdə olan gənc nəslə vətənpərvərlik
ruhunun aşılanması və fövqəladə hallarda yarana bilən
problemlərə ictimaiyyətin diqqətini yönəltməkdən
ibarətdir.
Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə
razılaşmasına əsasən keçirilən müsabiqə Fövqəladə Hallar
Nazirliyinin yaradılmasının 10 illik yubileyinə həsr
olunub.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında
təşkil olunmuş mərasimdən öncə təhsil nazirinin müavini
Ceyhun Bayramov, fövqəladə hallar nazirinin müavini,
tibb xidməti general-leytenantı Faiq Tağızadə və
BMT-nin Uşaq Fondunun (UNICEF-in) Azərbaycandakı
nümayəndəsi uşaqların əsərlərindən ibarət sərgiyə
baxıblar.
Respublikanın bütün şəhər və rayonlarının
ümumtəhsil və internat məktəbləri şagirdlərinin iştirak
etdiyi müsabiqə rəsm, plakat, əl işi, yanğın və
qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq
nominasiyalarında məktəb, rayon və respublika
mərhələləri üzrə keçirilib. Rayon və şəhər
müsabiqələrinin yekunları üzrə Təşkilat Komitəsinə 503
rəsm, 305 plakat, 197 əl işi, 191 yanğın və
qəza-xilasetmə texnikasının modeli və 167 yumşaq oyuncaq
təqdim olunub.
Bundan əlavə, I Beynəlxalq uşaq yaradıcılıq
müsabiqəsinə Rusiya, Türkiyə, Belarus, Gürcüstan,
Qırğızıstan, Qazaxıstan, Koreya, Macarıstan və
Moldovadan ümumilikdə 37 rəsm və 5 plakat təqdim olunub.
Təşkilat Komitəsi tərəfindən müsabiqəyə təqdim
olunmuş işlər qiymətləndirilib və qaliblər müəyyən
olunub. Müsabiqədə ümumilikdə, 166 qalib müəyyən edilib.
Bunlardan 31-i birinci, 45-i ikinci, 55-i üçüncü yeri
tutub, 35-i isə fəal iştiraka görə təltif edilib.
Müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr
təqdim olunub.
www.edu.gov.az |