Dekabrın 14-də AMEA-nın prezidenti, akademik Akif
Əlizadə, Kimya Elmləri Bölməsinin akademik-katibi,
institutun direktoru, akademik Dilqəm Tağıyev, AMEA-nın
Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik
Vaqif Abbasov, AMEA-nın Polimer Materialları
İnstitutunun direktoru, akademik Akif Əzizov SDU-da
olublar.
SDU-nun rektoru, professor Elxan Hüseynov
qonaqları universitetdə görməkdən məmnun olduğunu
bildirib və “dəyirmi masa” ətrafında elmin, təhsilin
inkişafına dair fikir mübadiləsi aparılıb.
Sonra ulu öndər Heydər Əliyevin büstü önünə gül
dəstələri qoyularaq əziz xatirəsi dərin ehtiramla yad
edilib.
Universitetin ümummilli lider Heydər Əliyevin
adını daşıyan Mərkəzdə ulu öndərin uşaqlıq,
yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik
Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illəri
əks etdirən fotolar qonaqların marağına səbəb olub.
Rektor təhsilimizin inkişafına hər zaman xüsusi
diqqət göstərən ümummilli liderimiz Heydər Əliyevin
adını daşıyan Mərkəzdə əməkdaşlıq müqaviləsinin
imzalanmasının təsadüfi xarakter daşımadığını bildirərək
ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi, kadr
və intellektual potensialın möhkəmləndirilməsinin məhz
bu dahi şəxsiyyətin adı ilə bağlı olduğunu söyləyib Qeyd
olunub ki, ulu öndərin miras qoyduğu milli təhsil
quruculuğu bu gün ölkə Prezidenti cənab İlham Əliyev və
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva tərəfindən uğurla davam
etdirilir.
Rektor ali məktəbin yaranma tarixi, onun fəaliyyət
istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və
layihələr barədə ətraflı məlumat verib.
Rektor Elxan Hüseynov onu da vurğulayıb ki,
AMEA-nın Polimer Materialları İnstitutu ilə universitet
arasında təhsil-elm-istehsalat çərçivəsində elmi
əməkdaşlıq üzrə istiqamətlər müzakirə edilmiş və
hədəflər müəyyənləşdirilmişdir. O, akademiyanın
prezidenti, akademik Akif Əlizadənin şəxsən iştirakı ilə
imzalanacaq əməkdaşlıq müqaviləsinin təhsilin elmə,
elmin təhsilə inteqrasiyasına təkan verəcəyinə ümidvar
olduğunu bildirib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə
çıxışında Sumqayıt Dövlət Universitetində olduğundan
məmnunluğunu ifadə edib. Ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra elmə və elm adamlarına
yüksək dəyər verildiyini və bu gün də bu sahənin
prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Qeyd
edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət
və qayğı, xalqımız üçün son dərəcə əhəmiyyətli olan hər
iki sahə ilə bağlı qəbul etdiyi qərarlar ölkəmizdə elmin,
təhsilin inkişafı və onların müasir səviyyədə
inteqrasiyası üçün böyük imkanlar yaradıb. Bu
imkanlardan səmərəli istifadə etməklə elmlə təhsilin
vəhdətinin təmin edilməsi, kadr hazırlığının müasir
standartlara uyğun olaraq təkmilləşdirilməsi, elmi
tədqiqat işlərinin nəticələrinin tədris prosesində
tətbiqi hazırda AMEA-nın qarşısında duran əsas
vəzifələrdəndir. AMEA-nın prezidenti Sumqayıt Dövlət
Universitetində imzalanacaq əməkdaşlıq müqaviləsinin elm
və təhsilin inkişafına zəmin yaradacağına əminliyini
ifadə edib.
Sonra Sumqayıt Dövlət Universiteti, Azərbaycan
Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri
İnstitutu, Polimer Materialları İnstitutu arasında
əməkdaşlıq müqaviləsi imzalanıb.
Mətbuat xidməti |