Azərbaycan
Universitetində təhsil alan tələbələr üçün “Microsoft
Imagine Cup” innovasiya müsabiqəsinin tanıtımı təşkil
olunub. “Microsoft Azərbaycan” şirkətinin Təhsildə
Əməkdaşlıq proqramının meneceri Emin Axundov müsabiqənin
şərtləri və nominasiyalar haqqında tələbələri
məlumatlandırıb və milli seçim turuna start verildiyini
diqqətə çatdırıb.
Qonaq qeyd edib ki, müsabiqə dünyanın üzləşdiyi çətin
məsələlərin həlli istiqamətindəki ideyalarını biznesə
çevirmək istəyən gənclər üçün böyük şans yaradır.
Müsabiqə çərçivəsində tələbələrdən ibarət komandalar “Oyunlar”,
“İnnovasiya” və “Dünya vətəndaşlığı” kateqoriyaları üzrə
yarışacaqlar. Müsabiqədə iştirak üçün Microsoft alət,
ləvazimat və texnologiyaları ilə oyunlar və proqram
təminatları yaradılmalıdır. Hər komandada eyni və ya
müxtəlif universitetlərin 4-dək tələbəsi təmsil oluna
bilər. Komandanın ən azı bir üzvü ingilis dilində
sərbəst danışmağı bacarmalı və namizədlərin yaşı 16-dan
az olmamalıdır. Müsabiqədə iştirak üçün qeydiyyat
yanvarın 5-də başa çatacaq. Milli final turu 15 apreldə,
dünya finalı isə 2016-cı ilin iyul ayında baş tutacaq.
Dünya finalında 3 komanda hər 3 nominasiyada 50 min
dollar, 10 min dollar və 5 min dollar məbləğlərdə pul
mükafatı qazanacaq.
Azərbaycanı bu müsabiqədə keçən il təmsil edən
komandanın qaməti əymədən oturmaq və durmaq vərdişi
yaradan “Spinal” layihəsi “İnnovasiyalar”
kateqoriyasında II yeri tutub.
Görüşdə universitetin rektoru Fərid Əhmədov da iştirak
edib. Rektor müsabiqələrdə iştirakın tələbələr üçün
əhəmiyyətini vurğulayıb və cəmiyyətdə gedən
dəyişikliklərin “iştirak” ilə mümkün olduğunu diqqətə
çatdırıb.
Fərid Əhmədov tədbirin sonunda Azərbaycan Universitetini
yerli və beynəlxalq informatika və proqramlaşdırma
müsabiqələrində təmsil edən komandaların üzvlərinə
sertifikat və diplomlarını təqdim edib.
Qeyd edək ki, “AU-2” komandası Gürcüstanın paytaxtı
Tbilisi şəhərindən “Tələbələrin Beynəlxalq
Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsi və
Cənubi Qafqaz Açıq Çempionatı”nda fərqlənmə
sertifikatına layiq görülüb. Komanda Məmməd Kərimli (kompüter
mühəndisliyi, III kurs), Elvin Usubov (kompüter
mühəndisliyi, III kurs) və Nahidə Məmmədovadan (riyaziyyat
və informatika müəllimliyi, IV kurs) ibarətdir.
Komandaya riyaziyyat və informatika kafedrasının
müəllimi Asif Paşayev rəhbərlik edir. Müsabiqə 5-7
dekabr 2015-ci il tarixlərində Gürcüstanın paytaxtı
Tbilisi şəhərində keçirilib.
İctimaiyyətlə əlaqələr və
nəşriyyat şöbəsi |