Kimya-7.
Müəlliflər:
İ.Lətifov, M.Məmmədov, Ş.Məmmədova, A.Rzayeva
“Bakı” nəşriyyatı - 2015.
Təhsil nazirinin müvafiq əmri ilə dərs vəsaiti
kimi təsdiqlənən “Kimya-7” vəsaitinin istifadəyə
verilməsi kimya müəllimləri və şagirdlər üçün sözün əsl
mənasında əhəmiyyətli hadisə sayıla bilər. Müasir
tərtibata malik olan dərs vəsaiti ilk baxışdan xoş
təəssürat oyadır. Vəsaitin məzmunu, hazırlanma üslubunun
müasirliyi diqqəti cəlb edir.
Vəsaitdəki təlim materiallarının şagirdyönümlülüyü,
başadüşülən, rahat qavranılan, sadə və aydın cümlələrlə
yazılması xüsusi qeyd edilməlidir.
Biz, kimya müəllimləri, belə bir vəsaitin
hazırlanmasını çoxdan gözləyirdik. Qabaqcıl metodist və
pedaqoqların fikrinə görə, bəzən orta məktəb dərslikləri
həyati bacarıqlara söykənməyən nəzəri materiallarla
yüklənmiş olur.
Kurikulum əsasında kimya fənninin tədrisinə ilk
dəfə olaraq 7-ci sinifdən başlanmasının əsas məqsədi
şagirdlərdə bu fənnə maraq oyatmaq və yuxarı siniflərdə
kimyanı daha da dərindən öyrənməyə həvəsləndirməkdir.
Yaradıcı heyətin hazırladığı dərs vəsaitinin
məzmunu, həmçinin təlim materiallarındakı təqdimolunma
və metodik üslub şagirdin yaş səviyyəsinə uyğun olmaqla
yanaşı, ciddi didaktik prinsiplərə əsaslanır.
Mövzularda təqdim edilən nəzəri materiallar
illüstrasiya və praktik tapşırıqlarla müşayiət olunur.
Hər bir mövzuda kimyanın həyatla əlaqəsi nümayiş
etdirilir və şagirdlərin gündəlik həyatında
rastlaşdıqları obyekt və hadisələrin elmi-populyar
təhlili verilir. Təlim materiallarının asan qavranılması
məqsədi ilə çoxsaylı illüstrasiyalardan istifadə
edilmişdir. Şagirdlərin praktik bacarıqlarını inkişaf
etdirmək məqsədilə əyani təcrübələr, laboratoriya və
praktik işlərdən, həmçinin müstəqil yerinə yetirilməsi
nəzərdə tutulan layihələrdən geniş istifadə olunur.
7-ci sinif şagirdləri üçün nəzərdə tutulan dərs
vəsaiti ümumtəhsil məktəbləri üçün kimya fənn
kurikulumunun qarşıya qoyduğu məqsəd və vəzifələri
nəzərə almaqla tərtib olunmuşdur. Fənn kurikulumunda
nəzərdə tutulan 4 məzmun xəttini və müvafiq məzmun
standartlarını tam əhatə edir.
Vəsaitdə alim, pedaqoq və metodistlərdən ibarət
müəllif heyəti tərəfindən kimya fənn kurikulumunda
müəyyənləşdirilmiş təlim strategiyaları, metod və
üsullardan geniş istifadə edilmişdir. Belə ki, kimya
təliminin praktik istiqamətinin gücləndirilməsi
məqsədilə şagirdlərin yerinə yetirə biləcəkləri sadə
təcrübələr, molekul və kristal qəfəslərin üçölçülü
modellərinin hazırlanması, kimyəvi reaksiyaların
modelləşdirilməsi və kimyəvi tənliklərin tərtib
edilməsi, kimyəvi tənliklər və formullar üzrə
hesablamaların aparılması kimi fəaliyyət növlərinə aid
müxtəlif tapşırıqlar verilmişdir. Belə tapşırıqlar
şagirdlərdə əqli fəallıq, tədqiqatçılıq, müstəqillik və
təşəbbüskarlıq, praktik vərdişlərin yaranması, nəzəri
məlumatların praktikada tətbiq edilməsi kimi bacarıqları
formalaşdırır.
Dərs vəsaitində maddə və maddi aləm məzmun xətti
üzrə verilən tədris materialı şagirdlərdə maddənin
tərkibi və quruluşu haqqında məlumatların düzgün dərk
olunmasına, onlar haqqında mülahizələrin irəli
sürülməsinə, həmçinin müstəqil araşdırma bacarıqlarının
inkişafına imkan yaradır. Məsələn, “Saf maddələr və
qarışıqlar” mövzusunun 7-ci sinif şagirdlərinin yaş
səviyyəsinə uyğun olaraq aydın, ardıcıl,
sistemləşdirilmiş şəkildə verilməsi, qarışıqların
ayrılması üsullarının həm də müfəssəl və aydın
illüstrasiyalarla təsvir edilməsi şagirdlərdə rast
gəldikləri saf maddələri və qarışıqları biri-birindən
fərqləndirmək, müxtəlif üsullardan istifadə etməklə
homogen və heterogen qarışıqları ayırmaq vərdişlərini
aşılayır.
Bu məzmun xəttinə aid digər təlim materiallarının
(hidrogen, oksigen mövzuları və orada verilən praktik
fəaliyyətlərdə istifadə edilən turşu, qələvi, xlor və s.
maddələrin) öyrənilməsi şagirdlərdə zərərli və zəhərli
maddələrlə davranış qaydalarına düzgün əməl edilməsini
və digər müvafiq həyati bacarıqları formalaşdırır.
Vəsaitdə şagirdin kimya fənni üzrə əldə etdiyi
bilik və bacarıqlar (atomun quruluşu, atom-molekul
təlimi, kimyəvi elementlər, onların yer kürəsində və
canlı orqanizmdə yayılması, fotosintez, ekzo- və
endotermik reaksiyalar və s.) fizika, biologiya və
coğrafiya fənləri üzrə əldə etdiyi bilik və bacarıqlarla
əlaqələndirilir.
Hər bir mövzunun sonunda təlim materiallarının
mənimsənilmə səviyyəsini müəyyən etməyə imkan verən sual
və tapşırıqlar Öyrəndiklərinizi yoxlayın blokunda
verilmişdir. Bu blokda, həmçinin Ümumiləşdirici
tapşırıqlar bloklarında verilmiş sual və tapşırıqlar
öz lakonikliyi, ardıcıllığı və elmi dəqiqliyi ilə
diqqəti cəlb edir. Çalışmalar, bir qayda olaraq, sadədən
mürəkkəbə doğru yerləşdirilmişdir.
Nəzəri materiallarla praktik tapşırıqların
növbələşməsi bu məlumatları öyrəndikdən sonra dərhal
onların möhkəmləndirilməsinə xidmət edir. Açıq tipli
suallar şagirdlərdə məntiqi və yaradıcı təfəkkürün
inkişafına yardım edir. Adətən, şagirdlərin çətinlik
çəkdikləri məsələ növlərinin həlli üsulları onların yaş
səviyyəsinə uyğun olaraq nümunələr əsasında verilmişdir.
Vəsaitdə IV bölmənin ümumi məqsədi şagirdlərə
kimyanın əsas anlayış, qanun və nəzəriyyələrini əks
etdirən məsələlərin həlli yollarını öyrətmək və bununla
da müvafiq nəzəri biliklərin dərindən dərk edilməsinə
kömək etməkdir.
Dərs vəsaitinin sonunda terminlər lüğətinin,
məsələ həllində istifadə olunan düsturlar, mürəkkəb
maddələrin formul və adlarının siyahısının da verilməsi
7-ci sinif şagirdlərinə daim lazım olan məlumatların
asanlıqla tapılması və yadda saxlanılmasına xidmət edir.
Vəsait müasir təlim texnologiyalarından istifadə
etməklə məzmunun mənimsənilməsinə, tələb olunan məzmun
standartlarının reallaşdırılmasına, kimya fənn
kurikulumunun məqsəd və vəzifələrinə nail olmaq
istiqamətində müəllim və şagirdlərə geniş imkanlar
yaradır.
“Kimya-7” dərs vəsaitinin Təhsil Nazirliyinin
razılığı ilə Bakı və Sumqayıt şəhər məktəblərinə
paylanması respublikamızda kimyanın tədrisinin
keyfiyyətinin daha da yüksəldilməsinə marağın
gündən-günə artdığını sübut edir. Biz, Bakı şəhərinin
bir qrup kimya müəllimi Təhsil Nazirliyi və “Bakı”
nəşriyyatına bu əhəmiyyətli təşəbbüsə görə öz
minnətdarlığımızı bildiririk və inanırıq ki, belə
dərslik və dərs vəsaitləri ənənəvi dərsliklərdən köklü
şəkildə fərqlənərək tədrisin yeni keyfiyyət səviyyəsinə
yüksəlməsinə zəmin yaradacaqdır.
Fatma MUSTAFAZADƏ,
Bakı şəhəri 20 nömrəli məktəb-liseyin kimya müəllimi,
əməkdar müəllim,
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi,
Atlas MUSTAFAYEVA
Heydər Əliyev adına liseyin kimya müəllimi, əməkdar
müəllim |