| 
						 
						
						 Əziz həmvətənlər! 
						
						Hörmətli soydaşlar! 
						
						Vətən təəssübkeşliyi, doğma yurda və milli-mənəvi 
						dəyərlərə bağlılıq kimi nəcib hisslər aşılayan 31 Dekabr 
						– Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində 
						sizi salamlayır, hər birinizə xoş arzu və diləklərimi 
						çatdırıram. 
						
						Bütün soydaşlarımızın azərbaycançılıq ideologiyası 
						ətrafında sıx birləşərək mütəşəkkil qüvvəyə çevrilməsi 
						məsələsinə xüsusi diqqət yetirən ümummilli lider Heydər 
						Əliyev bu sahədə tarixi qərarlar qəbul etmiş, xaricdə 
						məskunlaşmış həmvətənlərimizin hüquqlarının qorunmasına, 
						diaspor quruculuğunun geniş vüsət almasına yönələn 
						əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Aparılan 
						məqsədyönlü siyasətin nəticəsi olaraq, bu gün diaspor 
						təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə 
						Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın 
						müdafiəsi və respublikamızın digər dövlətlərlə 
						qarşılıqlı faydalı münasibətlərinin dərinləşməsi işinə 
						öz töhfələrini verirlər. 
						
						Hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana 
						baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycan 
						Respublikasında 2015-ci ildə də sosial-iqtisadi artım 
						dinamikası qorunub saxlanmış, müxtəlif sahələri əhatə 
						edən dövlət proqramları və infrastruktur layihələri 
						ardıcıl icra edilmişdir. Ölkəmiz Avropa ilə Asiyanı, 
						Şimalla Cənubu bir-birinə bağlayan nəhəng transmilli 
						enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində 
						mühüm rol oynayır. İlin əvvəlində təməli qoyulmuş TANAP 
						layihəsi də daxil olmaqla, zəngin qaz ehtiyatlarımızın 
						dünya bazarlarına nəqli sahəsində nəzərdə tutduğumuz 
						planların gerçəkləşdirilməsi Azərbaycanın etibarlı 
						enerji təchizatçısı kimi beynəlxalq aləmdəki rolunu daha 
						da artıracaq, respublikamızın gələcək inkişafı və 
						xalqımızın rifahının yüksəldilməsi yolunda yeni 
						perspektivlər açacaqdır. 
						
						Bu il Azərbaycan böyük idman bayramına - Birinci 
						Avropa Oyunlarına ev sahibliyi etmişdir. Qitənin 50 
						ölkəsinin idmançılarının iştirakı ilə keçirilən bu 
						tədbir yüksək səviyyədə təşkil olunmuş, beynəlxalq 
						ictimaiyyətdə dövlətimizin potensialı, xalqımızın 
						çoxəsrlik tarixi və zəngin mədəniyyəti, qonaqpərvərliyi 
						və tolerantlıq ənənələri barədə müsbət təəssüratlar 
						yaratmışdır. 
						
						Son dövrlər dünyanın müxtəlif guşələrində 
						hərbi-siyasi münaqişələrin və iğtişaşların artmasına 
						baxmayaraq, Azərbaycanda mövcud olan ictimai-siyasi 
						sabitlik, hakimiyyət və xalq arasında etimad mühiti daha 
						da möhkəmlənmişdir. Noyabr ayında demokratik və şəffaf 
						şəraitdə keçirilmiş növbəti parlament seçkiləri də 
						cəmiyyətin nikbin əhval-ruhiyyəsinin, xalqımızın 
						aparılan siyasətə dərin rəğbətinin parlaq təzahürü 
						olmuşdur. 
						
						Təəssüflə qeyd etməliyəm ki, Ermənistanın 
						təcavüzkar siyasəti və qeyri-konstruktiv mövqeyi 
						ucbatından hələ də həllini tapmamış 
						Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 
						hamımızı narahat edən taleyüklü problem kimi qalır. Bu 
						gün Azərbaycan Respublikası güclü iqtisadiyyata və 
						torpaqlarımızı hər an işğalçılardan azad etməyə hazır 
						olan qüdrətli orduya malikdir. Lakin biz yenidən qan 
						tökülməsinin qarşısını almaq, regionda gərginliyi 
						artırmamaq məqsədilə münaqişənin beynəlxalq hüquq 
						normaları çərçivəsində dinc yolla ədalətli həllinə 
						çalışırıq. Hesab edirəm ki, bundan sonra da səylərimizi 
						birləşdirməli, işğal edilmiş ərazilərimizin azad 
						edilməsi uğrunda ardıcıl və məqsədyönlü iş aparmalıyıq. 
						Bu sahədə diaspor təşkilatlarımızın da üzərinə mühüm 
						vəzifələr düşür. Azərbaycanın suverenliyinin qorunması 
						və ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəyliyimiz 
						və birgə fəaliyyətimizlə sanballı töhfə vermək bizim 
						başlıca amalımız olmalıdır. 
						
						Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü 
						münasibəti ilə səmimi-qəlbdən təbrik edir, hər birinizə 
						xoşbəxtlik, firavanlıq və işlərinizdə uğurlar 
						arzulayıram.  
						
						
						İlham ƏLİYEV, 
						Azərbaycan Respublikasının Prezidenti 
						Bakı şəhəri, 24 dekabr 2015-ci il  |