Dekabrın
22-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
“Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və
intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq
haqqında müqavilənin imzalanması mərasimi keçirilib.
Təhsil naziri Mikayıl Cabbarov çıxışında dünyanın ən
tanınmış elmi-analitik informasiya təminatçısı olan
“Thomson Reuters” şirkəti ilə əməkdaşlığın rəqabətəqabil
insan kapitalının hazırlanması siyasətinə əsaslandığını
və ölkəmizin inkişaf konsepsiyasına dəstək göstərilməsi
məqsədi daşıdığını qeyd edib. Nazir bu əməkdaşlığın
Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət
səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun
dünyada gücləndirilməsinə zəmin yaradacağına əminliyini
ifadə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif
Əlizadə ali təhsil müəssisələri üçün qlobal elmi baza
olan “Web of Science®” platformasına və “İnCites™”
bazasına çıxış imkanlarının yaradılmasının əhəmiyyətini
qeyd edib və əməkdaşlıq sənədinin imzalanmasını
Azərbaycan elmi üçün mühüm hadisə kimi dəyərləndirib.
“Thomson Reuters”in Dövlət layihələri üzrə prezidenti
Sameh Əl-Din Azərbaycan Respublikasının Təhsil Nazirliyi
ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edib. Sameh
Əl-Din dünyada məşhur elmi platforma olan “Thomson
Reuters”ə geniş çıxışın Azərbaycanda elmin inkişafına
güclü
təkan
verəcəyinə, beynəlxalq əməkdaşlığın inkişafına səbəb
olacağına və yerli tədqiqatçıların nəşrlərinin sayının
artacağına ümidvar olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə “Thomson
Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual
mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında
müqavilə imzalanıb. Sənədi Azərbaycan Respublikasının
təhsil naziri Mikayıl Cabbarov və “Thomson Reuters”in
Dövlət layihələri üzrə prezidenti Sameh Əl-Din
imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun ölkə alimlərinin beynəlxalq akademik
platformaya daha geniş qoşulmasına verdiyi dəstək xüsusi
qeyd edilməlidir.
Qeyd edək ki, əməkdaşlıq haqqında müqaviləyə
əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil
Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi
istinad indeksi olan “Thomson Reuters Web of Science®”
platformasına (“Science Citation İndex Expanded®”
(Təbiət elmləri üzrə məlumat bazası), “Social Sciences
Citation İndex®” (İctimai elmlər üzrə məlumat bazası),
“Arts and Humanities Citation İndex®” (İncəsənət və
humanitar elmlər üzrə məlumat bazası), “Conference
Proceedings Citation İndex®” (Konfrans, konvensiya,
simpozium, kollokvium və “dəyirmi masa”ların
materialları üzrə məlumat bazası)), eləcə də şirkətin
əsas məhsulu olan “Thomson Reuters İnCites™” bazasına
tam çıxış əldə edəcək.
“Thomson Reuters İnCites™” dünya ali təhsil
müəssisələri və elmi dairələrinin fəaliyyətinin
məhsuldarlığını təhlil etmək imkanı verən elmi
tədqiqatların qiymətləndirmə alətidir. Hazırda
“İnCites™” platforması dünyanın 7000-dən artıq tanınmış
universiteti, tədqiqat institutu, dövlət qurumu və
şirkəti tərəfindən istifadə olunur.
“Web of Science®” platforması məlumatlarının
təhlili ali təhsil müəssisələrinə tədqiqatların daha
səmərəli istiqamətlərini müəyyən etməyə və uğurlu
inkişaf strategiyalarının qurulmasına xidmət edir.
Azərbaycanın ali təhsil müəssisələrinin “İnCites™”
informasiya platformasında yerləşdirilmış “Journal
Citation Reports” məlumat bazasına çıxış imkanları da
təmin ediləcək. “Journal Citation Reports”un köməkliyi
ilə alimlər öz sahələrinə dair elmi jurnalların
müqayisəli qiymətləndirilməsini apara və nəşr üçün daha
effektiv şəkildə jurnallar seçə biləcəklər.
“Science Citation İndex Expanded®” müəllim, tələbə
və tədqiqatçılara təbiət elmləri və texnologiya
sahəsində lazımi elmi məlumatları toplamaq, biblioqrafik
informasiyadan və istinadlar haqqında məlumatlardan
səmərəli yararlanmaq imkanı yaradacaq.
“Social Sciences Citation İndex®” və “Arts and
Humanities Citation İndex®” bazaları ictimai, humanitar,
incəsənət sahələrində nəşrlər və istinadlarla bağlı
informasiyaya, “Conference Proceedings Citation İndex®”
isə ən önəmli konfrans və səfərlər barəsində dərc olunan
materiallara çıxış əldə etmək imkanı verəcək. |