Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)
özünün “Gənclik” mahnı və rəqs ansamblının 50 illik
yubileyini təntənəli şəkildə qeyd edib. Dekabrın 21-də
Dövlət Akademik Milli Dram Teatrında baş tutan konsert
proqramında təhsil nazirinin müavini Firudin Qurbanov,
universitetin rektoru Mustafa Babanlı, professor-müəllim
heyəti, tələbələr, Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini
Mirzə Cəfərzadə, Azərbaycan milli rəqsinin canlı
əfsanəsi Kamil Dadaşov, rəqs sənətinin tanınmış
nümayəndələri, xalq artistləri Roza Cəlilova, Təranə
Muradova, əməkdar incəsənət xadimi, bəstəkar Nailə
Mirməmmədli, əməkdar artist Fərhad Hümbətov və digər
sənət adamları iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə
çıxış edərək Azərbaycanın zəngin tarixi mədəni irsə
malik olduğunu, bu irsin qorunaraq nəsillərdən-nəsillərə
ötürüldüyünü vurğulayıb. O bildirib ki, zəngin
mədəniyyəti - folkloru, muğamı, milli rəqs nümunələri
olan Azərbaycan var olduqca öz maddi - mənəvi irsini
qoruyacaq və inkişaf etdirəcək. UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın bu istiqamətdə gördüyü
işlərdən söz açan F.Qurbanov mədəniyyətimizin təbliğ
olunmasında əmək sərf edən tələbə gənclərə uğurlar
diləyib.
ATİAHİ Respublika Komitəsinin sədr müavini
M.Cəfərzadə yubiley münasibətilə ADNSU-nun əməkdaş və
tələbələrini təbrik edib və bu gün milli mədəniyyətimizi
dünyada yüksək səviyyədə təbliğ edən ansambla uğurlar
diləyib. O, Azərbaycan Həmkarlar İttifaqı adından
ansamblın bədii rəhbəri, əməkdar artist Sənan Hüseynova
simvolik hədiyyə təqdim edib.
Digər çıxış edənlər də “Gənclik” ansamblının
gözəl rəqslərinə, istedadlarına bələd olduqlarını,
tələbələrin professional rəqqas və rəqqasələrlə rəqabət
apara biləcək imkanlara malik olduqlarını qeyd edərək
tələbələri xoş sözlərlə təbrik ediblər.
Bakı Xoreoqrafiya Akademiyasının “Azərbaycan
qartalları”, Azərbaycan Mahnı və Dövlət Rəqs ansamblları
öz ifaları ilə yubilyarları təbrik ediblər. Onların
çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Universitetin rektoru M.Babanlı çıxışında
“Gənclik” mahnı və rəqs ansamblının böyük bir yol
keçdiyini önə çəkib. Ansamblın 1965-ci ildən fəaliyyət
göstərdiyini, artıq 1970-ci ildən başlayaraq milli rəqs
bölmələri ilə dünyanın bir çox ölkələrində konsert
proqramları ilə çıxış etdiyini vurğulayan rektor,
ansamblın Azərbaycanı yüksək səviyyədə tərənnüm
etməsindən fəxarətlə danışıb.
Mətbuat xidməti |