Dekabrın
21-də Qazaxıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə
Əl-Farabi adına Qazaxıstan Milli Universiteti və Qafqaz
Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Beybit İsabayev, Əl-Farabi adına Qazaxıstan Milli
Universitetinin rektoru, akademik Qalimkair Mutanovun
rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Qonaqları salamlayan Qafqaz Universitetinin rektoru,
professor Ahmet Saniç xalqlarımız arasındakı səmimi
dostluq münasibətlərindən, iqtisadi və humanitar
sahələrdə olan əlaqələrdən danışıb. Bildirib ki, bu gün
imzalanan protokol hər iki universitetin tələbə və
müəllim heyəti arasında mübadilənin aparılmasına, birgə
elmi layihələrin və ortaq elmi araşdırmaların həyata
keçirilməsinə imkan verəcək. Rektor əməkdaşlığın
qurulmasında olan əməyinə görə səfir Beybit İsabayevə
təşəkkür edib.
Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin rektoru,
akademik Qalimkair Mutanov səmimi qarşılanma üçün
təşəkkürünü bildirib, rəhbərlik etdiyi universitet
haqqında məlumat verib. Diqqətə çatdırıb ki, 80 illik
tarixi olan universitetlərində hazırda 20 min tələbə
təhsil alır. İmzalanan memorandum sayəsində hər iki ali
məktəb arasında əməkdaşlığın daha da dərinləşəcəyinə
ümid etdiyini söyləyən rektor məqsədlərinin gənclərin
elmi fikir mübadiləsinə və bir-birini daha yaxından
tanımasına şərait yaratmaq olduğunu vurğulayıb.
Tədbir Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin
tələbələrinin ifasında konsert proqramı ilə davam edib.
Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi” |