Ədalət
MURADOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru,
professor
Bu gün bizim hər birimiz üçün doğma olan Azərbaycan
Dövlət İqtisad Universitetinin 85 yaşı tamam olur. Bu
şərəfli illərin səhifələrinin yazılmasında bu və ya
digər dərəcədə rolu, əməyi olan hər birimizin
bayramıdır.
İllərin sınağından keçən universitetimiz bu gün Cənubi
Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil
müəssisəsidir. İqtisad elmi sahəsində intellektual
kadrların, zəngin bilik mənbələrinin, tədris
təcrübəsinin cəmləşdiyi təhsil ocağıdır. Maddi-texniki
bazası, təlim-metodik vəsaitlər və bir sıra digər
istiqamətlər üzrə bir çox regional universitetlərə örnək
ola biləcək ali təhsil mərkəzidir. İqtisad
Universitetində Azərbaycan elminə böyük töhfələr vermiş
və xidmətlər göstərmiş qocaman professorlar çalışır.
Ölkəmizdəki iqtisadçı alimlərin böyük hissəsi məhz bu
universitetdə fəaliyyət göstərir. Biz həyatının böyük
hissəsini Azərbaycan Dövlət İqtisad Universitetinə həsr
edən və universitetin bu səviyyəyə çatmasında böyük rolu
olan iqtisadçılarımız, qocaman professorlarımızla fəxr
edirik.
Təhsilin
güzgüsü müəllimlərdir. Tədrisin keyfiyyəti müəllimin
keyfiyyətinə bağlıdır. Ona görə də UNEC-də müəllim
potensialının artırılması universitetin strateji
hədəfidir. Bunu nəzərə alaraq UNEC-də mövcud müəllim
potensialının reallaşdırılmasının maksimallaşdırılması,
eləcə də təkmilləşdirilməsi istiqamətində xeyli işlər
görülür. Ali məktəbimizdə “Gənc müəllimlər” layihəsinə
start verilib. Son iki ildə 147 gənc müəllim
universitetimizə cəlb olunub. Eləcə də “Gənc
professorlar” layihəsini reallaşdırırıq. Keçən il 6, bu
il isə 2 gənc fəlsəfə doktoru bu layihəyə daxil edilib.
Əldə etdiyimiz razılaşmaya görə, təcrübəli
müəllimlərimizdən 15 nəfəri qış tətilində Türkiyənin
müxtəlif universitetlərində təcrübə mübadiləsi keçəcək.
Həmçinin 30 müəllimimizə qış tətilində Harvard
Universitetinin professoru, eləcə də 100 müəllimimizə
Abu Dabinin Paris-Sorbona Universitetinin professorları
təlim keçəcək.
Son iki ildə universitetimizdə əməkhaqqı 3 mərhələdə
artırılıb və ali təhsil müəssisələri arasında
universitetimizin pedaqoji heyətinin orta əməkhaqqı ən
yüksək göstəriciyə malikdir. Təbii ki, bu son hədd deyil.
Əməkdaşların maaşlarının artırılması istiqamətində də
işlər gedir.
Qeyd edim ki, artıq UNEC-in intellektual məhsulu olan
diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb.
Bu sistem universitetlər arasında ilk dəfədir ki, tətbiq
olunur. Əməkhaqlarına diferensial əlavələrin edilməsində
əsas məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək
və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir.
Qaydalara əsasən, heyətin xidməti fəaliyyətinin
qiymətləndirilməsi onların universitetdəki elm, tədris
və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata
keçiriləcək. Hər tədris ilinin may ayının 31-dən növbəti
ilin müvafiq tarixinə qədər toplanan ballara əsasən
müəllimlərin əməkhaqlarına əlavələr olunacaq. Əlavələr
mövcud əməkhaqqının 1-2 misli qədər nəzərdə tutulub.
UNEC-də elektron universitet modelini reallaşdırırıq.
Layihənin əsas üstünlüyü ondan ibarətdir ki, tələbələr
müəllimlərin tədris materiallarına çıxış imkanı əldə
edəcəklər. Yeni tədris ilindən əcnəbi tələbələrin
yenidən hazırlıq və ali təhsil üzrə qəbulu da elektron
formada həyata keçirilib.
Təhsilin keyfiyyətinin artırılması yollarından biri də
dünyada ən müasir təhsilin universitetimizə
gətirilməsidir. Bununla bağlı London Universiteti/London
İqtisadiyyat Məktəbinin beynəlxalq proqramlarını
xüsusilə qeyd etmək istəyirəm. Artıq sentyabr ayından
UNEC-də London Universiteti/London İqtisadiyyat
Məktəbinin proqramı əsasında 6 tələbə təhsil alır. Həmin
tələbələr təhsilini bitirdikdən sonra London
Universiteti/ London İqtisadiyyat Məktəbinin diplomunu
əldə edəcəklər.
UNEC Fransanın ən nüfuzlu tarixi universiteti olan
Monpelye Universiteti ilə ikili diploma dair razılıq
əldə edib. Yaxın vaxtlarda müqavilənin imzalanması
tamamlanacaq. Həmçinin Azərbaycan təhsilinin xaricə
inteqrasiya edilməsi istiqamətində nailiyyətlər əldə
etmişik. MDB məkanında ilk dəfə olaraq məhz UNEC-ə
Rusiya Federasiyasının ərazisində təhsil xidmətlərinin
göstərilməsi hüququ verilib. Cari ilin noyabr ayından
etibarən RF-nin Təhsil və Elm Nazirliyi tərəfindən
UNEC-in Dərbənd filialına lisenziya verilib.
Azərbaycan tarixində ilk dəfə olaraq, universitimiz
Avropa İttifaqına üzv ölkədə - Yunanıstanın Qərbi
Makedoniya Texnoloji Təhsil İnstitutu ilə birgə kadr
hazırlığını həyata keçirir və birlikdə magistr hazırlığı
proqramını reallaşdırmağa başlayıb.
Qürur duyduğumuz proqramlardan biri də MBA proqramıdır.
MBA proqramı tamamilə yenilənib və beynəlxalq tələblərə
cavab verən səviyyədədir. MBA proqramında hazırladığımız
proqramlar dünyanın ən nüfuzlu 5 universiteti - ABŞ-ın
Park Universiteti, Almaniyanın Drezden Texniki
Universiteti, İsveçrənin UBİS Universiteti, Kanadanın
Vaterloo Universiteti, ABŞ Qərbi Texasın A&M
Universiteti tərəfindən yüksək qiymətləndirilib.
Magistratura pilləsində tədrisin təşkili üçün mövcud
proqramlar tamamilə yenilənir, doktorantura pilləsində
də qəbuldan müdafiəyə qədər bütün mərhələlərin şəffaf və
obyektiv həll edilməsinə imkan verən zəruri sənədlər
hazırlanıb. Doktorantura pilləsinə qəbulda yeni qaydalar
ondan ibarətdir ki, fəlsəfə doktoru proqramı üzrə
ingilis dili fənnindən qəbul imtahanı artıq British
Council tərəfindən həyata keçiriləcək. Sevindirici
haldır ki, universitetimizin doktoranturasına diqqət və
maraq artıb. Bu il sənəd verənlərin sayı rekord
səviyyədə - 104 nəfər olub.
Müəllimlərimizin ekspert qismində fəaliyyət göstərməsinə
təkan vermək üçün yeni bir jurnal - “UNEC Ekspert”
jurnalını təsis etmişik. Növbəti ilin birinci rübündə
jurnal işıq üzü görəcək.
Azərbaycan Dövlət İqtisad Universiteti yeni layihəyə -
iqtisadçı alimlərin və praktiklərin “diskurs.az” virtual
iqtisadi forumu layihəsinə start verib. Layihənin
məqsədi ən aktual iqtisadi məsələlərin müzakirəsini
təşkil etmək üçün Azərbaycanın, eləcə də tanınmış xarici
iqtisadçıların bir araya gələ biləcəkləri məkanın
yaradılmasıdır. “Diskurs.az” maraq kəsb edən məsələlərə
dair materialları həm yerləşdirməyə, həm də onları
qiymətləndirməyə və şərhlər əlavə etməyə imkan verir.
Virtual iqtisadi forumda iqtisadi proseslərin ekspert
icmalı təqdim ediləcək, müxtəlif iqtisadi məsələlərə aid
müvafiq ekspertlərin rəy və təklifləri dərc olunacaq,
eyni zamanda istifadəçilərə öz maraq dairələrinə uyğun
əlavə rubrikalar yaratmaq imkanı da veriləcək.
İstifadəçilər Azərbaycanda elə bir unikal intellektual
meydançanın iştirakçılarına çevriləcəklər ki, orada
iqtisadiyyatın və biznesin aktual məsələlərini ölkənin
aparıcı iqtisadçı alimləri və müxtəlif sahələrin
mütəxəssisləri ilə birbaşa müzakirə edə biləcəklər.
Forum debatlar aparmağa imkan yaradan bir platforma
rolunu da oynayacaq. Burada mütəxəssislər müxtəlif
iqtisadi məsələlərə dair müzakirələr apararaq müştərək
təkliflər formalaşdıra biləcəklər. Debatlara müxtəlif
iqtisadi məktəblər, habelə müstəqil ekspertlər dəvət
edilə bilərlər.
Elektron forum həmçinin iqtisadçılarla daimi əks-əlaqə
üçün vasitə rolunu oynayacaq və istər Azərbaycanın,
istərsə də xarici ölkələrin vətəndaşları arasında
müxtəlif mövzulara aid sorğular keçirməyə imkan verəcək.
Layihə eyni zamanda müəyyən tədris elementini də özündə
daşıyır. Belə ki, tələbələrimiz müzakirələri izləmək və
onlardan faydalanmaq imkanını əldə edirlər.
İqtisad Universitetinin yeni “UNEC Ekspert” jurnalı
diskurs.az-da yerləşdiriləcəkdir.
Bu günlərdə universitetimiz daha bir ilkə imza atıb. Bu,
türk dünyası iqtisadçıları tarixində əlamətdar bir
hadisədir. Azərbaycan Dövlət İqtisad Universiteti ilə
Beynəlxalq Türk Akademiyasının əməkdaşlığının nəticəsi
olaraq Türk Dünyası İqtisadçılar Birliyi təsis edildi.
UNEC bu Birliyin katibliyi funksiyasını yerinə
yetirəcək. Əminəm ki, türk dünyası iqtisadçı alimlərini
bir araya gətirmək və tədqiqatlar aparmaq istiqamətində
TDİB-nin çox böyük rolu olacaq.
Bütün bu yeniliklərin nəticəsidir ki, universitetimiz
“Webometrics” beynəlxalq reytinq sisteminin açıqladığı
reytinq sıralamasında ölkə universitetləri arasında
birinci yerə yüksəlib.
Bu nailiyyətlər bizi sevindirir, amma qane etmir. Ölkə
Prezidenti İlham Əliyevin qarşıma qoyduğu vəzifəni -
Azərbaycan Dövlət İqtisad Universitetinin dünya
səviyyəli universitetə çevrilməsini icra etmək üçün
bütün gücümüzü səfərbər edəcəyik. Əminəm ki, UNEC yaxın
gələcəkdə “QS” reytinqində Top-1000 universitet sırasına
yüksələcək. |