| 
						 
						
						Dekabrın 24-də Bakı şəhəri 189-190 nömrəli tam orta 
						məktəbdə xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas 
						və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illik 
						yubileyinə həsr olunan tədbir keçirilib.  
						
						
						Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir 
						müavini Məhəbbət Vəliyeva, Milli Məclisin deputatı  
						Cavanşir  Feyziyev, Səbail Rayon İcra Hakmiyyətinin 
						nümayəndəsi Azər Məmmədov, telejurnalist Ələddin Əsədov, 
						paytaxtın bir sıra tanınmış məktəblərinin direktorları, 
						eləcə də məktəbin müəllim-şagird kollektivi, valideynlər 
						iştirak ediblər. 
						
						
						Məktəbin direktoru Ceyran  Kuliyeva tədbirin  əlamətdar 
						bir günə- Azərbaycan Respublikasının Prezidenti İlham 
						Əliyevin ad gününə təsadüf etməsindən məmnunluq hissi 
						keçirdiyini bildirərək  ölkə başçısını təhsil işçiləri 
						adından təbrik edib, ona gələcək fəaliyyətində uğurlar 
						arzulayıb.  
						
						
						Görkəmli şair və ədəbiyyatşünas  Bəxtiyar Vahabzadə 
						haqqında danışan direktor onun çağdaş Azərbaycan 
						ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış 
						şəxsiyyətlərdən biri olduğunu deyib. Qeyd edilib ki, 
						Bəxtiyar Vahabzadə haqqında danışarkən həmişə gözlərimiz 
						qarşısında poeziya sənətini Məcnun çılğınlığı ilə sevən 
						və bu sevda havasında çox zaman özünü unudan bir 
						sənətkar, ədəbiyyat nəhəngi-şair, dramaturq, alim, 
						publisist, siyasi xadim canlanır.            
						
						
						“Bircə ondan razıyam ki, özümdən narazıyam” deyən şair 
						bütün türk dünyasında sənətin, şeirin ləl-cəvahiratı, 
						sönməz ulduzu adlandırıldığı halda, özünü sənət 
						dünyasının qırıq telli sazına bənzədir. Azərbaycanda 
						milli-mənəvi dəyərlərin inkişafında xüsusi xidmətləri 
						olan xalq şairi ictimai xadim, vətəndaş kimi ana 
						dilimizin də fəal təbliğatçısı və qoruyucusu olub. 
						B.Vahabzadənin yaradıcılığının, fəaliyyətinin ətraflı 
						təhlilini aparan Ceyran xanım ölkə başçısı cənab İlham 
						Əliyevin görkəmli şairin 90 illik yubileyinin 
						keçirilməsi haqqında müvafiq sərəncamını sənətkara 
						dövlətimizin verdiyi böyük qiymət, ümumxalq məhəbbətinin 
						ifadəsi olduğunu bildirib. Direktor vurğulayıb ki, 
						xalqımız bu söz ustadının xatirəsini hər zaman əziz 
						tutur. O, “Necə ki, Nizamini, Fizulini Azərbaycan 
						şeirinin günəşi adlandırırlar, bizim üçün Bəxtiyar 
						Vahabzadə də  müasir Azərbaycan poeziyasının günəşidir” 
						- deyib. 
						
						
						Həzin ovqat üzərində köklənən, kövrək duyğularla 
						müşayiət olunan tədbirdə şairin yaradıcılığından bəhs 
						edən videoçarxın nümayişi, şagirdlərin ifasında 
						B.Vahabzadənin müxtəlif mövzularda yazdığı şeirlərin 
						səsləndirilməsi iştirakçılar tərəfindən maraqla 
						qarşılanıb.  
						
						
						Sonra söz qonaqlara verilib. Xalq şairi Bəxtiyar 
						Vahabzadənin 12 cildlik külliyatının işıq üzü görməsində 
						əvəzsiz əməyi olan Milli Məclisin deputatı Cavanşir 
						Feyziyev çıxış edərək  görkəmli ədiblə bağlı 
						xatirələrini bölüşüb, onun yaradıcılığından, yüksək 
						mənəvi keyfiyyətlərindən danışıb.  
						
						
						Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini 
						Məhəbbət Vəliyeva şairin XX əsr Azərbaycan ədəbiyyatına 
						verdiyi töhfələrdən söz açıb. Qeyd olunub ki, onun 
						yaradıcılığında azadlıq, istiqlaliyyət, vətənpərvərlik  
						ideyaları, Vətənə, xalqa, torpağa dərin məhəbbət ruhu 
						xüsusi önəm daşıyır. İstedadlı və vətənpərvər şair saf  
						əqidəsi, fəal mövqeyi, mübariz və məğrur ruhu ilə 
						xalqımızın yaddaşında əbədiyaşarlıq qazanıb.  
						
						
						Təhsil müəssisələrində  Azərbaycanın tanınmış şair və 
						yazıçılarının xatirə gecələrinin təşkilinin vacibliyini 
						diqqətə çatdıran Məhəbbət Vəliyeva belə tədbirlərin 
						böyüməkdə olan gənc nəslin bir vətəndaş, şəxsiyyət kimi 
						formalaşmasında, onların milli-mənəvi dəyərlərə hörmət, 
						vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm 
						əhəmiyyət kəsb etdiyini söyləyib.  
						
						
						Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin 
						saflığının qorunmasının Bəxtiyar Vahabzadənin 
						fəaliyyətinin mühüm istiqamətlərindən biri olduğunu 
						deyən Ələddin Əsədov onun tariximizə, doğma torpağımıza, 
						mədəniyyətimizə, folklorumuza və yazılı ədəbiyyatımıza 
						dərin köklərlə bağlı olduğunu qeyd edib. 
						
						
						Çıxış edənlər tədbirin belə yüksək səviyyədə təşkil 
						edilməsində əməyi olan 189-190 nömrəli tam orta məktəbin 
						direktoru Ceyran Kuliyevaya  və onun rəhbərlik etdiyi 
						müəllim-şagird kollektivinə minnətdarlıqlarını 
						bildiriblər.  
						
						
						Samirə KƏRİMOVA, 
						“Azərbaycan müəllimi”  |