Azərbaycan
Respublikasının Təhsil Problemləri İnstitutu dekabrın
22-də Bakı şəhərindəki “Grand Hotel Europa”da
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası və təhsildə metodik xidmət”
mövzusunda elmi-praktik konfrans keçirib.
Konfransın keçirildiyi zalda TPİ-nin “Təhsil
Texnologiyaları Mərkəzi”nin mətbəəsində çap olunmuş
20-yə qədər metodiki vəsait, müəllimlərin tədrisdə
istifadə edə biləcəyi resurslar və digər elmi nəşrlərin
yer aldığı kitablar da sərgilənirdi. Konfrans
iştirakçıları onlarla yaxından tanış oldular.
Konfransı giriş sözü ilə ARTPİ-nin direktoru, hüquq üzrə
fəlsəfə doktoru Qulu Novruzov açaraq tədbir
iştirakçılarını və respublikamızın pedaqoji
ictimaiyyətini qarşıdan gələn 31 dekabr Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı
münasibəti ilə təbrik etdi, onlara uğurlar arzuladı.
Q.Novruzov konfransın ilin sonunda, hesabat dövründə
keçirildiyini qeyd edib rəhbərlik etdiyi qurumun
təşkilatçılığı ilə il boyu təşkil olunmuş və gələcəkdə
gerçəkləşdiriləcək tədbirlər haqqında məlumat verdi.
Bildirdi ki, Azərbaycan məktəbinin dünyanın inkişaf
etmiş ölkələrində olduğu kimi, intellekt məktəbinə
çevrilməsi, nailiyyətlərin yalnız yaddaşa deyil,
düşüncə, təfəkkür səviyyəsinə görə qiymətləndirilməsi,
təhsilin, təlim-tədrisin yeni texnologiyalar əsasında
qurulması və inkişaf etdirilməsi və s. kimi məsələlər
mövcud metodik xidmət sisteminin təşkilati-struktur
baxımından yeniləşdirilməsi və məzmununun
təkmilləşdirilməsi zərurətini irəli sürür.
TPİ-nin direktoru ümumi təhsil sahəsində aparılan
islahatların uğurla nəticələnməsi üçün metodik işin
məzmununun və formalarının təkmilləşdirilməsinin, rayon,
şəhər təhsil şöbəsi metodik kabinetlərinin, metodik
mərkəzin fəaliyyətinin daha səmərəli təşkilinin, burada
çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin
yüksəldilməsi və metodik xidmət sahəsində bacarıqlarının
artırılmasının, metodik xidmətin təşkilində müasir
texnologiya və mexanizmlərin tətbiq edilməsinin, dünya
təcrübəsinin öyrənilməsi və tətbiqinin vacibliyini
vurğuladı. Bu sahədə artıq konkret addımlar atıldığını
söyləyən Q.Novruzov 2015-ci ilin iyun ayında institut
tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası”nın müvafiq bəndinə və TPİ-nin
“Fəaliyyət Planı”na uyğun olaraq rayon təhsil
şöbələrinin metodik kabinetlərinin fəaliyyətinin
gücləndirilməsi və strategiyada nəzərdə tutulan
məsələləri müzakirə etmək məqsədilə respublikanın Göygöl,
Masallı, Sumqayıt, Şamaxı və Şəki şəhərlərində zona
müşavirələri təşkil olunduğunu, metodik xidmətin
yaxşılaşdırılması üçün müzakirələr aparıldığını, bugünkü
konfransın da məhz həmin tədbirlərin məntiqi davamı
olduğunu söylədi.
Konfransda institutun “Əlavə təhsilin kurikulumu”
şöbəsinin müdiri Afaq Əliyevanın “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası və təhsildə metodik xidmət” mövzusunda
təqdimat-məruzəsi dinlənildi.
Təqdimatdan sonra mövzu ilə bağlı çıxışlar oldu,
müzakirələr aparıldı.
Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər
Abbasov, Təhsil Nazirliyi Məktəbəqədər və ümumi təhsil
şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn
Əsgərov, Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları
şöbəsinin aparıcı məsləhətçisi Vəfa Yaqublu, şəhər,
rayon təhsil şöbələri metodik kabinetlərinin
direktorları, TPİ-nin şöbə müdirləri və b. çıxışlarında
müasir təhsil sistemində metodik xidmətin yeri və rolu,
bu sahədə mövcud vəziyyət, metodik xidmətin daha da
təkmilləşdirilməsi məsələlərinə toxundular, bir sıra
təkliflər irəli sürdülər.
Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi” |