Dekabrın
19-da Azərbaycan Dillər Universitetinin (ADU)
İnformasiya Resurs Kompleksində TEA-2007 proqramının
qalibi Təranə Əliyevanın layihəsi əsasında, ABŞ-ın
Azərbaycandakı səfirliyinin maddi dəstəyi ilə TEA/PİE
proqramları üzrə Amerikada təcrübə keçmiş ingilis dili
müəllimlərinin “Leading the Way” adlı konfransı
keçirildi.
ABŞ Təhsilli Azərbaycanlı Məzunların Birliyi (AAA) və
Bakı Amerika Mərkəzinin əməkdaşlığı çərçivəsində,
keçirilən konfransda çıxış edən Təranə Əliyeva
Azərbaycanda ingilis dili tədrisinin keyfiyyətini
artırmaq məqsədi ilə respublika üzrə Təhsildə Keyfiyyət
və Nailiyyət (TEA) proqramı məzunlarının və ingilis dili
müəllimlərinin bir araya gətirildiyini dedi.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəni məsələlər üzrə
attaşesi Emi Peterson Beynəlxalq məsələlər üzrə
karyerasını Azərbaycanda başladığını, burada peşəkar
ingilis dili müəllimlərinin mövcud olduğunu söylədi.
ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin
Yunusov bu ali təhsil müəssisəsində öyrədilən ixtisaslar,
bakalavr və magistr pillələrində tədris prosesi,
tədqiqat işləri haqqında məlumat verdi, ali təhsil
ocağının dünyanın bir çox ölkələrinin universitetləri
ilə uğurla əməkdaşlıq etdiyini qeyd etdi.
Britaniya Şurasının icraçı direktoru Elizabet Uayt
konfransın təşkilini yüksək qiymətləndirdi. İngilis
dilinin yayılması, ümumi ünsiyyət vasitəsinə çevrilmə
mərhələlərindən danışan E.Uayt onun tədrisi məsələlərinə
toxundu.
“British Council”in ingilis dili müəllimləri ilə iş
strategiyası haqqında məlumat verdi.
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun
direktoru Qulu Novruzov ölkəmizdəki təhsil siyasəti,
aparılan islahatlar haqqında danışdı. İngilis dilinin
tədrisi metodologiyasına toxunan Q.Novruzov yeni tədris
metodlarının yalnız ingilis dili deyil, eyni zamanda
bütün fənlərin tədrisində istifadə olunmasının
məqsədəuyğun olduğunu bildirdi. Qulu Novruzov bu
konfransın təhsil sahəsində əməkdaşlığın inkişafına
müsbət təsir göstərəcəyindən əminliyini ifadə etdi.
Təhsil Nazirliyinin nümayəndəsi Pərviz Əliyev çıxışında
nazirliyin bu cür layihələri daim diqqət mərkəzində
saxladığını və dəstək olduğunu qeyd etdi.
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Robert Sekutanın xanımı Anna Sekuta Azərbaycan və ABŞ
arasındakı uğurlu əməkdaşlıqdan söz açdı. O, ingilis
dilinin tədrisi ilə bağlı fikirlərini bildirdi.
Plenar iclaslarda Anna Sekuta, Aminta Abdinova müxtəlif
mövzularda çıxış etdilər.
Bölmə iclaslarında ABŞ-da təcrübə keçmiş və digər
proqramlarda fəal iştirak edən müəllimlər təqdimatlarla
çıxış etdilər. Təqdimatlarda ingilis dilinin tədrisinə
müasir yanaşmanı əks etdirən mövzuları əhatə edən dərs
nümunələri nümayiş etdirildi.
Kiyevdən online formada iclasa qatılan Amerika Dövlət
Departamentinin ingilis dilinin tədrisi proqramları üzrə
regional mütəxəssis-nümayəndəsi Kevin Makkoy interaktiv
üsullardan istifadə etməklə ingilis dilinin tədrisi
haqqında təqdimatla çıxış etdi, dili öyrənmə bacarığını
inkişaf etdirmək üçün oyun keçirdi.
Sonda iştirakçılara sertifikatlar təqdim edildi.
ADU-nun İctimaiyyətlə əlaqələr
Departamenti |