Azərbaycan
dünya elminə çox görkəmli alim və mütəfəkkirlər bəxş
edib. Onlar dünya elm xəzinəsini öz qabaqcıl
ideyaları, kəşfləri ilə zənginləşdiriblər. Hazırda
Amerikada yaşayan, Kaliforniya Berkli Universitetinin
professoru olan Lütfi Zadə də dünya miqyasında
tanınan və hörmət edilən nüfuzlu alimlərdəndir ki, hər
bir azərbaycanlı onunla fəxr edir. Lütfi Zadə və onun
müəllifi olduğu qeyri-səlis məntiq nəzəriyyəsi və bu
nəzəriyyənin elmin inkişafına verdiyi töhfələr barədə
çox yazılır. Elm aləmi çox haqlı olaraq onu
qeyri-səlis məntiqin (Fuzzy Logic) atası hesab edir. Bu
dahi alimin adı dünya elminin nəhəng simaları - İsaak
Nyuton, Albert Eynşteyn, Ernest Rezerford, Blez Paskal,
Norbert Viner və başqaları ilə bir sırada çəkilir. Bu
gün dünya elminə L.Zadənin 6 mühüm nəzəriyyəsi
məlumdur. Hazırda onlar elm və istehsalatda geniş
şəkildə tətbiq olunur.
Bu gün dünyanın müxtəlif ölkələrində Lütfi Zadənin
qeyri-səlis məntiq nəzəriyyəsi ilə bağlı olan 25-ə
yaxın elmi jurnal buraxılır. Bu jurnallarda hər il
qeyri-səlis məntiqə dair minlərlə məqalə dərc olunur.
Son illərdə ABŞ, Yaponiya, Avropada qeyri-səlis məntiq
nəzəriyyəsinin istehsalata tətbiqinə əsaslanan 1300-dən
çox patent tətbiq edilib. 1966-cı ildən İngiltərə,
Almaniya, Yaponiya və dünyanın bir çox başqa ölkələrində
Lütfi Zadənin yaratdığı elmi məktəblər, laboratoriyalar
fəaliyyət göstərir. Hazırda bu nəzəriyyədən
iqtisadiyyatda, siyasətdə, dilçilik, psixologiya,
fəlsəfə, sosiologiya, dini məsələlərdə, münaqişəli
problemlərdə istifadə olunur. Professor Lütfi Zadə
dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri
doktoru adına layiq görülüb. O, həmçinin bir çox
milli akademiyaların üzvüdür. Bu vaxta qədər onun
əsərlərinə 36 mindən çox istinad edilib. 94 yaşlı alim
bu gün də tədqiqatlarını davam etdirir. Bu günlərdə
professor üzərində işlədiyi məqaləni başa vurub və elmi
jurnala təqdim edib.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni il ərəfəsində biz də zəmanəmizin ən nüfuzlu
azərbaycanlı alimi ilə əlaqə yaradaraq qəzetimizə
müsahibə verməyini xahiş etdik. Son günlər səhhəti ilə
bağlı tez-tez həkim nəzarətində olan alim vaxtının
azlığına baxmayaraq bizi maraqlandıran bəzi
suallarımıza lakonik cavablar verdi. Dahi alimlə
söhbətimizi oxucularımıza təqdim edirik.
- Siz Bakıda anadan olmusunuz. İlk müəllimlərinizi, o
vaxtkı təhsil mühitini necə xatırlayırsınız?
- Mən 1921-ci il fevralın 4-də Bakıda anadan
olmuşam.
Atam müxbir və biznesmen, anam isə tibb elmləri doktoru
idi. O vaxtlar Azərbaycan Sovet İttifaqının tərkibində
idi. 1931-ci ildə, 10 yaşım tamam olanda valideynlərim
Sovet İttifaqında vəziyyətin ağır olduğunu nəzərə alaraq
İrana getməyə qərar verdilər. Mən onda Bakıdakı 16
nömrəli məktəbin 3-cü sinfində oxuyurdum. İbtidai
məktəbdə oxuyanda elmə və kəşflərə marağın daha çox
üstünlük təşkil etdiyi bir mühitin təsiri altında idim.
Bu mühit mənim bütün sonrakı həyatımın intellektual
inkişafını formalaşdırdı. Mən hələ kiçik yaşlarından
elmə böyük maraq göstərirdim.
Bakıdakı məktəb illərimlə bağlı çox əziz xatirələrim
var. İlk məktəb illərində mənə dərs demiş bütün
müəllimlərimin adlarını xatırlaya bilmirəm. Lakin mən
müəllimlərimin çox güclü təsiri altında olmuşam.
- Orta məktəbdə siz daha çox hansı fənlərə maraq
göstərir və hansı sahənin mütəxəssisi olmaq
istəyirdiniz?
- O vaxtlar keçmiş Sovet İttifaqında alimləri və
mühəndisləri çox yüksək qiymətləndirir və onlarla fəxr
edirdilər. Belə bir mühit məni gələcəkdə alim və
mühəndis olmağa həvəsləndirirdi. 1932-ci ildə ailəmiz
İrana köçdü. Tehranda valideynlərim məni Amerika
Missioner Məktəbinə qoydular. Bu məktəbdə oxuyarkən
sovet və Amerika məktəbləri arasında çox böyük fərq
olduğunu gördüm. Bu məktəbdə ilk dəfə olaraq Amerika
xalqı, Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə
etdim. Orada elmin inkişafı üçün yaradılmış şərait məni
hələ məktəb illərindən Amerikaya çəkirdi. Missioner
məktəbində tədris proqramları ingilis dilində,
müəllimlərim isə Amerikadan idilər. Onlar mənim üçün
örnək, nümunə oldular. Mən Birləşmiş Ştatları sevdim
və qərara gəldim ki, Amerika mənim yaşamaq, oxumaq və
işləmək istədiyim bir ölkədir. O vaxt bu mənim ən
böyük arzum idi. Missioner məktəbini başa vurduqdan
sonra mən Tehran Universitetinə daxil oldum.
Universitetdə dərs deyən müəllimlərin əksəriyyəti
Fransanın elitar universitetlərindən idi. Fransız dili
dominantlıq təşkil edirdi. Dərsliklərimizin,
kitablarımızın əksəriyyəti fransız dilində idi.
Universitetdə qaydalar çox sərt idi. Artıq 1942-ci
ildə elektrotexnika sahəsində ixtisaslaşmış diplomlu
mütəxəssis idim. Mən elektotexnika sahəsində aspirant
təhsili almaq üçün Massaçusets Texnologiya İnstitutuna
müraciət etdim.
-
Amerikada sizi hansı çətinliklər gözləyirdi? Gələcəyin
bir çox məşhur alimləri məhz bu ölkədə elmin ən yüksək
zirvəsini fəth edə biliblər. Amerika həyatına
uyğunlaşmaq çətin olmadı ki...
- Mən heç bir çətinlik yaşamadım. Çünki İranda Amerika
missionerlərinin rəhbərlik etdikləri orta məktəbdə
təhsil almışdım. Mən ingilis dilini İranda, orta
təhsil illərindən öyrənmişdim. Amerikalıların həyat
və iş tərzini də onlardan götürmüşdüm. 1944-cü ilin
iyulunda Birləşmiş Ştatlara gəldim. Bu, mənim
həyatımda yeni mərhələnin başlanğıcı, yeni bir dünya
idi və mən tezliklə bu dünyanı sevdim. Massaçusets
Texnologiya İnstitutunda (MTU) dərslərin Tehran
Universitetindən daha asan olması məni çox
təəccübləndirdi. MTU-da öyrəndiklərimin əksəriyyəti
mənim üçün yeni idi. Məni Massaçusets Texnologiya
İnstitutunun aspiranturasına qəbul etdilər. Bu ali
məktəbin kurslarında ən yüksək qiymət aldım və fəlsəfə
doktoru kimi elmi fəaliyyət göstərməyimə imkan əldə
etdim.
- Amerikada necə dəstək qazandınız?
- Mən elektrotexnika sahəsində ilk magistr dərəcəmi
1946-cı ildə aldım. MTU-da qalıb fəlsəfə doktoru
dərəcəsi üzrə təhsilimi davam etdirə bilərdim, lakin
valideynlərimə yaxın olmaq üçün Nyu-Yorka köçməyə qərar
verdim. Mənə Nyu-Yorkda Kolumbiya Universitetində
elektrik mühəndisliyi müəllimi kimi işə düzəlmək
xoşbəxtliyi nəsib oldu. 1949-cu ildə Kolumbiya
Universitetinin fəlsəfə doktoru elmi dərəcəsini
aldım. Mənim akademik karyeramın ilk illəri dünyada
kompüter və informasiya texnologiyalarının yaranması
ilə eyni vaxta təsadüf etdi. Bu, ABŞ və Sovet İttifaqı
arasında rəqabətin xüsusilə kəskinləşdiyi maraqlı bir
dövr idi. Kolumbiya Universitetində mənim elmi
tədqiqatlarım əsasən sistem nəzəriyyəsi və informasiya
sistemlərinə yönəlmişdi. Bu universitetdə mən 1959-cu
ilə qədər işlədim, daha sonra isə Kaliforniya
Universitetinin elektrotexnika mühəndisliyi
fakültəsinə müəllim vəzifəsinə qəbul olundum.
Bu dövrdə ehtimal nəzəriyyəsi elmi işlərimdə mərkəzi
yeri tuturdu. Mənim ilk işim 1949-cu ildə “Tətbiqi
fizika” jurnalında dərc olunmuş “Ehtimal
kriteriyaları” adlı məqaləm idi. 1950-ci ildə
adıçəkilən jurnalda “Vinerin proqnozlaşdırma
nəzəriyyəsinin genişlənməsi” adlı ikinci məqaləm nəşr
olundu. Mənim universitetin riyazi statistika şöbəsi və
onun rəhbəri Herbert Robbinc, gözəl riyaziyyatçı və
yaxşı dost olan R.E.Bellman ilə sıx əlaqələrim var idı.
Kolumbiyada mən tezliklə elmi karyeramı inkişaf
etdirərək 1958-ci ildə tam professor vəzifəsinə qədər
yüksəldim. Daha sonra isə, 1959-cu ildən Norbert
Vinerin təklifi ilə (kibernetikanın atası)
Kaliforniyaya köçdüm və bu günə kimi burada
işləyirəm. Qeyri-səlis məntiqlə yanaşı, avtomatlar
nəzəriyyəsi ilə də maraqlanırdım. Mən ABŞ-ın Prinston,
Nyu-Cersi ştatlarında elmi ezamiyyətlərdə olurdum.
Prinstonda aparıcı məntiqşünas və filosoflardan Klini,
Kuayn, Kreisi və digərləri ilə tanış oldum. Onların
seminar və mühazirələri cəlbedici, həm də səmərəli
təcrübə idi. Bundan sonra Klini mənim müəllimim oldu,
onun tövsiyəsi ilə qeyri-səlis məntiqə dair
mühazirələr oxumağa dəvət olundum. 1966-cı ildə
Moskvada Beynəlxalq Riyaziyyat Konqresində iştirak
edərək qeyri-səlis məntiq nəzəriyyəsini məşhur rus
alimi Kolmoqorovla müzakirə etmək imkanı qazandım.
- Siz qeyri-səlis məntiq nəzəriyyəsinin banisisiniz.
Lakin bir çoxları hələ də bu nəzəriyyənin həyatda öz
təsdiqini necə tapmasından məlumatsızdır. Xahiş edirik
söyləyəsiniz, bu nəzəriyyə necə yarandı?
- Bu suala cavab tapmaq üçün mənin sizə göndərdiyim
“Fuzzy logic - A personal perspective” (“Qeyri-səlis
məntiq-şəxsi perspektiv) məqaləmə baxa bilərsiniz.
Qeyri -səlis məntiq nəzəriyyəsinə həsr olunmuş məqaləm
ilk dəfə 1965-ci ildə “Information and Control”
jurnalında dərc olundu. Çox maraqlıdır ki, ilk
vaxtlarda nəzəriyyə etinasızlıq, şübhə və kinayə ilə
qarşılandı. Nəzəriyyə barədə müsbət fikirlər olduqca az
idi. Mən qeyri-səlis məntiq nəzəriyyəsinə dair
fikirlərimi özümün ən yaxın dostlarım olan Herbert
Robbins və Riçard Bellmana izah etdim. Çünki onlar
riyaziyyat sahəsində məndən çox peşəkar idilər. Lakin
onlar öz problemləri ilə məşğul idilər və məni
təkbaşına buraxdılar. 1964-cü ildə “Qeyri-səlis
məntiq” adlı məqaləmi oxuyub şərh etməsi üçün Riçard
Bellmana göndərdim. Lakin bu dəfə də məqaləyə
baxmaqdan imtina etdilər. Gözəl proqramçı, mənim
həmkarım olan professor Uilyam Kexen bildirirdi ki,
“qeyri-səlis nəzəriyyə yanlış, yanlış və çox
zərərlidir”. İş otağı mənim kabinetimdən bir neçə addım
uzaqda olan Kexen “mən adi bir qeyri-səlis nəzəriyyənin
köməyi ilə həllini tapa biləcək bir problem görmürəm”
deyirdi. Məqaləmin işıq üzü görməsindən sonra hələ uzun
müddət bu nəzəriyyənin əleyhinə çıxanlar var idi. Lakin
nəzəriyyənin əleyhinə olan mənfi rəylərin mənim elmi
işlərimə hər hansı təsiri yox idi, əmin idim ki,
işlərim düzgün yoldadır və qeyri-səlis məntiq artıq
geniş şəkildə qəbul olunmaqdadır. Buna baxmayaraq
mənim işlərim Yaponiyada alqışlanır və heyranlıqla
qarşılanırdı. Mənfi rəylərlə yanaşı, mən tezliklə
Yaponiyadan, bu ölkənin sənaye və beynəlxalq ticarət
hökumət palatasından məktub aldım. Məktubda
nəzəriyyənin maraqla qarşılandığı bildirilir və
qeyri-səlis çoxluğun nümunələrin aşkar edilməsi və
informasiyaların emalı kimi problemlərin həllində
əhəmiyyətli olduğu vurğulanır, adıçəkilən sahələrdə
çoxluq nəzəriyyəsinin yaxşı perspektiv vəd etdiyi bildirilirdi.
Nəhayət, ötən əsrin 70-80-ci illərində qeyri-səlis
məntiq nəzəriyyəsi artıq Avropada da öz tətbiq
sahəsini tapmağa başladı. Xüsusən də Şərqi Avropa və
Sovet İttifaqında nəzəriyyə qəbul olundu.
Təhsilimə görə riyaziyyatçı olmasam da, mən hər zaman
riyaziyyatın üstün olmasına dərindən inanmışam. Ötən
əsrin 60-cı illərinin əvvəllərində riyaziyyatın
dəqiqliyi ilə real dünyanın qeyri-dəqiqliyi arasında
fərqi başa düşməyə başladım. Problem ondadır ki,
riyaziyyat siniflərin dəqiq sərhədlərə malik olduğunu
irəli sürür, real dünyada isə siniflərin sərhədləri
qeyri-səlisdir. “Qeyri-səlis çoxluq” nəzəriyyəsi
riyaziyyatın əsaslarının genişləndirilməsi üçün qapılar
açır.
- Bir neçə dəfə ölkəmizdə elmi səfərdə olmusunuz.
Azərbaycanın elmi potensialını necə qiymətləndirirsiniz?
- Azərbaycanda elm və texnologiyaların inkişafı üçün
potensial böyükdür. Lakin texniki universitetlərin
məzunlarının işlə təmin olunması məsələsində problemlər
var. Azərbaycanda sənaye sahəsinin inkişafına nail
olmaq lazımdır ki, gənc mühəndislər özlərinə iş tapa
bilsinlər. Amerikaya ali təhsil almağa gələn
azərbaycanlı tələbələr universitetləri bitirdikdən sonra
Birləşmiş Ştatlarda qalmağa meyillidirlər. Buna görə də
Azərbaycanda elmi-texniki tədqiqat işləri daha yüksək
səviyyədə aparılmalı, yeni tədqiqat mərkəzləri
yaradılmalıdır.
- Tələbələrimizin dünyanın aparıcı universitetlərində
təhsil almasına münasibətiniz?
- Müsbət yanaşıram. Xaricdə təhsil məsələsi Azərbaycan
da daxil olmaqla bütün ölkələr üçün ən aktual
məsələdir. Bunu qloballaşan dünyanın çağırışları tələb
edir. Tələbələrin xaricdə təhsil alması aktualdır. Çünki
Azərbaycanın mühəndis kadrları hazırlayan
universitetlərini bitirən tələbələrin xarici ölkələrin
nüfuzlu ali məktəblərində öz təhsillərini artırması çox
vacibdir. Tələbələrin xarici ölkələrdə öz
ixtisaslarını təkmilləşdirməsi və peşəkar karyeralarını
qurması Azərbaycanla yanaşı Rusiya və digər ölkələr üçün
də xarakterikdir, bu proses hazırda hər yerdə gedir və
onun qarşısını almaq mümkün olmayacaq.
- Azərbaycanın təhsil sistemində aparılan islahatları
necə qiymətləndirirsiniz?
- Düzdür, mən islahatların detalları ilə tanış deyiləm,
lakin hesab edirəm ki, dəyişikliklər inkişafa aparan
mühüm istiqamətdir. Təhsil sahəsi hər zaman
yeniləşməlidir. Aparılan müsbət islahatlar
çərçivəsində professorların, müəllimlərin
əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını da
çox vacib hesab edirəm.
- Fikrinizcə, hansı texnologiyalar yaxın on illiklərdə
insanların həyatını dəyişəcək?
- Bəşəriyyətin gələcək inkişafı üçün ən güclü
texnologiya - informasiya-kommunikasiya texnologiyaları
olacaq. Sonrakı illərdə də həyatımızda bu
texnologiyalar həlledici rol oynayacaq. İnformasiya
texnologiyaları sahəsində daha çox işlər görülməlidir.
- Siz 60 ildən artıq bir müddətdir ki, Amerikada elmlə
məşğulsunuz. İşlərinizi davam etdirən yetirmələriniz
varmı?
- Əlbəttə. Bəli, çoxlu tələbələrim var. Onlar
qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində çalışır və öz
axtarışları, elmi tədqiqatlarını davam etdirirlər.
Tələbələrimin bu sahədə elmi nəticələri də var.
- Sonda oxucularımız adından Sizi qarşıdan gələn Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
münasibətilə təbrik edir və möhkəm cansağlığı və elmı
fəaliyyətinizdə uğurlar arzulayırıq. Oxucularımıza
arzularınız?
- Mən də Azərbaycan xalqını, bütün oxucularınızı
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
münasibətilə təbrik edirəm. Xalqıma ən xoş arzularımı
çatdırıram.
Müsahibənin hazırlanmasında göstərdiyi dəstəyə görə
professorun köməkçisi, Berkli Universitetinin məzunu
Səbinə Şahbazzadəyə minnətdarlığımızı bildiririk.
Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi” |