Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə
təşkilatçılığı ilə Şamaxı İncəsənət Təhsili Mərkəzində
“Kitabi-Dədə Qorqud” və Henrix Fridrix fon Dits - 200”
mövzusunda Məktəbli Konfransı keçirilib.
Konfransdan əvvəl Şamaxı məktəbliləri və qonaqlar
Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət
edərək, önünə çiçək dəstələri düzüblər.
Məktəblilərlə yanaşı, müəllim və valideynlərin,
rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri
tədbirin açılış mərasimində Şamaxı Rayon İcra
Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini
Gülnisə Ələkbərova konfransın ölkə Prezidentinin
qorqudşünaslığın 200 illiyinin qeyd olunması ilə bağlı
20 fevral 2015-ci il taixli sərəncamına əsasən Bilik
Fondunun Şamaxı rayon nümayəndəliyinin təşəbbüsü ilə
keçirildiyini qeyd edib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov
məktəbli konfransının əlamətdar bir günə -
qorqudşünaslığın inkişafına yeni təkan vermiş ölkə
başçısının doğum gününə təsadüf etdiyini vurğulayıb.
Bilik Fondunun Prezident Sərəncamına uyğun olaraq
keçirdiyi tədbirlər, o cümlədən AMEA-nın Mərkəzi Elmi
Kitabxanasında yerli və xarici ölkə məktəblilərinin
iştirakı ilə təşkil etdiyi Beynəlxalq Şagird Konfransı,
Akademik Milli Dram Teatrında keçirilmiş təntənəli
yubiley tədbiri barədə məlumat verib, konfrans
iştirakçılarına Fondun Himayəçilik Şurasının sədri,
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin, Şura üzvü,
millətlərarası, multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri, akademik Kamal Abdullayevin salamlarını
çatdırıb.
Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz
Eminalıyev və Bilik Fondunun Şamaxı rayonu üzrə
nümayəndəsi, Sabir qəsəbə tam orta məktəbinin direktoru
Gülnurə Babaşova məktəbliləri təbrik etdikdən sonra
şagirdlərin məruzələri dinlənilib.
Şamaxı şəhər 1 nömrəli tam orta məktəbin şagirdi
Məlahət Həsənova, 10 nömrəli tam orta məktəbin şagirdi
Zahid Mürşüdov, Göylər kənd 1 nömrəli tam orta məktəbin
şagirdləri Şəfəq Rəhimova və Hafiz Məmmədov, Sabir
qəsəbə tam orta məktəbin şagirdləri Günay Məmişova,
Bəsti Əliyeva və Səbinə Xələfova milli-mənəvi
dəyərlərimizin mənbəyi, xalqımızın tarixi və
mədəniyyətinin qədim abidəsi olan “Kitabi-Dədə Qorqud”la
bağlı, dastanı dünyaya tanıtmış alman alimi və diplomatı
Henrix Fridrix fon Ditsin həyatı və fəaliyyəti haqqında
fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində Şamaxı İncəsənət Təhsili
Mərkəzinin və orta məktəblərin özfəaliyyət dərnəklərinin
üzvləri konsert proqramı ilə çıxış edib, konfransın
ərsəyə gəlməsində əməyi olan müəllimlərə, məktəblilərə
Bilik Fondunun təşəkkürnamələri və hədiyyələri təqdim
olunub.
İnformasiya təminatı sektoru |