İnformasiya cəmiyyəti quruculuğu dövründə
elmi-texniki sahədə tərəqqi İnternet-medianın meydana
çıxmasına, vətəndaş jurnalistikasının (sosial media)
vüsət almasına zəmin yaratdı. Cəmiyyətin informasiyaya
olan tələbatının ödənilməsində ənənəvi kütləvi
informasiya vasitələri (KİV) ilə yanaşı elektron media
da mühüm rol oynamağa başladı. Onlayn informasiya
vasitələri artıq insanların daha çox müraciət etdiyi və
getdikcə populyarlıq qazanan informasiya mənbələrindən
birinə çevrildi.
Media sənayesinin tərkib hissəsi olan elektron
informasiya resursları söz, fikir və özünüifadə, o
cümlədən sərbəst kommunikasiya azadlığının təmini,
cəmiyyətin operativ məlumatlandırılması, ictimai fikrə
təsir baxımından böyük imkanlara malikdir.
Müstəqilliyinin bərpasının cəmi 24 illik tarixi
olan Azərbaycanda elektron-KİV hazırda özünün inkişaf
mərhələsini yaşayır.
Ölkəmizdə İnternet-medianın ilk nümunələri 90-cı
illərdə meydana gəlməyə başlayıb. Daha dəqiq desək, yeni
medianın inkişafı əsasən 1995-1996-cı illərə təsadüf
edir. Belə ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə qayıdışından sonra cəmiyyətin müxtəlif
sferalarında olduğu kimi, AMEA-da da inkişafın əsası
qoyuldu. Türkiyənin Bilkənt Universiteti və Böyük
Britaniyanın “Britiş Petroleum” (bp) şirkətinin dəstəyi
ilə ilk dəfə olaraq AMEA-da İnternetin Azərbaycan
qovşaqları və onların daxili şəbəkə infrastrukturu
yaradıldı. Ölkənin ilk dəfə İnternetə çıxışı 1991-ci
ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
İnformasiya Texnologiyaları İnstitutunda bir qrup alim
və mütəxəssis tərəfindən həyata keçirildi. Bu, həmin
dövrdə müharibə şəraitində yaşayan Azərbaycanın
maraqlarına xidmət edən milli-mənəvi dəyərlərin, tarixi
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün
qlobal informasiya məkanına inteqrasiya baxımından böyük
hadisə idi. İnternetə çıxışın təmin olunması və vüsət
alması 140 illik tarixi olan Azərbaycan mətbuatının,
mediasının inkişaf mərhələsində yeni səhifə açdı.
Ölkədə ilk veb-sayt 1995-ci ildə AMEA İnformasiya
Texnologiyaları İnstitutu tərəfindən yaradıldı. Həmin
dövrdə AMEA-nın
www.ab.az
rəsmi saytının (hazırda
www.science.gov.az - red.) yaradılması “Əkinçi”
qəzeti, televiziya və radiodan sonra daha bir tarixi
mərhələnin əsasını qoydu.
Bu il Azərbaycan mətbuat tarixində xüsusi yeri
olan
www.science.az
saytının 20 yaşı tamam oldu. Veb-portal yarandığı ilk
gündən səmərəli fəaliyyəti ilə ölkənin elmi-ictimai
həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm
xidmətlər göstərib. Alim və mütəxəssislərin elmi
nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına
geniş imkanlar yaradıb. AMEA və bütövlükdə ölkənin
elmi-ictimai mühitində baş verən hadisələr portalın
əməkdaşları tərəfindən operativ əldə edilərək ölkə
ictimaiyyətinə çatdırılır.
science.az Azərbaycanda dövlət tərəfindən elmdə
aparılan islahatları, elmin inkişafı sahəsində əldə
edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandıran və
təbliğ edən, akademiyanın həyatında baş verən əlamətdar
hadisələri, tarixi görüşləri əks etdirən və zəngin
bazaya malik olan dəyərli və etibarlı informasiya
mənbəyidir. Meqaportal AMEA Rəyasət Heyəti aparatı,
akademiyanın elmi müəssisə və təşkilatlarının strukturu
və fəaliyyəti, AMEA-nın sabiq prezidentləri və fəxri
üzvləri, həqiqi və müxbir üzvləri, elmlər və fəlsəfə
doktorlarının elmi fəaliyyətlərinin əsas istiqamətləri,
elmi nailiyyətləri, pedaqoji fəaliyyəti, əsərləri
haqqında məlumatları əks etdirən və güclü axtarış
imkanlarına malik informasiya sistemidir. Portalda
həmçinin Azərbaycan Respublikasının Prezidenti
tərəfindən elm və təhsil sahəsində imzalanmış rəsmi
sənədlər, AMEA Rəyasət Heyətinin rəsmi sənədləri, eləcə
də AMEA-nın dövri nəşrləri yerləşdirilib.
Elm məbədinin rəsmi informasiya resursu özündə
Azərbaycan, rus və ingilis dillərində 25 minə yaxın
veb-səhifəni əks etdirir. Veb-resurs istismara verildiyi
gündən indiyədək veb-oxucular tərəfindən maraqla
izlənilir. Saytda yerləşdirilən informasiyadan müxtəlif
dövlət qurumları, idarə və təşkilatlar, o cümlədən xəbər
agentlikləri və saytları operativ olaraq istifadə
edirlər. Portalda 2004-2015-ci illər ərzində müxtəlif
tədbirlərdən çəkilən 60000-dən çox foto, audio və
videomaterial toplanılıb. Azərbaycan elminin tarixi
salnaməsinə çevrilən bu multimedia materialları “nə”, “harada”,
“nə vaxt” məlumatları ilə indeksləşdirilərək, verilənlər
bazasına daxil edilir, AzScienceNet şəbəkəsinin Data
Mərkəzində saxlanılır və istifadəçilərə korporativ
xidmətlər göstərilir.
www.science.az-ın sosial şəbəkələrdə də təbliğatı
fəal şəkildə aparılır. Portalın “Facebook” və “Twitter”
səhifələri mövcuddur. Sayt veb-texnologiyaların müasir
inkişaf səviyyəsi nəzərə alınaraq daim təkmilləşdirilir,
inkişaf edir. AMEA-da islahatlar və struktur
dəyişikliklərinin aparılması, akademiyanın yeni
korporativ üslubunun işlənilməsi, yeni texnologiyaların
meydana gəlməsi, videoqalereya və “ElmTV”
İnternet-televiziyasının yaradılması, ən yeni
texnologiyalardan istifadə yeni dizayna, zəngin kontentə
malik portalın yaradılmasına rəvac vermişdir. Cari ildə
innovativ texnologiyalar tətbiq olunmaqla, portal daha
da təkmilləşdirilib, yeni versiyası hazırlanaraq
istifadəyə verilib.
Qeyd etmək lazımdır ki, portal Azərbaycanda yeni
media vasitələrinin inkişafı, yaradıcılıq və yeniliyə
dəstək məqsədi daşıyan müxtəlif layihələrdə də iştirak
edir. 2005-ci ildə
www.science.az portalı “Azerbaijan E-Content Award
2005” müsabiqəsinin “E-elm” nominasiyasi üzrə mükafatına
layiq görülüb.
Portalda Azərbaycanda ilk elmi İnternet-televiziya
olan Milli Elmlər Akademiyasının “ElmTV” veb-telekanalı
öz əksini tapıb. 2 ilə yaxındır ki, fəaliyyət göstərən
şəbəkə telekanalı müxtəlif bölmələri və zəngin
videoqalereyanı özündə əks etdirir.
Meqaportal təkcə Milli Elmlər Akademiyasının rəsmi
veb-resursu deyil,
www.science.az həm də Azərbaycanda ilk
İnternet-jurnalistika məktəbidir. Bu gün əminliklə demək
olar ki, www.science.az-ın fəaliyyətə başlaması ölkədə
İnternet-medianın, veb-jurnalistikanın əsasını qoyub.
www.science.az təlim-tədris bazasıdır. Yarandığı gündən
sayt respublikanın ali məktəbləri, xüsusən, BDU, AzTU,
ADNSU-nun həm İKT profilli, həm də jurnalistika
ixtisasları üzrə təhsil alan tələbələrinin təcrübə
bazası rolunu oynayır. Belə ki, ölkənin təhsil
sistemində ilk dəfə olaraq AMEA İnformasiya
Texnologiyaları İnstitutu Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsi ilə birgə “İnformasiya
cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ
layihə həyata keçirib. 2008-ci ildən 2012-ci ilədək
davam edən bu layihə veb-jurnalistika sahəsində kadr
hazırlığında mühüm rol oynayıb. Kurslarda ümumilikdə 300
tələbə iştirak edib.
20 il ərzində saytın kollektivi tərəfindən çoxlu sayda
veb-proqramçı, veb-dizayner, veb-jurnalist,
fotomüxbirlər və s. yetişdirilib. Hazırda onlar ölkənin
müxtəlif qurumlarında peşəkar mütəxəssis kimi fəaliyyət
göstərirlər.
Bu 20 il ərzində funksional xüsusiyyətləri və
imkanlarına görə
www.science.az saytı inkişaf edərək ölkəmizdə uğurla
formalaşan e-elm infrastrukturunun əsas portalına
çevrilib. AMEA Rəyasət Heyətinin qərarı ilə Elmlər
Akademiyasının bütün qurumlarının veb-saytları
AzScienceNet şəbəkəsinin DATA Mərkəzində yerləşdirilir
və təhlükəsizliyi təmin olunur. Bu da
www.science.az və digər təşkilatların
veb-saytlarının parametrlərinin vahid siyasət
çərçivəsində statistikasının aparılmasına, həmin
saytlarda toplanmış log-faylların web-mining
texnologiyalarının köməyi ilə müxtəlif aspektlər üzrə
intellektual təhlilinə imkan verəcək. Bu imkanlardan
istifadə etməklə alimlərin və elmi kollektivlərin
fəaliyyətinin müntəzəm olaraq elmmetrik və vebometrik
tədqiqatlar əsasında qiymətləndirilməsi mümkün olacaq.
20 il ərzində
www.science.az saytı AzScienceNet şəbəkəsinin
funksional imkanları və İnternetə çıxış sürətinin
artması ilə inkişaf etmişdir. AzScienceNet şəbəkəsinin
Avropa Birliyinin çətiri altında fəaliyyət göstərən
GEANT Assosiasiyasında ölkəmizi təmsil etməklə, 2016-cı
ildən Avropanın elm və təhsil şəbəkəsinə 1 Gbit/san
sürətlə çıxışı planlaşdırılıb. Bu da, şübhəsiz ki,
respublikanın elm və təhsil ictimaiyyəti üçün böyük
imkanlar yaratmaqla, eyni zamanda
www.science.az portalının inkişafı üçün geniş
perspektivlər açacaq.
science.az ailəsinin hər bir üzvünü, bir əsrin beşdə
birini arxada qoyan qələm yoldaşlarımızı 20 illik
yubiley münasibətilə təbrik edirik. Fədakar əməyi ilə
uzun illər burada çalışıb elmin populyarlaşdırılmasına
öz töhfəsini verən kollektivə fəaliyyətində uğurlar
diləyirik.
Ülviyyə RZAYEVA |