Biz “müəllim” kəlməsini işlədərkən yadımıza, ilk
növbədə, ən yaxşı, ən sevimli müəllimlərimiz düşür. Bu
gün belə müəllimlərdən biri də 1974-cü ildən İmişli
rayon Qaralar kənd orta məktəbində rus dili müəllimi
işləyən Yusif Mayılovdur.
Məktəbdə kiçik şagirdlərdən tutmuş direktora kimi
Yusif müəllim haqqında nəsə soruşmaq istəsən, ağızdolusu
şirin sözlər, hörmətli kəlmələr eşidərsən.
“Ən böyük mükafatım şagirdlərimin mənə olan
məhəbbətidir. Onların şəfqət və məhəbbət dolu baxışları
mənim üçün hər şeydir”, - deyən Yusif müəllim
müəllimlik sənətini ürəkdən sevir və böyük həvəslə
çalışır. O, yaxşı müəllim olmaqla bərabər, həm də gözəl
ailə başçısıdır.
Yusif müəllim ailə üzvləri ilə birlikdə yeni ilin
ilk günü - yanvarın 1-də 68 yaşını qeyd etməyə
hazırlaşır. Ad günündə ona ünvanlanan təbriklərə biz də
qoşularaq Yusif müəllimə həyatda ən şirin nemət olan
cansağlığı, şərəfli və məsuliyyətli işində isə uğurlar
diləyirik. |