Alıcanov
Rafiq Cəfər oğlu
1965-ci il iyulun 11-də Qazax rayonunun Kəmərli kəndində
dünyaya gəlmişdi. Ailələri Ağstafa rayonunun Köçvəlli
kəndinə köçdüyündən Rafiq səkkizinci sinfə kimi bu
kənddə təhsil almışdı. O, Muğanlı kənd orta məktəbini
bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi
Məktəbə daxil olmuşdu. R. Alıcanov 1988-ci ildə
təhsilini bitirərək Ukraynada ixtisası üzrə çalışmağa
başlamışdı. 1992-ci ildə doğma vətənini erməni
işğalından müdafiə etmək məqsədilə Azərbaycana dönmüşdü.
Rafiqin döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy,
Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından
və Naxçıvandan keçmişdi. Bir hərbiçi kimi döyüşlərdə
göstərdiyi şücaətlər onu kapitan rütbəsinədək
yüksəltmişdi. R. Alıcanov 1993-cü il noyabrın 5-də
Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən
döyüşlərdə qəhrəmancasına həlak olub.
Ailəli idi. Bir qızı, bir oğlu var.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr
1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə kapitan
Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb.
Köçvəlli kəndində dəfn olunub. Bakının Suraxanı
rayonunun Qaraçuxur qəsəbəsində adına küçə var. Təhsil
aldığı Köçvəlli kənd orta məktəbi onun adını daşıyır.
Həmin məktəbdə və Ağstafa şəhərində büstü qoyulub.
Aqarunov
Albert Aqarunoviç
1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub.
Suraxanı rayonundakı 154 nömrəli orta məktəbin
səkkizinci sinfini bitirdikdən sonra 101 nömrəli texniki
peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. O,
1987-ci ildə hərbi xidmətə çağırılıb, əsgəri borcunu
Gürcüstanda yerinə yetirib və tank komandiri olub.
1989-cu ildə ordu sıralarından tərxis olunaraq Vətənə
dönüb. Albert bir müddət Bakının Suraxanı rayonunda
maşınqayırma zavodunda çalışıb. Vətənimiz erməni
işğalına məruz qaldığı günlərdə o, könüllü olaraq
cəbhəyə yollanıb.
İlk gündən çevikliyi və diqqətli olması, hərbi
tapşırıqları vaxtında və düzgün yerinə yetirməsi,
xüsusilə döyüş texnikasından bacarıqla istifadə etməsi
ona olan rəğbəti qat-qat artırmışdı. Bütün bu yüksək
səviyyəyə, intizamlı davranışa, hərtərəfli hazırlığa
malik olduğuna görə də A.Aqarunov tank komandiri təyin
edilərək, Şuşa cəbhəsinə göndərilib. Xankəndi, Daşaltı,
Cəmilli istiqamətində gedən döyüşlərdə azğın düşmənin
xeyli canlı qüvvəsini məhv edib. Eyni zamanda o, bu
döyüşdə ermənilərin neçə-neçə zirehli texnikasını
sıradan çıxarıb.
A.Aqarunov 1992-ci il mayın 8-də Şuşa və Laçın rayonları
uğrunda gedən ağır döyüşlərdə düşmən snayperinə tuş
gələrək şəhid olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il
tarixli 833 nömrəli Fərmanı ilə Aqarunov Albert
Aqarunoviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Vaxtilə təhsil
aldığı 154 nömrəli məktəb onun adını daşıyır. Məktəbin
önündə büstü qoyulub.
Babayev
Nazim Abbas oğlu
1975-ci il fevralın 7-də Salyan rayonunun Aydıngün
kəndində dünyaya göz açıb, 1992-ci ildə kəndlərindəki
orta məktəbi bitirib. 1993-cü ilin aprelində Milli Ordu
sıralarında hərbi xidmətə çağırılıb.
Bu zaman qaniçən erməni işğalçıları müqəddəs
torpaqlarımızın sinəsinə dağ çəkir, kəndlərimizi
yandırır, yerlə yeksan edir, evləri viran qoyurdular.
Nazim torpaqlarımızın erməni işğalçılarından müdafiə
olunması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün
cəbhəyə yollanıb. O, doğma Azərbaycanımızın ayrılmaz bir
hissəsi olan Qarabağın Füzuli və Tərtər bölgəsində
gedən ağır döyüşlərdə erməni faşistlərinə qarşı vuruşub.
Torpaqlarımızı azad, sərhədlərimizi bütöv görmək istəyi,
arzusu ilə yaşayan bu mübariz döyüşçü erməni
quldurlarına qarşı hər an mərdliklə vuruşub. Vətən, xalq
qarşısında öz övladlıq borcundan ləyaqətlə çıxıb.
Nazim həmçinin 1995-ci ilin məlum mart hadisələri zamanı
dövlət çevrilişinə cəhdin qarşısının alınması, silahlı
dəstələrin tərksilah edilməsində də fəal iştirak edib.
Həmin il martın 15-də dövlətçiliyimizin müdafiə olunması
uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il
tarixli 307 nömrəli Fərmanı ilə Babayev Nazim Abbas oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Qaraçala kənd Şəhidlər xiyabanında dəfn olunub.
Salyan şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Salyan şəhər parkında büstü qoyulub.
Babayev
Çingiz Adil oğlu
1964-cü il oktyabrın 2-də Bakı şəhərində anadan olub.
Yasamal rayonundakı 20 nömrəli orta məktəbi bitirib.
Sonra Azərbaycan Politexnik İnstitutuna daxil olub ,
1986-cı ildə təhsilini başa çatdıraraq təyinatla
“Azərelektroterm” Zavodunda əmək fəaliyyətinə
başlamışdı. Çingiz eyni zamanda işlədiyi müddətdə
Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun nəzdində
ingilis dili üzrə illik kursu da bitirib.
Həmin zamanlar mənfur ermənilərin ata-baba yurdlarımıza
təcavüzü qeyrətli bir oğul kimi Çingizi də
hiddətləndirib. Vətən sevgisi, Vətən məhəbbəti onu
torpaqlarımızın yağı düşməndən müdafiəsinə səsləyib.
1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarında hərbi
xidmətdə olub, bir müddət hərbi hissələrdən birində
qərargah rəisi vəzifəsində çalışıb. 1994-cü ildə isə
Azərbaycan Müdafiə Nazirliyinin əmri ilə C.Naxçıvanski
adına liseyə dəyişdirilib. O, burada əvvəlcə tağım
komandiri, sonra bölük komandiri, daha sonra tərbiyə
işləri üzrə müavin vəzifəsinə irəli çəkilib. Çingiz
1995-ci il oktyabrın 28-də Bakının “Ulduz” və
“Nərimanov” metrostansiyaları arasında qəzaya uğrayan
qatardakı sərnişinlərin həyatını xilas edərkən faciəli
surətdə həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 1996-cı
il tarixli 506 nömrəli Fərmanı ilə Babayev Çingiz Adil
oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülüb.
Bakıda Yasamal rayon qəbiristanlığında dəfn olunub.
Şərəfinə metronun “Ulduz” stansiyasında abidə kompleksi
ucaldılıb. C.Naxçıvanski adına hərbi liseydə isə büstü
qoyulub. Təhsil aldığı məktəbə və yaşadığı binanın önünə
xatirə lövhəsi vurulub.
Bağırov
Tahir Əminağa oğlu
1957-ci il iyulun 14-də Türkmənistan Respublikasının
Krasnovodsk şəhərində anadan olub. Elə həmin il ailə
üzvləri ilə birlikdə Azərbaycana - Əli Bayramlı ( Şirvan)
şəhərinə köçüb. 1972-ci ildə burada səkkizinci sinfi
bitirərək, təhsilini peşə məktəbində davam etdirib. O,
1977-ci ildə hərbi xidmətə çağırılmış və 1979-cu ildə
ordu sıralarından tərxis olunub. T.Bağırov 1988-ci ildə
Milli Azadlıq Hərəkatının iştirakçısı olub. 1990-cı il
20 Yanvar faciəsi zamanı yaralı insanlara kömək edərək
onların tibb məntəqələrinə, təhlükəsiz yerlərə
aparılmasında xüsusi fəallıq göstərib.
O, 1992-ci ildə könüllü olaraq müdafiə dəstələrindən
birinə üzv yazılmış və “N” saylı hərbi hissədə Mİ-24
vertolyotuna bort atıcısı təyin edilib. Erməni
faşistlərinin törətdiyi Xocalı faciəsi zamanı
yaralıların, dinc əhalinin təhlükəli zonadan
çıxarılmasında böyük rəşadət göstərib. Tahir Füzuli,
Ağdərə, Laçın rayonlarında gedən döyüşlərdə xüsusi
fərqlənmişdi.1992-ci il oktyabrın 11-də Laçının Səfiyan
kəndi istiqamətində gedən döyüşdə vertolyot ermənilər
tərəfindən vurularkən Tahir qəhrəmancasına həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü
il tarixli 457 nömrəli Fərmanı ilə Bağırov Tahir Əminağa
oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Həzi Aslanov
qəsəbəsindəki 59 nömrəli orta məktəbə onun adı verilib,
büstü qoyulub. Suraxanı rayonunun Əmircan qəsəbəsindəki
küçələrdən biri onun adını daşıyır.
Bağırov
Allahverdi Teymur oğlu
1946-cı il aprelin 22-də Ağdam şəhərində anadan olub.
1965-ci ildə Ağdam şəhər 1 nömrəli orta məktəbini
bitirən Allahverdi “ Qarabağ “ futbol klubunda məşqçi
kimi fəaliyyət göstərib.
O, 1988-ci ildə Dağlıq Qarabağda nankor ermənilərin
törətdikləri cinayətlərə dözməyərək, Xalq Hərəkatına
qoşulub. 1990-cı il 20 Yanvar hadisələrindən sonra
A.Bağırov Ağdamda könüllülərdən ibarət batalyon yaradıb.
1992-cı ildə düşmənin mühasirəsində olan kəndlərə kömək
etmək, dinc əhaliyə ərzaq çatdırmaq, onların
təhlükəsizliyini təmin etmək üçün o, bütün var-qüvvəsi
ilə çalışıb.
Erməni faşistlərinin törətdikləri Xocalı faciəsi zamanı
o, bir çox soydaşımızın həyatını xilas edib. 1992-ci il
iyunun 12-də Allahverdinin batalyonunun güclü səyi
nəticəsində Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd,
Pircamal kəndləri düşməndən azad edilib. A.Bağırov
inanırdı kı, qoşunlarımız tezliklə Xankəndinə girəcək.
Azərbaycanın bu cəsur övladı gözətçi məntəqəsini
yoxlayıb geri dönən zaman sürücüsü ilə birlikdə minaya
düşərək həlak olub.
Ailəli idi. Bir oğlu, iki qızı var.
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü
il tarixli 476 nömrəli Fərmanı ilə Bağırov Allahverdi
Teymur oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Ağdam rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.
Bayramov
Soltanağa Nəhmət oğlu
1936-cı il oktyabrın 17-də Lənkəran rayonunun Şürük
kəndində anadan olub. O, orta təhsilini Astara rayonunda
alıb. 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirib,
sonra təyinatla hərbi hospitalda əmək fəaliyyətinə
başlayıb. 1990-cı illərdə bəzi xarici dövlətlər erməni
separatçıları ilə birlikdə bir qrup adamı öz
əlaltılarına çevirərək Azərbaycanı parçalamaq
istəyirdilər. Həmin nankorlardan biri də vətəninə,
xalqına xəyanət edən “Talış Muğan Respublikası” yaratmaq
xülyası ilə yaşayan Əlikram Hümbətov idi. 1993-cü ildə
bir qrup silahlı dəstə Soltanağanın çalışdığı hospitala
basqın edib. Öz qorxmazlığı, vətənə olan sevgi və
məhəbbətini canı, qanı bahasına hər zaman
torpaqlarımızın bütövlüyünü düşünən S.Bayramov burada
əsl vətənpərvərlik nümayiş etdirərək silahlılara qarşı
müqavimət göstərərək faciəli şəkildə həlak olub .
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü
il tarixli 740 nömrəli Fərmanı ilə Bayramov Soltanağa
Nəhmət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Lənkəran şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Lənkəran şəhərindəki küçələrdən birinə onun adı verilib
və büstü qoyulub. Yaşadığı binanın önünə xatirə lövhəsi
vurulub.
Behbudov
Səfiyar Abuzər oğlu
1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində
dünyaya göz açıb. 1984-cü ildə Bərdə şəhər 6 nömrəli
orta məktəbi bitirib. Bir il sonra isə sovet ordusu
sıralarına çağırılıb. Səfiyar 1987-ci ildə ordudan
tərxis olunaraq, rayon Hərbi Komissarlığının təqdimatı
ilə bu sahədə təhsilini artırmaq üçün zabitlik kursuna
göndərilib. Həmin kursu müvəffəqiyyətlə bitirərək kiçik
leytenant rütbəsi alıb. Tərtər bölgəsində erməni
quldurlarına qarşı gedən gərgin döyüşlərdə neçə-neçə
uğurlu əməliyyatların iştirakçısı olub. Xalqımızın
tarixi qəhrəmanlıq əməllərini davam etdirən, ürəklərdə
özünə bir ölməzlik abidəsi ucaldan Səfiyar daha sonra
Ağdam və Əsgəran uğrunda gedən ölüm-dirim savaşında
xüsusi fəallıq nümayiş etdirib.
O, 1992-ci il martın 11-də ermənilər tərəfindən əsir
götürülmüş, martın 21-də meyitini çətinliklə də olsa
geri almaq mümkün olmuşdu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il
tarixli 833 nömrəli Fərmanı ilə Behbudov Səfiyar Abuzər
oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülüb.
Bərdə rayonunun Mollalı kəndində dəfn olunub. Təhsil
aldığı 6 nömrəli orta məktəb onun adını daşıyır.
Babayev
Əjdər Xalıqverdi oğlu
1950-ci il avqustun 26-da Qazax rayonunun Mollacəfərli
kəndində anadan olub. Bir müddət sonra ailələri Ağstafa
rayonunun Xətai kəndinə köçüb. O, 1967-ci ildə Xətai
kənd orta məktəbini bitirib.
Əjdər 1969-cu ildə hərbi xidmətə çağırılmış, ordu
sıralarından tərxis olunduqdan sonra isə Bakının
Nərimanov Rayon Polis Şöbəsinə işə qəbul olunub. 1978-ci
ildə polis orqanlarında çalışmaqla yanaşı, Sumqayıt
Politexnik Texnikumuna qəbul olmuş, 1981-ci ildə burada
avtonəqliyyat ixtisasına yiyələnib. O, dörd il Qazax
Rayon Polis Şöbəsində işləmiş, sonra iş yerini dəyişərək
Ağstafa Rayon Polis Şöbəsində fəaliyyətini davam etdirib.
Ə.Babayev bu orqanda çalışdığı illərdə nümunəvi polis
işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülüb.
O, 1995-ci il 13-17 mart hadisələri zamanı həlak olub.
Ailəli idi. Dörd övladı var.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il
tarixli 307 nömrəli Fərmanı ilə Babayev Əjdər Xalıqverdi
oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülüb.
Ağstafa rayonunda dəfn olunub. Adına məktəb var.
Cəbrayılov
Fəxrəddin Mövsüm oğlu
1958-ci il avqustun 12-də Qərbi Azərbaycanın Gorus
şəhərində anadan olmuşdur. Ailə üzvləri ilə birlikdə
Almaniyaya getmiş və ibtidai təhsilini orada almışdır.
Az sonra Bakıya dönərək orta təhsilini burada
bitirmişdir. Fəxrəddin 1975-ci ildə Bakı Ali Ümumqoşun
Komandirləri Məktəbinə daxil olmuş və 1979-cu ildə
təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. Fəxrəddin
1992-ci ildə cəbhə bölgəsinə yollanaraq, 656 nömrəli
hərbi hissədə motoatıcı taborun komandiri təyin
olunmuşdur. 1993-cü ildə Beyləqan rayonu istiqamətində
gedən döyüşlərdə qərargah rəisi kimi düşmənin xeyli
canlı qüvvəsini itkiyə məruz qoymuşdur. 1994-cü ildə
Füzuli və Kəlbəcər istiqamətində döyüşən F.Cəbrayılov
Gəncə şəhərindəki 172 nömrəli motoatıcı briqadasına
komandir təyin edilmişdir. Onun komandir olduğu tabor,
motoatıcı alay və briqada düşmənə qarşı döyüşlərdə
mərdlik və şücaət göstərmişdir.
O, 1994-cü ilin oktyabrında “Azərbaycan Bayrağı” ordeni
ilə təltif olunmuşdur.
Ailəlidir.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il
tarixli 307 nömrəli Fərmanı ilə Cəbrayılov Fəxrəddin
Mövsüm oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Hazırda 4-cü ordu korpusunun fərdi qərargah rəisi
vəzifəsində çalışır.
|