Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfrans keçirilib
2021-ci ilin 10-11 dekabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda keçirilən beynəlxalq elmi konfrans uğurla başa çatıb.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən beynəlxalq konfransa dünyanın 15 ölkəsindən 72 ali təhsil müəssisə və elmi-tədqiqat institutunun akademik heyət üzvləri və alimləri qatılıb.
Proqrama uyğun olaraq, konfrans çərçivəsində açılış-plenar, plenar, bölmə və yekun iclasları keçirilib.
Beynəlxalq konfransın açılış-plenar iclasında MDU-nun rektoru Şahin Bayramov, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Milli Məclisin üzvü Şahin Seyidzadə, Litvanın Mykolas Romeris Universitetinin rektoru İnqa Zaleniene, Türkiyənin KTO Karatay Universitetinin rektoru Bayram Sade, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Çinin Lancou Maliyyə və İqtisadiyyat Universitetinin prezidenti Venhao Cai, Qırğız İqtisad Universitetinin rektoru Almaz Kadıraliyev və Kiyev Milli İqtisadiyyat Universitetinin rektoru Dmitro Lukyanenko çıxış ediblər.
Konfrans iştirakçılarını salamlayan rektor Ş.Bayramov aktual mövzuya həsr edilmiş və MDU tarixində ilk dəfə olaraq keçirilən beynəlxalq səviyyəli elmi tədbirin təşkilində dəstəyi və əməyi olanlara, təşkilat komitəsinin üzvlərinə, məruzəçilərə, məqalə və tezis müəlliflərinə təşəkkürünü bildirib.
Rektor konfransın əsas məqsədinin Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və rəşadətli Azərbaycan Əsgərinin şücaəti sayəsində əldə olunan tarixi Zəfərdən sonrakı mərhələnin reallıqları nəzərə alınmaqla müvafiq istiqamətlər üzrə aparılan elmi-tədqiqatların nəticələrinin təqdim edilməsindən ibarət olduğunu vurğulayıb. Bildirilib ki, beynəlxalq konfrans Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, eləcə də Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələri əhatə edən mövzularda elmi diskussiya platformasının yaradılmasını hədəfləyir.
Konfransa həm yerli, həm də xarici ali təhsil və elm ictimaiyyəti tərəfindən böyük maraq göstərildiyini qeyd edən rektor 37 yerli ali təhsil və elmi-tədqiqat müəssisəsindən, eləcə də 14 xarici ölkənin 35 universitetindən ümumilikdə 462 tezis və məqalə daxil olduğunu bildirib və konfransın işinə uğurlar arzulayıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov MDU rəhbərliyini və kollektiv üzvlərini universitetdə ilk beynəlxalq elmi konfransın keçirilməsi münasibətilə təbrik edib və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Regional universitetin belə bir böyük tədbirin təşkilatçısı olmasını təqdirəlayiq hal kimi qiymətləndirən F.Qurbanov qısa zamanda MDU-da geniş islahatlar aparılmaqla tədrisin keyfiyyətinin və elmi-tədqiqatların səmərəliliyinin yüksəldilməsi istiqamətində önəmli addımların atıldığını diqqətə çatdırıb.
Bəşəriyyətin qarşısında duran qlobal problemlərin dünyada davamlı inkişafa nail olunmağı zəruri vəzifəyə çevirdiyini bildirən nazir müavini konfransın mövzusunun aktuallığından və əhəmiyyətindən bəhs edib. Dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinin dövlət siyasətinin mühüm prioritetlərindən olduğunu vurğulayan F.Qurbanov hazırda Azərbaycanının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həssaslıqla yanaşan ölkələrdən olduğunu bildirib.
Dördüncü Dayanıqlı İnkişaf Məqsədinin hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin və ömür boyu təhsili təşviq etmək olduğunu qeyd edən F.Qurbanov davamlı inkişafın təmin olunmasının təhsil sistemi qarşısında çox böyük vəzifələr qoyduğunu diqqətə çatdırıb. Müasir tələblərə cavab verən təhsil sistemi və mütəxəssis hazırlığı üzrə yeni çağırışlardan danışan nazir müavini konfransda bu istiqamətdə ediləcək məruzələrin və aparılacaq müzakirələrin faydalı olacağına əminliyini söyləyib, konfrans iştirakçılarına uğurlar arzulayıb.
Konfrans iştirakçılarına salamlarını çatdıran iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycanda dayanıqlı inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində görülən işlərə töhfə verilməsinə hədəflənən belə bir platformanın yaradılmasına görə Mingəçevir Dövlət Universiteti kollektivinə təşəkkürünü bildirib. İqtisadiyyatın dayanıqlı və dinamik inkişafının bu sahədəki elmi tədqiqatların səmərəliliyindən birbaşa asılı olduğunu vurğulayan nazir müavini ölkəmizdə qlobal trendlərin öyrənilməsi və tədqiqi baxımından ali təhsil müəssisələrinin və akademik dairələrin apardığı tədqiqatların rolunun yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.
Dünya iqtisadiyyatında cərəyan edən proseslər, bəşəriyyətin ciddi narahatçılığına səbəb olmuş COVID-19 pandemiyasının Azərbaycan üçün də yeni çağırışlar və reallıqlar yaratdığını diqqətə çatdıran S.Ələkbərov bunlara adekvat cavab vermək üçün ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində qarşıda duran vəzifələrdən bəhs edib.
Nazir müavini 44 günlük Vətən müharibəsindən sonra ərazilərin işğaldan azad edilməsinin regionda təhlükəsizlik, sabitlik və rifahın təmin olunmasına, qarşılıqlı faydalı əməkdaşlığın, iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsinə, yeni beynəlxalq və regional logistika dəhlizlərinin açılmasına və bütövlükdə ölkənin dayanıqlı inkişafına çox ciddi təkan verdiyini bildirib. Qlobal tendensiyalar və çağırışları qəbul edərək işğaldan azad olunmuş ərazilərdə innovativ texnologiyalara əsaslanan müasir infrastrukturun qurulmasından, “ağıllı şəhər”, “ağıllı kənd” və yaşıl enerji zonası layihələrinin reallaşdırılmasından söhbət açan S.Ələkbərov Azərbaycanın dayanıqlı inkişaf perspektivlərindən danışıb və konfransın işinə uğurlar arzulayıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevir şəhərində ilk dəfə olaraq belə bir beynəlxalq elmi konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib və konfransın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan hərtərəfli inkişaf strategiyası sayəsində Azərbaycanın artıq siyasi və iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, beynəlxalq arenada söz sahibi olduğunu qeyd edən İ.İsmayılov regionda həyata keçirilən və dayanıqlı inkişafa hədəflənən irimiqyaslı layihələrdə Azərbaycanın əsas təşəbbüskar və iştirakçı dövlətlərdən olduğunu diqqətə çatdırıb.
İnkişafın yeni hədəflərinin elmi əsaslarının hazırlanmasının vacibliyini qeyd edən İlham İsmayılov konfrans çərçivəsində aparılacaq müzakirələrin və yaradılacaq tərəfdaşlıqların Mingəçevir şəhərinin gələcək inkişafında önəmli rol oynayacağına əminliyini ifadə edib.
Beynəlxalq konfransa dəvətə görə təşəkkürünü bildirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreeva 250-dən çox iştirakçının, o cümlədən dövlət və hökumət rəsmilərinin də qatıldığı və yüksək səviyyədə təşkil edilən elmi tədbirdə iştirakından məmnunluğunu bildirib. Dayanıqlı inkişafın başlıca 3 məqsədinin iqtisadiyyat, sosial və ətraf mühit məsələləri olduğunu diqqətə çatdıran V.Andreeva Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. Dayanıqlı inkişaf yolu xəritəsində beynəlxalq əməkdaşlığa və tərəfdaşlığa xüsusi önəm verildiyini qeyd edən BMT-nin rezident əlaqələndiricisi konfransın bu baxımdan əhəmiyyətindən danışıb və konfrans iştirakçılarına uğurlar arzulayıb.
Son dövrdə MDU ilə işbirliyinin uğurla inkişaf etdiyini vurğulayan Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tərəfdaş universitetdə təşkil edilən belə bir mötəbər elmi tədbirdə iştirakından məmnunluğunu bildirib. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında keyfiyyətli ali təhsilin və tədqiqatların önəmindən danışan rektor bu istiqamətdə milli və xarici təcrübələrin paylaşılması baxımından beynəlxalq konfransın əhəmiyyətini diqqətə çatdırıb, belə bir əlverişli elmi və akademik platformanın davamlılığını arzulayıb.
Milli Məclisin deputatı Şahin Seyidzadə son illərdə Azərbaycanda dayanıqlı inkişafın təmin edilməsi məqsədilə həyata keçirilən islahatlardan və bu kontekstdə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsindən danışıb, konfransın əhəmiyyətini qeyd edib.
Universitetlər arasında akademik və elmi əlaqələrin gücləndirilməsinin dayanıqlı inkişaf strategiyasına töhfəsindən bəhs edən Litvanın Mykolas Romeris Universitetinin rektoru İnga Zaleniene beynəlxalq konfransı yeni tərəfdaşlıqlar üçün əlverişli imkan və gözəl fürsət kimi dəyərləndirib.
Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edən KTO Karatay Universitetinin rektoru B.Sade dayanıqlı inkişafda ali təhsil müəssisələrinin rolundan, iqtisadi inkişafa, sosial rifaha və ətraf mühitin davamlılığına xidmət edən layihələr çərçivəsində birgə elmi tədqiqatların aparılmasının önəmindən bəhs edib və bu baxımdan konfransın böyük imkanlar yaratdığını diqqətə çatdırıb.
Regionda yerləşən universitetlərin dayanıqlı inkişafa töhfələri və strateji fəaliyyətləri barədə danışan Lənkəran Dövlət Universitetinin rektoru N.İbrahimov tədqiqat potensialının inkişaf etdirilməsi və elmi tədqiqatların səmərəli nəticələrinin geniş ictimaiyyətə təqdim olunması baxımından belə elmi tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıb.
İki universitet arasında yaradılan işbirliyindən məmnunluğunu bildirən Çinin Lancou Maliyyə və İqtisadiyyat Universitetinin prezidenti Venhao Cai rəhbərlik etdiyi ali təhsil müəssisəsində keçirilən beynəlxalq elmi tədbirlərdə MDU-nun fəal təmsil olunduğunu diqqətə çatdırıb, pandemiya dövründə təhsil sahəsində gələcək işbirliyinin istiqamətlərinin müəyyən edilməsi baxımından konfransın faydalı olacağına inandığını söyləyib.
Qırğız İqtisadiyyat Universitetinin rektoru A.Kadıraliyev təmsil etdiyi ölkədə dayanıqlı inkişafın təmin edilməsi sahəsində əldə edilən nailiyyətlərdən, yaşıl iqtisadiyyata keçidlə bağlı görülən işlərdən, bu məqsədlə rəhbərlik etdiyi universitetin iştirak etdiyi yerli və beynəlxalq layihələrdən danışıb, konfransın qarşılıqlı faydalı əməkdaşlığa töhfə verəcəyini bildirib.
Kiyev Milli İqtisadiyyat Universitetinin rektoru D.Lukyanenko MDU ilə əməkdaşlıq çərçivəsində akademik və elmi potensialın gücləndirilməsi məqsədilə həyata keçirilən birgə tədbirlərdən danışıb, konfrans çərçivəsində irəli sürüləcək və dayanıqlı inkişafa fayda qazandıracaq yeni fəaliyyət təşəbbüsləri üzrə universitetlər arasında hərtərəfli əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.
Plenar iclasda AMEA-nın müxbir üzvi Akif Musayev “İşğaldan azad olunmuş ərazilərin bərpası: mövcud vəziyyət və effektiv məskunlaşdırma”, Qazi Universitetinin professoru Ercan Nurcan Yılmaz “4.0 Sənaye inqilabı və kibertəhlükəsizlik”, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Zahid Məmmədov “Müasir dövrdə universitetlər: yeni çağırışlar, trendlər, paradiqmalar və gözləntilər”, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Sergey Nikonorov “Davamlı inkişaf və Paris İqlim Sazişi çərçivəsində biznesin karbon neytrallığına keçidində müasir trendlər”, MDU-nun dosenti Aidə Mustafayeva “Süni intellekt texnologiyalarının inkişaf perspektivləri”, Mykolas Romeris Universitetinin professoru Paulo Pereira “4-cü Davamlı İnkişaf Məqsədi (Keyfiyyətli təhsil) kontekstində ali təhsilin önəmi” və V.Hetman adına Kiyev Milli İqtisadiyyat Universitetinin dosenti Oleksandr Fedirko “Avropada klasterləşmə: Ukrayna üçün təcrübə və perspektivlər” mövzularında məruzə ediblər.
Sonra konfrans işini üç bölmədə (İqtisad elmləri və idarəetmə; Təbiət və texnika elmləri; Təhsil və humanitar elmlər) davam etdirib. Bölmə iclaslarında davamlı iqtisadi inkişafın qlobal trendləri, regionların tarazlı inkişafı, ekoloji dayanıqlığın təmini, enerji sektorunun inkişafında müasir tendensiyalar, postpandemiya dövründə dördüncü sənaye inqilabının inkişaf perspektivləri, təhsil sahəsində milli və beynəlxalq təcrübə, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni geoiqtisadi və geosiyasi reallıqlar, işğaldan azad edilmiş ərazilərin bərpası və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.
Dekabrın 11-də beynəlxalq konfransın yekun iclası keçirilib. İclasda MDU-nun rektoru Şahin Bayramov və konfransın bölmə rəhbərləri çıxış ediblər.
Beynəlxalq konfransın uğurla başa çatmasından məmnunluğunu bildirən Ş.Bayramov MDU tarixində ilk dəfə olaraq keçirilən belə bir mötəbər elmi tədbirdə dəstəyinə görə Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinə, Mingəçevir Şəhər İcra Hakimiyyətinə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinə, tərəfdaş yerli və xarici universitetlərə, eləcə də təşkilati komitəyə və əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.
Tərcümə və texniki-təşkilati işlərin yüksək peşəkarlıqla həyata keçirildiyini qeyd edən rektor bu sahədə dəstək göstərən "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının fəaliyyətini müsbət qiymətləndirib və təşəkkürlərini çatdırıb.
Eləcə də konfrans barədə ictimaiyyətin operativ və ətraflı məlumatlandırıldığını vurğulayan rektor media dəstəyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC), “Azərbaycan müəllimi” qəzetinə, Trend Müstəqil İnformasiya Agentliyinə, “Məktəb Guşəsi” jurnalına, mi-news.az, AzEdu.az saytlarına və “Mingəçevir” qəzetinə təşəkkürünü bildirib.
Bununla yanaşı, dünyanın nüfuzlu universitetlərinin alimləri və tədqiqatçılarının da təmsil olunduqları plenar və bölmə iclaslarında dayanıqlı inkişafla bağlı aktual mövzularda təqdim edilən məruzələrin və aparılan müzakirələrin böyük maraqla qarşılandığını diqqətə çatdıran Ş.Bayramov konfransda iştirak edən, tezis və məqalə göndərən, məruzələrlə çıxış edən hər kəsə təşəkkürünü bildirib.
Konfrans barəsində çoxlu sayda müsbət rəylərin daxil olmasını təqdirəlayiq hal hesab edən rektor beynəlxalq elmi tədbirin bütün iştirakçılarına uğurlar arzulayıb.
Sonra konfransın bölmə rəhbərləri Emilya Hüseynova, Mahir İsmayılov və Esmira Cəfərova çıxış ediblər.
Bildirilib ki, “İqtisad elmləri və idarəetmə” bölməsinə 120 yerli və 37 xarici olmaqla 157, “Təbiət və texnika elmləri” bölməsinə 87 yerli və 12 xarici olmaqla 99, “Təhsil və humanitar elmlər” bölməsinə 188 yerli və 18 xarici olmaqla 206 tezis və məqalə daxil olub. Diqqətə çatdırılıb ki, yerli və xarici universitetlərdən, elmi-tədqiqat institutlarından “İqtisad elmləri və idarəetmə” bölməsinin iclasında 13, “Təbiət və texnika elmləri” bölməsinin iclasında 11, “Təhsil və humanitar elmlər” bölməsinin iclasında 13 məruzəçi çıxış edib və təqdim edilən mövzular ətrafında maraqlı müzakirələr aparılıb.
Sonra, iclasda konfransın yekunu ilə bağlı geniş fikir mübadiləsi aparılıb və təkliflər irəli sürülüb. MDU-da sözügedən beynəlxalq konfransın eyni adda hər il davam etdirilməsi və dayanıqlı inkişaf problemlərinin araşdırılması ilə məşğul olan müvafiq mərkəzin yaradılması barədə təkliflər iclas iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Sonda MDU-da ilk dəfə belə bir beynəlxalq səviyyəli mötəbər elmi tədbirin təşkilindən böyük sevinc hissləri keçirdiklərini bildirən kollektiv üzvləri universitet rəhbərliyinə təşəkkürlərini çatdırıblar və konfransın işinə yekun vurulub.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılmasına, dayanıqlı inkişafın müxtəlif aspektlərinə dair nəticəyönümlü elmi araşdırmaların aparılmasına, yerli və xarici tərəfdaşlarla birgə elmi tədbirlərin keçirilməsinə xüsusi önəm verilir. Bu kontekstdə, 2021-ci ildə MDU-nun tarixində ilk elmi jurnal hesab edilən “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalı təsis olunub.