ADU-da tələbə-şagird konfransı keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və türk dövlətləri ilə əlaqələrin istiqamətləri” mövzusunda tələbə-şagird elmi konfransı keçirilib.
ADU-nun rektoru akademik Kamal Abdulla tələbələrin və şagirdlərin yeni elmi biliklər əldə etməsi baxımından konfransın əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, konfransın keçirilməsi hər bir tələbə üçün yeni elmi araşdırmaların aparılması, elmi təcrübələrin qazanılması üçün əlverişli imkanlar yaradır:
“Bu gün tarixi bir gündür. Bu günün əhəmiyyəti ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən konfransın açılış mərasiminə toplaşmışıq. Gənclər, tələbələr Ulu Öndər Heydər Əliyevin bizə əmanətidir. Biz bu əmanətə daima sadiq qalacağıq. Mən bunu hər zaman qeyd edirəm. Tələbələrin savadlı və peşəkar olması vacibdir. Tələbələrin dövlətimiz üçün, Vətənimiz üçün daha faydalı vətəndaş kimi formalaşması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Buna görə də hər biriniz öz işinizdə faydalı olmalı, dövlətimizin, millətimizin parlaq gələcəyi naminə yorulmadan çalışmalısınız”.
Konfransda Azərbaycanın müxtəlif regionlarından olan orta məktəb şagirdləri, orta məktəb direktorları, elmi rəhbərlər çıxış ediblər. Konfransda Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin direktoru Aqşin Bağırov, Cəbrayıl rayon Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Ağdam rayonu 47 nömrəli tam orta məktəbinin direktoru Zülfiyyə Zeynalova, Füzuli rayon 56 nömrəli tam orta məktəbin direktoru Nərgiz Familzadə, İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Səadət Cahandarova, Nizami rayonu Kamil Əliyev adına 61 nömrəli tam orta məktəbin direktoru Zenfira Şıxəliyeva, Şamaxı rayon Sabir qəsəbə Alxan Alxanov adına orta məktəbin və 2 nömrəli Texniki Humanitar Liseyin nümayəndələri təbrik nitqi ilə çıxış ediblər.
İlk dəfə olaraq ADU-nun tələbələri konfransda iştirak edən, məruzə ilə çıxış edən şagirdlərin elmi rəhbəri olublar.
Qeyd olunub ki, konfransın təşkil olunması gənc tədqiqatçıların elmi-nəzəri və təcrübi imkanlarını artırmış olacaq.
Sonda ADU və Ağdam rayonu 47 nömrəli tam orta məktəb, Cəbrayıl rayon Cocuq Mərcanlı kənd tam orta məktəb, Bakı şəhəri Nizami rayonu 61 nömrəli tam orta məktəb, Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi, Elitar Gimnaziya, Füzuli rayon 56 nömrəli tam orta məktəb, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəb, 2 nömrəli Texniki Humanitar Lisey arasında Əməkdaşlıq memorandumu imzalanıb.