| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								Hörmətli oxucular, bu məqalədən başlayaraq ümumi 
								təhsil sistemində qiymətləndirmə məsələləri, bu 
								sahədə dünya təcrübəsi, indiyədək mövcud olan 
								qiymətləndirmə prosesi, problemlər və tətbiq 
								etdiyimiz yeni qiymətləndirmə sistemi barədə 
								fikirlərimi diqqətinizə çatdırmaq istəyirəm.
								 
								
								
								Qiymətləndirmə təhsil prosesinin tərkib hissəsi 
								olduğuna görə onun yaranma tarixi də eyni 
								qədimliyə gedib çıxır. Tədqiqatlar göstərir ki, 
								ilk qiymətləndirmə çində tətbiq olunmuşdur. 
								587-ci ildən bu ölkədə keçirilməyə başlanmış 
								qiymətləndirmə "çin imperiya imtahanları" adı 
								ilə tanınırdı. Burada dövlət məmuru kimi 
								çalışmaq üçün imtahandan keçmək lazım idi. 
								Şifahi, sonralar həm də yazılı aparılan  bu  
								imtahanlar  çində 1905-ci ilədək davam etmişdi. 
								
								
								Avropada məktəblərin yarandığı ilk dövrlərdən 
								şagirdlərin biliklərini ölçmək yolları haqqında 
								düşünür və müxtəlif üsulları təcrübədən 
								keçirirdilər. Əvvələr imtahanlar şifahi 
								götürülürdü. Şagirdlər qoyulan suallara latın 
								dilində cavab verirdilər və müəllim bu cavabları 
								qiymətləndirirdi. İlk yazılı imtahanların tarixi 
								isə 1792-ci ildə Kembric Universitetindən 
								başlanır. 
								
								
								Pedaqoji sahədə tədqiqatçılar qiymətləndirmə 
								tarixini bir neçə mərhələyə bölürlər. Birinci 
								Dünya müharibəsinə qədər olan dövrdə şagirdlərin 
								bilikləri testlər vasitəsilə qiymətləndirilir və 
								əsasən, fənlərin məzmununun mənimsənilməsinə 
								diqqət yetirilirdi.  
								
								
								XX əsrin əvvəllərindən başlayaraq təhsil 
								sahəsində inkişaf meyilləri gücləndikcə şagird 
								nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı 
								yeni ideyalar meydana çıxırdı. Həmin dövrdə 
								ABŞ-da "mütərəqqi təhsil  ideyası"  yarandı  və 
								tədricən digər ölkələrə də yayıldı.  
								
								
								"Mütərəqqi təhsil ideyası"nın əsas mahiyyəti 
								ondan ibarət idi ki, təhsil elmi biliklərin yox, 
								sənaye və texnologiyanın inkişaf istiqamətlərinə 
								uyğun gələn həyati bacarıqların formalaşmasına 
								yönəldilirdi. Təhsilin məzmununa bu cür yeni 
								baxışlar tədricən qiymətləndirməyə yanaşmanı da 
								dəyişdi. Artıq qiymətləndirmə daha çox 
								biliklərin tətbiqinə və həyatla 
								əlaqələndirilməsinə əsaslanırdı. 
								
								
								Lakin bu ideya XX əsrin 50-60-cı illərindən 
								etibarən öz aktuallığını itirdi. Kosmos dövrü 
								başlayandan sonra böyük dövlətlərin təhsil 
								tələbləri dəyişdiyinə görə təhsilalanların 
								qiymətləndirilməsinə yanaşmalar da yeni 
								istiqamətdə inkişaf etməyə başladı. Məsələn, ABŞ 
								Sovet İttifaqının elm sahəsində uğurlarından 
								(kosmosun fəthi və s.) narahat olub, bütün 
								diqqəti dəqiq elmlərin tədrisinə və onun daha 
								səmərəli qiymətləndirilməsinə yönəltdi. Növbəti 
								onilliklərdə təhsilin xarakterinə uyğun olaraq, 
								qiymətləndirmə qarşısında daha ciddi tələblər 
								qoyulmağa başladı. Belə ki, şagirdlər problemin 
								həlli üzrə bacarıqlarını nümayiş etdirmək üçün 
								müxtəlif səviyyəli suallara müəyyən olunmuş 
								dəqiq vaxt çərçivəsində cavab verməli idi. Bu 
								tipli suallar şagirdin fərdi bilik və 
								bacarıqlarını ölçməyə imkan verməklə yanaşı, 
								onların mənimsəmə səviyyəsini müqayisə etmək 
								üçün də istifadə olunurdu. Sonralar 
								mütəxəssislər bu müqayisələri sinif 
								səviyyəsindən çıxararaq məktəblər, regionlar, 
								dövlətlər arasında aparılmasına imkan verən 
								xüsusi proqramlar üzərində düşünməyə başladılar. 
								Bu isə qiymətləndirmə sahəsində təcrübələrin 
								sınaqdan keçirilməsi və təkmilləşdirilməsi 
								prosesinin daimi və davamlı oldugunu sübut edir. 
								
								
								Rusiyanın təhsil tarixində, XVIII əsrin 
								əvvəllərindən etibarən digər Avropa ölkələrində 
								olduğu kimi, 3 səviyyəli qiymətləndirmə sistemi 
								mövcud olmuşdur. Bu sistemə görə şagirdlərin 
								nailiyyətləri yüksək, orta və aşağı səviyyələr 
								olmaqla müəyyən edilmişdi. Sonralar sözlə ifadə 
								olunan qiymətləndirmə nəticələri qısa olaraq 
								rəqəmlə ifadə olunmağa başlandı. Müxtəlif 
								vaxtlarda Rusiyada 3, 5, 8, 10, 12 ballıq 
								qiymətləndirmə şkalası tətbiq edilmişdir. 
								Maraqlıdır ki, 5 ballıq sistemdə Rusiyada "5" ən 
								yüksək qiymət idisə, Almaniyada ən yüksək qiymət 
								"1" sayılır.      
								
								
								I və II pillə məktəblərinin 1922-ci ildə təsdiq 
								olunan "Əsasnamə"sində 1920-ci ildə qəbul 
								edilmiş məktəb "Əsasnamə"sindən fərqli olaraq 
								(həmin "Əsasnamə" ev tapşırıqlarını, bütün 
								buraxılış və sinifdən-sinfə keçirmə 
								imtahanlarını qadağan edirdi) şagird biliyinin 
								qiymətləndirilməsi qaydaları, sinifdən-sinfə 
								keçirmə və buraxılış imtahanları, eləcə də dərs 
								ili ərzində hər sülsün (rübün) yekununda şagird 
								biliyinin qiymətləndirilməsi və nəticəsi ilə 
								valideynlərin tanış edilməsi təsbit edildi.
								 
								
								
								XIX əsrin əvvəllərindən etibarən Rusiyanın 
								imperiya siyasətinin təsiri təhsildən də yan 
								keçməmişdi. Azərbaycan məktəblərində digər 
								qaydalar kimi qiymətləndirmə və qiymət yazma da 
								tamamilə Rusiyadakının eyni idi. 1837-ci ildən 
								Rusiyada 5 ballıq qiymət şkalası tətbiq 
								edilirdi. O zamanlar şagirdlərin bilikləri 
								rəqəmlə deyil, sözlə qiymətləndirilirdi: "əla", 
								"yaxşı", "kafi", "pis" və "çox pis". Sonralar bu 
								qayda ləğv olunsa da, 1935-ci ildə yenidən həmin 
								sistemə qayıdıldı. 1944-cü ilin yanvarında SSRİ 
								Nazirlər Sovetinin qərarı ilə təsdiqlənən "5" 
								ballıq qiymət şkalası o zamandan bütün SSRİ 
								məkanında, o cümlədən ölkəmizdə də şagirdlərin 
								biliyinin ölçülməsi üçün yeganə meyar oldu.
								 
								
								
								SSRİ hökumətinin qərarı ilə (1944) şagirdlərin 
								biliyinin qiymətləndirilməsinin 5 ballıq sistemi 
								ilə yanaşı, ibtidai, yeddiillik və orta məktəbin 
								buraxılış imtahanları müəyyən edildi, orta 
								məktəbi əla qiymət və nümunəvi əxlaqla 
								bitirənlərə qızıl və gümüş medal verilməsi 
								qaydaları təsdiq edildi. Bu qaydalar eynilə 
								Azərbaycanın ümumi təhsil məktəblərinə də şamil 
								edildi. 
								
								
								Müəyyən dövrlərdə "5" ballıq qiymətləndirmə 
								sistemini yenisi ilə əvəz etmək cəhdləri 
								edilmişdi. Hələ 1980-cı illərdə SSRİ miqyasında, 
								o cümlədən ölkəmizdə təhsil islahatları 
								keçirilən zaman bir qrup təhsil işçisi "5" 
								ballıq qiymət şkalasının zəif tərəflərini 
								göstərərək "9" ballıq qiymət şkalasının daha 
								ədalətli olduğunu əsaslandırmağa çalışırdılar. 
								Lakin o zaman edilən cəhdlər nəticəsiz qaldı. 
								
								
								SSRİ-nin süqutundan sonra bir sıra postsovet 
								ölkələrində ümumtəhsil məktəblərində 
								qiymətləndirmə üçün fərqli şkalalar tətbiq 
								edilməyə başlanmışdır. Belə ki, Belarus, 
								Moldova, Gürcüstan 10 ballıq, Ukrayna 12 ballıq 
								şkala tətbiq etmişdir. 
								
								
								Azərbaycanda da bu istiqamətdə eksperimentlər 
								aparılmış, qiymətləndirmədə "9" ballıq sistemin 
								tətbiqini məktəblərdə sınaqdan keçirmək 
								məqsədilə 2001-2002-ci tədris ilindən İsmayıllı 
								və Bakı şəhərinin Nərimanov rayonlarında 
								başlanan eksperimentlər sonradan Gəncə, Şəki, 
								Quba və Lənkəran rayonlarının məktəblərini də 
								əhatə etmişdi. "9" bal sistemi ilə 
								qiymətləndirmədə "1" və "2" mənfi, digər bütün 
								ballar isə müsbət qiymət hesab olunurdu. "9" bal 
								sistemi "5" ballıq şkala ilə müqayisədə belə 
								ifadə olunurdu: 1 və 2 - 1; 3 - 2; 4 və 5 - 3; 6 
								və 7 - 4; 8 və 9 - 5. Lakin lazımi nəticə 
								vermədiyinə görə uzun müddət aparılan bu 
								eksperiment 2008-ci ildən dayandırıldı. Bu bir 
								daha göstərdi ki, hansı qiymət şkalasından 
								istifadə edilirsə edilsin, mövcud qiymətləndirmə 
								sistemi şagirdlərin inkişafını sistemli şəkildə 
								izləməyə imkan vermir, şagirdin nailiyyəti 
								keyfiyyət baxımından deyil, kəmiyyət baxımından 
								qiymətləndirilir.  
								
								
								Odur ki, "5" ballıq qiymət şkalası saxlanılmaqla 
								yeni prinsiplərə söykənən qiymətləndirmə 
								sisteminin yaradılması ideyası ətrafında elmi və 
								pedaqoji araşdırmalar aparılmağa başlandı. Bu 
								sahədə aparılan islahatların məqsədi təhsilin 
								keyfiyyətini yüksəltmək, onun inkişafını 
								cəmiyyətin ehtiyac və tələblərinə yönəltmək 
								olduğu üçün yalnız təhsilin məzmununa deyil, həm 
								də onun keyfiyyətini müəyyən edən vasitələrə 
								yenidən baxmaq, dövrün tələblərinə cavab verən 
								qiymətləndirmə sistemi yaratmaqdır. 
								
								
								Dünya ölkələrinin təcrübəsi göstərir ki, 
								nailiyyətlərin qiymətləndirilməsi sahəsində 
								dəyişikliklər təhsilin məzmununa nisbətən daha 
								tez-tez baş verir. Məsələn, son 50 ildə 
								İngiltərədə heç bir məzmun islahatı aparılmamış, 
								yalnız qiymətləndirmə sahəsində dəyişikliklər 
								edilməklə kifayətlənilmişdir.  
								
								
								Dünya təcrübəsində biliklərin 
								qiymətləndirilməsində müxtəlif şkalalardan 
								istifadə edilir. Bir sıra ölkələrdə şkalalar 
								rəqəmlə, digər ölkələrdə isə hərflə ifadə 
								olunur. Avropada biliklərin balla 
								qiymətləndirilməsi XVI-XVII əsrlərdə yezuit 
								məktəblərində yaranmışdır və fiziki cəzanı 
								rəğbətləndirmə ilə əvəz etməklə humanist məqsəd 
								daşımışdır. İlk dəfə biliklərin 3 ballı şkala 
								ilə qiymətləndirilməsi Almaniyada tətbiq 
								edilmişdir. Belə qiymətləndirmə zamanı şagirdlər 
								"ən yaxşı", "orta" və "pis" qruplara bölünmüşlər 
								və bir qrupdan digərinə keçid bir sıra 
								imtiyazlarla müşayiət olunmuşdur. Sonradan 
								alt-qruplar da meydana gəlmiş və 6 ballıq şkala 
								tətbiq edilmişdir. 
								
								
								Ayrı-ayrı dövrlərdə şagirdlərin bilik və 
								bacarıqlarının daha dəqiq, obyektiv və humanist 
								yollarla qiymətləndirilməsi üçün müxtəlif 
								sistemlər təcrübədən keçirilmişdir. Hər bir ölkə 
								bu gün özü üçün əlverişli olan, milli və 
								beynəlxalq prinsiplərə uyğun gələn sistemlərin 
								tətbiqinə geniş yer verir. 
								
								
								ABŞ-da ayrı-ayrı siniflərdə şagirdlərin bilik və 
								bacarıqlarının səviyyəsini yoxlamaq məqsədilə 
								testlər keçirilir. Test yoxlamalarının meyarları 
								ştatların standartlarına söykənir və suallar da 
								bu əsasda hazırlanır. 
								
								
								Bütün məktəblərin 3-8-ci sinif şagirdləri hər il 
								oxu, riyaziyyat və təbiət fənləri üzrə hər bir 
								ştatın rəhbər təhsil orqanı tərəfindən 
								yoxlanılır. Testin nəticələrinə görə məktəblərin 
								və onlara nəzarət edən qurumların işinə qiymət 
								verilir, yalnız ayrı-ayrı şagirdlərin yox, 
								məktəbin, rayonun və ştatın təhsilinin 
								keyfiyyəti müəyyənləşdirilir. 
								
								
								Bu ölkədə test öyrətmənin səmərəliliyinin əsas 
								kriteriyası sayılır. İstifadə olunan testləri 
								təhsil orqanları xüsusi test hazırlayan 
								təşkilatlardan pulla alırlar. Bu yolla testlərin 
								keyfiyyəti təmin edilir, çünki həmin 
								təşkilatlarda əsl test mütəxəssisləri, 
								psixometrika sahəsində ixtisaslaşmış işçilər 
								çalışır. Təşkilat həmin testlərin etibarlılığı, 
								obyektivliyi və həqiqiliyi üçün məsuliyyət 
								daşıyır.  
								
								
								Amerika məktəblilərinin kolleclərə qəbulunda 
								onların intellektual bacarığını yoxlayan xüsusi 
								ümumfederal testlərin nəticələri böyük rol 
								oynayır. Bu testlər şagirdlərin intellektual 
								qabiliyyətini və konkret fənlər üzrə bilik və 
								bacarıqlarını ölçür. 
								
								
								İntellektual testlər vasitəsilə şagirdlərin 
								məntiq və riyazi təfəkkür qabiliyyətləri, söz 
								ehtiyatları və ondan istifadə bacarıqları 
								yoxlanılır. Qəbul üçün mühüm olan yoxlama 
								vasitələrindən biri də şagirdlərin yazdığı 
								essedir. Yuxarı sinif şagirdləri yazdıqları 
								esselərində həyatlarında ən parlaq hadisəni 
								təsvir etməlidirlər. Bu esselərin əsas məqsədi 
								şagirdlərin dili hansı səviyyədə bilmələrini 
								aşkara çıxarmaq və məzuna özünü təqdim etməyə 
								imkan yaratmaqdır. 
								
								
								Böyük Britaniyada məktəbəqədər təhsildən məktəbə 
								daxil olan bütün uşaqlarla müəllimlər tərəfindən 
								tədris planını müəyyənləşdirmək və təlimi 
								diferensiallaşma əsasında qurmaq məqsədilə 
								diaqnostik qiymətləndirmə aparılır. Eyni zamanda 
								bu ölkənin təhsil sistemində formativ 
								qiymətləndirməyə xüsusi önəm verilir. öyrədici 
								xarakter daşıyan formativ qiymətləndirmə 
								şagirdlərin təlim nəticələrinə müsbət təsir edir 
								və summativ qiymətləndirmə üçün bir növ hazırlıq 
								rolunu oynayır.  
								
								
								Bu ölkədə əsas diqqət uşaqların müstəqil bilik 
								qazanmalarına və onu tətbiq etmələrinə yönəlir. 
								Uşaqlar müstəqil şəkildə kitabxanalarda və 
								laboratoriyalarda məşğul olur, yoxlama esseləri 
								yazır və layihələr üzərində işləyirlər. 
								 
								
								
								Yuxarı sinif şagirdləri ümumi icbari fənlərlə 
								yanaşı, həm də əlavə icbari fənn bloklarını 
								öyrənirlər. Məsələn, "Həyati bacarıqlar", 
								"Tətbiqi statistika", "İnformatika", "Probemləri 
								həll etmək", "Necə yaxşı oxumaq olar", 
								"Komandada iş" və sair. İcbari ümumi orta təhsil 
								8 fəndən imtahanla başa çatır. 
								
								
								Summativ qiymətləndirmələrdə müəllimlərdən milli 
								kurikulumda qiymətləndirmə səviyyələrinə uyğun 
								olaraq şagirdləri qiymətləndirmək və nəticələr 
								haqqında valideynlərə hesabat vermək tələb 
								olunur. Eyni zamanda hər təhsil pilləsinin 
								sonunda ölkə üzrə eyni sistemli qiymətləndirmə 
								aparılır.  
								
								
								Fransada icbari təhsil uşaq bağçasından başlanır 
								və 3-4 il davam edir. İbtidai təhsil 6 yaşdan 
								başlanır, ibtidai təhsil 5 il, orta təhsil isə 4 
								il davam edir. Təhsil bütün vətəndaşlar üçün 
								pulsuzdur. Orta təhsil pilləsində şagirdlər 
								milli standartlar üzrə təhsil alırlar. Sonra 
								ixtisaslaşma aparılır. Fransada abituriyentlər 
								ali məktəblərə qəbul imtahanları vermirlər. 
								Qəbul məktəb təhsilinin nəticələrinə görə 
								aparılır. Daxil olmaq üçün orta təhsil haqqında 
								sənəd yetərlidir. Bu ölkədə ali məktəbləri ən 
								yaxşı halda tələbələrin 50 faizi bitirə bilir.
								 
								
								
								Almaniyada ibtidai təhsil pilləsini (bəzi 
								yerlərdə 4-cü, bəzilərində 6-cı sinif) bitirən 
								şagirdlər imtahanların nəticələrinə görə 
								təhsilini 4 müxtəlif tipli məktəbdə (9-cu sinfə 
								qədər davam edən ibtidai məktəb, 10-cu sinfə 
								qədər davam edən məktəb, 12-13-cü sinfə qədər 
								davam edən gimnaziya, əvvəlki iki məktəbdən 
								yüksək, gimnaziyadan aşağı səviyyəli ümumi 
								təhsil məktəbi) davam etdirə bilərlər.  
								 
								
								
								İbtidai təhsil pilləsini bitirmək şagirdlər və 
								onların ailələri üçün gərgin bir dövr olur. 
								Bəziləri gimnaziyada yer almaq üçün həyəcanlı 
								günlər yaşayır. çünki Almaniyada şagirdlər 
								nailiyyətlərinə görə daha erkən dövrdə seçim 
								qarşısında qalırlar.  
								
								
								Almaniya məktəblərində şagirdlərin inkişafı 
								müəllim tərəfindən ilboyu monitorinq vasitəsilə 
								izlənilir. 1-ci və 2-ci siniflərin sonunda 
								şagirdin irəliləyişləri və geriləmələri haqqında 
								müəllim tərəfindən yazılı hesabat hazırlanır. 
								3-cü sinifdən başlayaraq testlər aparılır və 
								şagirdlər hər 6 aydan bir ayrı-ayrı fənlər üzrə 
								qiymətlər yazılmış yazılı hesabat kartları 
								alırlar. Yerli təhsil orqanları da milli təhsil 
								standartlarına əsasən şagirdlərin təlim 
								nəticələrini yoxlayır. 
								
								
								2007-2008-ci tədris ilindən 3-cü sinif 
								şagirdləri üçün alman dili və riyaziyyatdan, 
								8-ci sinif şagirdləri üçün birinci xarici dildən 
								yoxlamalar tətbiq olunmağa başlanmışdır. 
								 
								
								
								Yaponiyada buraxılış siniflərinə daxil olmaq 
								üçün 9-cu sinifdə qəbul imtahanları aparılır. 
								Buna qədər heç bir imtahan və ya digər rəsmi 
								qiymətləndirmə tətbiq olunmur. Şagirdin inkişafı 
								fərdi qaydada izlənilir və onun haqqında hesabat 
								hər bir rübün sonunda valideynlərə xüsusi 
								hesabat kartları vasitəsilə çatdırılır. 
								 
								
								
								Hollandiyada məktəblərə yüksək özünüidarə 
								hüquqları verilib. Milli Kurikulum üzrə fənləri 
								nə vaxt və necə tədris etmək, şagirdləri 
								qiymətləndirməklə bağlı məsələlərdə məktəblər 
								müstəqil qərarlar qəbul edir. İbtidai təhsildə 
								rəsmi qiymətləndirmə aparılmır. Şagirdlərin 
								fəaliyyəti formativ qiymətləndirmə vasitələri 
								ilə izlənilir. İbtidai təhsilin axırında 
								məktəblərin 85%-i CİTO təşkilatı tərəfindən 
								hazırlanmış çoxvariantlı testlərdən istifadə 
								edərək şagirdlərin ana dili və riyaziyyat üzrə 
								bilik və bacarıqlarını qiymətləndirir. Testlərin 
								nəticələri şagirdin növbəti təhsil pilləsində 
								istiqamətləndirilməsinə kömək edir. Orta 
								təhsilin son siniflərində -10, 11 və 12-ci 
								siniflərdə hər bir fənn üzrə milli səviyyədə 
								qiymətləndirmə aparılır.  
								
								
								Türkiyədə daha çox formativ qiymətləndirmədən 
								istifadə olunur.  4, 5, 6, 7 və 8-ci sinif 
								şagirdləri arasından təsadüfi seçim etməklə 
								təhsilin keyfiyyətinin monitorinqi məqsədilə 
								türk dili, riyaziyyat, həyati bacarıqlar üzrə 
								testlər keçirilir. İbtidai təhsildən orta 
								təhsilə keçmək üçün yekun qiymətləndirmə 
								aparılır. 
								
								
								Qeyd olunan dövlətlərin təcrübəsi göstərir ki, 
								məktəbdaxili qiymətləndirmə müxtəlif 
								istiqamətlərdə reallaşdırılır. Lakin ümumi cəhət 
								bundan ibarətdir ki, əvvəlcə şagirdlərin ilkin 
								bacarıqları müəyyənləşdirilir, sonra bütün 
								tədris ili boyunca onların nailiyyətləri 
								izlənilir və yekun qiymətləndirmə aparılır.
								 
								
								
								ölkəmizdə yeni qiymətləndirmə sisteminə keçidin 
								zəruriliyini izah etmək   üçün ənənəvi 
								qiymətləndirmə sisteminin səciyyəvi 
								xüsusiyyətlərinə toxunmaq faydalı olardı. çünki 
								nəyi dəyişdiyimizi və niyə dəyişmək istədiyimizi 
								bilməliyik.  
								
								
								Azərbaycanda "qiymətləndirmə" dedikdə bəziləri 
								bunu yalnız təhsilalanın təlim nəticələrinə aid 
								olan məsələ kimi qəbul edirlər. Lakin dünya 
								təcrübəsində təhsilalanın biliyinə verilən 
								qiymət həm də müəllimlərin və məktəbin 
								fəaliyyətinə, valideynin təhsilə münasibətinə, 
								məktəb rəhbərlərinin peşəkarlıq səviyyəsinə 
								verilən qiymət kimi qəbul edilir. Belə düşüncə 
								sovet dövründən qalmış qiymətləndirmə 
								qaydalarından və Azərbaycanda qiymətləndirmə 
								üzrə yeni konsepsiyanın olmamasından irəli 
								gəlir. Ənənəvi qiymətləndirmə məzmunun tərkib 
								hissəsi sayılmadığından, həmişə müəllimin 
								subyektiv mülahizələrinə əsaslanırdı, 
								şagirdlərdə təlimə marağı artırmaq əvəzinə, 
								əksinə, azaldır, onların inkişafını sistemli 
								şəkildə izləməyə imkan vermirdi və bu da, bir 
								qayda olaraq, şagirdləri qiymət almaq xatirinə 
								oxumağa sövq edirdi.  
								
								
								Tətbiq edilən qiymətləndirmə sistemi şagirdlərin 
								nailiyyətini keyfiyyət baxımından deyil, 
								kəmiyyət baxımından qiymətləndirir. Nəticədə 
								şagirddə özünün səviyyəsi barədə dolğun fikir 
								formalaşmır. Eyni zamanda qiymətləndirmənin 
								yalnız məktəbdaxili formasının həyata 
								keçirilməsi, milli və beynəlxalq 
								qiymətləndirmənin tətbiq edilməməsi məktəblərin 
								reytinqinin formalaşmasına, milli səviyyədə 
								təhlillərə imkan vermirdi və respublikada 
								təhsilin keyfiyyəti barədə etibarlı 
								informasiyanın əldə olunması mümkün olmurdu. 
								
								
								"Şagird nailiyyətlərinin qiymətləndirilməsi" 
								pedaqoji anlayış kimi təhsil leksikonuna yaxın 
								illərdə daxil olmuşdur. Uzun müddət pedaqoji 
								aləmdə "şagirdlərin bilik, bacarıq və 
								vərdişlərin qiymətləndirilməsi" anlayışı 
								işlədilmişdir. Bununla belə, qiymətləndirmə 
								dedikdə, bir qayda olaraq, şagirdlərin gündəlik 
								(cari) qiymətləndirilməsi başa düşülmüşdür. Belə 
								qiymətləndirmə növü isə mahiyyət etibarı ilə heç 
								bir əhəmiyyət kəsb etmir. Şagird, məsələn, kimya 
								fənnindən dərs ilinin yarısında iki dəfə qiymət 
								alır və onun yarımillik qiyməti həmin iki 
								qiymətin əsasında çıxarılır. Halbuki yarımil 
								ərzində kimyadan xeyli mövzu keçilir. Belə çıxır 
								ki, bütövlükdə yarımillik mövzuların şagird 
								tərəfindən öyrənilib mənimsənilməsi vəziyyəti 
								müəyyən olunmamış qalır.  
								
								
								Hazırkı qiymətləndirmə sisteminin təhlili 
								göstərir ki, indiyədək qiymətləndirmə 
								standartlarının olmaması prosesdə qiymətləndirmə 
								prinsiplərinin pozulmasına gətirib çıxarırdı. 
								Qiymətləndirmə üsullarına yanaşmalar müxtəlif 
								olduğundan metodik tövsiyələrin, müəllim üçün 
								vəsaitlərin azlığı bu sahədə problemlər 
								yaradırdı. Halbuki istifadə olunan bütün üsul və 
								vasitələrin xüsusiyyətləri, istifadə mexanizmi 
								şərh olunmalı, müəllimlərin yaradıcılığı 
								nəticəsində meydana çıxan yeni üsul və vasitələr 
								müzakirə edilməli, öyrənilməli və yayılmalı, 
								qiymətləndirmə meyarları dəqiqləşdirilməlidir.
								 
								
								
								Müasir qiymətləndirmə üsullarından istifadə 
								təcrübəsinin məhdudluğu, mütəxəssislərin bu 
								sahədə hazırlıq səviyyəsinin aşağı olması, 
								tədris proqramlarını hazırlayanlar və 
								qiymətləndirmə fəaliyyəti ilə məşğul olan 
								mütəxəssislər arasında qarşılıqlı əlaqənin zəif 
								olması bu prosesə mane olan ən ciddi problemlər 
								kimi özünü büruzə verir.  
								
								
								Qiymətləndirmə nəticələrinin sistemli təhlilinin 
								aparılmaması və müvafiq hesabatların 
								hazırlanmaması da problem yaradan məsələlərdən 
								biri idi. Bu problemlər qiymətləndirmə sahəsində 
								bəzi çatışmazlıqların yaranmasına gətirib 
								çıxarırdı. Belə ki, tədris zamanı müəllim 
								qiymətləndirmə vasitəsilə şagirdlərlə səmərəli 
								əks-əlaqə yarada bilmir, bir çox hallarda məqsəd 
								qiymət yazmaqla məhdudlaşır. Gündəlik qiymət 
								yazılması, şagirdin nailiyyəti haqqında son 
								qərarın gündəlik qiymətlərin əsasında verilməsi 
								bugünkü qiymətləndirmə sistemini xarakterizə 
								edən əsas əlamətlərdir.  
								
								
								Şagirdlərə gündəlik qiymətin yazılması onların 
								davranışına da təsir göstərir, onlar bilik əldə 
								etməkdən daha çox yüksək qiymət almağın yolları 
								haqqında düşünürlər. Bəzi şagirdlər səhv 
								edəcəklərindən qorxaraq, hətta sual verməkdən də 
								çəkinirlər. Nəticədə şagirdlər bu şəraitdə 
								həvəsdən düşür, öyrənməyə cəhd etmirlər. 
								
								
								Gündəlik qiymətləndirmənin daha bir mənfi 
								cəhətini qeyd etmək istəyirəm. Müəllim potensial 
								imkanları qiymətləndirmədən bütün şagirdlərə 
								eyni çətinlik dərəcəsi olan tapşırıqlar verirdi, 
								qiymətləndirmə prosesində şagirdlərin fərdi 
								ehtiyac və imkanları nəzərə alınmırdı. 
								 
								
								
								Əlbəttə, məzmun nəticəyönümlü deyilsə, 
								standartlar müəyyənləşdirilməmişsə, 
								qiymətləndirmə vasitələri yoxdursa, ümumi təhsil 
								sistemində başqa qiymətləndirmə forması ola da 
								bilməzdi. Mövcud qiymətləndirmə dövrünün təhsil 
								ənənələrinə və yanaşmalarına uyğun idi.    
								
								
								
								(Ardı var)    
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının  
								təhsil naziri, fizika-riyaziyyat  
								elmləri doktoru, professor  |