| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								Hörmətli oxucular, müstəqillik illərində təhsil 
								sahəsində beynəlxalq əlaqələrin miqyası xeyli 
								genişlənmişdir. Bu məqalədə ayrı-ayrı ölkələrlə 
								qurulmuş təhsil əlaqələri, təhsil sektorunun 
								müxtəlif sahələri üzrə əməkdaşlıq, eləcə də 
								tələbə, müəllim mübadiləsi barədə fikirlərimi 
								sizinlə bölüşməyə çalışacağam.  
								
								
								Azərbaycan Respublikası ilə Ukrayna arasında 
								genişlənən əməkdaşlıq nəticəsində 2000-ci ildə 
								Ukraynanın paytaxtı Kiyev şəhərində Heydər 
								Əliyev adına Siyasi və Sosial Elmlər İnstitutu 
								fəaliyyətə başlamışdır. 2006-2007-ci tədris 
								ilindən bu ali təhsil müəssisəsində 22 nəfər 
								Azərbaycan vətəndaşı təhsillərini bakalavr (1 
								nəfər), magistratura (8 nəfər) və aspiranturada 
								(13 nəfər) davam etdirir. Eyni zamanda 3 nəfər 
								ukraynalı tələbə Azərbaycanın ali məktəblərində 
								təhsil alır. 
								
								
								Ayrı-ayrı təhsil müəssisələri səviyyəsində də 
								Azərbaycan-Ukrayna əməkdaşlıq əlaqələri 
								yaradılmışdır və inkişaf etməkdədir. Bakı 
								Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutu Ukraynanın müvafiq 
								təhsil müəssisələri ilə təcrübə mübadiləsi 
								aparır, birgə layihələr həyata keçirir, 
								beynəlxalq konfranslar təşkil edir. 
								
								
								Bakı Slavyan Universiteti Ukraynanın ali təhsil 
								müəssisələri ilə sıx münasibətlər yaratmışdır. 
								BSU-nun tələbələri Ukraynanın ali məktəblərində 
								dil təcrübəsi keçirlər. Universitetdə 2000-ci 
								ildə yaradılmış "Səfir saatı" klubunda digər 
								dövlətlərin səfirləri ilə yanaşı, Ukraynanın 
								Azərbaycandakı səfiri ilə də görüşlər təşkil 
								olunur. Ənənəvi olaraq, səfirlər öz ölkələrinin 
								mədəniyyəti, tarixi, iqtisadiyyatı və digər 
								mövzulara aid məruzələrlə çıxış edirlər. 
								Universitetdə Ukrayna ilə əməkdaşlığın 
								inkişafına xidmət edən Ukrayna Tədris-Mədəniyyət 
								Mərkəzi yaradılmışdır.  
								
								
								Belarusla təhsil sahəsində əməkdaşlıq əlaqələri 
								2006-ci ilin oktyabrında Minsk şəhərində 
								Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə 
								Belarus Respublikasının Təhsil Nazirliyi 
								arasında imzalanmış təhsil sahəsində əməkdaşlıq 
								haqqında Saziş çərçivəsində həyata keçirilr. Bu 
								əməkdaşlıq tələbə mübadiləsinin 
								genişləndirilməsi, texniki peşə təhsili 
								müəssisələri üçün kadr hazırlığı və digər 
								məsələləri əhatə etmişdir. 
								
								
								Bakı Slavyan Universiteti akademik mübadilə 
								sahəsində M.Tank adına Belarus Dövlət Pedaqoji 
								Universiteti ilə əməkdaşlıq edir, 
								universitetlərin müəllimləri qarşılıqlı səfərlər 
								edir və mühazirələr oxuyurlar.  
								
								
								2009-cu ilin mayında Belarusda YUNESKO-nun 
								dəstəyi ilə "Texniki peşə təhsilinin 
								modernləşdirilməsi və inkişafı" mövzusunda 
								beynəlxalq konfransda Təhsil Nazirliyinin 
								nümayəndə heyəti iştirak etmişdir. İki ölkə 
								arasında təhsil sahəsində əməkdaşlıq 
								əlaqələrinin inkişafında Belarusun 
								Azərbaycandakı səfirliyinin təşəbbüsləri qeyd 
								edilməlidir. 
								
								
								Onu da qeyd etmək lazımdır ki, hazırda 
								Belarusdan olan 4 tələbə ölkəmizin ali 
								məktəblərində təhsil almaqdadırlar. 
								
								
								2009-cu ilin noyabrında Azərbaycan Respublikası 
								Prezidentinin Belarus Respublikasına rəsmi 
								səfəri çərçivəsində "Azərbaycan Respublikası 
								Təhsil Nazirliyi ilə Belarus Respublikası Təhsil 
								Nazirliyi arasında 2010-2011-ci illərdə təhsil 
								sahəsində əməkdaşlıq üzrə Sazişin həyata 
								keçirilməsi barədə" Protokol imzalanmışdır. 
								Protokolda iki ölkə arasında tələbə, doktorant 
								və stajçı mübadiləsi üzrə birbaşa əməkdaşlığın 
								qurulması məsələləri öz əksini tapmışdır. 
								
								
								Azərbaycan Respublikası müstəqillik əldə 
								etdikdən sonra təhsil sahəsində geniş əlaqələr 
								yaratdığı, ikitərəfli tələbə mübadiləsi 
								proqramlarını həyata keçirdiyi ölkələrdən biri 
								də çin Xalq Respublikasıdır. 1993-1994-cü tədris 
								ilindən başlayaraq məhdud sayda Azərbaycan 
								vətəndaşı çin Xalq Respublikasının ali 
								məktəblərində təhsil almağa göndərilmişdi. Bu 
								mübadilə çin hökumətinin Azərbaycana ayırdığı 
								təqaüdlər əsasında həyata keçirilirdi. 
								 
								
								
								ümummilli lider Heydər Əliyevin 1994-cü ildə çin 
								Xalq Respublikasına səfəri zamanı imzalanmış 
								"Azərbaycan Respublikası hökuməti ilə çin Xalq 
								Respublikası hökuməti arasında mədəni əməkdaşlıq 
								haqqında müqavilə" Azərbaycanla çXR arasında 
								digər sahələrlə yanaşı, təhsil əlaqələrinin də 
								genişləndirilməsi  üçün  böyük  perspektivlər  
								açmışdı. 
								
								
								2002-ci ildə çXR Təhsil Nazirliyinin dəvəti ilə 
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
								nümayəndə heyətinin çinə səfəri zamanı 
								imzalanmış "2002-2005-ci illər üçün Azərbaycan 
								Respublikası Təhsil Nazirliyi ilə çin Xalq 
								Respublikası Təhsil Nazirliyi arasında təhsil 
								sahəsində əməkdaşlıq haqqında Saziş"ə əsasən 
								ikitərəfli tələbə mübadiləsi tənzimlənməyə 
								başladı. Həmin Sazişə uyğun olaraq dövlət 
								təqaüdləri hesabına çXR-də eyni vaxtda 15 
								Azərbaycan vətəndaşı təhsil ala bilərdi. 
								 
								
								
								2007-2008-ci tədris ilində Azərbaycan 
								Respublikası Təhsil Nazirliyinin xətti ilə çində 
								təhsilə başlayan 17 nəfərdən 6 nəfəri bakalavr 
								pilləsində, 6 nəfəri isə magistratura və 
								doktorantura pillələrində təhsillərini davam 
								etdirirdilər. Hazırda dövlət xəttilə çində 
								təhsil alan azərbaycanlı tələbələrin sayı 26 
								nəfərdir. Bu tələbələr çinə gedərkən yalnız bir 
								il xüsusi dil hazırlığı keçdikdən sonra tədris 
								dili çin dili olan proqramlarda təhsil alırlar. 
								çin universitetlərində təhsil almış 9 nəfər 
								artıq məzun olmuşdur, onlardan 2 soydaşımız 
								hazırda Xarici İşlər Nazirliyinin 
								əməkdaşlarıdır. Onlar müxtəlif vaxtlarda 
								Azərbaycanın Pekindəki səfirliyində işləmişlər. 
								İndi onlardan biri növbəti müddət üçün Pekindəki 
								səfirliyimizdə diplomatik fəaliyyətini davam 
								etdirir. 
								
								
								Qüvvədə olan müvafiq Saziş çərçivəsində çin Xalq 
								Respublikasının 13 nəfər vətəndaşı müxtəlif 
								ixtisaslar üzrə Azərbaycan tərəfinin təqaüdləri 
								hesabına respublikamızın ali məktəblərində 
								ödənişsiz əsaslarla təhsil alır. Hazırda 
								respublikamızda 228 nəfər çin vətəndaşı təhsil 
								alır ki, bunların böyük əksəriyyəti Azərbaycan 
								Dövlət Neft Akademiyasının tələbəsidir. Onlar 
								Azərbaycan Dövlət Neft Akademiyası ilə çin Neft 
								Universiteti (13.06.2002), çin Neft 
								Korporasiyası (CİNOPEK, 09.06.2003) və çin Milli 
								Neft-Qaz Korporasiyası (CNPC, 23.08.2004) 
								arasında əməkdaşlıq və kadr hazırlığı barədə 
								imzalanmış müqavilələr çərçivəsində təhsil 
								alanlardır. 
								
								
								çXR ilə əməkdaşlıq əlaqələrinin davamlılığının 
								təmin edilməsi istiqamətində "Azərbaycan 
								Respublikası Təhsil Nazirliyi və çin Xalq 
								Respublikasının Təhsil Nazirliyi arasında təhsil 
								sahəsində əməkdaşlıq haqqında yeni Saziş 
								layihəsi hazırlanmışdır.  
								
								
								çinlə əməkdaşlıq əlaqələri bir sıra digər 
								sahələri də əhatə etmişdir. Belə ki, 2001-ci 
								ildə çin hökuməti tərəfindən Azərbaycan 
								hökumətinə qrant kimi 300 kompüter dəsti 
								ayrılmış, Azərbaycanın müxtəlif regionlarındakı 
								orta məktəblərdə 35 kompüter sinfi 
								yaradılmışdır.  
								
								
								Bakı Dövlət Universitetinin şərqşünaslıq 
								fakültəsində 1997-ci ildən çin dili ixtisası 
								şöbəsi fəaliyyət göstərir. Bu ixtisasın açılması 
								çXR-in Azərbaycandakı səfirliyinin kadr və 
								texniki dəstəyi nəticəsində mümkün olmuşdur.
								 
								
								
								Azərbaycanın ərəb ölkələri arasında təhsil 
								sahəsində geniş əməkdaşlıq etdiyi ölkələrdən 
								biri Misir Ərəb Respublikasıdır. Qədim tarixi 
								köklərə malik olan Azərbaycan - Misir əlaqələri 
								digər sahələrdə olduğu kimi, indi təhsil 
								sahəsində də yüksələn xətt üzrə inkişaf 
								etməkdədir. 1993-1994-cü tədris ilindən 
								başlayaraq bu ölkə ilə ikitərəfli tələbə 
								mübadiləsi həyata keçirilir. Həmin ölkənin ali 
								məktəblərində təhsil almaq üçün hər il qarşı 
								tərəf Azərbaycana təqaüdlər ayırır. 2009-cu ilin 
								sonuna olan məlumata görə, Misirin aparıcı ali 
								məktəblərində Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin xətti ilə 21 nəfər tələbə təhsil 
								alır. Bu tələbələr Misirin tanınmış ali 
								məktəbləri olan Qahirə və Aynu-Şəms 
								universitetlərində əsasən iqtisadiyyat, 
								kommersiya, hüquq, ərəb dili və ədəbiyyatı, 
								islam tarixi və sair ixtisaslar üzrə təhsil 
								alırlar.  
								
								
								Misir tərəfinin qaydalarına görə, ixtisasdan 
								asılı olaraq, tələbələr ərəb və ingilis 
								dillərində təhsil ala bilərlər. Əgər müvafiq 
								ixtisas üzrə ingilis dilində tədris mövcuddursa, 
								onda ali məktəbin tələblərinə uyğun olaraq 
								tələbələr müvafiq olaraq ingilis dili üzrə 
								hazırlıq səviyyəsi barədə sənəd təqdim etməklə 
								bu dildə təhsil hüququnu qazana bilərlər. 
								 
								
								
								Hazırda Misir universitetlərini bitirmiş çoxlu 
								sayda məzunlarımız müxtəlif strukturlarda, 
								dövlət və özəl qurumlarda çalışırlar. Bu 
								məzunlar yüksək səviyyəli mütəxəssislər olmaqla 
								yanaşı, həm də ərəb dilini mükəmməl bilirlər.
								 
								
								
								İki ölkə arasında imzalanmış İqtisadi, Texniki 
								və Elmi Əməkdaşlıq haqqında Sazişə uyğun olaraq 
								İqtisadi, Texniki və Elmi Əməkdaşlıq üzrə 
								Azərbaycan-Misir Dövlətlərarası Birgə 
								Komissiyası yaradılmışdır. Komissiyanın birinci 
								iclası 2002-ci ilin oktyabrında Bakı şəhərində 
								keçirilmiş və protokolda humanitar sahədə, 
								xüsusilə, təhsil sahəsində əməkdaşlığa geniş yer 
								verilmişdir. Bu da iki ölkənin Təhsil 
								nazirlikləri, habelə tədris müəssisələri 
								arasında yeni əlaqələrin qurulmasına əsaslı 
								zəmin yaratmışdır. 
								
								
								Misir Ərəb Respublikası ilə təhsil əlaqələri 
								müxtəlif mübadilə proqramlarının 
								reallaşdırılmasını nəzərdə tutur. Bu proqramlar 
								həm tam ali təhsil, həm qısamüddətli dil 
								kursları üçün tələbə mübadiləsi, həm də ali 
								məktəb müəllimlərinin ixtisasartırma təlimlərini 
								əhatə edir.  
								
								
								2002-ci ildə MƏR-in MDB ölkələri üzrə Texniki 
								Əməkdaşlıq Fondunun yardımı çərçivəsində 
								Azərbaycanın ali və orta ixtisas təhsili 
								müəssisələrində ərəb dilini tədris edən 15 
								müəllim və ərəb dili və ədəbiyyatı ixtisası üzrə 
								təhsil alan 25 tələbə Qahirə şəhərində təşkil 
								olunmuş ərəb dili kurslarında iştirak etmişdir. 
								Qarşı tərəf bütün maliyyə xərcləri öz hesabına 
								olmaq şərtilə üç müəllimini ərəb dilini tədris 
								etmək üçün dörd il müddətinə respublikamızın 
								ərəb dili tədris olunan ali və orta ixtisas 
								məktəblərinə göndərmişdi. Bu sahədə qarşılıqlı 
								əməkdaşlıq hər il olmaqla bu gün də davam 
								etməkdədir.  
								
								
								Əməkdaşlıq əlaqələri təkcə tələbə-müəllim 
								mübadiləsi ilə bitmir. ölkə universitetləri 
								arasında da birbaşa əlaqələr mövcuddur. Bakı 
								Dövlət Universiteti, Azərbaycan Dövlət Neft 
								Akademiyası, Azərbaycan Tibb Universiteti, 
								Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət 
								Universiteti, Naxçıvan Dövlət Universiteti ilə 
								Misir Ərəb Respublikasının aparıcı ali 
								məktəbləri arasında mövcud olan müqavilələr 
								çoxşaxəli əməkdaşlığın bariz nümunəsidir. 
								
								
								Əməkdaşlıq proqramları çərçivəsində rəsmi 
								dəvətlər əsasında nümayəndə heyətlərinin 
								qarşılıqlı səfərləri də həyata keçirilir. Böyük 
								uğurla nəticələnmiş səfərlərdən biri 2005-ci il 
								18-23 aprel tarixlərində Azərbaycan Respublikası 
								Təhsil Nazirliyinin nümayəndə heyətinin Misir 
								Ərəb Respublikasına rəsmi səfəri olmuşdur. Səfər 
								zamanı iki ölkə arasında təhsil sahəsində 
								əməkdaşlıq haqqında Protokol, o cümlədən, 
								Misirin Qahirə, İsgəndəriyyə və Helnan 
								universitetləri ilə Azərbaycan Dövlət Neft 
								Akademiyası, Azərbaycan Tibb Universiteti, 
								Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət 
								Universiteti, Naxçıvan Dövlət Universiteti 
								arasında birbaşa əməkdaşlıq Protokolları 
								imzalanmış və bununla da Azərbaycan Respublikası 
								ilə Misir Ərəb Respublikasının ali məktəbləri 
								arasında genişmiqyaslı birbaşa əlaqələrin əsası 
								qoyulmuşdur. 
								
								
								2005-ci ilin oktyabrında MƏR-in Ali Təhsil və 
								Elmi-Tədqiqatlar Nazirliyinin nümayəndə heyəti 
								Bakıda, dekabr ayında isə Azərbaycan Təhsil 
								Nazirliyinin nümayəndə heyəti Misirdə işgüzar 
								səfərdə olmuşdur. Səfərlər zamanı Azərbaycan 
								Dövlət Neft Akademiyasının Misirdə filialının 
								açılmasının detalları müzakirə edilmiş və 
								müzakirələrin nəticəsi olaraq tərəflər arasında 
								ilkin razılaşma imzalanmışdır. 
								
								
								İmzalanmış Əməkdaşlıq Proqramının icrası 
								çərçivəsində ilk dəfə olaraq Misir Ərəb 
								Respublikası vətəndaşlarının Azərbaycan 
								tərəfinin təqaüdləri hesabına ali 
								məktəblərimizdə təhsilə başlaması reallaşmışdır. 
								Misirin müxtəlif universitetlərinin bakalavr və 
								magistr pillələrini bitirmiş 22 nəfər tələbə 
								təhsillərini növbəti pillələrdə Azərbaycanda 
								davam etdirməyə başlamışlar. Hazırda onlardan 
								bir hissəsi təhsillərini tamamlayaraq Misirə 
								qayıtmış, digər hissəsi isə doktorantura 
								pilləsində təhsil almaqdadırlar. 
								
								
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
								beynəlxalq əlaqələrində həm məzmun, həm də 
								miqyas baxımından Amerika Birləşmiş Ştatları 
								xüsusi yer tutur. Azərbaycan ABŞ-ın 
								qeyri-hökumət təşkilatlarının "Azadlığın 
								dəstəklənməsi aktı" çərsivəsində həyata 
								keçirdiyi müxtəlif təhsil proqramlarında fəal 
								iştirak edir. ABŞ-ın təhsil və mübadilə 
								proqramları əsasən aşağıdakı nüfuzlu 
								qeyri-hökumət təşkilatları - ACTR/ACCELS (Təhsil 
								və Dillər öyrənilməsi üzrə Amerika Əməkdaşlıq 
								Şurası/Beynəlxalq Təhsil üzrə Amerika Şuraları), 
								İREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr üzrə 
								Şura), Project Harmony və Beynəlxalq Sülh 
								Korpusu tərəfindən idarə olunmuşdur və hazırda 
								da əməkdaşlıq davam etdirilir. 
								
								
								2001-ci ildə ACCELS-in prezidenti, professor Den 
								Devidsonun rəhbərliyi ilə ABŞ nümayəndə 
								heyətinin Azərbaycana səfəri olmuş, Təhsil 
								Nazirliyində keçirilən görüşlərdə ACCELS-in 
								Azərbaycanda fəaliyyəti və gələcək əməkdaşlığın 
								istiqamətləri müəyyən olunmuşdur. Bu səfərin 
								uğurlu nəticəsi kimi, 2001-ci ilin iyununda 
								Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə 
								ACCELS arasında təhsil sahəsində əməkdaşlıq 
								haqqında Saziş imzalanmışdır. Sazişə əsasən 
								çoxsaylı mübadilə proqramları həyata 
								keçirilmişdir və bu barədə daha ətraflı 
								beynəlxalq təşkilatlarla bağlı yazıda məlumat 
								veriləcəkdir.  
								
								
								ABŞ-la əməkdaşlıq çərçivəsində həyata keçirilən 
								Fulbright proqramı alimlər, tədqiqatçılar və ali 
								məktəb müəllimləri üçün nəzərdə tutulmuş 
								qarşılıqlı mübadilə proqramıdır. Yəni proqram 
								təqaüdçüləri olan Azərbaycan mütəxəssisləri 
								Amerika Birləşmiş Ştatlarında, amerikalı 
								mütəxəssislər isə Azərbaycanda 3 aydan 10 aya 
								qədər müddət ərzində tədqiqat aparmaq üçün qarşı 
								tərəfin ali məktəblərinə göndərilirlər. Proqram 
								biznes və maliyyə, iqtisadiyyat, kitabxanaçılıq, 
								siyasi elmlər, biznesin idarəolunması, kompüter 
								sistemləri, təhsilin idarəolunması, biologiya və 
								ətraf mühit elmləri, ictimai idarəetmə, 
								sosiologiya, antropologiya, kimya, riyaziyyat, o 
								cümlədən incəsənətin müxtəlif sahələrini əhatə 
								edən 48 istiqamət üzrə ixtisaslaşmış 
								mütəxəssislərə qarşı tərəfin ali məktəblərində 
								tədqiqat aparmaq üçün geniş imkanlar açır. 
								Proqram çərçivəsində 50-dən çox azərbaycanlı 
								mütəxəssis ABŞ-da, həmin sayda amerikalı 
								mütəxəssis Azərbaycanda təcrübə mübadiləsində 
								olmuşdur. 
								
								
								Eyni zamanda 2008-ci ilin iyununda ABŞ Dövlət 
								Katibinin müavini xanım Qoli Amerinin Bakıya 
								səfəri zamanı Azərbaycan Respublikası hökuməti 
								ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında 
								təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin 
								imzalanması iki ölkə arasında təhsil sahəsində 
								əməkdaşlığın inkişafına təkan vermişdir. Belə 
								ki, bu Sazişin 4-cü maddəsində xaricdə təhsil 
								üzrə Dövlət Proqramının həyata keçirilməsi üçün 
								magistr pilləsi üzrə Azərbaycan gənclərinin 
								ABŞ-da təhsil alması məqsədi ilə Fulbright 
								proqramı çərçivəsində əməkdaşlıq öz əksini 
								tapmışdır. Qeyd olunan Sazişə əsasən Dövlət 
								Proqramı çərçivəsində Azərbaycan gənclərinin 
								2009-2010-cu tədris ilində 4 nəfər magistr 
								təhsili almaq üçün ABŞ-a göndərilmişdir. Növbəti 
								2010-2011-ci dərs ili üçün müsabiqə elan 
								olunmuş, seçim nəticəsində daha 6 nəfərin ABŞ-ın 
								ən nüfuzlu universitetlərində təhsil alması 
								barədə qərar qəbul edilmişdir. 
								
								
								Qeyd etmək lazımdır ki, indiyədək ACCELS, İREX 
								təşkilatlarının həyata keçirdiyi və ABŞ Dövlət 
								Departamenti tərəfindən maliyyələşdirilən təhsil 
								mübadilə proqramları çərçivəsində 2500-dən artıq 
								Azərbaycan vətəndaşı ABŞ-da təhsil almiş, 
								tədqiqatlar aparmış, yaxud ixtisasartırmadan 
								keçmişdir.  
								
								
								Azərbaycanla Yaponiya arasında siyasi və 
								iqtisadi münasibətlərin inkişafında əsas dönüş 
								1998-ci ilin fevralında Azərbaysan 
								Respublikasının Prezidenti Heydər Əliyevin 
								Yaponiyaya rəsmi səfərindən sonra başlanmışdır. 
								İndiyədək iki ölkənin Təhsil nazirlikləri 
								arasında əməkdaşlıq haqqında hər hansı bir 
								razılaşma mövcud olmasa da, bilavasitə Yaponiya 
								hökuməti və ya qeyri-hökumət qurumları 
								tərəfindən həyata keçirilən layihələr 
								çərçivəsində çox uğurlu əməkdaşlığa və faydalı 
								nəticələrə nail olunmuşdur. Təhsillə bağlı olan 
								bu layihələri strukturuna görə üç yerə bölmək 
								olar: 
								
								
								1. Təhsil müəssisələrinin, xüsusilə məktəblərin 
								tikintisi və ya təmiri. 
								
								
								2. Təhsilə yardım layihələri. 
								
								
								3. Tələbə və müəllim mübadiləsi proqramları.
								 
								
								
								2002-ci ildən başlayaraq Yaponiya Fondu 
								tərəfindən maliyyələşdirilən "Orta məktəb 
								müəllimləri üçün tədris səfəri proqramı" 
								çərçivəsində hər il bir neçə müəllim Yaponiyaya 
								getmək imkanı qazanır. Proqramın əsas məqsədi 
								orta məktəb müəllimlərinin Yaponiyanın təhsil 
								sistemi, mədəniyyəti və cəmiyyəti ilə yaxından 
								tanış olmaq üçün şərait yaratmaqdır. Proqramda 
								orta məktəblərin sosial elmlər, tarix, 
								coğrafiya, iqtisadiyyat fənləri üzrə dərs deyən 
								və ingilis dilini bilən, ən azı üç il iş 
								təcrübəsi olan müəllimləri iştirak edirlər.
								 
								
								
								2006-cı ildə Azərbaycan tərəfinə 
								"Yaponiya-Qafqaz gənclərinin dostluq proqramı" 
								çərçivəsində təhsilin idarəolunması üzrə 
								mübadilə proqramı təklif olundu. Bu proqram 
								Yaponiya hökumətinin tapşırığı ilə Yaponiya 
								Beynəlxalq Əməkdaşlıq Agentliyi (CİCA) 
								tərəfindən Cənubi Qafqaz ölkələrində insan 
								resurslarının inkişafına dəstək və Yaponiya ilə 
								bu region ölkələri arasında dostluq əlaqələrini 
								möhkəmləndirmək məqsədilə texniki yardım 
								çərçivəsində həyata keçirilir. Proqram 
								çərçivəsində iştirakçı ölkələrin gələcəkdə məsul 
								vəzifələr tuta biləcək gəncləri 23 gün müddətinə 
								öz peşə bacarıqlarını artırmaq, Yaponiya və 
								yaponlarla əlaqələr qurmaq imkanlarını qazanmaq 
								üçün bu ölkəyə dəvət olunurlar.  
								
								
								Yaponiyanın Azərbaycanda təhsillə bağlı həyata 
								keçirdiyi layihələr əsasən bu ölkənin 
								Azərbaycandakı səfirliyi tərəfindən idarə 
								olunur. Burada Yaponiya səfirliyinin xüsusi 
								təşəbbüskarlığı, Təhsil Nazirliyi ilə çox 
								səmərəli və faydalı əməkdaşlığa həmişə hazır 
								olduğunu nümayiş etdirməsi xüsusi qeyd 
								olunmalıdır. Təsadüfi deyildir ki, 2002-2005-ci 
								illərdə Yaponiyanın Azərbaycandakı fövqəladə və 
								səlahiyyətli səfiri kimi çalışmış Toşiyuki 
								Fucivara "maarifçi səfir" kimi tanınmışdı. Bu, 
								Fucivaranın digər sahələrlə müqayisədə təhsilə 
								daha çox diqqət yetirməsi və qısa müddət ərzində 
								təhsillə bağlı çoxsaylı layihələrin, xüsusilə də 
								"Ot kökləri və insan təhlükəsizliyi" qrant 
								layihəsi əsasında məktəb tikintisi və təmiri ilə 
								bağlı layihələrin yüksək səviyyədə yerinə 
								yetirilməsini təmin edə bilməsi ilə bağlı 
								olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, həmin 
								layihə çərçivəsində Azərbaycanın regionlarında 
								ümumilikdə 50-dək məktəb tikilmiş və əsaslı 
								təmir olunmuşdur. Hazırda da hər il Yaponiya 
								hökumətinin qrantları hesabına Azərbaycanın 
								regionlarında ən azı 3 məktəb əsaslı təmir və 
								bərpa edilir.  
								
								
								Toşiyuki Fucivaranın bütövlükdə Azərbaycandakı 
								fəaliyyəti təkcə Təhsil Nazirliyi və təhsil 
								ictimaiyyəti tərəfindən deyil, Azərbaycan 
								dövləti və onun rəhbərliyi tərəfindən də yüksək 
								qiymətləndirilmişdir. Azərbaycan Respublikasının 
								Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 
								2005-ci ildə Yaponiyanın Azərbaycandakı 
								fövqəladə və səlahiyyətli səfiri Toşiyuki 
								Fucivara "Şöhrət" ordeni ilə təltif edilmişdir. 
								
								
								Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə birgə 
								fəaliyyətimiz 2005-ci ilin martından 
								başlanmışdır. Təhsil Nazirliyi ilə Yaponiya 
								Beynəlxalq Əməkdaşlıq Bankı arasında peşə 
								təhsilinin İnkişaf layihəsinin hazırlanması üçün 
								12 avqust 2005-ci il tarixdə pilot tədqiqatının 
								icra protokolu imzalanmışdır. İcra protokoluna 
								əsasən 5 nəfərdən ibarət tədqiqat qrupu 
								Azərbaycanda 93 texniki peşə təhsili 
								müəssisəsinin fəaliyyətini tədqiq etmiş, təhsil 
								müəssisələrinin direktorları və 
								mühəndis-pedaqoji heyəti ilə söhbətlər aparmış, 
								müxtəlif ixtisaslar və kurslar üzrə təhsil alan 
								2681 şagirdlə sorğu keçirmişdir. Tədqiqat qrupu 
								tərəfindən hazırlanmış hesabat Nazirlər 
								Kabinetinə və Təhsil Nazirliyinə təqdim 
								edilmişdir. Hesabatda texniki peşə təhsilinin 
								mövcud vəziyyəti təhlil edilmiş, bu sahədə olan 
								problemlər və çətinliklər öz əksini tapmış, 
								sahənin inkişafı üçün təkliflər verilmişdir.
								 
								
								
								2009-cu ilin mayında Təhsil Nazirliyinin 
								nümayəndə heyəti Yaponiyada səfərdə olmuş, bu 
								ölkənin Təhsil, Mədəniyyət, İdman, Elm və 
								Texnologiya Nazirliyi, Tokio Milli Texnologiya 
								Kolleci, Yaponiya Fondu və Tokio Universitetində 
								işçi görüşlər keçirmişdir. Yaponiyanın Təhsil, 
								Mədəniyyət, İdman, Elm və Texnologiya 
								Nazirliyində Yaponiya ilə Azərbaycan arasında 
								təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, 
								iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq 
								haqqında Sazişin imzalanması, eləcə də 
								azərbaycanlı gənclərin Dövlət Proqramı 
								çərçivəsində Yaponiyanın ali təhsil 
								müəssisələrində təhsil alması və Yaponiya 
								hökuməti tərəfindən azərbaycanlı gənclərin bu 
								ölkədə təhsil alması məqsədi ilə qrantların 
								ayrılması məsələləri müzakirə edilmişdir. 
								 
								
								
								Tokio Universitetində aparılan qarşılıqlı fikir 
								mübadiləsi zamanı ali təhsil müəssisələrinin 
								maliyyələşdirilməsi, təhsilin məzmunu, ali 
								məktəblərin idarəolunması və tələbə qəbulu, 
								tələbələrin biliklərinin qiymətləndirilməsi və 
								universitetlərin reytinqinin müəyyənləşdirilməsi 
								sistemi ilə bağlı məsələlər müzakirə olunmuş, 
								eyni zamanda azərbaycanlı gənclərin Dövlət 
								Proqramı çərçivəsində Tokio Universitetində 
								təhsil alması, yapon gənclərinin ölkəmizin ali 
								təhsil müəssisələrində azərbaycanşünaslıq üzrə 
								təhsil proqramlarında iştirakı, müəllim və 
								tədqiqatçı mübadiləsi, eləcə də İKT sahəsində 
								Azərbaycan universitetləri ilə birbaşa 
								əməkdaşlığın həyata keçirilməsi imkanları 
								nəzərdən keçirilmişdir.  
								
								
								Səfər çərçivəsində Azərbaycanla Yaponiya Fondu 
								arasında gələcək əməkdaşlığın qurulması ilə 
								bağlı bir sıra təkliflər irəli sürülmüşdü. Qeyd 
								etmək lazımdır ki, 1972-ci ildə Yaponiyanın 
								Xarici İşlər Nazirliyi nəzdində yaradılmış və 
								2003-cü ildən müstəqil fəaliyyətə başlamış 
								Yaponiya Fondu dünyada beynəlxalq mədəni 
								mübadilə sahəsində müxtəlif layihələrin 
								hazırlanması və həyata keçirilməsi sahəsində 
								geniş fəaliyyət göstərən ictimai təşkilatdır. 
								Təşkilat Yaponiya dövləti tərəfindən 
								maliyyələşdirilir və onun illik büdcəsi 1,1 
								milyard ABŞ dolları həcmindədir. Yapon dilinin, 
								mədəniyyətinin və iqtisadiyyatının öyrənilməsi 
								ilə bağlı beynəlxalq layihələrin 
								maliyyələşdirilməsi və həyata keçirilməsi Fondun 
								əsas fəaliyyət istiqamətini təşkil edir. 
								 
								
								
								Görüş zamanı Təhsil Nazirliyi ilə Yaponiya Fondu 
								arasında Fondun dəstəyi ilə Azərbaycan-Yaponiya 
								qardaşlaşmış məktəblər şəbəkəsinin yaradılması 
								və Azərbaycan məktəblərində yapon dilinin 
								tədrisinin təşkilinə ekspert yardımının 
								edilməsi, Yaponiyanın mədəniyyəti və 
								iqtisadiyyatının öyrənilməsi məqsədi ilə bu ölkə 
								tərəfindən təqaüdlərin ayrılması, eləcə də 
								Fondun nəzdində fəaliyyət göstərən təlim 
								mərkəzlərində azərbaycanlı müəllimlərin 
								ixtisasartırma kurslarında iştirak etməsi barədə 
								razılıq əldə olunmuşdur.  
								
								
								Səfərin nəticəsi olaraq Yaponiya ilə Azərbaycan 
								arasında təhsil sahəsində əməkdaşlığın daha 
								səmərəli həyata keçirilməsi üçün aşağıdakı 
								təkliflər irəli sürülmüşdür:  
								
								
								1. Yaponiyanın ali təhsil və elmi tədqiqatlar 
								sahəsində əldə etdiyi nailiyyətləri nəzərə 
								alaraq bu ölkə ilə müvafiq istiqamətlərdə 
								əməkdaşlığın daha da genişləndirilməsi. 
								 
								
								
								2. Yaponiyada təhsilin keyfiyyət baxımından 
								yüksək olduğunu nəzərə alaraq İKT, yüksək 
								texnologiyalar, iqtisadiyyat və elektronika 
								sahələrində daha çox sayda azərbaycanlı tələbə 
								və tədqiqatçıların həmin ölkədə təhsil alması 
								imkanlarının artırılması məqsədilə müvafiq ali 
								təhsil müəssisələrində ingilis və yapon 
								dillərinin akademik səviyyədə öyrədilməsi 
								istiqamətində xüsusi tədbirlərin görülməsi.
								 
								
								
								3. Yaponiya Fondunun Yaponiyanın akademik 
								mühitində nüfuzunu nəzərə alaraq xaricdə təhsil 
								üzrə Dövlət Proqramı çərçivəsində, eləcə də 
								yapon dili, mədəniyyəti və iqtisadiyyatı üzrə 
								Azərbaycan gənclərinin Yaponiyada təhsil almaq 
								imkanlarının artırılması məqsədilə bu qurumla 
								əməkdaşlığın genişləndirilməsi.  
								
								
								4. Azərbaycanla Yaponiya arasında təhsil 
								sahəsində əməkdaşlıq haqqında Sazişin 
								imzalanmasını sürətləndirmək və bu ölkə ilə 
								təhsil sahəsində konkret tədbirlər planı 
								hazırlamaq məqsədilə yapon ekspertlərinin 
								ölkəmizə dəvət edilərək Azərbaycan təhsil 
								sistemi ilə daha yaxından tanış olmasının təmin 
								edilməsi.  
								
								
								5. Texniki peşə təhsili sahəsində Yaponiyanın 
								əldə etdiyi uğurları nəzərə alaraq ölkəmizdə bu 
								sahədə aparılan islahatlar prosesində həmin 
								ölkənin təcrübəsinin öyrənilərək tətbiq 
								olunması.  
								
								
								
								(Ardı var)   
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının  
								təhsil naziri, fizika-riyaziyyat  
								elmləri doktoru, professor  |