"Dünya iqlim dəyişikliyinin təsirləri ilə mübarizə apararkən adətən onun təhsilə təsiri nəzərdən qaçır. Halbuki planetin artan temperaturu və istilik dalğaları təkcə ətraf mühiti təhdid etmir, həm də bütün dünyada milyonlarla uşağın təhsilinə mane olur". 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Dünya Təhsil Forumunun direktoru Dominik Savaj 4 oktyabrda ADA Universitetində "Daha Təhsilli Gələcək" devizi ilə keçirilən "Təhsildə Yeni Çağırışlar" V Beynəlxalq Forumunda çıxışı zamanı qeyd edib.
 
O bildirib ki, uşaqlarda yaşıl bacarıqların formalaşmasında COP29 yaxşı bir fürsətdir:
 
"Ölkələrin kurikulum sistemində də iqlim dəyişikliyi mütləq nəzərə alınmalıdır. Son tədqiqatlar göstərir ki, təhsil sistemlərinin iqlim dəyişiklikləri qarşısında davam gətirməsi üçün təcili tədbirlər görülməlidir: 2023-cü ildə UNICEF tərəfindən keçirilən sorğunun nəticələrinə görə, uşaqların iqlim dəyişikliyinin təsirlərinə məruz qalma riski, həssaslığı yüksək və ya həddindən artıq yüksək kimi qiymətləndirilən 40 ölkənin yalnız üçdə birində təhsilin yaşıllaşdırılması ilə bağlı hökumətin konkret addımlar atdığı bildirilib". 
 
Məruzəçi əlavə edib ki, inkişaf etmiş iqlim dəyişikliklərinə həssas olan ölkələr iqlimə davamlı təcrübələr və fövqəladə vəziyyətə hazırlıq üzrə bacarıqlarını artırmaq üçün səylər davam etdirilir:
 
"Hökumətlər təhsil sektorunun planlaşdırılmasında iqlimə müqaviməti inteqrasiya edən siyasi islahatlar həyata keçirirlər. Bu təşəbbüslər yaşıllaşdırma bacarıqlarını təşviq edir, uşaqları və gəncləri iqlimə uyğun ağıllı həll yolları və yerli iqlimin qorunması təbliğatına cəlb edir".
 
 
Yetər KƏRİMLİ