| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								Hörmətli oxucular, ötən məqalədə Milli Kurikulum 
								barədə bir sıra mülahizələrimi sizinlə 
								bölüşmüşdüm. Bu məqalədə həmin konseptual 
								sənədlə bağlı fikirlərimi davam etdirmək 
								istərdim.
								  
								
								
								Milli Kurikulum sənədi məntiqi ardıcıllığa 
								əsaslanan və bir-birini üzvi şəkildə tamamlayan 
								struktura malikdir. Belə ki, Milli Kurikulumda 
								ümumi təhsilin hər bir səviyyəsinin məqsədləri, 
								məqsədlərə uyğun olaraq təlim nəticələri, sonra 
								isə təlim nəticələrinin reallaşdırılmasına 
								xidmət edən fənlər müəyyən olunmuşdur. Bu proses 
								mətndə verilən sxemdə aydın təsəvvür edilir. 
								
								
								Göründüyü kimi, nəticəyönümlülük prinsipi əsas 
								tutulmaqla Milli Kurikulumda təlim nəticələri 
								tədris edilən fənlərdən əvvəl müəyyən edilmişdir. 
								Bunun əsas mənası odur ki, yeni yanaşmaya görə 
								təlim nəticələri fənlərə görə deyil, əksinə, 
								fənlər təlim nəticələrinə görə təyin olunur. 
								Yəni tədris olunan fənlər əvvəlcədən 
								müəyyənləşdirilmiş təlim nəticələrinin 
								reallaşdırılması üçün bir vasitə rolunu oynayır. 
								
								
								Milli Kurikulumda, eyni zamanda hər bir təhsil 
								səviyyəsində tədris edilən fənlərin vaciblik 
								baxımından əsaslandırılması və həmin təhsil 
								səviyyələri üzrə ümumi təlim nəticələri öz 
								əksini tapmışdır. Fənnə aid ümumi təlim 
								nəticələri bilavasitə təhsil səviyyəsi üzrə 
								müəyyən olunmuş bu və ya digər konkret təlim 
								nəticəsinin həyata keçirilməsinə yönəlmişdir. 
								Məsələn, ibtidai təhsil səviyyəsi üzrə Milli 
								Kurikulumda 10 ümumi təlim nəticəsi müəyyən 
								edilmişdir. Onlardan biri ayrı-ayrı fənlər üzrə 
								konkret təlim nəticələrinin əlaqəsi, reallaşma 
								vəziyyətidir. 
								
								
								Yazıdakı nümunədən də aydın görünür ki, təlim 
								nəticələri işlənib hazırlanarkən "Şagirdlər 
								nələri bilməlidirlər" yox, "nələri bacarmalıdır" 
								tələbi əsas tutulmuşdur. Belə yanaşma heç də 
								təlim prosesinin vacib elementlərindən olan 
								nəzəri biliklərin rolunun azaldılması demək 
								deyildir. Bilik bütün dövrlərdə inkişafın 
								hərəkətverici qüvvəsi olmuşdur. Lakin o biliklər 
								faydalı hesab edilir ki, insan bunlarsız ötüşə 
								bilmir, real həyatda tətbiq edilir, insanda 
								zəruri bacarıqların formalaşmasına xidmət edir. 
								
								
								Milli Kurikulumdan irəli gələn tələblər əsasında 
								hazırlanmış fənn kurikulumları 2007-ci ildə 
								təsdiq edilmiş və məlum olduğu kimi, 
								2008-2009-cu dərs ilindən etibarən tətbiqinə 
								başlanmışdır. 
								
								
								Fənn kurikulumlarında məzmun istiqamətləri, onun 
								mahiyyətinin açıqlanması xüsusi yer tutur. Əgər 
								Milli Kurikulumda hər fənnə aid təlim nəticələri 
								təhsil səviyyələri çərçivəsində 
								müəyyənləşdirilmişdisə, fənn kurikulumlarında 
								hər bir sinif üzrə ayrıca təsbit edilmişdir.
								 
								
								
								Fənlərin məzmununun vahid bir istiqamətdə deyil, 
								ümumi məqsədə xidmət edən ayrı-ayrı məzmun 
								xətləri üzərində qurulması fənn kurikulumlarının 
								diqqətçəkən cəhətlərindən biridir. Məzmun 
								xətləri hər bir fənn üzrə şagirdlərin əldə 
								edəcəyi təlim nəticələrini, bilik və bacarıqları 
								daha aydın təsəvvür etmək və onları 
								sistemləşdirmək məqsədi daşıyır. Məzmun 
								xətlərinin səciyyəvi xüsusiyyəti həm də onların 
								dəyişkən olmaması, sabit qalmasındadır. Yəni 
								bunlar konkret fənn üzrə təlim kursunu əvvəldən 
								axıra qədər müşayiət edir. Başqa sözlə, onları 
								böyük standartlar da adlandırmaq olar. Məsələn, 
								ana dili təlimi üçün 4 məzmun xətti - 
								dinləyib-anlama və danışma, oxu, yazı, dil 
								qaydaları; riyaziyyat təlimi üçün 5 məzmun xətti 
								- ədədlər və əməllər, cəbr və funksiyalar, 
								həndəsə, ölçmələr, statistika və ehtimal məzmun 
								xətləri təyin olunmuşdur. Kurikulumlarda hər bir 
								məzmun xəttinin müvafiq təhsil səviyyələri 
								daxilində məqsəd və vəzifələri əsaslandırılıb 
								ümumi təlim nəticələri verilmiş, onların 
								əsasında da konkret siniflər üzrə əsas və alt-standartlar 
								formalaşdırılmışdır. Əsas standartlar da ümumi 
								nəticələri əks etdirdiyindən, bir qayda olaraq, 
								dəyişməz qalır. Alt-standartlar isə 
								sinifdən-sinfə doğru inkişafı əks etdirdiyindən 
								dəyişir və məzmun etibarı ilə mürəkkəbləşir. Ana 
								dili fənninə aid "Dinləyib-anlama və danışma" 
								məzmun xətti çərçivəsində nəzərdə tutulanlardan 
								biri bacarıqların siniflər üzrə inkişafıdır. 
								
								
								Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, təlim 
								nəticələrinin standartlar formasında təqdim 
								olunması təhsilimizdə yeni hadisədir. 
								Standartların yaranması ilə ümumi təhsilin 
								məzmunu optimallaşmış, öyrədiləsi və 
								mənimsədiləsi biliklərin, bacarıqların həddi 
								müəyyən olunmuş, təhsilin məzmununa lüzumsuz, 
								zəruri əhəmiyyət kəsb etməyən məsələlərin daxil 
								edilməsinin qarşısı alınmışdır. Məzmun və 
								fəaliyyət istiqamətlərindən ibarət tərtib 
								olunmuş standartlar ölçülən xarakterə malik 
								olduğundan şagird nailiyyətlərinin obyektiv 
								qiymətləndirilməsinə real şərait yaratmış, 
								təhsil pillələri üzrə tələbatları əks etdirən 
								vasitəyə çevrilmişdir.  
								
								
								Təhlil göstərir ki, istər Milli Kurikulumda, 
								eləcə də hər bir fənn kurikulumunda məzmun 
								standartları konkret fənn üzrə bilik dairəsinin 
								müəyyənləşdirilməsi ilə yanaşı, şagirdlərə 
								müasir cəmiyyətdə qəbul edilən yetkin insan üçün 
								lazım olan keyfiyyətlərin formalaşmasına 
								yönəlmişdir. Məsələn, nitq və ünsiyyət 
								mədəniyyətinin, əməkdaşlıq, birgəfəaliyyət, 
								problem həlli, tənqidi düşüncə, tədqiqatçılıq, 
								tətbiqetmə bacarıqlarının aşılanması bütün fənn 
								kurikulumlarında əsas məqsədlərdən biri kimi 
								nəzərdə tutulur. Kurikulumların məntiqinə görə, 
								məsələn, bu gün riyaziyyat təlimi, sadəcə olaraq, 
								riyazi anlayışların, məsələ və misalların, 
								inteqralların həlli yollarının öyrədilməsi ilə 
								məhdudlaşa bilməz, ən azı ona görə ki, təhsil 
								alan şagirdlərin heç də hamısı gələcəkdə 
								riyaziyyat sahəsində fəaliyyət göstərməyəcəkdir. 
								Ancaq riyaziyyat təlimi vasitəsilə 
								formalaşdırılan məntiqi təfəkkür, analiz və 
								sintez, mühakimə, təsnifetmə, çevik 
								nəticəçıxarma, tətbiq bacarıqları hamı üçün eyni 
								dərəcədə vacibdir. Yaxud, ana dili, ədəbiyyat 
								fənlərinin vəzifəsinin dilə aid təriflərin, 
								qaydaların əzbərlədilməsindən, yazıçıların həyat 
								və yaradıcılığının, onların bəzi əsərlərinin 
								öyrədilməsindən ibarət olduğunu düşünmək yanlış 
								yanaşmadır.  
								
								
								Ana dilini, ilk növbədə, milli təfəkkürün 
								təşəkkülü vasitəsi kimi qiymətləndirmək lazımdır. 
								Firudin bəy Köçərlinin sözləri ilə desək, "Ana 
								dili millətin mənəvi diriliyidir". Şagirdlərdə 
								doğma dilə məhəbbət oyadılması, onların bu dildə 
								səlis, aydın, obrazlı danışa bilməsi, dilin 
								geniş imkanlarından səmərəli istifadə etmələri, 
								yazı və oxu mədəniyyətinə yiyələnməsi dil 
								təliminin başlıca məqsədidir ki, bütün bunlar 
								müvafiq fənn kurikulumunda nəzərə alınmışdır. 
								Eləcə də ədəbiyyat fənninin məzmunu şagirdlərdə 
								sözə, söz sənətinə həssas münasibət 
								yaradılmasını, mütaliə vərdişləri və obrazlı 
								təfəkkür formalaşdırılmasını, bədii əsərlərin 
								nümunəsində təhlil, müqayisə, mühakimə 
								vərdişləri aşılanmasını təmin etməlidir. Əslində, 
								indiyədək mövcud olan dərsliklərdə müxtəlif 
								bədii əsərlərin təhlilinin verilməsi ziyanlı bir 
								haldır, çünki belə vəziyyət şagirdlərin müstəqil 
								fikir yürütmək, öz mülahizələrini bildirmək 
								imkanlarını heçə endirir. Güman edirik ki, yeni 
								kurikulumun tələbləri bu cür halların aradan 
								qaldırılmasına səbəb olacaqdır. 
								
								
								Məzmunla bağlı fikirləri ümumiləşdirərkən xüsusi 
								vurğulamaq istərdim ki, kurikulumlarda həyati 
								bacarıqların, milli mənəvi keyfiyyətlərin 
								aşılanmasının prioritet istiqamət kimi nəzərə 
								alınması bu sənədlərin şəxsiyyətyönümlü 
								xarakterini bir daha təsdiq edir. Fənlərin 
								məzmununun şəxsiyyətyönümlülük prinsipi əsasında 
								hazırlanması şagirdlərdə təhsilə marağı artırır, 
								potensial imkanlarına inam yaradır. Beləliklə də, 
								təhsil inkişafyönümlü proses nəticəsində artıq 
								insanın həyatı üçün vacib olan dəyərə, dəyərlər 
								sisteminə çevrilir. 
								
								
								Təhsilin məzmununa müasir baxış və yanaşmalar, 
								heç şübhəsiz, tədris prosesində "müəllim-şagird" 
								münasibətlərini, istifadə olunan təlim 
								strategiyalarını da əsaslı surətdə dəyişir. Bu 
								gün təhsil ictimaiyyəti "müəllim-şagird" 
								münasibətlərini pedaqoji əməkdaşlıq mənasında 
								qəbul edir. Təhsilin məzmununun nəticə, 
								şəxsiyyət və şagirdyönümlülük prinsipləri 
								əsasında qurulması bu əməkdaşlığa daha dönməz 
								xarakter verir, şagird və müəllim fəaliyyətinin 
								bir-birinə olan nisbətini müəyyənləşdirir. 
								Kurikulumlardan irəli gələn tələblərə görə, bu 
								günün müəllimi sinifdə daha çox istiqamətverici 
								rol oynamalıdır, şagirdləri düşünməyə, 
								araşdırmalar aparmağa, müstəqilliyə sövq 
								etməlidir. Əgər müəllim uşaqların düşünmək 
								səlahiyyətlərini əllərindən alıb bütün 
								məsələlərə özü aydınlıq gətirərsə, bu halda 
								təhsil yeknəsək və faydasız bir prosesə çevrilər. 
								Belə vəziyyətin baş verməməsi üçün müəllim 
								müasir tələbləri dərindən dərk etməli, qarşıya 
								qoyulmuş məqsədlərə çatmaq üçün çevik və 
								mütərəqqi dərs formalarından, təlim 
								strategiyalarından yerli-yerində istifadə etməyi 
								bacarmalıdır. 
								
								
								İnkişaf etmiş ölkələrin təhsil müəssisələrində 
								sınaqdan çıxarılıb vətəndaşlıq hüququ qazanmış 
								təlim strategiyaları ölkəmizdə hələ ötən əsrin 
								90-cı illərindən etibarən tətbiq olunmağa 
								başlanmışdır. Fəal/interaktiv təlim metodları 
								adlanan bu strategiyaların təbliği və tətbiqi 
								sahəsində qabaqcıl təhsil müəssisələrimizdən 
								olan Bakı Avropa Liseyinin rəhbərliyi və 
								pedaqoji kollektivi əhəmiyyətli rol oynamışdır. 
								Onların səyi və təşkilatçılığı sayəsində Bakı 
								şəhərində və bir sıra bölgələrdə müəllimlər üçün 
								treninqlər, öyrədici kurslar təşkil olunmuş, 
								pilot layihələri həyata keçirilmişdir. Son 
								zamanlar YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi 
								də fəal təlimin məktəblərimizdə tətbiqi ilə 
								bağlı xeyli iş görmüş, Təhsil Nazirliyi ilə 
								işgüzar əlaqələr qurmuşdur.  
								
								
								Bütün bunların faydası yeni kurikulumlarla 
								fəaliyyətə başlanan dövrdə daha çox hiss 
								edilmişdir. Belə ki, müəllimlərin bir qismi bu 
								prosesə psixoloji cəhətdən hazır olduqlarını 
								nümayiş etdirmişlər. 
								
								
								Bununla belə hesab edirəm ki, yeni 
								kurikulumlarla iş prosesində ən zəruri 
								amillərdən biri kimi bütün müəllimlərin fəal 
								təlim metodlarından istifadə bacarıqlarına 
								yiyələnməsi indiki vaxtda mühüm vəzifələrdəndir. 
								çünki kurikulumlarda ifadə olunmuş nəticə 
								standartlarının təlim prosesində reallaşması 
								statik deyil, dinamik fəaliyyət tələb edir. Bu 
								dinamikliyi isə yalnız fəal təlim metodları 
								vasitəsilə təmin etmək olar. 
								
								
								Yeri gəmişkən, bir məsələyə də toxunmağı vacib 
								bilirəm. Fəal təlim metodları ilə iş prosesində 
								müəllimlərin bunlara yaradıcı yanaşması çox 
								önəmlidir. çünki təlim metodları standart 
								xarakteri daşıya bilməz. Təlim zamanı məqsəddən 
								asılı olaraq hər bir müəllim həmin metodları 
								təkmilləşdirə, onlara hansısa əlavələr edə, 
								yaxud tamamilə fərqli metodlar müəyyənləşdirə 
								bilər. Əsas məsələ odur ki, bu metodlar təlimin 
								maraqlı qurulmasına, müvafiq standartların 
								reallaşmasına, qarşıya qoyulan məqsədlərin 
								həyata keçirilməsinə əhəmiyyətli dərəcədə xidmət 
								etmiş olsun.    
								
								
								
								(Ardı var)    
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının 
								
								 
								təhsil naziri, fizika-riyaziyyat  
								elmləri doktoru, professor  |