| 
								
								Dünya Bankı 27-29 oktyabr 2009-cu il 
								tarixlərində Monteneqro Respublikasının Budva 
								şəhərində "İqtisadi böhran dövründə ali təhsilin 
								maliyyələşdirilməsi" mövzusunda beşinci 
								konfransını keçirmişdir. Konfransda Azərbaycanın 
								nümayəndə heyətinin tərkibində Təhsil 
								Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri 
								Şahrza Əliyev, Ali və orta ixtisas təhsili 
								şöbəsinin baş məsləhətçisi Natiq İbrahimov, 
								Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi 
								şöbəsinin müdiri Xəqani Rzayev və Tələbə Qəbulu 
								üzrə Dövlət Komissiyası Aparatının rəhbəri 
								Nərminə Bayramova iştirak etmişlər.  
								
								Konfransda dünyanın 31 ölkəsi 112 nəfər 
								iştirakçı ilə təmsil olunurdu. Belə ki, 
								Albaniya, Xorvatiya, Litva, Makedoniya, 
								Monteneqro və Ermənistanın təhsil nazirləri, 
								Albaniya, Xorvatiya, Gürcüstan, Qırğızıstan, 
								Türkiyə və Monteneqrodan universitet rektorları, 
								digər Avropa və Mərkəzi Asiya ölkələrinin təhsil 
								nazirliklərinin rəhbər əməkdaşları və Dünya 
								Bankından 34 nəfər rəhbər mütəxəssis iştirak 
								edirdilər. 
								
								Konfransda aşağıdakı məsələlərin müzakirəsi 
								nəzərdə tutulmuşdu: 
								
								-Ali təhsilin maliyyələşmə sistemləri müasir, 
								səmərəli və dinamik ali təhsil müəssisələrinə 
								dəstək olmaq üçün necə qurulmalıdır?  
								
								- Maliyyələşmə sistemləri  tədris və təlim, 
								tədqiqat və innovasiyalar, ali təhsilin digər 
								əsas funksiyaları baxımından keyfiyyətin təmin 
								olunmasını nə dərəcədə yüksəldə bilər?  
								 
								
								- Yüksək iqtisadi təzyiq və iqtisadi böhranın 
								hökm sürdüyü bir zamanda maliyyələşmə sistemləri 
								ali təhsil sistemlərinin müasirləşdirilməsinə 
								imkan yaradırmı?  
								
								Konfrans giriş, plenar və qrup sessiyalardan 
								ibarət olmaqla 2 gün davam etdi və bu tədbirin 
								açılış mərasimi  Monteneqronun Baş naziri Milo 
								Cukanovic və Dünya Bankının təhsil sektorunun 
								direktoru Elizabet Kinqin giriş sözləri ilə 
								başladı. Onlar öz nitqlərində ali təhsilin 
								iqtisadi artım, sosial inkişaf və tərəqqinin 
								əsas hərəkətverici qüvvəsi kimi tanındığı, bütün 
								dünyada yüksək səviyyəli bacarıqlara və ali 
								təhsilə olan tələbatın artdığı bir dövrdə ali 
								təhsildə səmərəliliyin, yüksək keyfiyyətin və 
								davamlı maliyyələşmənin təmin edilməsi 
								baxımından keçirilən konfransın əhəmiyyəti 
								barədə geniş məlumat verdilər.  
								
								Giriş sessiyasında "İqtisadi böhran dövründə ali 
								təhsilin maliyyələşdirilməsi" mövzusunda 
								Monteneqronun  elm və təhsil naziri E.P.Sreten 
								Şkuletiç, Dünya Bankının  ali təhsil məsələləri 
								üzrə müşaviri Cəmil Səlmi, İrlandiya Dublin 
								Texnologiya İnstitutunun direktoru Ellen 
								Xazelkorn, Dünya Bankında təhsil sektorunun 
								direktoru Elizabet Kinq, Avropa Təhsil Fondunun 
								əməkdaşı Henrik Faudel, Dünya Bankı iqtisadçısı 
								Lars Sonderqard, Lissabon İnsan kapitalı 
								Mərkəzinin direktoru Pyer Ederer, Dünya 
								Bankının  sektor rəhbəri Mamta Murti, Dünya 
								Bankının təhsil sahəsi üzrə iqtisadçısı Xuan 
								Diyeqo Alonso  tərəfindən təqdimatlar edildi. 
								
								Plenar və qrup sessiyalarında isə "Ali təhsilin 
								maliyyələşdirilməsində ədalət, keyfiyyət və 
								effektlilik necə təmin edilməlidir?" mövzusunda 
								çilinin Təhsil Nazirliyinin layihə koordinatoru 
								Rikardo Rayx, Nyu-York Dövlət Universitetinin  
								professoru Bryus Conston, Dünya   Bankının  
								təhsil üzrə aparıcı mütəxəssisi Morin Maklaflin 
								və Dünya Bankının təhsil üzrə aparıcı 
								mütəxəssisi Xuan Manuel Moreno təqdimatlarla 
								çıxış etdilər. 
								
								Konfransın ikinci günündə ayrı-ayrılıqda 
								"Maliyyələşdirmə, keyfiyyət və şəffaflığın 
								təminatı", "İqtisadi böhran zamanı ali təhsilin 
								maliyyələşdirilməsi-institusional 
								strategiyalar", "Avropa və Mərkəzi Asiya 
								ölkələrində maliyyələşdirmə və idarəetmə 
								problemləri və onların həlli yolları" və "özəl 
								ali təhsilin maliyyələşdirilməsi" mövzularında 4 
								paralel iclas keçirildi.Azərbaycanın nümayəndə 
								heyəti  "Maliyyələşdirmə, keyfiyyət və 
								şəffaflığın təminatı" adlı birinci paralel 
								iclasda iştirak etdi. Həmin iclasda Niderland 
								Tventi Universitetində ali təhsil siyasətinin 
								öyrənilməsi üzrə mərkəzin koordinatoru Hans 
								Vossenşteyn, İsveçrə ali təhsilin keyfiyyətinin 
								təminatı şəbəkəsinin sədri Jak Lanares, Litva 
								elm və təhsil naziri Qintaras Steponaviçyus, 
								Dünya Bankının ölkələr üzrə sektor koordinatoru 
								Alberto Rodriqes, Dünya Bankının təhsil üzrə 
								böyük mütəxəssisi Rik Hopper maraqlı 
								təqdimatlarla iştirakçıların diqqətini cəlb 
								etdilər.  
								
								Konfransın giriş sessiyasında "İqtisadi böhran 
								dövründə ali təhsilin maliyyələşdirilməsi" 
								mövzusunda çıxış edən   Monteneqronun elm və 
								təhsil naziri Sreten Şkuletiç iqtisadi böhranın 
								ali təhsilə təsirləri barədə danışdı və bildirdi 
								ki, iqtisadi böhran təhsil haqqı ödəyən 
								tələbələr, həmçinin  yeni ali təhsil 
								müəssisələrinin yaradılması və yeni təhsil 
								proqramlarının işlənməsi üçün imkanları 
								məhdudlaşdırır. Nəticədə ali təhsil almaq 
								istəyənlərin müəyyən hissəsi üçün qeyri-münasib 
								şərait yaranır və bu da son nəticədə  ali 
								təhsilli kadr potensialının aşağı düşməsinə 
								səbəb olur. Sreten Şkuletiç öz təqdimatında 
								iqtisadi böhrana qalib gəlmək üçün  daha 
								bilikli, səriştəli və savadlı kadrlara ehtiyacın 
								olduğunu, lakin iqtisadi böhran vəziyyətində ali 
								təhsilə yönəldilən resursların azalması ilə 
								əlaqədar belə kadrlara olan  tələbatın 
								ödənilməsinin  çətinləşdiyini bildirdi və bu 
								səbəbdən hətta iqtisadi böhran dövründə də ali 
								təhsilin zəruri vəsaitlərlə təmin olunmasının 
								vacibliyini xüsusi vurğuladı. 
								
								Giriş sessiyasındakı digər təqdimatlardan biri 
								Dünya Bankının  ali təhsil məsələləri üzrə 
								müşaviri Cəmil Səlminin "İqtisadi böhranın ali 
								təhsilə təsiri" mövzusunda çıxışı oldu.  Cəmil 
								Səlmi böhranın ali təhsilə təsirləri barədə 
								danışdı. O, bildirdi ki, iqtisadi böhran 
								nəticəsində təhsilin dövlət maliyyələşməsi, 
								tədqiqatların aparılması və  tələbələrə ayrılan 
								yardımlar ixtisara düşməyə başlayır, özəl 
								sektordan əldə olunan gəlirlər (yardımlar, 
								ianələr,  müqavilələr üzrə təhsil haqları) 
								azalır, məzunların işsizliyi artır və nəticədə 
								müvafiq resursların azalması ilə əlaqədar 
								keyfiyyət aşağı düşür. Böhran nəticəsində 
								yaranmış vəziyyətə  ali təhsil müəssisələrinin 
								reaksiyasından söz açan məruzəçi qeyd etdi ki, 
								bu zaman ali təhsil müəssisələri əsasən öz 
								fəaliyyətləri ilə bağlı bəzi xərcləri  ixtisara 
								salır və gəlirlərin çoxaldılması istiqamətində 
								tədbirlər görməyə başlayırlar. Cəmil Səlmi 
								həmçinin iqtisadi böhranla bağlı yaranmış 
								vəziyyətdə dövlətin ali təhsilə dəstəyinin 
								zəruri olmasından bəhs edərək bildirdi ki, bu 
								zaman tələbə  təqaüdlərinin  artırılması, 
								tələbələrə güzəştli kreditlərin, borcların  
								verilməsi üçün müvafiq proqramların  
								hazırlanması və ali təhsilin hökumətin iqtisadi 
								stimullaşdırma planlarına aid edilməsi mühüm 
								əhəmiyyət kəsb edir. Cəmil Səlmi daha sonra 
								müxtəlif dünya ölkələrində ali təhsil 
								müəssisələrinin büdcələrinin tərkibində onların 
								dövlət büdcəsindən əldə etdikləri  vəsaitlər 
								istisna olmaqla öz gəlirlərinin xüsusi payı və 
								universitetlərin müxtəlif illər ərzində 
								ixtisaslaşma səviyyələrinin artımı barədə 
								diaqramlar üzərində məlumatlar nümayiş etdirdi. 
								
								Konfransın plenar iclasında çilinin Təhsil 
								Nazirliyinin layihə koordinatoru Rikardo Rayx 
								ölkədə ali təhsilin maliyyələşdirilməsi 
								istiqamətində son on il ərzində aparılan 
								islahatlar və bu islahatların nəticələri barədə 
								məlumat verdi. öz təqdimatında o, çilidə ali 
								təhsilin maliyyələşməsində  on il bundan əvvəlki 
								vəziyyət barədə danışdı. Həmin dövrdə ali 
								təhsilin maliyyələşdirilməsində əsas yeri 
								dövlətdən olan baza maliyyələşmə tuturdu və bu 
								da kifayət edəcək səviyyədə deyildi. Bu isə 
								nəticədə tələbələrin və ali təhsil 
								müəssisələrinin  daha çox maliyyə köməyinə 
								ehtiyacını şərtləndirirdi. Rikardo Rayx həmçinin 
								həmin dövrdə çilidə akkreditasiya sisteminin 
								olmamasını və ali təhsilin maliyyələşdirilməsi 
								prosesində rəqabət və cavabdehliyin 
								qeyri-qənaətbəxş səviyyədə olmasını qeyd etdi. 
								Məruzəçi ali təhsilin maliyyələşdirilməsində on 
								il bundan əvvəlki və hazırkı vəziyyətlərini 
								əyani şəkildə nümayiş etdirdi. 
								
								Sonda Rikardo Rayx aparılan islahatlar 
								nəticəsində son 10 il ərzində  çilinin ali 
								təhsilində aşağıdakı əsas  nəticələrə  nail 
								olunduğunu qeyd etdi: 
								
								- Tarixi kriteriyalara əsasən ənənəvi 
								maliyyələşdirmə fəaliyyətin   nəticələrinə 
								əsaslanan maliyyələşdirmə ilə əvəz olunmağa  
								başlamışdır; 
								
								-Müəllimlərin ixtisas səviyyəsinin yüksəldilməsi 
								siyasəti elmi   potensialın və aspiranturanın 
								inkişafına səbəb olmuşdur; 
								
								-İnfrastrukturun yeniləşdirilməsi tələbələrin 
								keyfiyyətli təhsil əldə etmə imkanlarını 
								əhəmiyyətli dərəcədə artırmışdır; 
								
								-Regionlardakı ali təhsil müəssisələrinə ayrılan 
								vəsaitlərin həcmi  artırılmışdır; 
								
								-Elmi əlaqələrin yaradılması 
								stimullaşdırılmışdır; 
								
								-Fəaliyyətin son nəticələrinə əsaslanan 
								idarəetmə metodu tətbiq  edilmişdir; 
								
								-Təhsil proqramlarının və təhsil müəssisələrinin 
								müvafiq qanun əsasında milli akkreditasiya 
								sistemi yaradılmışdır; 
								
								-Fəaliyyətin nəticələrinə əsaslanan 
								eksperimental  müqavilələrin   həyata 
								keçirilməsinə başlanılmışdır; 
								
								-Aztəminatlı tələbələrə kömək üçün tədbirlər 
								görülmüşdür; 
								
								-Kitabxanalar müasirləşdirilmişdir; 
								
								-İKT və yeni texnologiyalar təhsil prosesinə 
								inteqrasiya edilmişdir; 
								
								-Laboratoriyalar yeni və müasir avadanlıqlarla 
								təmin olunmuşdur; 
								
								-Təhsil müəssisələrinin binaları 
								genişləndirilmiş və təmir   olunmuşdur; 
								
								-İdarəetmədə özünüqiymətləndirmə, strateji 
								təhlil və planlaşdırma tətbiq edilməyə 
								başlanılmışdır;  
								
								-Qərarların qəbul edilməsi prosesinin 
								təkmilləşdirilməsi məqsədilə  institusional 
								təhlilin aparılması tətbiq edilir; 
								
								-Təhsil prosesinin təkmilləşdirilməsi və İKT-nin 
								inteqrasiyası üçün  yeni təhsil strukturları 
								yaradılmışdır;  
								
								-Son nəticələrə əsaslanan idarəetmə və 
								maliyyələşdirmə   metodlarından istifadə olunur.
								 
								
								Konfransda maraq doğuran təqdimatlardan digəri 
								birinci paralel iclasda  Niderland Tventi 
								Universitetində ali təhsil siyasətinin 
								öyrənilməsi üzrə mərkəzin koordinatoru Hans 
								Vossenşteynin  "Xərclərin bölüşdürülməsi" 
								mövzusunda oldu. O, əvvəlcə tələbənin büdcəsinin 
								formalaşmasının mümkün modelini  slayd üzrə 
								əyani şəkildə nümayiş etdirdi.     
								
								Sonra o, xərclərin bölüşdürülməsi üzrə dünya 
								tendensiyaları, təhsil haqqının tətbiqi və 
								tələbə qrantları və borcları barədə  danışaraq 
								bildirdi ki, təhsil haqlarının tətbiqi (ödənişli 
								təhsil)  ali təhsil məktəblərinin mövcud 
								tələbatlara qarşı çevikliyini və keyfiyyəti, 
								həmçinin  tələbələrin məsuliyyətini 
								artırır.Borclar isə tələbələri daha düşüncəli 
								olmağa vadar edir və onlar təhsillərini daha tez 
								başa vurmağa çalışırlar.  
								
								
								(Ardı var)  
								
								
								Ş.ƏLİYEV, Azərbaycan Respublikası Təhsil Nazirliyinin
 İqtisadiyyat şöbəsinin müdiri
 |