| 
								
								Noyabrın 20-də Azərbaycan Respublikasının Milli 
								Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində 
								"Azərbaycan Tələbə Gənclər Təşkilatları 
								İttifaqı" İctimai Birliyinin təsis qurultayı 
								keçirilmişdir.  
								
								Tədbir iştirakçıları öncə Fəxri xiyabana 
								gələrək, xalqımızın ümummilli lideri Heydər 
								Əliyevin xatirəsini ehtiramla anmış, məzarı 
								önünə əklil qoymuşlar.
								 
								
								Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım 
								Əliyevanın da məzarı üzərinə tər güllər 
								düzülmüşdür.  
								
								Sonra tələbə gənclər Azərbaycanın azadlığı və 
								suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən 
								övladlarının xatirəsini yad etmiş, "Əbədi məşəl" 
								abidəsi önünə əklil qoymuşlar.  
								
								Təsis qurultayında Azərbaycan Prezidenti 
								Administrasiyasının rəhbəri, akademik Ramiz 
								Mehdiyev, Milli Məclisin deputatları, nazirlər 
								və dövlət komitələrinin nümayəndələri iştirak 
								etmişlər.  
								
								Qurultayı giriş nitqi ilə açan "Azərbaycan 
								Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai 
								Birliyinin yaradılması üzrə Təşkilat Komitəsinin 
								sədri Şahin İsmayılov bildirmişdir ki, 
								məqsədimiz ölkəmizdə təhsil alan gənclərin vahid 
								bir qurumda birləşməsini rəsmiləşdirməkdir. 
								Bildiyiniz kimi, 2005-ci ildən etibarən 
								respublikanın bütün ali təhsil müəssisələrində 
								tələbə gənclər təşkilatları yaradılmışdır. ötən 
								müddət ərzində bu təşkilatların işində müəyyən 
								uğurlar müşahidə edilmiş, tələbələrin bu 
								qurumlar ətrafında birləşməsinə qismən nail 
								olunmuşdur. Bu gün biz tələbə gənclərlə sistemli 
								şəkildə iş aparmaq, onların mənafelərini qorumaq 
								və respublikanın ictimai-siyasi həyatında daha 
								fəal iştirakına dair məsələləri müzakirə 
								edəcəyik.  
								
								Natiq bildirmişdir ki, cari ilin aprelində 
								ittifaqın təsis edilməsi ilə əlaqədar Təşkilat 
								Komitəsi yaradılmışdır. Təşkilat Komitəsi 
								respublika üzrə dövlət və özəl ali təhsil 
								müəssisələrinin siyahısını, orada təhsil alan 
								tələbələrin sayını, qurultayın keçiriləcəyi yeri 
								dəqiqləşdirmiş və hər bir ali məktəb üçün 
								təmsilçilik kvotası müəyyən etmişdir. 
								 
								
								Şahin İsmayılov demişdir ki, cari ilin aprel-may 
								aylarında ali məktəblərdə konfranslar, o 
								cümlədən hər bir qrup və fakültələrdə 
								yığıncaqlar keçirilərək seçkili orqanlara və 
								ümumrespublika təsis qurultayına nümayəndələr 
								seçilmişdir. Qurultaya 25 dövlət ali təhsil 
								ocağından 252, 14 özəl ali təhsil müəssisəsindən 
								isə 48 nəfər olmaqla 300 tələbə seçilmişdir ki, 
								onlardan 286-sı təsis qurultayında iştirak edir. 
								Kvorum var, qurultay işə başlamağa tam 
								səlahiyyətlidir, ona görə də təsis qurultayını 
								açıq elan edirəm.  
								
								Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni 
								səslənmişdir.  
								
								Prezident Administrasiyasının Humanitar siyasət 
								məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə 
								Azərbaycan Respublikasının Prezidenti İlham 
								Əliyevin təsis qurultayına ünvanladığı təbrik 
								məktubunu oxumuşdur.  
								
								Qurultayın işini aparmaq üçün sədr və katib, 
								eləcə də hesablama komissiyasının üzvləri 
								seçilmiş, reqlament müəyyən edilmiş, gündəlik 
								təsdiq olunmuşdur.  
								
								Tədbirdə Azərbaycan Milli Aviasiya 
								Akademiyasının tələbə gənclər təşkilatının sədri 
								Zafiq Xəlilov, Bakı Avrasiya Universitetinin 
								tələbə gənclər təşkilatının sədri Qabil Quliyev, 
								Azərbaycan Dövlət Memarlıq və İnşaat 
								Universitetinin tələbə gənclər təşkilatının 
								sədri Səadət İmanova, Azərbaycan Dillər 
								Universitetinin IV kurs tələbəsi Aygün 
								Allahverdiyevanın çıxışları maraqla 
								dinlənilmişdir.  
								
								Qurultayda Milli Məclisin deputatı, Gənclər 
								Təşkilatları Milli Şurasının sədri Fuad Muradov, 
								YAP Gənclər Birliyinin sədri Ramil Həsənov, 
								"İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı, 
								Gənclər üçün Təhsil Mərkəzinin sədri Vüsal 
								Quliyev, Bakı Slavyan Universitetinin rektoru 
								Kamal Abdullayev çıxış etmişlər.  
								
								Tədbirdə Azərbaycan Prezidenti 
								Administrasiyasının rəhbəri, akademik Ramiz 
								Mehdiyev geniş nitq söyləmişdir.  
								
								Bütün iştirakçıları salamlayan Ramiz Mehdiyev 
								demişdir ki, sizin hər birinizin həyatında bu, 
								tarixi bir hadisədir. 20 noyabr günü sizin üçün 
								bundan sonra təqvimin xüsusi bir günü olacaqdır. 
								Məhz bu gün siz özünüzü 200 minə yaxın tələbə 
								ordusunun öncülləri kimi hiss edirsiniz. Əminəm 
								ki, bu anlarda hər biriniz böyük qürur hissi 
								keçirirsiniz.  
								
								Dövlətimizin gənclərə göstərdiyi qayğıdan 
								danışan natiq bildirmişdir ki, Azərbaycan 
								Respublikası Prezidentinin əsas məqsədi, qayğısı 
								yüksək intellektə malik olan, geniş dünyagörüşlü 
								və innovasiyalara maraq göstərən gəncliyin 
								formalaşdırılmasıdır. Məhz bu məqsədlə 
								Azərbaycanın dövlət büdcəsinin xərclərində 
								təhsilin inkişafına hər il daha böyük vəsait 
								ayrılır. Ordu quruculuğuna ayrılan xərclərdən 
								sonra təhsil ikinci yerdə qərarlaşır. Bu isə onu 
								göstərir ki, cənab Prezident məsələyə olduqca 
								konseptual səviyyədə yanaşaraq təhsili, o 
								cümlədən savadlı gənc mütəxəssislərin 
								hazırlanması məsələsini ölkənin strateji 
								təhlükəsizliyi baxımından daim diqqət mərkəzində 
								saxlayır.  
								
								Gənclərin təhsili ilə bağlı problemləri diqqətə 
								çatdıran Prezident Administrasiyasının rəhbəri 
								demişdir: "Siz həyatınız boyu təhsil almağı, 
								daim öz mənəvi dünyanızı yeni elmi biliklərlə 
								zənginləşdirməyi qarşıya məqsəd qoyduğunuz zaman 
								ahəngdar şəxsiyyət kimi formalaşa bilər, ölkəniz 
								və mənsub olduğunuz cəmiyyət üçün faydalı 
								vətəndaşa çevrilə bilərsiniz.  
								
								Prezident İlham Əliyev yeni gənc nəsli belə 
								xarakterizə edir: "Bilikli, savadlı, bütün 
								dünyada gedən proseslərə bələd olan, gözəl 
								təhsil alan, öz biliyi, savadı ilə Azərbaycanın 
								gələcək inkişafına töhfə verəcək gənc nəsil, 
								vətənpərvər gənc nəsil...".  
								
								"2007-2015-ci illərdə Azərbaycan gənclərinin 
								xarici ölkələrdə təhsili üzrə Dövlət 
								Proqramı"nın əhəmiyyətini vurğulayan Prezident 
								Administrasiyasının rəhbəri söyləmişdir ki, hər 
								bir cəmiyyət dövrün tələblərinə uyğunlaşmağa, bu 
								tələblərə cavab verməyə çalışır. Əvvəllər bəşər 
								tarixində dövlətin inkişafı onun coğrafi və 
								təbii resurslarından asılı idi. Məlumdur ki, 
								sonrakı dövrdə bunu kapital əvəz etdi. Lakin həm 
								təbii resurslar, həm də kapital tükənə bilər. 
								Tükənməz bir resurs var. O da insan zəkası və 
								insanın yaradıcı və intellektual qabiliyyətidir. 
								İnformasiya cəmiyyətində zəkadan başqa bütün 
								resurslar insan potensialının və intellektinin 
								inkişafı üçün bir vasitədir.  
								
								Prezident İlham Əliyev gənc nəslin geniş 
								elmi-yaradıcı təfəkkürə malik olmaq üçün onun ən 
								yüksək standartlara uyğun təhsil almasını 
								dövlətin əsas vəzifələrindən biri kimi müəyyən 
								etmişdir. Bu isə cənab Prezidentin həyata 
								keçirdiyi uzunmüddətli inkişaf konsepsiyasının 
								tərkib hissəsidir və onun gənclərə göstərdiyi 
								xüsusi qayğı və diqqətin təzahürüdür. 
								 
								
								Ali məktəblərimizin maddi-texniki bazasının 
								gücləndirilməsinin təhsilin keyfiyyətinin 
								artırılması üçün ciddi əsas yaratdığını deyən 
								Ramiz Mehdiyev vurğulamışdır ki, son beş il 
								ərzində bu istiqamətdə böyük işlər görülmüşdür: 
								ölkəmizdə bütünlükdə 1600-dən çox müasir tipli 
								məktəb tikilmişdir və yaxud təmir edilib 
								istifadəyə verilmişdir. Məktəblərin böyük bir 
								qismi ən yeni avadanlıqla və kompüterlərlə 
								təchiz edilmiş və İnternet şəbəkəsinə 
								qoşulmuşdur.  
								
								Bu gün bəzi təhsil ocaqlarımızda tədrisin 
								keyfiyyətinin aşağı olmasının sonrakı mərhələdə 
								gənclərin peşəkarlığının və yaradıcı 
								qabiliyyətinin zəifləməsinə gətirəcəyini 
								söyləyən akademik Ramiz Mehdiyev demişdir ki, 
								ali təhsil məktəbləri gələcək fəaliyyət 
								istiqamətlərini elə qurmalıdırlar ki, onlar 
								təhsil və peşəkar fəaliyyət arasında ixtisaslı 
								kadrlar yetişdirən mühüm vasitəyə çevrilsinlər. 
								Bunun üçün, ilk növbədə, tədrisin keyfiyyəti 
								artırılmalı, ixtisaslaşmış gənc məzunların 
								peşəkar mühitə inteqrasiyası təmin edilməlidir. 
								Sözsüz ki, təhsilin modernləşdirilməsi ölkəmizin 
								ən aktual problemlərindən biri olaraq qalır. 
								Lakin bu modernləşmə formal xarakter 
								daşımamalıdır və burada çox məsələlər siz təhsil 
								alanlardan da asılıdır.  
								
								Prezident Administrasiyasının rəhbəri demişdir 
								ki, biz artıq azad insanların azad cəmiyyətini 
								qururuq. Belə bir cəmiyyətdə intellektual, 
								xarici dil bilən, Azərbaycanı beynəlxalq arenada 
								təmsil etməyə qadir, ölkəmizin rəqabətə 
								davamlılığını artıra biləcək insanlar lazımdır. 
								Ona görə də bu gün hər bir gənc öz məsuliyyətini 
								dərk etməli və vətənpərvərlik nümayiş 
								etdirməlidir. Bu anlayışlar fərqli olsa da, 
								yaradıcı və intellektual gəncliyin formalaşması 
								baxımından bir-birini şərtləndirir. Bu işdə 
								tələbə gənclər təşkilatlarının rolu çox 
								böyükdür. Bu təşkilatlar 2005-ci ildən etibarən 
								formalaşmağa başlayıb və ali məktəblərdə 
								tələbələr arasında nüfuzu ilə seçilirlər. 
								 
								
								Tələbə gənclər təşkilatlarının qarşısında duran 
								əsas vəzifələri şərh edən natiq bildirmişdir ki, 
								bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları 
								İttifaqının yaradılması ilə tələbə gənclər 
								təşkilatlarının inkişafında yeni bir mərhələ 
								başlayır. Bu yeni qurum müxtəlif təşkilatlar 
								arasında əlaqələndirici rolunu oynamaqla, ümumi 
								məqsədlərə nail olmaq üçün səylərin və 
								imkanların birləşdirilməsini təmin edəcəkdir.
								 
								
								Hər bir təhsil qurumunun milli mənəvi dəyərlərə 
								bağlı və Azərbaycanın inkişafı naminə çalışan 
								savadlı, bilikli gənclərin formalaşmasında 
								iştirak etməsini xüsusi vurğulayan akademik 
								Ramiz Mehdiyev diqqətə çatdırmışdır ki, biz 
								bununla millətin gələcək inkişaf 
								perspektivlərinin müəyyən edilməsi işinə öz 
								töhfəmizi vermiş oluruq. çünki bu gün dövlətin 
								və cəmiyyətin qarşısında ümummilli lider Heydər 
								Əliyev tərəfindən müəyyən edilmiş prinsiplər 
								əsasında ölkənin gələcək inkişafı naminə yüksək 
								təhsilə, mədəniyyətə və intellektə malik 
								insanlar yetişdirmək vəzifəsi durur.  
								
								Geniş və məzmunlu çıxışa görə tələbə gənclər 
								adından Ramiz Mehdiyevə minnətdarlığını bildirən 
								Şahin İsmayılov demişdir ki, bu gün təsis olunan 
								"Azərbaycan Tələbə Gənclər Təşkilatları 
								İttifaqı" İctimai Birliyinin gələcək 
								fəaliyyətində sizin tövsiyələrinizdən layiqincə 
								faydalanacaq və təşkilatın prioritet iş 
								istiqamətləri müəyyənləşdirilərkən bu fikirlər 
								bizim üçün müstəsna əhəmiyyət kəsb edəcəkdir.
								 
								
								Tədbirdə çıxış edən digər natiqlər təsis edilən 
								yeni qurumun yaradılmasının zəruriliyini 
								vurğulamış və diqqətə çatdırmışlar ki, əsas 
								məqsəd ali məktəblərdə təhsilin inkişafına kömək 
								göstərmək, respublikanın ictimai-siyasi, mədəni 
								və sosial-iqtisadi həyatında tələbələrin fəal 
								iştirakını təmin etmək, dövlət gənclər 
								siyasətinin həyata keçirilməsi istiqamətində hər 
								bir tələbənin maraqlarının təmsil və təmin 
								olunmasına, hüquqlarının müdafiə edilməsinə nail 
								olmaqdır.  
								
								Bildirilmişdir ki, tələbələri öz ətrafında 
								birləşdirəcək yeni qurum gəncləri təhsilə və 
								elmi-tədqiqat işlərinə həvəsləndirmək məqsədi 
								ilə elmi konfranslar, müsabiqələr, olimpiadalar, 
								elmi-əyləncəli oyunlar, seminarlar, "dəyirmi 
								masa"lar, təlim kursları təşkil etmək, təhsil 
								müəssisələrinin ictimai həyatında tələbələrin 
								fəallığını artırmaq, onlar arasında əməkdaşlığın 
								inkişafına yardım etmək, regionlarda təhsil alan 
								gənclərin informasiya əldə etmə imkanlarını 
								yaxşılaşdırmaq, vətənpərvərlik və milli mənəvi 
								dəyərlərə bağlılıq hisslərinin, ekstremizm və 
								ayrı-seçkilik hallarına qarşı mübarizə ruhunun 
								aşılanması üçün tədbirlər həyata keçirmək, 
								tələbələr arasında mənfi vərdişlərə qarşı 
								təbliğat işləri aparmaq, narkomaniya, 
								alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər 
								neqativ meyillərə qarşı profilaktik tədbirlər 
								görmək, gənclərin asudə vaxtının səmərəli 
								təşkilinə nail olmaq və s. bu kimi 
								istiqamətlərdə fəaliyyət göstərəcəkdir. 
								 
								
								Qurultayda çıxış edən natiqlər bildirmişlər ki, 
								Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı 
								ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, 
								elmi-mədəni həyatında əsaslı dönüş yaranmış, 
								Azərbaycanda beynəlxalq normalara uyğun, 
								demokratik və hüquqi dövlət quruculuğuna 
								başlanmışdır. Azərbaycanın müstəqilliyi əbədi və 
								dönməz olmuş, ölkəmiz dünyada öz layiqli yerini 
								tutaraq, regionda lider dövlətə çevrilmişdir.
								 
								
								Natiqlər bildirmişlər ki, müstəqil Azərbaycanı 
								məhv olmaq təhlükəsindən qurtararaq, dünyanın ən 
								dinamik inkişaf edən ölkələri sırasına çıxaran 
								Heydər Əliyevin müdrik, alternativi olmayan 
								siyasəti bu gün də yaşayır və Prezident İlham 
								Əliyev tərəfindən uğurla davam etdirilir. 
								 
								
								Tədbirdə ulu öndər Heydər Əliyevin gənc nəslə 
								göstərdiyi qayğı və diqqətin bu gün Prezident 
								İlham Əliyev tərəfindən uğurla həyata 
								keçirilməsi sayəsində Azərbaycan gənclərinin 
								hərtərəfli inkişafı xüsusilə vurğulanmışdır.
								 
								
								Bildirilmişdir ki, Prezident İlham Əliyev elm 
								ictimaiyyəti qarşısında tarixi vəzifələr 
								qoymuşdur. Bu da ondan ibarətdir ki, iqtisadi 
								potensialı insan kapitalına çevirmək lazımdır. 
								İnsan kapitalının inkişafı üzrə Azərbaycan 
								Respublikasının dövlət siyasəti kompleks 
								xarakter daşıyır və "Neft-qaz gəlirlərinin 
								idarəolunması strategiyası", "Məşğulluq 
								strategiyası", "Gənclər və idman siyasəti" və 
								digər komponentlərdən ibarətdir. Bu komponentlər 
								arasında ən əhəmiyyətlisi xaricdə təhsil üzrə 
								Dövlət Proqramıdır. Görülmüş işlərin bariz 
								nümunəsidir ki, bu gün Azərbaycanın istedadlı 
								gəncləri dövlət hesabına dünyanın 20-dən çox 
								ölkəsində təhsillərini uğurla davam etdirirlər.
								 
								
								Vurğulanmışdır ki, Heydər Əliyev Fondunun 
								prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı 
								səfiri, Milli Məclisin deputatı Mehriban xanım 
								Əliyeva təhsil ocaqlarının yeniləşməsinə xüsusi 
								əhəmiyyət verir. Təhsilin inkişafına dəstək 
								Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet 
								istiqamətlərindəndir.  
								
								Diqqətə çatdırılmışdır ki, yeni təsis edilən 
								qurum gənclərin vətənpərvərlik tərbiyəsi işini 
								gücləndirmək, onların Vətənə məhəbbət, 
								dövlətçiliyimizə sədaqət və milli mənəvi 
								dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsi, 
								ümummilli liderimiz Heydər Əliyevin ideyalarına 
								sadiqlik və Azərbaycan Prezidentinin ətrafında 
								sıx birləşərək gəncləri ölkəmizdə aparılan 
								quruculuq işlərində yaxından iştirak etməyə 
								istiqamətləndirəcəkdir.  
								
								Qurultayda "Azərbaycan Tələbə Gənclər 
								Təşkilatları İttifaqı " İctimai Birliyinin təsis 
								edilməsi barədə qərar qəbul edilmişdir. 
								 
								
								Birliyin nizamnaməsi təsdiq edildikdən sonra 
								təşkilatın əlaqələndirmə şurasına üzv seçilmiş 
								59 tələbənin adı açıqlanmış və nəzarət-təftiş 
								komissiyasının 7 nəfərdən ibarət olması qəbul 
								edilmişdir.  
								
								Namizədliyi irəli sürülmüş Şahin İsmayılov 
								səsvermə yolu ilə "Azərbaycan Tələbə Gənclər 
								Təşkilatları İttifaqı" İctimai Birliyinin sədri 
								seçilmişdir.  
								
								Sonda qurultayın nümayəndələri adından 
								Azərbaycan Prezidenti İlham Əliyevə və ölkə 
								gənclərinə müraciət qəbul edilmişdir.   
								
								
								AzərTAc |