| 
								
								 Noyabrın 21-də Azərbaycan Respublikasının 
								Prezidenti yanında Dövlət İdarəçilik 
								Akademiyasında Prezident Administrasiyasının 
								rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə 
								ölkədə humanitar elmlərlə məşğul olan alim, 
								müəllim, elm və təhsil ocaqlarının rəhbərləri, 
								təhsil naziri, Milli Elmlər Akademiyası 
								prezidentinin iştirakı ilə müşavirə 
								keçirilmişdir.  
								
								 Müşavirədə 
								Azərbaycanda humanitar və ictimai elmlər 
								sahəsində yaranmış vəziyyətlə bağlı məsələ 
								müzakirə olunmuşdur. 
								
								Prezident İlham Əliyevin ictimai elmlər 
								sahəsində yaranmış vəziyyətdən narahatlığını 
								diqqətə çatdıran Ramiz Mehdiyev demişdir: "İlk 
								növbədə qeyd etmək istərdim ki, bizim toplantı 
								cənab Prezident İlham Əliyevin bilavasitə 
								tapşırığı əsasında keçirilir. Prezident hesab 
								edir ki, müzakirə üçün çoxlu problemlər yığılıb 
								qalıb. Onlar haqqında ətraflı söhbətə ehtiyac 
								vardır".  
								
								Prezident Administrasiyasının rəhbəri qeyd 
								etmişdir ki, Azərbaycanın iqtisadi yüksəlişi və 
								iqtisadiyyat sahəsində keçid mərhələsinin başa 
								çatdırılması yeni hədəflər müəyyənləşdirmişdir. 
								"Danılmaz faktdır ki, bu gün Azərbaycan dünyada 
								ən dinamik inkişaf edən ölkələrdən biridir. 
								İnkişafın bugünkü səviyyəsinə çatmaq üçün 
								xalqımız çox çətinliklər dəf etmiş, çox 
								sınaqlardan keçməli olmuşdur. Bu müddət ərzində 
								biz mürəkkəb, eyni zamanda şərəfli yol keçmişik. 
								Bu yol bizə möhkəm əsaslar üzərində dövlətçilik 
								formalaşdırmaq imkanı vermişdir".  
								
								Akademik Ramiz Mehdiyev 90-cı illərin 
								ideologiyasızlığı və oriyentasiyasızlığının 
								artıq arxada qaldığını vurğulayaraq demişdir ki, 
								milli mədəni-mənəvi oriyentasiyanın olmaması, 
								xarici dövlətlərin stereotip inkişaf modellərinə 
								kor-koranə riayət edilməsi hökmən millətin öz 
								simasını itirməsi ilə nəticələnir. Ancaq 
								Azərbaycanda cəmiyyəti səfərbər etmək mümkün 
								olmuşdur. Bu məsələdə ulu öndər Heydər Əliyevin 
								xidmətlərini xüsusi vurğulayan akademik 
								demişdir: "Azərbaycanın gələcək inkişaf 
								strategiyasını müəyyənləşdirmiş ümummilli lider 
								Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək 
								onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-cı 
								illərin çətinliklərini artıq geridə qoymuşuq. 
								Biz müasir Azərbaycan dövlətinin inkişafında 
								yeni mərhələ yaşayırıq. Prezident İlham Əliyevin 
								qeyd etdiyi kimi, iqtisadi sahədə keçid dövrü 
								artıq başa çatmışdır. ölkəmizdə inkişafın yüksək 
								sürəti təmin edilmişdir. İndi möhtəşəm və 
								məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün 
								dövlətimizin kifayət qədər potensialı və 
								təcrübəsi vardır. Dünyanı bürümüş indiki maliyyə 
								və iqtisadi böhran şəraitində bu, çox böyük 
								nailiyyətdir".
								 
								
								Prezident Administrasiyasının rəhbəri indiki 
								şəraitdə fəlsəfənin və ümumiyyətlə, ictimai 
								elmlərin aktuallığının artdığını qeyd edərək 
								demişdir ki, bu salonda əyləşənlər qarşısında 
								daha bir mühüm vəzifənin həlli məsələsi dayanır. 
								Bugünkü müşavirə ictimai elmlərdə yaranmış 
								vəziyyətə və təhsil sahəsində qarşıda duran 
								problemlərin qısa zamanda həlli yollarının 
								müəyyən olunmasına həsr edilmişdir. Əsas 
								məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə 
								təhsildə, elmdə və ümumən intellektual sahələrdə 
								ciddi dönüş yaradılmalıdır.  
								
								Akademik Ramiz Mehdiyev mövcud problemlərin 
								həlli istiqamətində atılan addımlar sırasında 
								Prezident İlham Əliyevin Sərəncamı ilə 
								yaradılmış Azərbaycan Respublikasının Prezidenti 
								yanında Elmin İnkişafı Fondunu xüsusi qeyd 
								etmişdir. Fondun əsas məqsədi elmin müxtəlif 
								sahələrində aparılan araşdırmaların 
								səmərəliliyinin artırılmasını və dünya elm 
								məkanında Azərbaycan elminin layiqincə təmsil 
								olunmasını təmin etməkdir. Bundan əvvəl isə 
								dövlətimizin başçısı elmin inkişaf 
								strategiyasının əsas müddəalarını təsdiq 
								etmişdir.  
								
								Bildirilmişdir ki, Prezident İlham Əliyevin 
								YUNESKO-nun Baş direktoru Koişiro Matsuura ilə 
								əldə etdiyi razılıq əsasında beynəlxalq 
								ekspertlər qrupu Azərbaycan elminin idarə 
								edilməsi, maliyyələşdirilməsi və təşkilinə dair 
								hazırlıq işləri aparır. Bu ilin sonuna yekun 
								hesabat və təkliflər təqdim olunacaqdır. 
								 
								
								Akademik Ramiz Mehdiyev diqqətə çatdırmışdır ki, 
								milli mənəvi dəyərlərin qorunması indi ən ümdə 
								vəzifələrdən biridir. Lakin milli dəyərlərin 
								qorunub saxlanmasından danışarkən biz heç də 
								onların konservasiyasını nəzərdə tutmuruq. Biz 
								daim irəliyə, gələcəyə baxmalı, insani, maddi və 
								mənəvi resurslarımızı səfərbər etməliyik. 
								Millətin tarixi keçmişi onun gələcəyə doğru 
								uğurla addımlaması üçün həm zəmin, həm də ibrət 
								dərsidir. Yeni inkişaf yolunu müəyyən edən 
								strategiyada, sözsüz ki, varisliklə novatorluq 
								vəhdət təşkil etməlidir.  
								
								Prezident Administrasiyasının rəhbəri elm 
								sahəsində vəziyyəti ciddi təhlil etmişdir. Onun 
								sözlərinə görə, Milli Elmlər Akademiyasında və 
								ali məktəblərdə müxtəlif sahələr üzrə kifayət 
								qədər elmlər doktoru və elmlər namizədi 
								hazırlanmışdır. Azərbaycan müstəqilliyini bərpa 
								etdikdən sonrakı dövrdə isə belə bir vəziyyət 
								müşahidə olunur ki, həmin potensial zəruri 
								tədqiqatların aparılmasından uzaqdır və ümumən 
								ölkənin gələcək inkişaf strategiyasının elmi 
								əsaslandırılması baxımından, bir növ, 
								istifadəsiz qalmışdır. Bu gün elmə gələn bəzi 
								insanların əksər hallarda şəxsi keyfiyyətləri, 
								təhlil qabiliyyətləri dünya standartlarından 
								çox-çox uzaqdır. Beynəlxalq tərkibli elmi 
								şuralar yoxdur. Mövcud elmi şuralar öz 
								iclaslarında elmin müxtəlif sahələrinə həsr 
								olunmuş xüsusi müzakirələr keçirmirlər. Müdafiə 
								şuraları səviyyəsiz araşdırmalara, 
								dissertasiyaların müxtəlif yollarla yazılmasına 
								və müdafiəsinə, elmdən uzaq adamlara elmi 
								adların verilməsinə ciddi və tələbkarlıqla 
								yanaşmır, nöqsanlara göz yumurlar. Müdafiə 
								olunan dissertasiyaların böyük bir qisminin 
								sanballı elmi tutumu və yeni elmi 
								ümumiləşdirmələri yoxdur. çox təəssüf ki, belə 
								faktlar var və onların sayı azalmır, əksinə, 
								artır.  
								
								Prezident Administrasiyasının rəhbəri Ramiz 
								Mehdiyev çıxışının sonunda konkret təkliflərə də 
								toxunmuşdur. Qeyd olunmuşdur ki, Milli Elmlər 
								Akademiyasının hər bir institutu və ali 
								məktəblərin müvafiq qurumları ictimai və 
								humanitar elmlərlə bağlı öz inkişaf 
								konsepsiyasını və fəaliyyət proqramını altı ay 
								ərzində hazırlayıb Elmin İnkişafı Fonduna təqdim 
								etməlidir.  
								
								İkincisi, Milli Elmlər Akademiyası 2010-2015-ci 
								illərdə həyata keçiriləcək tədqiqatların 
								ümummilli proqramını hazırlamalıdır. Belə bir 
								real, ölkə həyatı ilə bağlı proqramın 
								maliyyələşməsini Azərbaycan dövləti təmin edə 
								bilər.  
								
								üçüncüsü, gənc tədqiqatçılar üçün kiçikhəcmli 
								qrantlar sistemi tərtib olunmalı və bununla 
								yanaşı, gənclərin elmə cəlb edilməsinə dair 
								konkret təkliflər işlənib hazırlanmalıdır. Bu 
								işi Təhsil, Gənclər və İdman nazirlikləri öz 
								üzərlərinə götürə bilərlər.  
								
								Dördüncüsü, Azərbaycan üçün ictimai və humanitar 
								elmlər üzrə prioritet sahələr müəyyən edildikdən 
								sonra xaricdə təhsil proqramı çərçivəsində elmi 
								kadrların magistratura və doktoranturada 
								hazırlığı müvafiq qurumların verdiyi təkliflər 
								əsasında Azərbaycan Respublikasının Prezidenti 
								yanında Təhsil üzrə Komissiya tərəfindən həyata 
								keçirilə bilər.  
								
								Nəhayət, Milli Elmlər Akademiyası Dağlıq Qarabağ 
								problemi ilə bağlı konseptual materialların 
								hazırlanması, tədqiqatların və monoqrafiyaların 
								çapı üçün xüsusi qrant ayıra bilər.  
								
								Mövzu ilə bağlı keçirilən müzakirələrdə təhsil 
								naziri Misir Mərdanov, MEA-nın prezidenti, 
								akademik Mahmud Kərimov, akademiyanın Ədəbiyyat 
								İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, 
								filosof-alim Zümrüd Quluzadə, akademiyanın 
								müxbir üzvləri, Nizami adına Ədəbiyyat Muzeyinin 
								direktoru Rafael Hüseynov, Səlahəddin Xəlilov və 
								Bakı Slavyan Universitetinin rektoru Kamal 
								Abdullayev, MEA-nın Şərqşünaslıq İnstitutunun 
								direktoru, professor Gövhər Baxşəliyeva, Ali 
								Attestasiya Komissiyasının sədri Arif Mehdiyev 
								fikirlərini bölüşmüş, təkliflərini bildirmişlər. 
								  
								
								
								AzərTAc |