| 
								
								
								Rayon icra hakimiyyətində keçirilən "dəyirmi 
								masa"da  bunun səbəbi təhsilə göstərilən qayğı 
								ilə izah olundu  
								
								Oxuculara vəd etdiyimiz kimi, redaksiyamız 
								dövlətimizin təhsil siyasətinin həyata 
								keçirilməsində rayon icra hakimiyyətlərinin 
								rolunu, bölgələrdə icra strukturlarının təhsilə, 
								təhsil işçilərinə göstərdikləri diqqət və 
								qayğını işıqlandırmaq üçün qəzetimizin 16-cı 
								sayından açılmış "Rayon icra hakimiyyəti və 
								təhsil" rubrikası altında materialların dərcini 
								davam etdirir. Bu mövzuda növbəti "dəyirmi masa" 
								noyabrın 17-də Ağcabədi rayonundakı Taxtakörpü 
								qəsəbəsində yerləşən Laçın Rayon İcra 
								Hakimiyyətində oldu.  
								 
								
								 Rayon icra hakimiyyəti və "Azərbaycan müəllimi" 
								qəzeti redaksiyasının birgə təşkil etdikləri 
								"dəyirmi masa"da Laçın Rayon İcra Hakimiyyətinin 
								başçısı Ramiz Cəbrayılov, rayon təhsil şöbəsinin 
								müdiri Şahlar Xəlilov, RTŞ metodmərkəzinin 
								direktoru Fazil Mirzəyev, rayonun bir qrup 
								qabaqcıl məktəb rəhbəri və müəllimi iştirak 
								edirdilər. "Dəyirmi masa"nı "Azərbaycan 
								müəllimi" qəzetinin şöbə redaktoru Y.Əliyev 
								açdı: 
								
								- 10 ildən çoxdur ki, ölkəmizdə təhsil sahəsində 
								vüsətli islahatlar həyata keçirilir. Təhsilin 
								inkişafına prioritet vəzifə kimi yanaşan 
								Azərbaycan Respublikasının Prezidenti cənab 
								İlham Əliyevin rəhbərliyi altında ölkədə 
								reallaşdırılan inkişafyönümlü proqramlar, dövlət 
								başçısının, habelə Heydər Əliyev Fondunun 
								prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı 
								səfiri, millət vəkili Mehriban Əliyevanın 
								təhsilə göstərdikləri xüsusi diqqət və  qayğı 
								nəticəsində son illər ölkəmizin təhsil 
								sistemində çox böyük irəliləyişlər baş vermiş, 
								mühüm uğurlar əldə olunmuşdur. 
								
								Təhsilin maddi bazasının yeniləşdirilməsi, 
								tədris müəssisələrinin pedaqoji kadrlarla, yeni 
								avadanlıqlarla, dərsliklərlə təminatı, yeni fənn 
								kurikulumlarının, müasir təlim metodlarının, 
								informasiya-kommunikasiya texnologiyalarının 
								tədrisə tətbiqi və bir sıra digər istiqamətlərdə 
								bölgələrimizdə də uğurlu addımlar atılmış, 
								diqqətçəkən müvəffəqiyyətlər qazanılmışdır. 
								Həmin işlərin yerlərdə əsas təşkilatçıları isə, 
								ilk növbədə, rayon icra hakimiyyətləridir. 
								Dövlətin təhsil siyasətinin yerlərdə həyata 
								keçirilməsi, təhsil müəssisələrində əlverişli 
								təlim mühitinin yaradılması, onların problem və 
								çətinliklərinin aradan qaldırılması, rəhbər 
								pedaqoji kadrlarla iş, məktəblərə, müəllimlərə 
								qayğı hazırda rayon icra hakimiyyətlərinin 
								fəaliyyətində vacib istiqamətləri təşkil edir. 
								Bildiyimizə görə, son iki ildə bu istiqamətdə 
								Laçın rayonunda da böyük işlər görülmüş, rayon 
								təhsilində illərlə mövcud olmuş bir çox 
								problemlər aradan qaldırılmış və ciddi uğurlar 
								qazanılmış, nəticədə Laçın təhsilində müsbətə 
								doğru böyük dönüş yaranmışdır. 
								
								"Dəyirmi masa"da məqsəd məhz bu məsələlər 
								ətrafında müzakirələr aparıb toplanmış müsbət 
								təcrübənin səbəblərini üzə çıxarmaq, onunla 
								oxucularımızı da tanış etməkdir. 
								
								Ramiz Cəbrayılov (Laçın Rayon İcra 
								Hakimiyyətinin başçısı): 
								
								- Mən, ilk növbədə, sizi salamlayır və Təhsil 
								Nazirliyinin, "Azərbaycan müəllimi" qəzeti 
								redaksiyasının "dəyirmi masa" tədbirini keçirmək 
								üçün bizim rayonu məqsədəuyğun saymasını Laçın 
								rayonuna, Laçın təhsilinə göstərilən diqqətin 
								bir nümunəsi saydığımızı bildirirəm. Tədbirimiz 
								rayonumuz üçün çox əlamətdar bir vaxtda 
								keçirilir. Bu yaxınlarda qocaman təhsil 
								ocaqlarımızdan biri olan Minkənd orta məktəbinin 
								120 illik yubileyi dövlət səviyyəsində qeyd 
								olunacaqdır. Təhsilimizə böyük qayğı göstərən 
								möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 
								şəxsən xeyir-duası ilə yubiley tədbirinin 
								hazırlanmasına artıq start verilib. Yeri 
								gəlmişkən qeyd edim ki, Ermənistanla sərhəddə 
								yerləşən  bir kənddə məktəbin 120 illik yubileyi 
								Azərbaycan tarixinin zənginliyindən, 
								torpağımızın qədimliyindən, Laçın ziyalılarının 
								böyüklüyündən xəbər verir. 
								
								Apardığımız qısa araşdırmalar göstərir ki, 
								Minkənd məktəbinin məzunlarından 11 nəfəri 
								elmlər doktoru, 17 nəfəri elmlər namizədidir. 
								Hələ mən məktəbin dövlət qulluğunda, inzibati 
								orqanlarda, təhsil sistemində rəhbər vəzifələrdə 
								çalışan çoxlu sayda adlı-sanlı məzunlarını 
								demirəm. Qarabağda torpaqlarımızın azad edilməsi 
								uğrunda gedən savaşlarda şəhid olmuş Milli 
								Qəhrəmanlarımızdan biri bu məktəbin məzunudur. 
								Bir faktı da xüsusi qeyd edim ki, Azərbaycan 
								Demokratik Cümhuriyyətinin fəaliyyətdə olduğu 
								dövrdə ilk müstəqil dövlətimizin nazirlərindən 
								ikisi - müdafiə naziri Xosrov bəy Sultanov və 
								təhsil-səhiyyə naziri Şahsuvar Nurməmmədov da 
								laçınlı olmuşlar. O dövrdə Bakı Dövlət 
								Universitetinin yaradılmasına təşəbbüs 
								göstərənlərdən biri olmuş Şahsuvar Nurməmmədov 
								məhz 120 illik yubileyini qeyd etməyə 
								hazırlaşdığımız Minkənd məktəbinin məzunu idi. 
								
								Hazırda ölkəmizdə bütün sahələrdə geniş 
								islahatlar aparılır. Ulu öndərimiz Heydər 
								Əliyevin əsasını qoyduğu təhsil sahəsində 
								islahat da möhtərəm Prezidentimiz İlham Əliyevin 
								rəhbərliyi altında böyük uğurla davam etdirilir. 
								Dövlət başçısının diqqət və qayğısı sayəsində 
								son illər ölkəmizdə məktəb tikintisi geniş vüsət 
								almışdır. Bu istiqamətdə qəbul olunmuş 
								proqramlar çərçivəsində Laçın rayonunda da yeni 
								məktəblərin tikilməsinə xüsusi diqqət yetirilir. 
								Son 10 ildə laçınlı köçkün uşaqlar üçün 10 yeni 
								məktəb binası, 48 əlavə sinif otağı tikilmişdir. 
								Məktəblərimizin maddi-texniki bazasının 
								möhkəmləndirilməsinə, onlarda bərpa və təmir 
								işlərinin aparılmasına 2008-ci ildən başlayaraq 
								daha ciddi fikir verilir. Əgər 1998-2007-ci 
								illər ərzində rayonun cəmi 8 orta məktəbində 
								əsaslı, 11 orta, 3 əsas və 1 ibtidai məktəbində 
								cari təmir işləri aparılmışdırsa, büdcə vəsaiti 
								hesabına 2007-ci ildə 8 orta, 5 əsas məktəbdə 
								əsaslı, 7 orta, 4 əsas, 1 ibtidai məktəbdə, 1 
								uşaq bağçasında və rayon təhsil şöbəsinin 
								inzibati binasında cari, 2009-cu ildə isə 9 orta 
								və 3 əsas məktəbdə əsaslı, 3 orta, 3 əsas və 1 
								ibtidai məktəbdə cari təmir işləri görülmüşdür. 
								
								2008-ci ildə rayonun 46 nömrəli orta məktəbi 
								üçün ABŞ səfirliyinin maliyyə dəstəyi ilə müasir 
								tələblərə cavab verən yeni məktəb binası, 10 
								nömrəli orta məktəbdə 2, 11 nömrəli orta 
								məktəbdə 6, Ağoğlan kənd orta məktəbində 1, 
								Biləcəri əsas məktəbində 2 əlavə sinif otaqları 
								tikilmiş, 2009-cu ildə Yaponiya səfirliyinin 
								maliyyə yardımı ilə Vağazin kənd 1 nömrəli orta 
								məktəbinin yeni binası inşa olunmuşdur. 
								
								Məktəblərin qızdırılması işində də dönüş 
								yaradılıb. Onlar hər il lazımi miqdarda 
								yanacaqla təmin olunur. 
								
								17 ildir ki, davam edən məcburi köçkün həyatı 
								bütün sahələrdə olduğu kimi, təhsildə də böyük 
								çətinliklər, problemlər yaradır. Hazırda Laçının 
								əhalisi ölkənin 59 rayonunda məskunlaşıb. Həmin 
								rayonların 32-də bizim məktəblər fəaliyyət 
								göstərir. ölkənin demək olar ki, bütün ərazisinə 
								səpələnmiş həmin məktəblərlə müntəzəm əlaqə 
								saxlamaq, problemləri ilə maraqlanmaq, onların 
								həllinə yardımçı olmaq asan məsələ deyil. Lakin 
								biz bu çətinliklərin öhdəsindən gəlməyə 
								çalışırıq. Son illərədək Laçın təhsilində 
								məktəblərin şəbəkəsi və şagird kontingenti ilə 
								bağlı çətin bir problemi həll etmiş, bu sahədə 
								illərlə davam edən nöqsanlara son qoymuşuq. 
								Məktəb şəbəkələrinin və şagird kontingentinin 
								optimallaşdırılması,     və "üM-1" hesabat 
								formalarının tərtibi və qəbulunda şəffaflığın 
								təmin olunması sahəsində əldə etdiyimiz 
								nəticələri böyük uğur kimi dəyərləndiririk. 
								
								Dövlətimiz, onun başçısı məcburi köçkün 
								rayonlara, o cümlədən Laçına böyük diqqət və 
								qayğı göstərir. Son bir ildə cənab Prezidentin 
								sərəncamı ilə rayon üzrə 14 nəfər fəxri adlara 
								və digər təltiflərə layiq görülüb. Təltif 
								olunanların arasında müəllimlər çoxluq təşkil 
								edir. Biz bunu cənab Prezident tərəfindən 
								rayonumuza, onun sadə insanlarına göstərilən 
								qayğı kimi qiymətləndiririk.  
								
								ötən il Laçın şəhərinin 85 illik yubileyinin 
								Bakıda dövlət səviyyəsində qeyd edilməsini, 
								eləcə də söhbətimizin əvvəlində qeyd etdiyim 
								Minkənd məktəbinin 120 illik yubileyinə 
								hazırlığı da ölkə başçısının laçınlılara 
								qayğısının təzahürü hesab edirik. 
								
								Rayonda təhsilin səviyyəsinin, keyfiyyətinin 
								yüksəldilməsinə ciddi fikir veririk. Tez-tez 
								məktəblərdə olur, pedaqoji kollektivlərlə 
								görüşlər keçiririk. çox sağ olsunlar, bu işdə 
								Təhsil Nazirliyinin rəhbərliyi də bizə dəstək 
								verir. ötən il dəvətimizlə təhsil naziri cənab 
								Misir Mərdanov bizimlə birlikdə paytaxtın 
								Buzovna və Binə qəsəbələrində yerləşən 2 orta 
								məktəbimizdə -Quşçu kənd və 46 nömrəli orta 
								məktəblərdə oldu. Nazir müavini İskəndər 
								İskəndərov yeni dərs ilinin ilk günü qəsəbəmizdə 
								oldu, buradakı məktəbə baş çəkdi. Bütün bunlar 
								təhsil işçilərinə ilhamverici təsir göstərir, 
								onları daha məsuliyyətlə çalışmağa, 
								tədris-təlimin keyfiyyətini yüksəltməyə sövq 
								edir. 
								
								Təhsil məsələləri rayon icra hakimiyyətinin 
								yığıncaqlarında müntəzəm müzakirə olunur. 
								Təhsilin keyfiyyətini hər vasitə ilə yüksəltməyi 
								fəaliyyətimiz üçün hədəf götürdüyümüzdən bu işə 
								kömək edən bütün təşəbbüsləri alqışlayır və 
								həyata keçirilməsinə yaxından dəstək veririk. Bu 
								işdə ziyalılarımızın gücündən istifadə edirik.  
								Son vaxtlar biz Minkənd məktəbinin 120 illik 
								yubileyinə hazırlıq çərçivəsində maraqlı bir 
								təşəbbüs irəli sürmüşük. ölkəmizin müxtəlif ali 
								məktəblərində çalışan laçınlı alimləri həftədə 
								bir dəfə rayonumuza dəvət edir, onlarla görüşlər 
								keçirir və həmin alimlərin rayon məktəblərində 
								nümunə dərsi keçmələrini təşkil edirik. 
								İndiyədək bir neçə tanınmış alimlə belə görüşlər 
								keçirilib. Xalqımızın görkəmli sənətkar 
								alimləri, Musiqi Akademiyası və Milli 
								Konservatoriyanın rektorları Fərhad Bədəldəyli 
								və Siyavuş Kərimi müxtəlif vaxtlarda rayonumuzda 
								olmuş, buradakı musiqi məktəbinin kollektivi ilə 
								görüşmüşlər.  
								
								Bütün görülmüş tədbirlər şagirdlərə müsbət, 
								ruhlandırıcı təsir göstərir, onlarda təhsilə, 
								oxumağa marağı artırır, nəticə etibarı ilə 
								təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olur. 
								
								Şahlar Xəlilov (Laçın Rayon Təhsil Şöbəsinin 
								müdiri, qabaqcıl təhsil işçisi): 
								
								- Məktəblərdə əlverişli təlim mühitinin 
								yaradılması, onların dərsliklərlə, əyani tədris 
								materialları ilə, kompüterlərlə təchiz olunması, 
								kadr təminatı sahələrində də son illər görülmüş 
								işlər nəticəsində vəziyyət xeyli yaxşılaşmışdır. 
								Belə ki, təkcə ötən dərs ili ərzində 
								məktəblərimizə 160 parta, 26 müəllim stolu, 45 
								kitab rəfi, 10 yazı lövhəsi, 89 adda 30616 nüsxə 
								bədii ədəbiyyat, 48 adda 39650 nüsxə dərslik, 
								ayrı-ayrı fənlərin tədrisinə aid 140 adda 39520 
								əyani vəsait götürülərək məktəblərə 
								çatdırılmışdır. 
								
								Cəmiyyətin hazırkı inkişaf səviyyəsi hər bir 
								gəncin kompüter savadına malik olmasını tələb 
								edir. Hazırda rayonun 41 ümumtəhsil məktəbində 
								134 kompüter vardır. Lakin bu, bizi qane etmir. 
								Ona görə də təhsil ocaqlarının İKT avadanlığı 
								ilə təchiz edilməsi işini yaxşılaşdırmaq üçün 
								Təhsil Nazirliyinə müraciət etmişik. 
								
								Birinci sinif şagirdlərinin dərsliklərlə, 
								məktəbli forması ilə təmin olunmasında Heydər 
								Əliyev Fondunun prezidenti, YUNESKO və 
								İSESKO-nun xoşməramlı səfiri, millət vəkili 
								Mehriban xanım Əliyevanın xüsusi rolu vardır.
								 
								
								Yeni dərs ili ərəfəsində Qaçqın və Məcburi 
								Köçkünlərin İşi üzrə Dövlət Komitəsi tərəfindən 
								rayonumuzun ümumtəhsil məktəblərinin ibtidai 
								sinif şagirdləri üçün 1537 dəst məktəbli forması 
								verilmişdir.  
								
								Hazırda rayon üzrə 132 ümumtəhsil məktəbi və 17 
								sinif fəaliyyət göstərir. Bu məktəb və 
								siniflərdə 11428 şagird təhsil alır.  
								
								Son iki ildə görülmüş tədbirlər nəticəsində 
								rayon məktəblərində təhsilin keyfiyyəti 
								hissolunacaq dərəcədə yüksəlmişdir. Bunu ötən 
								dərs ilinin sonunda keçirilmiş mərkəzləşdirilmiş 
								buraxılış imtahanlarının nəticələri də aydın 
								göstərir. XI siniflər üzrə buraxılış imtahanında 
								mənimsəmə göstəricimiz 82 faiz olub, cəmi 18 
								faiz şagird attestat ala bilməyib. 19 məktəbimiz 
								imtahanlarda 100 faizlik nəticə göstərib. 11 
								məktəbin göstəricisi 90 faizdən, 19 məktəbin 
								göstəricisi 80 faizdən yuxarı olmuşdur. 
								
								Rayon icra hakimiyyəti, onun başçısı Ramiz 
								Cəbrayılov cənabları təhsilə gündəlik qayğı 
								göstərir. Elə gün olmaz ki, Ramiz müəllim 
								bizimlə əlaqə saxlayıb hansısa bir məsələ ilə 
								maraqlanmasın, təhsilin müəyyən bir problemi ilə 
								əlaqədar məsləhətini, tövsiyəsini verməsin.
								 
								
								Y.Əliyev: - Təhsildə, onun keyfiyyətinin 
								yüksəldilməsində müəllimlərin rolu böyükdür. 
								Laçın rayonunun müəllimləri təhsilimizdə gedən 
								inkişafı, yeniləşməni necə qəbul edirlər? öz 
								ixtisas bilik və bacarıqlarını artırmaları, 
								təkmilləşmələri üçün onlara nə kimi şərait 
								yaradılıb? Müəllimlər son illər təhsilimizin ən 
								mühüm hadisələrindən biri olan yeni fənn 
								kurikulumlarına keçidi necə qarşılayıblar və bu 
								işə necə başlayıblar? İstərdik bunlar barədə 
								məlumat verəsiniz. 
								
								Fazil Mirzəyev (RTŞ metodmərkəzinin direktoru): 
								
								- Hazırda rayonumuzda pedaqoji işçilərin sayı 
								məktəbəqədər və məktəbdənkənar təhsil 
								müəssisələrində işləyənlər də daxil olmaqla 
								3000-ə yaxındır. Onlardan 2653-ü ümumtəhsil 
								məktəblərində çalışır. Fənn metodbirləşmələrinin 
								vasitəsi ilə müəllimlərin işlərinə kömək 
								göstəririk, ayrı-ayrı qabaqcıl fənn 
								müəllimlərinin iş təcrübəsinin yayılmasına 
								xüsusi diqqət yetirilir. ötən il 21 müəllim 
								ixtisasını artırmaq üçün AMİ və onun 
								filiallarına göndərilib. 
								
								Kurikulumların tətbiqinə də rayonumuzda 
								mütəşəkkil başlanıb. Bununla bağlı ötən dərs 
								ilində 174 müəllim birhəftəlik təlim 
								kurslarından keçib. Bu il isə 149 müəllimimiz 
								Təhsil Nazirliyinin keçirdiyi təlim kurslarının 
								dinləyicisi olub.  
								
								Rayonumuzda istedadlı şagirdlərlə işə də böyük 
								önəm verilir. İstedadlı şagirdlərin üzə 
								çıxarılması və onlarla işləmək üçün 82 
								müəllimimiz 36 saatlıq seminara cəlb edilmiş və 
								AMİ-də keçirilən həmin seminarda iştirak edərək 
								sertifikat almışdır. 
								
								ötən dərs ilində keçirilmiş fənn 
								olimpiadalarının rayon turunun I mərhələsində 
								496 şagirdimiz iştirak edib. Onlardan 145 nəfəri 
								II mərhələyə vəsiqə alıb. Bu mərhələdə fəallığı 
								və yüksək nəticələri ilə seçilən 5 nəfər isə 
								respublika turuna göndərilib. 
								
								Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 
								86-cı ildönümü ilə əlaqədar keçirilmiş 
								respublika inşa müsabiqəsində rayonumuzun 18 
								nömrəli məktəbinin şagirdi fərqlənib. RTŞ bu 
								mövzuda uşaq yaradıcılıq mərkəzi ilə birgə rəsm 
								müsabiqəsi keçirib. Müsabiqədə qalib gəlmiş 20 
								nömrəli məktəbin şagirdi T.İsmayılov adına 
								Respublika Uşaq Gənclər Yaradıcılıq Sarayında 
								təşkil olunmuş respublika turuna vəsiqə 
								qazanaraq orada III dərəcəli diplom alıb. ötən 
								il 4 istedadlı şagirdimiz seçilərək Təhsil 
								Nazirliyinin İstedad bankına yerləşdirilmək üçün 
								nazirliyə təqdim olunub. 
								
								Kurikulumlarla işləyən müəllimlərimizin 
								təcrübəsi öyrənilib yayılır, onlar arasında 
								müntəzəm təcrübə mübadilələri təşkil olunur. 
								
								Roza Cəbrayılova (Qarıqışlaq kənd orta 
								məktəbinin ibtidai sinif müəllimi, əməkdar 
								müəllim): 
								
								- Son iki ildə icra hakimiyyətinin rayonumuzun 
								təhsilinə, təhsil işçilərinə göstərdiyi qayğı 
								biz müəllimləri xeyli ruhlandırıb. ötən il mənim 
								də zəhmətim yüksək qiymətləndirilib və mənə 
								"Əməkdar müəllim" fəxri adı verilib. Əməyimə 
								verilən yüksək qiymət məni daha yaxşı işləməyə, 
								daha yüksək nəticələr əldə etməyə sövq edir. 
								
								İki ildir ki, yeni kurikulumlarla dərs keçirəm. 
								Yeni təhsil modelinin üstünlükləri çoxdur. 
								Şagirdlər öyrənilənləri yaxşı mənimsəyir, 
								dərslərdə fəal iştirak edirlər. Təlim 
								kurslarında öyrəndiklərim fəaliyyət prosesində 
								mənə çox kömək göstərir. Yeni dərslik 
								komplektləri ilə tam təmin olunmuşuq, heç bir 
								çətinliyimiz yoxdur. Lakin dərsdə istifadə üçün 
								tələb olunan resurslar, xüsusən də şəkillər, iş 
								vərəqləri azlıq edir. Bunu nəzərə alıb 
								məktəblərimizə daha çox əyani vəsaitlərin 
								göndərilməsini istərdik. 
								
								Ağayar İsmayılov (Milli Qəhrəman İsrafil 
								Şahverdiyev adına Ağanus kənd orta məktəbinin 
								direktoru, əməkdar müəllim): 
								
								- Məktəbimiz 1992-ci ildən Bərdədə fəaliyyət 
								göstərir. Artıq 50 ildir ki, bu məktəbin 
								direktoruyam. Son illər təhsilimizə göstərilən 
								qayğı bizim məsuliyyətimizi daha da artırıb. 
								Fəxr edirəm ki, bu gün Laçın təhsilinə böyük 
								qayğı göstərən rayonumuzun icra hakimiyyətinin 
								başçısı Ramiz müəllim mənim yetirməmdir. RTŞ 
								müdiri Şahlar Xəlilov da bizim məktəbin 
								məzunudur. Onların bizə qayğısına cavab olaraq 
								daha səylə çalışırıq. 28 nəfərdən ibarət işgüzar 
								pedaqoji kollektivimiz var. Məktəbimizdə ötən 
								ildən kompüter sinfi açmışıq. İxtisaslı  
								riyaziyyat-informatika müəllimimiz şagirdlərin 
								kompüter savadına yiyələnməsi üçün bütün 
								imkanlardan istifadə edir. 
								
								Məzunlarımızdan hər il ali məktəblərə daxil 
								olanlar olur. Bu il 3 məzunumuz ali məktəblərə, 
								1-i isə orta ixtisas məktəbinə qəbul olunub. 
								
								Telman Vəliyev (Taxtakörpü qəsəbə orta 
								məktəbinin direktoru): 
								
								- Mən uzun müddət təhsil şöbəsində müxtəlif 
								vəzifələrdə çalışmışam. Dövlət qulluğundan 
								pensiyaya çıxmışam. Doğrusu, işləmək istəmirdim. 
								Lakin son iki ildə rayonumuzun icra hakimiyyəti 
								başçısı Ramiz müəllimin təhsilimizin inkişafı 
								üçün gördüyü böyük işlər məni fikrimdən 
								daşındırdı. 
								
								Ramiz Cəbrayılov cənablarının təklifi ilə qısa 
								müddətdir ki, Taxtakörpü qəsəbə məktəbinə 
								rəhbərlik edirəm. Hazırda direktor olduğum 
								məktəb son vaxtlaradək rayonun geridə qalmış 
								təhsil ocaqlarından sayılırdı. Burada dərslər 
								çox zəif keçilirdi. Müəllimlərdə məsuliyyət 
								hissi azalmışdı. Müəllimlərin məsuliyyətini 
								artırdıq, tədris intizamını möhkəmləndirdik. 
								Artıq təhsil ocağımızda dönüş yaranıb. Bu 
								yaxınlarda IX-XI sinif şagirdləri ilə test 
								yoxlaması keçirdik və xeyli inkişaf getdiyinin 
								şahidi olduq. Nəticə 80 faizdir. 
								
								Lakin problemimiz də var. Bütün rayonda olduğu 
								kimi, bizim məktəbdə də ibtidai sinif 
								müəllimləri çoxluq təşkil edir. 9 ibtidai sinif 
								olduğu halda, 22 sinif müəllimimiz var. Onları 
								yerləşdirmək olmur. 
								
								Sədaqət Məhərrəmova (23 nömrəli məktəbin 
								direktoru): 
								
								- Millətimizin xoşbəxtliyi ondadır ki, təhsilə 
								yüksək qiymət verən ulu öndərimiz Heydər Əliyev, 
								onun layiqli varisi, ölkə Prezidenti İlham 
								Əliyev, Heydər Əliyev Fondunun prezidenti, 
								millət vəkili Mehriban Əliyeva kimi 
								şəxsiyyətləri var. Belə qayğının müqabilində 
								bütün imkanlarımızı səfərbər edərək Laçın 
								təhsilinin səviyyəsini yüksəltməyə çalışırıq. 
								
								Qarşıdan qış mövsümü gəlir. Məktəbimiz ona tam 
								hazırdır. Təhsilin keyfiyyətini yüksəltmək 
								hazırda fəaliyyətimizdə əsas yer tutur. Bu 
								məqsədlə müxtəlif tədbirlər həyata keçiririk. 
								Məktəbimizdə "Ayın ən yaxşı şagirdi", "Həftənin 
								ən yaxşı sinfi" müsabiqələri elan etmişik. Hər 
								həftənin sonunda siniflərə baxış keçirilir, 
								şagirdlərin davamiyyəti, müvəffəqiyyəti, sinfin 
								səliqə-sahmanı, tərtibatı və s. nəzərə alınmaqla 
								müsabiqələrə yekun vurulur. Qaliblər 
								müəyyənləşdirilərək hədiyyələrlə 
								mükafatlandırılır. Məktəbimizə kompüterlər 
								verilib. I siniflərdən tutmuş XI siniflərədək 
								bütün şagirdlərimiz onlardan istifadə edə bilir. 
								
								Əmiraslan Məmmədov (Qarakeçdi kənd 2 nömrəli 
								orta məktəbinin Azərbaycan dili və ədəbiyyat 
								müəllimi): 
								
								- 50 ildən artıqdır ki, Azərbaycan dili və 
								ədəbiyyat müəllimi işləyirəm. çoxillik zəhmətim 
								dövlətimiz tərəfindən layiqincə 
								qiymətləndirilib. "Tərəqqi" medalı ilə təltif 
								olunmuşam. Dərslərimdə müasir təlim 
								metodlarından geniş istifadə edirəm. Şagirdlərin 
								vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət 
								yetirirəm. Laçın 17 ildir ki, işğal olunub. Bu 
								gün məktəbdə oxuyan uşaqların çoxu Laçını 
								görməyib. Ona görə də onlara Vətənə məhəbbət 
								aşılamaq, Laçın haqqında canlı təsəvvür yaratmaq 
								biz müəllimlərin birinci dərəcəli vəzifəsidir. 
								
								Y.Əliyev: - Qayğı ilə tələbkarlığın 
								uzlaşması hər sahədə olduğu kimi, təhsildə də 
								inkişaf üçün, keyfiyyətli nəticələrin əldə 
								edilməsindən ötrü güclü stimuldur. Laçın Rayon 
								İcra Hakimiyyətinin müəllimlərə, təhsildə 
								fərqlənən şagirdlərə, ali məktəblərə qəbulda 
								yüksək bal toplayan məzunlara qayğısının yəqin 
								ki, təhsil sahəsində dönüşün yaranmasında az 
								rolu olmayıb. 
								
								Ramiz Cəbrayılov: - Düz deyirsiniz, 
								insanlara göstərilən qayğı, onlarla daim təmasda 
								olmaq hamıya ruhlandırıcı təsir göstərir və 
								adamları daha yaxşı işləməyə, oxumağa sövq edir. 
								Bunu nəzərə alaraq biz təhsil işçilərinin 
								əməyinin maddi və mənəvi stimullaşdırılmasına 
								xüsusi diqqət yetiririk. Son iki ildə 11 müəllim 
								bizim təqdimatımıza əsasən möhtərəm 
								Prezidentimiz tərəfindən fəxri adla və 
								medallarla mükafatlandırılıb, 2 nəfər "Qabaqcıl 
								təhsil işçisi" adına layiq görülüb. 21 müəllim 
								respublika Təhsil Nazirliyinin, 10 nəfər Laçın 
								Rayon İcra Hakimiyyətinin, 11 nəfər rayon təhsil 
								şöbəsinin fəxri fərmanları ilə təltif 
								edilmişdir. Bizim şəxsi təşəbbüsümüzlə nəinki 
								məcburi köçkünlük illərində, eləcə də rayonun 
								tarixində ilk dəfə olaraq ötən ilin aprelində 
								Taxtakörpü qəsəbəsində laçınlı ziyalılarla, may 
								ayında laçınlı ahıllar və qocalarla, keçən il və 
								bu ilin sentyabrında Bakı şəhərində Azərbaycan 
								Texniki Universitetində laçınlı tələbələrlə 
								görüşlər keçirilmişdir. 
								
								Hər il qəbul imtahanlarında 600-dən yüksək bal 
								toplayan tələbələrə noutbuklar hədiyyə verilir, 
								yaşlı müəllimlərimizin yubileyləri qeyd olunur. 
								Bütün bunlar təbii ki, təhsilin keyfiyyətinin 
								yüksəldilməsi istiqamətində görülən işlərin 
								səmərəli nəticələr verməsinə öz müsbət təsirini 
								göstərir. 
								
								Y.Əliyev: - Müzakirəmiz çox maraqlı 
								keçdi. Son illər Laçın təhsilində görülmüş işlər 
								və əldə olunan uğurlar, rayon icra 
								hakimiyyətinin təhsilə qayğısı ilə bağlı geniş 
								məlumat aldıq. "Dəyirmi masa"nın 
								təşkilatçılarına minnətdarlığımızı bildiririk. 
								Laçının təhsil işçilərinə əldə etdikləri dönüşü 
								daha da möhkəmləndirməyi, təhsilin keyfiyyətinin 
								yüksəldilməsi yolunda daha səmərəli fəaliyyət 
								arzulayırıq. |