| 
								
								Heydər Əliyev Fondu Yeni il və Dünya 
								Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 
								dekabrın 29-dan etibarən "Buta" sarayında uşaq 
								evləri və internat məktəblərindən, şəhid və 
								köçkün ailələrindən olan uşaqlar, eləcə də 
								təhsildə fərqlənən məktəblilər üçün üçgünlük 
								bayram şənliklərinə başlamışdır.  
								
								Bayram günləri Azərbaycanda "Uşaq ili" 
								çərçivəsində keçirilən sonuncu tədbirlərdən 
								biridir.  
								
								Uşaqların istirahətini mənalı keçirmələri, Yeni 
								il şənliyinin uşaqların qəlbində silinməz 
								xatirəyə çevrilməsi üçün Heydər Əliyev Fondu bu 
								dəfə də müvafiq tədbirlər görmüşdü. Şənlikdə 
								iştirak edən uşaqların paytaxtın Azneft 
								meydanından saraya təhlükəsiz gəlib-getməsini 35 
								avtobus təmin edir.  
								
								Tədbirin əvvəlində ümummilli liderimiz Heydər 
								Əliyevin müxtəlif illərdə Dünya 
								Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il 
								bayramlarında uşaqlarla bir yerdə olmasından 
								bəhs edən film nümayiş etdirildi.  
								
								Bayram şənliyində Şaxta baba, Qar qız, cizgi 
								filmləri personajlarının, nağıl qəhrəmanlarının 
								şən zarafatları, incəsənət ustalarının çıxışları 
								bayram ovqatını daha da artırdı. Rəqslərə 
								qoşulan, məharətlərini göstərən uşaqların 
								sevinci hədsiz idi.  
								
								Bayram şənliyində Azərbaycanda fəaliyyət 
								göstərən yerli və xarici uşaq təşkilatlarının, o 
								cümlədən talassemiya, hemofiliya və diabet 
								assosiasiyalarının üzvləri də iştirak etmişlər.
								 
								
								Tədbirdə uşaqlara Azərbaycan bəstəkarlarının 
								uşaq mahnılarından ibarət yeni disk hədiyyə 
								edilmişdir. Qənbər Hüseynlinin "Cücələrim", 
								Tofiq Quliyevin "Bahar bayramı", Oqtay 
								Zülfüqarovun "Əziz ana, can ana", Oqtay 
								Rəcəbovun "Uşaqlar sevinsin həmişə", Ağabacı 
								Rzayevanın "Kukla", Səid Rüstəmovun "Vətən", 
								Fikrət Əmirovun "Layla" mahnılarının daxil 
								edildiyi diskdə 16 populyar və sevilən nəğmə yer 
								almışdır. Tədbirin sonunda uşaqlara hədiyyələr 
								verilmişdir.  
								
								Uşaqlar üç saatadək davam edən şənlikdən 
								aldıqları unudulmaz təəssüratla ayrılmışlar.
								 
								
								
								AzərTAc |