| 
								
								Dekabrın 29-da Təhsil Nazirliyində 2009-cu ilin 
								yekunlarına dair mətbuat konfransı keçirildi. 
								
								Azərbaycan Respublikasının təhsil naziri Misir 
								Mərdanov konfransda iştirak edən kütləvi 
								informasiya vasitələri nümayəndələrini 
								salamlayaraq onları 31 Dekabr - Dünya 
								Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il 
								bayramı münasibətilə təbrik etdi. 
								
								Sonra təhsil naziri jurnalistlərin diqqətini 
								2009-cu ilin yekunlarına dair təqdimata cəlb 
								etdi. ölkə Prezidenti cənab İlham Əliyevin 
								təhsil sahəsinə daim xüsusi diqqətlə 
								yanaşmasından, təhsil işçilərinə xüsusi qayğı 
								göstərməsindən söz açan nazir bununla bağlı ilin 
								ən mühüm hadisələrini diqqətə çatdırdı. 
								Prezidentin təhsilin ayrı-ayrı sahələrinin 
								inkişafı üzrə imzaladığı sərəncamlar, yüksək 
								dövlət mükafatları, təltiflər, fəxri adlar və 
								fərdi təqaüdlərə layiq görülmüş təhsil işçiləri, 
								eləcə də istedadlı uşaq  və gənclər haqqında 
								məlumatların əks olunduğu slaydlar jurnalistlərə 
								təqdim olundu. 
								
								Təhsil naziri Misir Mərdanovun mətbuat 
								konfransındakı təqdimatında daha sonra bu 
								sahənin iqtisadiyyatı, informasiyalaşdırılması, 
								kadr təminatı, qiymətləndirmə sistemi, məktəb 
								infrastrukturunun inkişafı, ixtisasartırma 
								təhsili, məktəbəqədər, orta ümumtəhsil, orta 
								ixtisas, ali və məktəbdənkənar təhsil, 
								dərsliklərlə təminat, kurikulum islahatı, 
								beynəlxalq olimpiadalar və idman yarışlarında 
								əldə olunmuş nailiyyətlər, beynəlxalq əməkdaşlıq 
								sahəsində görülən işlər və s. haqqında ətraflı 
								məlumat verildi. Aydın oldu ki, təhsilə ayrılan 
								büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox 
								artaraq 2009-cu ildə 1,3 milyard manat təşkil 
								edib. Son 5 ildə təhsil işçilərinin əməkhaqqı 5, 
								tələbələrin təqaüdü 10 dəfə artıb. Bu illərdə 
								Azərbaycanda 450 min şagird yerlik 2 minədək 
								yeni məktəb binası tikilərək istifadəyə verilib. 
								2009-cu ildə 68 yeni məktəb binası və əlavə 
								korpus tikilib, 28 məktəb, 10 körpələr evi-uşaq 
								bağçası əsaslı təmir olunub və s. 
								
								Sonra nazir jurnalistlərin təhsilin müxtəlif 
								sahələri üzrə verilən çoxsaylı suallarını 
								cavablandırdı. Bununla da 2009-cu ilin 
								yekunlarına dair mətbuat konfransı başa çatdı.  
								
								
								Hicran ƏKBƏROVA |