| 
								
								Dekabrın 29-da Təhsil Nazirliyində "Azərbaycan 
								məktəbi" jurnalının  85 illik yubileyi ilə 
								əlaqədar  tədbir keçirildi. Tədbirdə nazirliyin 
								bütün aparat işçiləri ,Azərbaycanın tanınmız 
								ziyalıları və KİV nümayəndələri iştirak 
								edirdilər. 
								
								Tədbiri giriş sözü ilə təhsil naziri Misir 
								Mərdanov  açaraq bildirdi ki, bu gün buraya  bir 
								əsrə yaxın şərəfli  ömür  sürmüş, Azərbaycanın 
								maarif, təhsil, pedaqoji fikir və milli mətbuat 
								səhifələrində öz dəst- xətti ilə seçilən 
								"Azərbaycan məktəbi"  jurnalının 85 illik 
								yubileyinin keçirilməsi üçün toplaşmışıq.Hesab 
								edirəm ki, "Azərbaycan məktəbi"nin yubileyi 
								təhsilimizin tarixində əhəmiyyətli  hadisədir, 
								həm də təhsilimizin mühüm, mürəkkəb bir dövrünü 
								xatırladan şərəfli səhifələrdən biridir. 
								
								Azərbaycan təhsil sisteminin, Azərbaycan  
								maarifçiliyi və pedaqoji fikrinin daşıyıcısı 
								olan pedaqoji mətbuatımızın ön sıralarında gedən 
								" Azərbaycan məktəbi"nin əvəzsiz xidmətləri 
								təhsilimizin tarixinin ayrılmaz  tərkib 
								hissəsidir, deyən təhsil  naziri Misir Mərdanov 
								on il bundan əvvəl jurnalın 75 illik yubileyinin 
								təntənəli şəkildə keçirildiyini vurğuladı. İki 
								yubileyi ayıran onillik zaman kəsiyində müstəqil 
								Azərbaycan dövləti sürətlə inkişaf etmiş, dünya 
								ölkələri sırasında özünəməxsus layiqli yer 
								tutmuşdur.Əsası ümummilli liderimiz Heydər 
								Əliyev tərəfindən qoyulan və bu gün Prezident  
								İlham Əliyev tərəfindən uğurla həyata keçirilən 
								siyasət  nəticəsində ölkəmizdə siyasi sabitlik 
								və iqtisadiyyatın dinamik inkişafı bərqərar  
								olmuş, respublikada aparılan əsaslı, düşünülmüş 
								islahatlar öz bəhrəsini vermiş və bütün 
								sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi 
								dəyişikliklər əmələ gəlmişdir. 
								
								Təhsil naziri Misir Mərdanov  onu da qeyd etdi 
								ki, 85 il sərasər Azərbaycan maarifinin, 
								təhsilinin problemlərini öz  üzərinə götürən, 
								böyük pedaqoq alimlərin, qabaqcıl maarif 
								fədailərinin köməyilə elm, maarif ziyasını 
								Azərbaycan pedaqoji ictimaiyyəti arasında yaymaq 
								kimi şərəfli yol keçən "Azərbaycan məktəbi" 
								jurnalı bu günə kimi  həmişə öz stabil mövqeyi 
								ilə gənc mətbuat orqanlarımız üçün örnək 
								olmuşdur. 
								
								Təhsil naziri Misir Mərdanov bu yubiley 
								münasibətilə "Azərbaycan məktəbi" jurnalının 
								əməkdaşlarını təbrik etdi və redaksiya 
								heyətinin  qarşısında durun vəzifələrdən söz 
								açdı. 
								
								Sonra "Azərbaycan məktəbi" jurnalının  baş 
								redaktoru, filologiya elmləri namizədi, əməkdar 
								müəllim  Nəcəf Nəcəfov çıxışında dedi ki, 
								"Azərbaycan məktəbi"  jurnalı   ölkənin ən 
								mürəkkəb  zamanlarında təhsilimizə dayaq olmuş, 
								pedaqogikamızın, məktəbimizin keşiyində  duraraq 
								onu yad təsirlərdən qoruyub saxlamaq əzmindən 
								geri çəkilməmişdir.  
								
								Bildirməliyəm ki, indiyədək "Azərbaycan məktəbi" 
								jurnalına Rüstəm Hüseynov, Əkbər Mirzəyev, Əjdər 
								Ağayev və Zəhra  Əliyeva kimi respublikanın 
								tanınmış ziyalıları başçılıq etmişlər. 
								 
								
								Bu gün də "Azərbaycan məktəbi" jurnalı yüzlərlə 
								müəllimin dostu, həmkarı olmaqla, həm də yeni 
								fikirlərin, qabaqcıl təcrübənin, innovasiyalar 
								və texnologiyaların təbliğatçısı və tədqiqatçısı 
								kimi fəaliyyət  göstərir. 
								
								Tədbirdə iştirak edən  pedaqoji  elmlər doktoru, 
								professor Ə.Ağayev, pedaqoji elmlər doktoru, 
								professor Y.Kərimov, akademik H.Əhmədov  və 
								başqaları da "Azərbaycan məktəbi" jurnalının 85 
								illik yubileyi münasibətilə  öz ürək sözlərini 
								dedilər və jurnalın bütün əməkdaşlarını yubiley 
								münasibətilə təbrik etdilər.  
								
								Sonda təhsil naziri Misir Mərdanov yubiley 
								münasibətilə "Azərbaycan məktəbi" jurnalının baş 
								redaktoru Nəcəf Nəcəfova, baş redaktorun müavini 
								Nəsrəddin Musayevə respublikanın "Qabaqcıl  
								təhsil işçisi" döş nişanını və  bir qrup  
								əməkdaşa isə  Fəxri fərmanlar təqdim etdi.    
								
								
								Şakir CƏFƏROV |