| 
								
								Dekabrın 3-də Bakıda, "Buta" sarayında VI 
								Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış 
								mərasimi keçirilmişdir.  
								
								Mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev, 
								Milli Məclis sədrinin müavini Bahar Muradova, 
								xarici işlər nazirinin müavini, Azərbaycan 
								Diplomatik Akademiyasının rektoru, olimpiadaya 
								hazırlıq məqsədi ilə yaradılmış Elm Komitəsinin 
								rəhbəri Hafiz Paşayev, Milli Məclisin 
								deputatları, tanınmış elm xadimləri, xarici 
								ölkələrdən gəlmiş alimlər iştirak etmişlər.
								 
								
								İştirakçı dövlətlərin bayraqları səhnəyə 
								gətirilmiş və elan edilmişdir ki, olimpiada 15 
								yaşlı yeniyetmələr arasında fizika, kimya və 
								biologiya fənləri üzrə keçirilir. Olimpiadada 49 
								ölkədən 600-dən çox şagird və onların 
								müəllimləri iştirak edirlər.  
								
								Olimpiada Heydər Əliyev Fondu, İJSO 
								(International Junior Science Olympiad) və 
								Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 
								dəstəyi ilə keçirilir.  
								
								Tədbir Heydər Əliyev Fondunun prezidenti, 
								YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, 
								Milli Məclisin deputatı Mehriban xanım 
								Əliyevanın olimpiada iştirakçılarına ünvanladığı 
								təbrik məktubunun oxunması ilə başlanmışdır.
								 
								
								Təbrik məktubunu Heydər Əliyev Fondunun icraçı 
								direktoru Anar Ələkbərov oxumuşdur.  
								
								Məktubda bildirilir ki, ölkəmizdə "Uşaq ili" 
								elan edilmiş 2009-cu ilin belə nüfuzlu 
								beynəlxalq tədbirlə yekunlaşması olduqca fərəhli 
								bir hadisədir. Bizim üçün ən vacib meyarlardan 
								biri uşaqların, yeniyetmələrin sağlamlığı, 
								onların təhsili və layiqli vətəndaş kimi 
								formalaşmasıdır. Elm və təhsil gələcək 
								tərəqqinin ən mühüm amili kimi respublikamızda 
								xüsusi dövlət qayğısı ilə əhatə olunmuşdur. Bu 
								gün peşəkar milli kadrlarımızın bilik və 
								bacarıqları sayəsində ölkəmizdə uğurlu 
								islahatlar, yerli və beynəlxalq əhəmiyyətli 
								layihələr həyata keçirilir. Gələcəkdə 
								görəcəyimiz işlər də məhz bugünkü yeniyetmə və 
								gənclərimizin əldə edəcəyi bilik, bacarıq, 
								təcrübə və onların tətbiqi sayəsində mümkün 
								olacaqdır.  
								
								Məktubda daha sonra deyilir ki, Şərq və Qərb 
								mədəniyyətlərinin, müxtəlif sivilizasiyaların 
								qovuşduğu coğrafi məkanda, qədim Bakı şəhərində 
								elmin işığına toplaşmaq, fizika, kimya, 
								biologiya elmləri üzrə bilgilərinizi sınamaq 
								imkanı məhz siz yeniyetmələrə nəsib olmuşdur. 
								Beynəlxalq Elm Olimpiadasında əldə edəcəyiniz 
								qələbələr sizin üçün yaddaqalan hadisələrdən 
								olacaqdır. Hər birinizə uğurlar, qələbə 
								sevincləri, yeni elmi nailiyyətlər arzulayıram.
								 
								
								Gənclər və idman naziri Azad Rəhimov 
								bildirmişdir ki, tarixin müxtəlif dövrlərində 
								görkəmli alimlərimiz, filosoflarımız dünya 
								elminin inkişafına öz töhfələrini vermişlər. 
								Müasir dövrdə də məşhur alimlərimiz öz elmi 
								ixtiraları və kəşfləri ilə dünya elminə xidmət 
								etməkdədirlər.  
								
								Prezident İlham Əliyevin yeniyetmələrin VI 
								Beynəlxalq Elm Olimpiadasının keçirilməsi ilə 
								bağlı imzaladığı müvafiq sərəncamın əhəmiyyətini 
								xüsusi vurğulayan nazir demişdir ki, ölkə 
								rəhbərliyi bu sahəyə xüsusi diqqət yetirir. 
								Dövlətimizin başçısı gənclərin elmə marağının 
								artırılması, onların yaradıcılıq potensialının 
								üzə çıxarılması və bu istiqamətdə beynəlxalq 
								əməkdaşlığın genişləndirilməsinə daim önəm 
								verir.  
								
								A.Rəhimov demişdir ki, ölkəmizdə olimpiadanın 
								yüksək səviyyədə keçirilməsi üçün nizamnaməyə 
								uyğun olaraq bütün işlər ardıcıllıqla həyata 
								keçirilmişdir. Olimpiadanın təşkilat və elm 
								komitələri yaradılmış, icra strukturu təsdiq 
								edilmişdir. Daha sonra 60-dan artıq ölkəyə rəsmi 
								dəvət məktubları göndərilmişdir. Olimpiada 
								haqqında ətraflı məlumatlar əldə etmək məqsədi 
								ilə rəsmi İnternet səhifəsi (www.ijso2009.az) 
								hazırlanıb istifadəyə verilmişdir.  
								
								Aidiyyəti qurumların nümayəndələrinin iştirakı 
								ilə olimpiadaya yüksək səviyyədə hazırlıqla 
								bağlı işçi qrupu yaradılmış, tədbirin loqotipi 
								və şüarı təsdiq edilmişdir.  
								
								İl ərzində olimpiadaya gələn qonaqların 
								qarşılanması, tədbir və gəzintilər zamanı 
								müşayiət edilməsi üçün 100-dək könüllü 
								müəyyənləşdirilmiş, onlar üçün xüsusi təlimlər 
								təşkil olunmuşdur.  
								
								Azad Rəhimov demişdir ki, bu tədbirin 
								Azərbaycanda keçirilməsi olduqca fərəhli haldır. 
								Olimpiada ayrı-ayrı ölkələrdən gəlmiş 
								yeniyetmələr arasında əsl elm və dostluq 
								körpüsünə çevriləcəkdir. İştirakçılar 
								Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və 
								xalqımızın qonaqpərvərliyi ilə yaxından tanış 
								olacaqlar.  
								
								Bakıda, gözəl məkanda gəncləri salamlamaqdan 
								məmnunluğunu vurğulayan xarici işlər nazirinin 
								müavini, Azərbaycan Diplomatik Akademiyasının 
								rektoru, olimpiadaya hazırlıq məqsədi ilə 
								yaradılmış Elm Komitəsinin rəhbəri Hafiz Paşayev 
								demişdir ki, intellektli, savadlı yeniyetmələrin 
								əhatəsində olmaq xoşdur. Bu gənclərin iştirakı 
								ilə keçirilən belə möhtəşəm bilik yarışı xalqlar 
								arasında dostluq əlaqələrinin inkişafına təkan 
								verir. İnanıram ki, olimpiada iştirakçıları 
								Azərbaycandan vətənlərinə çox böyük təəssüratla 
								dönəcəklər.  
								
								H.Paşayev bildirmişdir ki, yeniyetmələr arasında 
								elm olimpiadasının fizika, kimya və biologiya 
								fənləri üzrə keçirilməsi təsadüfi deyildir. Biz 
								bu fənləri fundamental elm olaraq 
								müəyyənləşdirmişik. çünki bu fənlər istənilən 
								elm sahəsinin bünövrəsində durur. Hər bir 
								millət, cəmiyyət bu sahələrə diqqət 
								yetirməlidir.  
								
								Azərbaycan Prezidentinin elm sahəsinə, təhsilə, 
								xüsusilə də gənclərin hərtərəfli inkişafına daim 
								diqqətlə yanaşdığını deyən Hafiz Paşayev indiki 
								yarışmanın bu cəhətdən son dərəcə əhəmiyyətli 
								olduğunu vurğulamışdır. Bu olimpiada bilikli 
								gənclərin üzə çıxarılmasında, onların 
								inkişafında xüsusi əhəmiyyət kəsb edəcəkdir. 
								İnanıram ki, bu gənclər olimpiada üçün seçilmiş 
								elm sahələrinə töhfə verəcəklər. Bu olimpiada 
								onların gələcək uğurları üçün də olduqca 
								əhəmiyyətlidir.  
								
								Olimpiadanın Elm Komitəsinin rəhbəri kimi sizi 
								əmin edə bilərəm ki, biz bu yarışmanı çox ciddi 
								qəbul edirik. Azərbaycanın 30-dək tanınmış 
								mütəxəssisinin iştirakı ilə yaradılmış Elm 
								Komitəsi tərəfindən olimpiadanın fizika, kimya 
								və biologiya fənləri üzrə test, nəzəri və 
								eksperiment-təcrübə tapşırıqları hazırlanmışdır. 
								Alimlərimiz tərəfindən 500-ə yaxın çalışma 
								tərtib edilmişdir.  
								
								Hər bir iştirakçıya uğurlar arzulayan Hafiz 
								Paşayev demişdir ki, burada qalib gəlmək məqsəd 
								deyil, əsas məqsəd iştirak etmək, dostlar tapmaq 
								və öz biliyini artırmaqdır.  
								
								VI Beynəlxalq Elm Olimpiadasının prezidenti 
								Masna Gintinq tədbirin iştirakçı ölkələr 
								arasında əlaqələrin inkişafı baxımından böyük 
								əhəmiyyətə malik olduğunu qeyd etmişdir. O əmin 
								olduğunu bildirmişdir ki, olimpiadanın 
								iştirakçıları Bakıdan öz vətənlərinə xoş 
								təəssüratlarla qayıdacaqlar.  
								
								M.Gintinq Prezident İlham Əliyevin Azərbaycanda 
								elm və təhsilə, eləcə də gənclərə göstərdiyi 
								diqqət və qayğını yüksək qiymətləndirmişdir.
								 
								
								Natiq bildirmişdir ki, Azərbaycan bu tədbirə ev 
								sahibliyi edən ilk Avropa ölkəsidir. Növbəti 
								olimpiada Nigeriyada keçiriləcəkdir. Beləliklə, 
								olimpiada bütün qitələri əhatə edəcəkdir. 
								M.Gintinq iştirakçıların yaş həddinin 15 
								olmasına aydınlıq gətirərək vurğulamışdır ki, 
								əsas məqsəd şagirdlərdə texniki fənlərə maraq 
								oyatmaqdır. Yuxarı sinif şagirdləri bu 
								olimpiadadan ali məktəblərə imtahansız daxil 
								olmaq imkanı qazanmaq üçün istifadə edirdilər. 
								Biz də iştirakçıların yaş həddini azaltmaq 
								qərarına gəldik.  
								
								Azərbaycan Milli Elmlər Akademiyasının 
								prezidenti Mahmud Kərimov bildirmişdir ki, bu 
								olimpiada yeniyetmələr, gənclər və gənc alimlər 
								üçün olduqca əhəmiyyətlidir. Bu elm olimpiadası 
								iştirakçılara öz biliklərini sınamağa imkan 
								yaradır və gələcəkdə ixtisaslı kadrların 
								yetişməsinə təkan verir.  
								
								Şübhəsiz, bu olimpiadanın iştirakçıları olan 
								yeniyetmələr həyatlarını elmə həsr edəcək və öz 
								ölkələrinin tərəqqisi naminə yorulmadan 
								fəaliyyət göstərəcəklər.  
								
								AMEA-nın prezidenti olimpiadanın Bakıda 
								keçirilməsinin iştirakçıların Azərbaycanla 
								yaxından tanışlığı, xüsusilə də dövlətlərarası 
								əməkdaşlığın daha da inkişafı baxımından xüsusi 
								əhəmiyyətə malik olduğunu vurğulamışdır. 
								 
								
								Təhsil naziri Misir Mərdanov demişdir ki, 
								olimpiadanın Azərbaycanda keçirilməsi ölkəmizdə 
								mövcud olan sabitlik və dinamik iqtisadi 
								inkişafın, xüsusilə də Prezident İlham Əliyev və 
								Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım 
								Əliyeva tərəfindən elm və təhsilə göstərilən 
								diqqət və qayğının nəticəsidir.  
								
								M.Mərdanov həmçinin qeyd etmişdir ki, 
								olimpiadada çoxsaylı nümayəndələrin iştirak 
								etməsi Azərbaycanda gedən inkişaf proseslərinin 
								bütün dünyada yayılması baxımından əhəmiyyətli 
								rol oynayacaqdır.  
								
								Tədbir gənc musiqiçilərin geniş konsert proqramı 
								ilə davam etmişdir.  
								
								Olimpiadaya dekabrın 11-də yekun vurulacaqdır.  
								
								
								AzərTAc  |