| 
								
								Dekabrın 2-də Lənkəran şəhərinin "Sultan" 
								sarayında Lənkəran  Dövlət  Humanitar Kollecinin 
								85 illiyinə həsr edilmiş "Təhsildə 
								innovasiyalar" mövzusunda respublika  elmi- 
								praktiki konfrans keçirildi.Tədbir iştirakçıları 
								əvvəlcə  şəhərin Heydər Əliyev parkında ulu 
								öndərin abidəsi önünə gül dəstələri düzərək 
								xatirəsini ehtiramla yad etdilər. Sonra qonaqlar 
								Heydər Əliyev Muzeyində, Dövlət Humanitar 
								Kollecində və humanitar təmayüllü 4 nömrəli 
								məktəb-liseydə oldular.  
								
								Tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra 
								Hakimiyyətinin başçısı Süleyman  Mikayılov   
								açaraq, kollecin 85 illik yubileyi münasibətilə 
								təhsil ocağının müəllim və tələbə kollektivini 
								təbrik etdi,  xalqımızın ümummilli lideri 
								Heydər  Əliyevin  və onun layiqli davamçısı 
								Prezident  İlham Əliyevin ölkədə təhsilin 
								inkişafına göstərdikləri əvəzsiz qayğı və 
								diqqətdən danışdı. 
								
								Lənkəran  Dövlət Humanitar Kollecinin direktoru 
								Cahangir İbrahimov  təhsil ocağının 85 ildə 
								keçdiyi yola nəzər salaraq qeyd etdi ki, kollec  
								pedaqoji kadr hazırlığı istiqamətində fəaliyyət 
								göstərən tədris müəssisəsidir. Burada ibtidai və 
								əsas təhsil pilləsi üçün 11 ixtisas üzrə kadr 
								hazırlanır. 
								
								Bildirdi ki, 85 il ərzində kolleci 52 min məzun 
								bitirmişdir. Onların  arasında respublikanın 
								adlı-sanlı  adamları, alimləri,əməkdar 
								müəllimləri vardır.  
								
								Cənub bölgəsinin 7 rayonunun - Astara, Lənkəran, 
								Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar 
								təhsil işçilərinin iştirak etdiyi konfransda  
								təhsil naziri Misir Mərdanov "Regionlarda 
								təhsilin inkişaf perspektivləri" mövzusunda 
								məruzə  ilə çıxış etdi. 
								
								Cənub bölgəsindəki təhsil müəssisələrinin 
								fəaliyyətini təhlil edən Misir Mərdanov regionda 
								ümumi orta təhsildə, ali və orta ixtisas 
								məktəblərində qazanılmış uğurlardan və mövcud 
								problemlərdən danışdı, məktəbəqədər  təhsil 
								müəssisələrinin və peşə təhsilinin inkişafı və 
								digər məsələlərlə bağlı qarşıda duran 
								vəzifələri  tədbir iştirakçılarının nəzərinə  
								çatdırdı. 
								
								Nazir bildirdi ki, bu gün  Lənkəran Dövlət 
								Humanitar Kollecinin 85  yaşı tamam olur. ölkə  
								üçün müəllim  kadrlarının hazırlanmasında 
								qocaman təhsil ocağının xidmətləri  böyükdür. 
								Ona görə də bu kollec respublikanın  digər 
								təhsil ocaqları sırasında özünəməxsus layiqli 
								yer tuta bilib. 
								
								Hazırda Azərbaycan  təhsilində gedən qlobal 
								dəyişikliklərə, yeniləşmə prosesinə toxunan 
								nazir  Misir Mərdanov qeyd etdi  ki, Lənkəran 
								Dövlət Humanitar Kollecinin tarixinin bir çox  
								parlaq səhifələri müstəqilliyimizlə bağlı 
								olmuşdur. Belə ki, burada orta ixtisas 
								təhsilinin məzmununda da dəyişikliklər 
								aparılaraq ixtisas və istiqamətlər üzrə yeni 
								dövlət standartları tətbiq edilmiş və maddi 
								tədris bazası müasir tələblər səviyyəsinə 
								çatdırmışdır. 
								
								Təhsil naziri Misir Mərdanov  çıxışının sonunda  
								85-illik yubiley  münasibətilə kollecin  
								müəllim-tələbə kollektivini ürəkdən təbrik etdi 
								və onlara gələcək fəaliyyətlərində  yeni-yeni 
								uğurlar arzuladı. 
								
								Elmi-praktik konfransda, həmçinin Azərbaycan 
								Dövlət Pedaqoji Universitetinin rektoru, 
								professor Yusif Məmmədovun "İnnovasiyalar və 
								pedaqoji kadrların hazırlanması", Milli Məclisin 
								deputatı, professor Nizami Cəfərovun 
								"Azərbaycanda təhsil dili: problemlər, 
								mülahizələr" və Bakı Pedaqoji Kadrların 
								İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun 
								rektoru, professor Asəf Zamanovun "Fasiləsiz 
								təhsil sistemi və innovasiyalar" mövzularında 
								məruzələri dinlənildi.  
								
								Tədbirdə Milli Məclis sədrinin  birinci müavini  
								Ziyafət Əsgərov, Yeni  Azərbaycan Partiyası  
								icra  katibinin müavini, Milli Məclisin deputatı 
								Siyavuş Novruzov, Milli Məclisin Sosial Siyasət  
								Komitəsinin sədri Hadi Rəcəbli və başqaları da 
								çıxış edərək yubiley münasibətilə kollecin 
								kollektivini təbrik etdilər. 
								
								Lənkəran rayonunun təhsil işçilərini əlamətdar  
								hadisə münasibətilə  təbrik edən təhsil naziri 
								Misir Mərdanov bildirdi ki, Prezident İlham 
								Əliyevin  16 noyabr 2009-cu il tarixli sərəncamı 
								ilə respublikada təhsilin inkişafındakı 
								xidmətlərinə görə bir qrup təhsil  işçisi 
								medallarla və fəxri adlarla təltif edilmişlər. 
								Həmin sərəncama əsasən Lənkəran  Dövlət 
								Humanitar Kollecinin direktoru Cahangir  
								İbrahimov "Azərbaycan Respublikasının əməkdar 
								müəllimi" fəxri adına və  kollecin Azərbaycan 
								dili və ədəbiyyat müəllimi Elduzə İsmayılova isə 
								"Tərəqqi" medalına layiq görülmüşlər. 
								
								Təhsil naziri Misir Mərdanov müvafiq sənədi və 
								medalı sahiblərinə təqdim etdi.Kollecin bir qrup 
								müəlliminə də Təhsil Nazirliyi və şəhər icra 
								hakimiyyəti tərəfindən Fəxri fərmanlar və 
								qiymətli hədiyyələr verildi.   
								
								Sonda Nəcəf bəy Vəzirov adına  Lənkəran Dövlət 
								Dram Teatrında  kollecin 85 illik yubileyinə 
								həsr olunmuş konsert oldu. 
								
								  
								
								
								Şakir CƏFƏROV  |