| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								Hörmətli oxucular, ötən məqalədə müstəqillik 
								illərində dərslik yaradıcılığının birinci 
								mərhələsi barədə məlumat vermişdim, bu məqalədə 
								ikinci mərhələ üzrə həyata keçirilmiş tədbirləri 
								diqqətinizə çatdırmaq istərdim.  
								
								
								Təhsil Nazirliyi hər il nəşri planlaşdırılmış 
								dərsliklərin üzərində işləmək üçün işçi qrupları 
								yaradılması ilə yeni bir ənənənin əsasını 
								qoymuşdur. İşçi qruplarının tərkibinə ayrı-ayrı 
								fənlər üzrə ən yaxşı müəllimlər cəlb olunur, 
								işçi qrupu tərəfindən dərsliklər ciddi təhlil 
								edilir, onların rəy və təklifləri əsasında 
								müəlliflərlə birlikdə düzəlişlər aparılır. Eyni 
								zamanda bu prosesdə iştirak edən müəllimlər 
								rəsmi rəyçilər kimi çıxış edirlər. Nəşrə 
								hazırlanarkən dərsliklər bilavasitə onlarla 
								tədris aparan müəllimlərlə birlikdə müzakirə 
								olunur, müəllimlərin təklifləri və tövsiyələri 
								dinlənilir. Sonradan həmin təklif və tövsiyələr 
								də dərsliklərin yeni nəşrlərində nəzərə alınır.
								 
								
								
								Təhsil Nazirliyi bütün bu illər ərzində 
								ümumtəhsil məktəbləri üçün proqram və 
								dərsliklərin hazırlanması işinin 
								yaxşılaşdırılması istiqamətində mühüm işlər 
								görərək irəliləyişlər əldə etsə də, bununla 
								kifayətlənməmiş, paralel olaraq bu sahədə 
								dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsini 
								öyrənmiş, təhlil etmiş, düşünülmüş siyasət 
								hazırlamışdır. Əlbəttə, bu siyasətin 
								reallaşdırılması üçün kompleks tədbirlərin 
								həyata keçirilməsi, müəyyən normativ sənədlərin 
								yaradılması vacib idi. Düşünürəm ki, bu 
								istiqamətdə görülən işlərə nəzər salmaq maraqlı 
								olardı. 
								
								
								İlk növbədə, Azərbaycan Respublikası Nazirlər 
								Kabinetinin 19 mart 2004-cü il tarixli, 56 
								nömrəli sərəncamına uyğun olaraq dövlət 
								ümumtəhsil məktəblərinin I-XI sinif 
								şagirdlərinin dövlət vəsaiti hesabına 
								dərsliklərlə təmin olunması işini tənzimləmək 
								məqsədilə hazırlanan "Dərsliklərin nəşri, çapı 
								və paylanması qaydaları" 8 dekabr 2004-cü il 
								tarixli, 3103 nömrəli Şəhadətnamə ilə Ədliyyə 
								Nazirliyində qeydiyyata alındı. 
								
								
								2005-ci ildə qeyri-hökumət təşkilatlarının 
								nümayəndələri də cəlb olunmaqla "ümumi təhsil 
								sistemində dərslik siyasəti" sənədi hazırlanaraq 
								Azərbaycan Respublikası Nazirlər Kabineti ilə 
								razılaşdırıldıqdan sonra nazirliyin 
								23.01.2006-cı il tarixli, 33 nömrəli əmrilə 
								təsdiq edildi. Qeyd edək ki, ümumi təhsil 
								sistemində dərslik siyasəti Azərbaycan 
								hökumətinin fəaliyyətinin prioritet 
								istiqamətlərindən biridir. "ümumi təhsil 
								sistemində dərslik siyasəti" sənədində bu 
								siyasətin əsas prinsipləri, dərsliklərin 
								məzmununa verilən əsas tələblər, dərsliklərin 
								dili, Dərslikləri Qiymətləndirmə Şurası, yeni 
								dərsliklərin yaradılması, təsdiqi və nəşri, 
								müəllif və nəşriyyatların hüquqları, 
								dərsliklərin alınması və şagirdlərə 
								çatdırılması, dərslik fondu, elektron 
								dərsliklər, dərslik siyasətinin həyata 
								keçirilməsində Təhsil Nazirliyinin funksiyaları, 
								təhsil orqanları və məktəblərin vəzifələri 
								ətraflı izah olunur. Əsas yeniliklərdən biri də 
								budur ki, yeni yaranan dərsliklər yalnız 
								Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən 
								ekspertizadan keçirilib müsbət 
								qiymətləndirildiyi halda, nazirliyin əmri ilə 
								təsdiq olunur. Sənədə əsasən "Dərslikləri 
								Qiymətləndirmə Şurasının Əsasnaməsi", 
								"Dərsliklərin qiymətləndirilməsi meyarları", 
								"Yeni dərsliklərin yaradılması qaydaları" və 
								"Dərsliklərin texnoloji və gigiyenik 
								standartları" sənədləri hazırlanmış, Təhsil 
								Nazirliyinin müvafiq əmrləri ilə təsdiq 
								edilmişdir. 
								
								
								"ümumi təhsil sistemində dərslik siyasəti" 
								sənədinin əsas müddəalarından biri ondan 
								ibarətdir ki, dərsliklər əvvəlki kimi subyektiv 
								mülahizələrə əsasən formal deyil, təsdiq olunmuş 
								konkret meyarlara əsasən qiymətlərdirilir. Bu 
								mexanizm dərslik müəllifliyi sahəsində 
								inhisarçılığın aradan qaldırılmasına, müsabiqəyə 
								təqdim olunan dərsliklərin seçiminin obyektiv 
								aparılmasına imkan yaratmaqla yanaşı, onların 
								fənn kurikulumlarına uyğunluğunu təmin edir. 
								
								
								Digər mühüm məsələ yeni dərsliklərin komplekt 
								şəklində nəşr edilməsi idi. Bu, dərslik 
								hazırlığına tamamilə yeni yanaşma olmaqla 
								bərabər, təhsil prosesinin əsas iştirakçıları 
								olan şagirdlər, müəllimlər və valideynlər üçün 
								son dərəcə əhəmiyyətli bir addımdır. Komplektə 
								daxil olan dərslik şagirdlərin təlim marağını 
								gücləndirir, onları axtarışlara, yeni məlumatlar 
								əldə etməyə sövq edir, məntiqi və yaradıcı 
								təfəkkürü inkişaf etdirir, tətbiqi xarakter 
								daşımaqla zəruri həyati bacarıqların 
								formalaşdırılmasına zəmin yaradır, fəndaxili və 
								fənlərarası inteqrasiya imkanlarını 
								genişləndirir, fəal təlim şəraitinin 
								yaradılmasını tələb edir, şagirdlərin fərqli 
								idraki imkanlarının nəzərə alınmasına şərait 
								yaradır. 
								
								
								Müəllim üçün vəsait isə müəllimlərdə motivasiya 
								yaratmaqla yanaşı, onların yaradıcılıq və 
								təşəbbüskarlığını artırır, hər bir dərsə daha 
								fərdi yanaşmasına imkan verir, tədris prosesini 
								daha səmərəli və maraqlı qurmasına imkan 
								yaradır. 
								
								
								Yeni dərslik siyasətinə uyğun olaraq hazırlanmış 
								dərslik komplekti valideynlər üçün də böyük 
								əhəmiyyətə malikdir. Belə ki, əgər əvvəllər 
								valideynlər öz mülahizələrinə əsasən və 
								bacarıqları çərçivəsində övladlarının təlimində 
								iştirak edirdilərsə, indi onların bu prosesdə 
								iştirakı daha ardıcıl, məqsədyönlü və sistemli 
								olur.     
								
								
								Dərslik siyasəti sənədi və onun əlavələrinin 
								təsdiqi böyük bir işin başlanğıcı idi. Əlbəttə, 
								ilk vaxtlar dərsliklərin qiymətləndirilməsinin 
								şəffaf və dəqiq aparılması təcrübəsi yox idi və 
								bu işin öyrənilməsi çox vacib idi. Məhz bu 
								məqsədlə qabaqcıl dünya ölkələrinin bu 
								istiqamətdə təcrübələri araşdırıldı. Dərslikləri 
								qiymətləndirmə mexanizmi və təcrübəsi olan 
								Türkiyə Respublikasında qiymətləndirilmənin 
								öyrənilməsi məqsədilə bu ölkəyə tədris səfərləri 
								təşkil edildi. Onu da qeyd etmək lazımdır ki, 
								tədris səfərləri dərslikləri qiymətləndirmə 
								sahəsində praktik bacarıqların əldə edilməsində, 
								bu sahədə çalışanların səriştələrinin 
								artırılmasında müstəsna rol oynadı. Məhz bu 
								təcrübə sonradan Dərslikləri Qiymətləndirmə 
								Şurasının ciddi qərarlar qəbul etməsinə zəmin 
								yaratdı. 
								
								
								1999-cu ildən aparılan islahatlar və dünya 
								təcrübəsi göstərirdi ki, dərsliklər yeni, daha 
								səmərəli məzmun və forma tələb edir. Aparılan 
								məqsədyönlü islahatlar nəticəsində inkişaf etmiş 
								ölkələrin təcrübəsi Azərbaycana "gəlir", tətbiq 
								edilir və uğur qazanırdı. Müşahidə və 
								araşdırmalar göstərirdi ki, biz təhsilin 
								məzmununda daha ciddi islahatlar aparmalıyıq. 
								Məhz bu məqsədlə Azərbaycan Respublikası 
								Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il 
								tarixli, 233 nömrəli qərarı ilə "Azərbaycan 
								Respublikasında ümumi təhsilin Konsepsiyası 
								(Milli Kurikulum)" təsdiq edildi və 2008-2009-cu 
								dərs ilindən ümumtəhsil məktəblərinin I 
								siniflərində həmin kurikulum əsasında 
								hazırlanmış dərslik komplektlərinin tətbiqinə 
								başlanılması nəzərdə tutuldu. Bu məqsədlə 
								mətbuatda açıq tender elanı verildi. Bütövlükdə 
								13 adda dərslik, 21 adda müəllim üçün metodik 
								vəsait və 15 adda şagirdlər üçün iş dəftərinin 
								hazırlanması qarşıda dururdu. Yeni qaydalara 
								görə, dərslik və müəllimlər üçün vəsaitlər 
								dövlət vəsaiti hesabına nəşr olunaraq məktəblərə 
								verilməli, iş dəftərləri isə nəşriyyatların 
								maliyyə vəsaiti hesabına çap olunmaqla satışa 
								verilməliydi. 
								
								
								Qeyd olunmalıdır ki, I sinif dərslik 
								komplektlərinin hazırlanması bizim üçün bir 
								sınaq idi. Kurikulumun yeniliyi, müəllif və 
								nəşriyyatların yeni və ciddi işbirliyi, 
								qiymətləndirmənin yeniliyi, qiymətləndiricilərin 
								təcrübəsinin ilkinliyi, dərslik müəlliflərinin 
								bütün bu məsələlərə münasibəti və bundan irəli 
								gələn anlaşılmazlıqlar bizi narahat etməyə 
								bilməzdi. Lakin nazirliyin bütün bu işlərə 
								bacardıqca ciddi və bir qədər soyuqqanlı 
								yanaşması, cəmiyyətdə tamamilə yeni ovqat, yeni 
								münasibət formalaşdırırdı. Qiymətləndirmənin 
								nəticələri cəmiyyətə, bir növ, mesaj verdi ki, 
								yeni meyarlar, yeni yanaşmalar müəlliflərə yox, 
								şagirdlərə, onların şəxsiyyət kimi 
								yetişmələrinə, uğurlu nəticələrinə hesablanır. 
								Əlbəttə, qiymətləndirmənin nəticələrindən narazı 
								qalanlar da oldu ki, bu da təbiidir və 
								başadüşüləndir. 
								
								
								Məsuliyyətlə deməliyik ki, ekspert qrupları 
								dərslikləri qiymətləndirərkən tam obyektiv, 
								müstəqil qərarlar qəbul etmişlər. Bu prosesdə 
								bacarıqlı müəlliflər meydana çıxdı. Biz buna, 
								həqiqətən, sevinirik. çünki artıq 
								dərsliklərimizə yeni nəfəs, yeni ideya gəlir. 
								Lakin hər bir yenilik, adətən, çətinliklə 
								qarşılanır. Köhnə metodlar bu gün nə şagirdin, 
								nə də müəllimlərimizin ehtiyacını ödəmir. Amma, 
								yeri gəlmişkən qeyd edim ki, biz keçmiş dərslik 
								müəlliflərinin təcrübəsinə də hörmətlə 
								yanaşırıq. 
								
								
								Bununla belə, bu gün I sinif dərsliklərinin 
								uğurları bizim üçün daha vacibdir. Əlbəttə, 
								həmin dərsliklərin qüsurlarını da bilirik və 
								bütün zamanlarda olduğu kimi, gələcəkdə bu 
								qüsurların aradan qaldırılacağı şübhəsizdir. Həm 
								də, I sinif dərslik komplektlərinin 
								qiymətləndirilməsindən və istifadəsindən keçən 
								bir il müddətində aparılan monitorinq və 
								müzakirələr gələcək işlərimizə korrektələr 
								edilməsini, təcrübənin daha da artırılmasının 
								vacibliyini göstərdi. Odur ki, böyük bir 
								heyətdən ibarət işçi qrupu yenidən Türkiyə və 
								Litvada olaraq həmin respublikaların 
								qiymətləndirmə və ümumiyyətlə, dərslik hazırlığı 
								təcrübəsini öyrəndi, ekspertlər üçün treninq və 
								seminarlar keçirdi və onları daha da 
								maarifləndirdi. Bu təcrübə II sinif 
								dərsliklərinin qiymətləndirilməsində özünü 
								qabarıq şəkildə göstərdi. 
								
								
								2008-2009-cu dərs ilində respublikanın 
								ümumtəhsil məktəblərinin I və III-XI sinifləri 
								üçün 102 adda, 2009-2010-cu tədris ilində II və 
								V-XI sinifləri üçün 87 adda dərslik və müəllim 
								üçün vəsait dövlət hesabına nəşr edilərək 
								şagirdlərin istifadəsinə verilmişdir. 
								
								
								Onu da qeyd edim ki, yeni dərslik 
								komplektlərinin tətbiqi vəziyyəti bizi daim 
								düşündürür. Bununla əlaqədar Təhsil Nazirliyi 
								müntəzəm monitorinqin aparılması istiqamətində 
								tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri 
								də cari ildə "Siqma" İnkişaf və Beynəlxalq 
								Əməkdaşlıq Tədqiqatlar Mərkəzi tərəfindən 
								2008-2009-cu tədris ilində I siniflərdə yeni 
								kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı 
								sosioloji sorğu keçirilməsi, nəticələrin 
								ictimaiyyətə təqdim olunmasıdır. 
								
								
								Mərkəzin apardığı sorğunun əsas məqsədi 
								2008-2009-cu tədris ilində I siniflərdə istifadə 
								edilmiş kurikulumların və dərsliklərin 
								keyfiyyətində müsbət və ya mənfi cəhətlərin 
								aşkar edilməsi, eyni zamanda bu sahədə tətbiq 
								edilmiş yeni dərslik siyasətinin səmərəliliyinin 
								qiymətləndirilməsi və gələcəkdə reallaşdırılması 
								üçün optimal mexanizmin işlənilərək sınaqdan 
								keçirilməsi olmuşdur. Sorğu prosesi müvafiq 
								sənədlərin təhlili və empirik araşdırma elmi 
								üsullarının tətbiq olunması ilə həyata 
								keçirilmişdir. Kəmiyyət cəhətdən qiymətləndirmə 
								üçün iki əsas hədəf qrupu seçilmişdir: 
								2008-2009-cu tədris ilində I siniflərdə işləyən 
								943 nəfər müəllim və həmin tədris ilində I 
								siniflərdə oxuyan şagirdlərin 1380 nəfər 
								valideynləri cəlb olunmaqla 2323 müsahibə 
								götürülmüşdür. Keyfiyyət cəhətdən 
								qiymətləndirmədə 2 üsuldan - dərinləşmiş 
								müsahibələr və fokus qruplarda müzakirələrdən 
								istifadə edilmişdir.  
								
								
								Sorğunun nəticələrinə əsasən yeni dərsliklərə 
								müasirlik meyarı üzrə yüksək qiymət verilmiş, 
								onların əyanilik, düzgünlük, fəndaxili 
								inteqrasiya və fənlərarası infeqrasiya kimi 
								xüsusiyyətlərə görə əvvəlki dərsliklərdən xeyli 
								üstün olması müəyyən edilmişdir. Müəllimlər belə 
								hesab etmişlər ki, yeni dərsliklər yalnız iki 
								meyar üzrə - təlim vaxtına uyğunluq və şagirdin 
								yaş xüsusiyyətlərinin nəzərə alınmasına görə 
								təkmilləşdirilməlidirlər. Əlbəttə, nəşriyyatlar 
								və müəlliflər aparılmış tədqiqatın nəticələrini 
								nəzərə almalıdırlar. 
								
								
								ölkənin ümumi təhsil sistemində dərslik 
								siyasəti, əlbəttə, ilk növbədə, Təhsil 
								Nazirliyi, onun müvafiq strukturları, müəlliflər 
								qrupu və nəşriyyatlar tərəfindən həyata 
								keçirilir. Burada əsas məqsəd məktəbliləri 
								müasir standartlara uyğun bilik, bacarıq və 
								vərdişlərə yiyələnən, vətəninə, xalqına, onun 
								adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri 
								dəyərlər zəminində formalaşan, fiziki və mənəvi 
								cəhətdən sağlam, müstəqil həyata hazır və 
								demokratik düşüncəli vətəndaşlar kimi 
								yetişdirməkdir. Bu məqsədlərə nail olmaq üçün 
								dərsliklərlə yanaşı, digər əlavə vasitələrə - 
								dərs vəsaitlərinə, əlavə oxu materiallarına, 
								xəritələrə, digər əyani vəsaitlərə həmişə olduğu 
								kimi, bu gün də ehtiyac duyulur. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 
								"Azərbaycan dilində latın qrafikası ilə kütləvi 
								nəşrlərin həyata keçirilməsi haqqında"  2004-cü 
								il 12 yanvar və "2005-2006-cı illərdə Azərbaycan 
								dilində latın qrafikası ilə çapı nəzərdə tutulan 
								əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 
								2004-cü il 27 dekabr tarixli sərəncamlarına 
								uyğun olaraq, son dörd il ərzində klassik və 
								müasir Azərbaycan və dünya ədəbiyyatının ümumi 
								sayı 9 milyon nüsxədən artıq ədəbi nümunələri 
								nəfis şəkildə nəşr olunmuş, ölkə 
								kitabxanalarına, o cümlədən məktəb 
								kitabxanalarına hədiyyə edilmişdir. Bu iş bu gün 
								də müvəffəqiyyətlə davam etdirilir. Məktəb 
								kitabxanalarına verilmiş bu əsərlər hesabına 
								hazırda şagirdlərin sinifdənxaric oxu üzrə 
								ehtiyacları ödənilir. 
								
								
								2006-cı ildə Dünya Bankının maliyyə yardımı ilə 
								həyata keçirilən Təhsil Sektorunun İnkişaf 
								Layihəsi çərçivəsində 18 adda 846 min nüsxə 
								"Uşaq Ensiklopediyası" çap olunmuş, ümumtəhsil 
								məktəb kitabxanalarına paylanılmışdır. Bundan 
								əlavə, ümumtəhsil məktəblərinin ciddi ehtiyacı 
								nəzərə alınaraq 19 adda 351595 xəritə çap 
								edilərək məktəblərə verilməklə tədris xəritələri 
								ilə təminat əsasən ödənilmişdir. 
								
								
								2008-ci ildə Heydər Əliyev Fondunun və Təhsil 
								Nazirliyinin birgə layihəsi əsasında hazırlanmış 
								15 fənn üzrə 140 adda 1,4 milyon nüsxə tədris 
								vəsaitləri çap olunmuş, ümumtəhsil məktəblərinin 
								istifadəsinə verilmişdir. 
								
								
								Təhsil Nazirliyi ölkəmizdən kənarda yaşayan 
								soydaşlarımızın təhsili qayğısına da qalır. Belə 
								ki, xarici ölkələrdə təhsil alan 
								həmvətənlərimizin ibtidai sinif dərslikləri və 
								V-XI siniflər üçün "Azərbaycan dili", 
								"Ədəbiyyat", "Azərbaycan tarixi" və "Azərbaycan 
								coğrafiyası" dərslikləri ilə təmin edilməsinə 
								xüsusi diqqət yetirir. 1994-cü ildən etibarən 
								Gürcüstanın təlim Azərbaycan dilində olan 
								məktəbləri I-XI sinif dərslikləri və dərs 
								ləvazimatları ilə təmin edilirlər. 1998-2008-ci 
								illər ərzində Gürcüstanın təlim Azərbaycan 
								dilində olan məktəblərinə Azərbaycan hökumətinin 
								hədiyyəsi kimi 457128 nüsxə I-XI sinif dərsliyi 
								göndərilmişdir. 
								
								
								Analoji olaraq Gürcüstan hökuməti də 
								respublikamızın təlim gürcü dilində olan 
								məktəblərinin dərslik və digər təlim 
								vəsaitlərilə təminatına mütəmadi olaraq yardım 
								göstərir. 1998-2008-ci illər ərzində Gürcüstanın 
								Təhsil və Elm Nazirliyi tərəfindən Qax, Balakən 
								və Zaqatala rayonlarının gürcüdilli 
								məktəblilərinə 57645 nüsxə dərslik və digər 
								tədris ləvazimatları verilmişdir. 
								
								
								Dağıstanın Azərbaycan məktəblərinə isə humanitar 
								yardım kimi bu illər ərzində 71950 nüsxə dərslik 
								göndərilmişdir. Xarici ölkələrdə yaşayan 
								soydaşlarımızın səfirliklər vasitəsilə 
								müraciətlərinə əsasən indi Amerika, Hollandiya, 
								Macarıstan, İngiltərə, Kanada, Rusiya, Ukrayna, 
								Belarus, Almaniya və Orta Asiya 
								respublikalarında fəaliyyət göstərən "Bazar 
								günü" məktəblərinə də hər il dərslik və dərs 
								vəsaitləri göndərilir. 
								
								
								Azərbaycan Respublikası Prezidenti cənab İlham 
								Əliyevin "Azərbaycanda kitabxanaların 
								fəaliyyətinin yaxşılaşdırılması haqqında" 20 
								aprel 2007-ci il tarixli sərəncamına əsasən 
								məktəb kitabxanalarının maddi-texniki bazasının 
								möhkəmləndirilməsinə və müasir informasiya 
								texnologiyaları ilə təchizatına diqqət 
								artırılmışdır. 
								
								
								Beləliklə, müstəqillik illərində ümumi təhsilin 
								məzmunca milli və ümumbəşəri dəyərlər əsasında 
								yeniləşdirilməsi, ümumtəhsil məktəbləri üçün 
								yeni proqram və dərsliklərin hazırlanması, nəşri 
								və təhsil müəssisələrinin onlarla ahəngdar 
								təminatı ölkədə aparılan təhsil islahatının 
								prioritet istiqaməti kimi hər zaman dövlətin 
								diqqət mərkəzində olmuş, mərhələlərlə I-XI sinif 
								şagirdlərinin dövlət vəsaiti hesabına 
								dərsliklərlə təminatına keçilmiş və ümumiyyətlə, 
								dərslik hazırlığı sahəsində əhəmiyyətli 
								nailiyyətlər qazanılmış, məktəb kitabxanalarının 
								təminatının yaxşılaşdırılması istiqamətində 
								uğurlar əldə edilmişdir. 
								
								
								ümumi təhsil sistemində dərslik siyasətinin 
								qəbul olunması və kurikulumların tələblərinə 
								uyğun yeni nəsil dərsliklərin hazırlanması 
								prosesinə start verilməsi ilə, faktiki olaraq, 
								dərslik hazırlığı sahəsində üçüncü mərhələnin 
								əsası qoyulmuşdur. Bu mərhələdə ardıcıl olaraq 
								bütün dərsliklərin Milli Kurikulum əsasında 
								hazırlığı davam etdiriləcəkdir.      
								
								
								
								(Ardı var)   
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının  
								təhsil naziri, fizika-riyaziyyat  
								elmləri doktoru, professort   |