| 
								
								
								Xəbər verdiyimiz kimi, Azərbaycan 
								Respublikasının təhsil naziri, professor Misir 
								Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti 
								noyabrın 24-25-də Gürcüstanda 2 günlük səfərdə 
								olub. Nümayəndə heyətinə Təhsil Nazirliyinin 
								şöbə müdirləri İlham Mustafayev, Faiq Şahbazlı, 
								Təhsil Problemləri İnstitutunun direktoru 
								Abdulla Mehrabov, Qax Rayon Təhsil Şöbəsinin 
								məsləhətçisi Şarmazi Tartaraşvili, Zaqatala 
								Rayon Əliabad qəsəbə 2 nömrəli orta məktəbinin 
								direktoru Tərlan Rəcəbov daxil idilər.  
								
								Hava limanında nümayəndə heyətini Azərbaycan 
								Respublikasının Gürcüstandakı fövqəladə və 
								səlahiyyətli səfiri Namiq Əliyev, Gürcüstanın 
								təhsil və elm naziri Nika Qvaramiya və 
								nazirliyin əməkdaşları qarşıladıqdan sonra 
								Gürcüstanın Təhsil və Elm Nazirliyində 2 saatdan 
								artıq işgüzar görüş keçirildi.   
								
								Gürcüstanın təhsil və elm naziri Nika Qvaramiya 
								nümayəndə heyətini bir daha salamlayaraq 
								ölkəsinin təhsil sistemi, burada həyata 
								keçirilən islahatlar barədə ətraflı məlumat 
								verdi, Azərbaycan Respublikası Prezidentinin 
								Gürcüstana daim diqqətlə yanaşdığının, 
								Gürcüstandakı təlim Azərbaycan dilində olan 
								məktəblərin dərslik, dərs vəsaiti və digər 
								tədris ləvazimatları ilə təminatına köməyin, 
								eləcə də Qax, Zaqatala və Balakən rayonlarının 
								təlim gürcü dilindəki məktəblərinə həssas 
								münasibətin Gürcüstanda böyük hörmət hissi ilə 
								qarşılandığını xüsusi vurğuladı. O qeyd etdi ki, 
								bu hər iki ölkə başçısının apardığı siyasətin, 
								dostluq və qarşılıqlı hörmətin inkişaf 
								etdirilməsi əsasında mümkün olmuşdur.  
								 
								
								Bununla belə, Nika Qvaramiya Gürcüstan 
								məktəblərinin, o cümlədən təlim Azərbaycan 
								dilində olan məktəblərin təmiri, maddi-texniki 
								təchizatı və müəllim kadrları ilə təminatında 
								çətinliklərin də olduğunu vurğuladı. 
								
								Azərbaycanın təhsil naziri, professor Misir 
								Mərdanov gürcüstanlı həmkarına səmimi 
								qarşılanmaya görə təşəkkürünü bildirdikdən sonra 
								Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil 
								sahəsində də aparılan islahatlardan, bu işin ilk 
								nəticələrindən söhbət açdı. Nazir Gürcüstanın 
								təhsil sistemində aparılan ciddi dəyişiklikləri 
								tərəqqi kimi qiymətləndirərək bu işlərdə 
								həmkarına yeni uğurlar arzuladı. Sonra Misir 
								Mərdanov Gürcüstandakı Azərbaycan məktəblərinin 
								problemləri barədə danışdı. O, Azərbaycan 
								məktəblərinin sayının ilbəil azalmasından, bu 
								məktəblərə Azərbaycan dilini bilməyən digər 
								millətlərin nümayəndələrinin direktor təyin 
								edilməsindən, bir sıra məktəblərdə ixtisaslı 
								milli kadrların olmamasından, tədris proqramında 
								gürcü dilinə ayrılan saatların azlığından, ali 
								məktəblərdə azərbaycandilli kadr hazırlığının 
								aparılmamasından, Gürcüstandakı təlim Azərbaycan 
								dilində olan məktəblərdə işləyən müəllimlərin 
								ixtisasartırma təhsili sahəsində iş 
								aparılmamasından, Gürcüstanın Təhsil və Elm 
								Nazirliyində azərbaycanlı mütəxəssislərin 
								çalışmaması ilə bağlı azərbaycanlı müəllimlərin 
								üzləşdiyi çətinliklərdən, Gürcüstandakı  təlim 
								Azərbaycan dilində olan məktəblərdə Azərbaycan 
								tarixi və Azərbaycan coğrafiyası, eyni zamanda 
								Azərbaycanda fəaliyyət göstərən təlim gürcü 
								dilində olan məktəblərdə Gürcüstan tarixi və 
								Gürcüstan coğrafiyası fənlərinin tədris 
								edilməməsindən, şagirdlərin dərsliklərlə 
								təminatının qədərincə ödənilməməsindən və digər 
								bu kimi məsələlərdən narahatlığını bildirdi və 
								konkret təkliflərini səsləndirdi.  
								
								Məsələlər ətrafında müzakirələr aparıldı. 
								
								Noyabrın 25-də təhsil naziri Misir Mərdanov və 
								Gürcüstanın təhsil və elm naziri Nika Qvaramiya 
								ulu öndər Heydər Əliyevin Tbilisi şəhərində 
								ucaldılmış büstünü ziyarət etdilər. Sonra 
								Tbilisi şəhərindəki 73 nömrəli təlim  Azərbaycan 
								dilində olan məktəbin və qonşuluqdakı təlim 
								gürcü dilində olan məktəbin müəllim və 
								şagirdləri ilə görüşən Azərbaycan nümayəndə 
								heyəti və digər qonaqlar həmin tədris ocaqları 
								ilə yaxından tanış olub, onların maddi-texniki 
								təchizatının vəziyyəti ilə maraqlandılar. 
								 
								
								Daha sonra Azərbaycan nümayəndə heyəti və 
								qonaqlar Marneuli rayonuna gələrək Resurs 
								Mərkəzində oldular və ötən il orta və əsas 
								məktəbləri yüksək nailiyyətlərlə bitirmiş 
								şagirdlərin 3 nömrəli məktəbdə təltifolunma 
								mərasiminə qatıldılar. Sevindirici haldır ki, 
								həmin məzunlardan qızıl medala layiq görülən iki 
								şagirdin ikisi də azərbaycanlıdır. Mərasimdə 
								Azərbaycan Respublikasının təhsil naziri Misir 
								Mərdanov nitq söyləyib soydaşlarımızın bu 
								uğurlarından qürur duyduğunu bildirdi. 
								 
								
								Marneuli şəhər 8 nömrəli orta məktəbinə gələn 
								nazir Misir Mərdanov kollektivlə görüşərək 
								onları dinlədi və işlərində uğurlar arzuladı.
								 
								
								Nümayəndə heyətinin Marneuli şəhərində yerləşən 
								Heydər Əliyev adına Gürcüstan - Azərbaycan 
								Humanitar Universitetinin müəllim və tələbələri 
								ilə görüşü də maraqlı keçdi. Bu universitetin 
								rəhbərliyi təhsil ocağının akkreditasiyası ilə 
								bağlı məsələni hər iki nazirin diqqətinə 
								çatdırdı və problemin həlli ilə əlaqədar 
								köməklik göstərilməsini xahiş etdi.  
								
								Nazirlər və onları müşayiət edən heyət 
								Qızılhacılı kənd əsas məktəbinə də gələrək 
								burada görülmüş işlərlə yaxından tanış oldular.
								 
								
								Həmin gün Dmanisi rayonuna səfər edildi. Təlim 
								Azərbaycan dilində olan Donisi kənd əsas 
								məktəbinin kollektivi ilə görüşən nümayəndə 
								heyəti daha sonra Dmanisi şəhərində Heydər 
								Əliyev Fondunun köməyi ilə yaradılan kompüter 
								mərkəzində oldu. Bundan sonra təlim gürcü 
								dilində aparılan orta məktəbdə fəaliyyət 
								göstərən gürcü dilinin intensiv tədris edildiyi 
								Resurs Mərkəzində müəllimlərlə görüşən nazir 
								Misir Mərdanov dinləyicilərə dövlət dilinin 
								öyrənilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini 
								bildirdi və öz tövsiyələrini verdi.   
								
								Bütün görüşlərdə soydaşlarımız Azərbaycan 
								Respublikasının təhsil nazirinin Gürcüstan 
								təhsil müəssisələrinə gəlişini müsbət 
								qiymətləndirərək belə səfərlərin ölkələrimiz 
								arasında elm və təhsil sahəsində mövcud olan 
								səmərəli əməkdaşlığın daha da inkişaf 
								etdirilməsinə layiqli töhfələr verəcəyinə və 
								bütövlükdə Gürcüstanda yaşayan azərbaycanlıların 
								problemlərinin həllinə müsbət təsir edəcəyinə 
								ümidvar olduqlarını bildirdilər. 
								
								Azərbaycanın və Gürcüstanın təhsil nazirləri 
								səfərin nəticələrindən məmnunluqlarını 
								bildirərək gələcəkdə əməkdaşlığın və belə 
								işgüzar səfərlərin faydalı olacağına 
								əminliklərini ifadə etdilər.  
								
								Sonda Misir Mərdanov gürcüstanlı həmkarına 
								qonaqpərvərliyə və əməkdaşlığa görə təşəkkürünü 
								bildirdi və onu Azərbaycana işgüzar səfərə dəvət 
								etdi.  
								
								
								Faiq ŞAHBAZLI,Təhsil Nazirliyinin şöbə müdiri
 |