| 
								
								
								Heydər Əliyev təhsil haqqında  
								
								 - 
								 Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin 
								həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. 
								
								-  Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara 
								təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər 
								bir insan gərək eyni zamanda vətəndaş olsun. 
								Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, 
								millətinə sadiq, ənənələrinə sadiq, xalqına 
								sadiq vətəndaş olsun. 
								
								-  Bizdə təhsil çox inkişaf edibdir. 
								Azərbaycanda, demək olar ki, təhsil almayan adam 
								yoxdur. 
								
								-  Bir müstəqil dövlət olaraq özümüzün təhsil 
								sistemimizi istədiyimiz kimi qururuq. İndiyə 
								qədər yaranmış təməlin üzərində Azərbaycan 
								təhsili, məktəbi bundan sonra daha da 
								təkmilləşəcəkdir. 
								
								-  İndi dərs alan uşaqlar, gənclər gərək mütləq 
								və mütləq bizim yeni dərsliklər əsasında 
								oxusunlar. 
								
								-  Milli ideologiyamızı hər yerdə tətbiq etmək 
								üçün məktəblərdə Azərbaycan xalqının tarixinin 
								tədrisinə çox ciddi fikir vermək lazımdır... 
								Gənclərimiz öz tarixini, öz tarixi keçmişini 
								gərək yaxşı bilsinlər. çünki mənəviyyatımız, 
								gənclərin bugünkü və gələcək mənəviyyatı bununla 
								bağlıdır. 
								
								-  Azərbaycanın ali məktəblərinin, təhsil 
								sisteminin səviyyəsini qaldırmalıyıq. Eyni 
								zamanda dünyanın inkişaf etmiş ölkələrinin, 
								yüksək səviyyəli universitetlərin, institutların 
								imkanlarından Azərbaycanın gələcəyi, dəyərli 
								kadrlar hazırlanması üçün bundan sonra da 
								səmərəli istifadə etməliyik. 
								
								-  Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla 
								iştirak etmək üçün insan müasir tələblərə uyğun 
								olan təhsilə  malik olmalıdır. Təhsil də daim 
								təkmilləşdirilməlidir. Bütün bunlar Azərbaycanın 
								təhsil işçilərinin üzərinə düşən vəzifələrdir. 
								
								-  Təhsil sistemi Azərbaycanın gələcəyini təmin 
								edən bir sistemdir. Hər bir millətin, hər bir 
								ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə 
								qədər yüksək təhsilli etsək, həqiqi yüksək 
								təhsilli etsək, onların müəyyən ixtisaslara 
								mükəmməl yiyələnməsinə şərait yarada bilsək, 
								müstəqil Azərbaycanın gələcəyi və demək, 
								müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, 
								elminin inkişafı, təhsilinin inkişafı, 
								insanların rifah halı o qədər də yaxşı 
								olacaqdır.  
								
								
								Dünya siyasətçiləri Heydər Əliyev haqqında  
								
								Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin 
								səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi 
								ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və 
								Azərbaycanın strateji tərəfdaşlığının təməlini 
								qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın 
								möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir. 
								 
								
								
								Vladimir PUTİN, Rusiya Federasiyasının keçmiş Prezidenti
 
								
								   Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən 
								idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici 
								siyasətində etibar və sabitlik amili kimi çıxış 
								edən, iqtisadi inkişaf və sosial rifah yolunda 
								möhkəm addımlarla irəliləyən, beynəlxalq 
								birliyin nüfuzlu bir üzvü kimi etibarlı 
								mövqeyini gündən-günə təmin etməkdə olan 
								ölkədir. Azərbaycanın bu gün yürütdüyü uğurlu və 
								tarazlaşdırılmış xarici siyasətinin memarı olan 
								Heydər Əliyevi itirməyimiz tarixi və mədəni 
								tellərlə bir-birinə bağlanmış olan xalqlarımızı 
								dərindən kədərləndirmişdir.   
								
								
								Abdullah GüL,Türkiyə Respublikasının Prezidenti
 
								
								Heydər Əliyev Cənubi Qafqazda uzun müddət 
								ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə 
								Amerika Birləşmiş Ştatları və Azərbaycanın 
								bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında 
								və Azərbaycanın müstəqilliyinin qorunmasında 
								onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. 
								Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş 
								Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı 
								əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı 
								mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ 
								faciəsinin sülh danışıqları vasitəsilə ədalətli 
								və uzunmüddətli həllinə nail olmaq sahəsində 
								onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və 
								sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb 
								etmişdir.  
								
								
								Corc BUŞ, Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti
 
								
								Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə 
								yoluna gətirib çıxarmışdır. Müxtəlif 
								görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ 
								münaqişəsi ətrafında müzakirələr apararkən, 
								münaqişənin sülh yolu ilə həllində onun 
								cəsarətini, müdrikliyini və qətiyyətini yüksək 
								qiymətləndirdim.   
								
								
								Jak ŞİRAK,Fransa Respublikasının keçmiş Prezidenti
 
								
								
								Tanrının xalqımıza ən böyük töhfəsi  
								
								Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına 
								Uca Tanrı tərəfindən bəxş edilmiş töhfə, paydır. 
								
								Heydər Əliyev dünya siyasətində Günəşdir. Böyük 
								şəxsiyyətdir. Onun müdrik siyasəti yaşayır və 
								müstəqil Azərbaycanın parlaq gələcəyinə işıq 
								salır. 
								
								Günbəgün çiçəklənən Vətənimizin hər bir 
								guşəsində ulu öndərin izi görünür, əməlləri 
								yaşayır. Xalqının qarşısında xilaskarlıq 
								missiyasını şərəflə yerinə yetirən Heydər Əliyev 
								bütün Azərbaycanı qarış-qarış gəzirdi. 
								Yaddaşımızda dərin iz salan bir tarixi hadisəni 
								böyük sevinc və iftixar hissilə həmişə 
								xatırlayıram. 1973-cü ilin sentyabrında Heydər 
								Əliyev Ağdam rayonunun Qaradağlı kəndinə gəldi. 
								Tarlaları gəzdikdən sonra camaatla görüşdü. 
								
								Sosialist əməyi qəhrəmanları Sürəyya Kərimova, 
								Turab Məmmədov və mənim anam - Sosialist Əməyi 
								Qəhrəmanı Səkinə İmanova ilə çox səmimi söhbət 
								etdi. Həmin günün xatirəsi mənim qəlbimdə 
								əbədidir. 
								
								Bu gün ulu öndər Heydər Əliyevin bizim xalqımız 
								üçün etdiklərini hamımız və bütün dünya görür və 
								anlayır. O, bütün mənalı həyatını Azərbaycan 
								xalqının rifahına sərf etmişdir. Ata yolunun 
								layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev 
								haqlı olaraq, daha doğrusu, hamının qəlbini 
								oxuyaraq demişdir: 
								
								"Heydər Əliyev bütün dünyaya lazımdır". 
								
								Hər il Azərbaycan xalqının ümummilli lideri 
								Heydər Əliyevin anadan olmasının ildönümü böyük 
								təntənə ilə qeyd olunur.  
								
								Heydər Əliyev xalq üçün yaranmışdı, xalq üçün də 
								yaşadı... 
								
								Bəli, müstəqil Azərbaycanımız Heydər Əliyevin 
								şah əsəridir. O, Azərbaycanı qurdu, yaratdı. 
								Heydər Əliyev bu quruculuqda öz həyatını 
								əsirgəmədi.  
								
								Dünya şöhrətli siyasi xadim, türk dünyasının 
								böyük oğlu Heydər Əliyevin ölməz ideyaları bu 
								gün xalqımızın başı üstündə bir həqiqət və 
								azadlıq Günəşi kimi nur saçır, ürəklərə hərarət, 
								gözlərə işıq verir. 
								
								Mən Ağdam rayonunun üç kənd orta məktəbində 
								Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. 
								Uzun illərdir ki, tədris prosesində dilimizin, 
								ədəbiyyatımızın təntənəsində ulu öndərimiz, 
								böyük insan Heydər Əliyevin rolunu, titanik 
								fəaliyyətini həmişə ön plana çəkirəm. 
								
								Bütün xalqımız kimi, mən də ümummilli liderimiz 
								Heydər Əliyevə çox yüksək hörmət və ehtiram 
								bəsləyir, şagirdlərimi onun nümunəsində tərbiyə 
								etməyə çalışıram.  
								
								
								Sahib İMANOV,Ağdam rayonunun Qaradağlı
 kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi
 
								
								
								Milli təhsilimizin himayədarı  
								
								Naxçıvan Dövlət Universitetində fəaliyyət 
								göstərən Heydər Əliyev Universitetinin "Heydər 
								Əliyev və Azərbaycan təhsili" mövzusunda 130-cu 
								məşğələsi keçirilmişdir. ümummilli liderin anım 
								günü ərəfəsinə təsadüf edən məşğələdə öncə dahi 
								öndərin xatirəsi bir dəqiqəlik sükutla yad 
								edilmişdir. Tədbiri giriş sözü ilə açan rektor, 
								akademik İsa Həbibbəyli Heydər Əliyevin 
								Azərbaycan təhsilinin inkişafındakı misilsiz 
								xidmətlərindən bəhs etmişdir. Millət vəkili ulu 
								öndərin hər iki hakimiyyəti dövründə 
								Azərbaycanda aparılan təhsil quruculuğundan, 
								regionda təhsilin inkişafına göstərilən qayğıdan 
								ətraflı söz açmışdır. Rektor Heydər Əliyevin 
								milli təhsilin tərəqqisi və  dünyaya 
								inteqrasiyası istiqamətindəki məqsədyönlü 
								fəaliyyətinin  bu gün ölkə başçısı İlham Əliyev 
								tərəfindən uğurla davam etdirildiyini 
								vurğulamışdır. 
								
								Sonra NDU-nun Pedaqogika və psixologiya 
								kafedrasının dosenti, pedaqoji elmlər namizədi, 
								Azərbaycan Respublikasının əməkdar müəllimi 
								Kamal Camalovun mövzu üzrə məruzəsi 
								dinlənilmişdir. Məruzədə Heydər Əliyevin 
								müxtəlif ali və orta ixtisas məktəblərinin 
								yaradılmasına və formalaşmasına, gənclərin 
								keçmiş SSRİ-nin ən məşhur ali təhsil ocaqlarında 
								oxumalarına göstərdiyi diqqət və qayğıdan, 
								təhsil işçilərinin əməyini dəfələrlə yüksək 
								qiymətləndirməsindən danışılmışdır. Natiq 
								ümummilli liderin Naxçıvan Dövlət Universiteti 
								ilə sıx əlaqələrindən, muxtar respublikanın bu 
								yeganə dövlət ali məktəbinin inkişafındakı 
								rolundan bəhs edərək gəncliyi ümummilli liderin 
								həyatından və siyasi irsindən daim bəhrələnməyə, 
								onun ideyalarına sadiq qalmağa çağırmışdır.  
								
								
								Mehriban SULTAN,NDU-nun Mətbuat şöbəsinin müdiri
 
								
								
								Həyatını xalqına həsr etmiş insan  
								
								Dekabrın 10-da Azərbaycan Dillər Universitetinin 
								Heydər Əliyev muzey lektoriyasında Azərbaycan 
								xalqının ümummilli lideri  Heydər  Əliyevin 
								hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş 
								"Həyatını xalqına həsr etmiş insan" mövzusunda  
								elmi-praktik  konfrans  keçirildi. Tədbirdən 
								öncə  qonaqlar ümummilli lider Heydər Əliyevin 
								xatirəsini ehtiramla yad edərək universitetdəki 
								büstü qarşısına gül dəstələri qoydular. Tədbirdə 
								ADU-nun rektoru, professor Səməd Seyidov 
								"Heydər  Əliyev və Azərbaycan diplomatiyası" 
								mövzusunda çıxış etdi. Sonra təhsil nazirinin 
								müavini İradə Hüseynova çıxış edərək bildirdi 
								ki, ulu öndər Heydər Əliyevin  Azərbaycanda  
								hakimiyyətə gəlməsindən  40 il  vaxt keçir. 
								Dərin zəka sahibi və müdrik insan olan Heydər 
								Əliyev müstəqil Azərbaycanın 
								qurucusudur.Yaşadığı və işlədiyi dövrlərdə  
								həyatını həmişə Azərbaycanın  inkişafına həsr 
								etmişdir. Bugünkü gənclərin  xarici  
								dövlətlərdə  təhsil  almaları  və  onların 
								hərtərəfli inkişaf etmələri onun  zəhmətinin 
								bəhrəsidir. 
								
								Konfransda YAP Nəsimi Rayon Təşkilatının sədri, 
								millət vəkili M.Həsənova, ADU-nun Gənclər 
								Təşkilatının sədri Ş.İsmayılov və başqaları da 
								ulu öndər Heydər Əliyevin misilsiz 
								xidmətlərindən danışdılar.  
								
								
								Şakir CƏFƏROV   
								
								
								Ulu öndərin xatirəsinə həsr olunmuş ədəbi-bədii 
								gecə 
								
								  
								
								 Xalqımızın böyük oğlu, müstəqil 
								Azərbaycanımızın qurucusu, dünya şöhrətli 
								şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin 
								əziz xatirəsi bütün xalqımız kimi, məktəbimizin 
								müəllim və şagirdlərinin də qəlbində daim 
								yaşayır və həmişə böyük sayğı ilə yad olunur. 
								Bakı şəhəri 111 nömrəli məktəbdə bu günlərdə 
								böyük öndərin əziz xatirəsinə həsr olunmuş 
								"Odlar yurdu - Heydər Əliyev - Azərbaycan" 
								mövzusunda ədəbi-bədii gecə keçirildi. Gecənin 
								təşəbbüskarı məktəbimizin məzunu, yüksək balla 
								Azərbaycan Respublikasının Prezidenti yanında 
								Dövlət İdarəçilik Akademiyasına daxil olmuş 
								Ayşən Quliyeva idi.  
								
								Tədbirdə vurğulandı ki, xatirəsi bütün xalqımız 
								tərəfindən dərin ehtiramla anılan Heydər 
								Əliyevin həyat və fəaliyyəti, müstəqilliyimizin 
								möhkəmləndirilməsi, vətənimizin və xalqımızın 
								daha da inkişaf etməsi yolundakı misilsiz 
								xidmətləri və müdrik şəxsiyyəti gənclər üçün 
								böyük bir nümunə, əsl vətəndaşlıq məktəbidir. 
								
								Məktəbin direktoru Jalə Hacıyeva ulu öndər 
								Heydər Əliyevin milli mənəviyyatımızın, 
								mədəniyyətimizin qorunması və inkişafı üçün 
								gördüyü işləri yüksək qiymətləndirdi. Gənclərə 
								həmişə bu dahi İnsandan nümunə götürməyi, onun 
								ölməz ideyalarını, arzu və əməllərini yaşatmağı 
								tövsiyə etdi.  
								
								DİA-nın tələbələri Tamerlan Dəmirbəyli, Leyla 
								Sultanlı, Ləman Xəlilova, BDU-nun tələbəsi 
								Sevinc Əhmədova, 111 nömrəli məktəbin fəal 
								şagirdlərindən Sevinc Mustafayeva və başqaları 
								çıxış edərək böyük öndərin tələbələrə, 
								şagirdlərə göstərdiyi qayğıdan, təhsilə verdiyi 
								yüksək qiymətdən danışdılar, ona olan 
								ehtiramlarını izhar etdilər. 
								
								Məktəbin VII sinif şagirdi Emil Cəfərov Heydər 
								Əliyevə həsr olunmuş şeir söylədi. 
								
								Ədəbi-bədii gecənin sonunda məktəbimizin daha 
								bir məzunu, Azərbaycan Dövlət İqtisad 
								Universitetinin III kurs tələbəsi Abdulla 
								Piriyevin dahi şəxsiyyətin həyat və 
								fəaliyyətindən bəhs edən 30-35 dəqiqəlik filmi 
								nümayiş olundu.   
								
								
								Qıztamam QULİYEVA,Bakıdakı 111 nömrəli orta
 məktəbin ingilis dili müəllimi
 |