| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								Azərbaycanın təhsil sistemində 10 ildən artıq 
								bir müddətdə davamlı və məqsədyönlü şəkildə 
								aparılan islahatlar dövlət müstəqilliyinin mühüm 
								əlamətlərindən biridir. Müstəqillik yeni 
								dövlətçilik ənənələrinin yaranmasına, bütün 
								sahələrdə uzun illər boyu kök salmış 
								stereotiplərə və fəaliyyət standartlarına, işin 
								forma, məzmun və mahiyyətinə müasir mövqedən 
								yanaşmağa, indiyədək mövcud olanların yeni 
								ideyalar əsasında təkmilləşdirilməsi və 
								dəyişdirilməsinə geniş imkanlar açır. 
								
								
								ölkəmizdə təhsil sahəsində həyata keçirilən 
								islahatlar tarixi zərurətdən, zamanın tələbindən 
								irəli gəlmişdir. Ən diqqətçəkən cəhət ondan 
								ibarətdir ki, islahatlar başlanarkən 
								inqilabçılıq, köhnəni tamamilə inkar etmək yolu 
								tutulmamış, yeniliklərin mütərəqqi ənənələr 
								üzərində qurulması diqqət mərkəzində 
								saxlanmışdır. Bununla belə, islahatlar o zaman 
								məqbul sayılır ki, dünənə qədər yararlı hesab 
								edilənlərin artıq bu gün tələblərə uyğun 
								gəlmədiyi barədə cəmiyyətdə obyektiv fikir 
								formalaşsın. 
								
								
								Təhsil sahəsində islahatların əsas 
								istiqamətlərindən biri də dərslik siyasəti ilə 
								bağlıdır. Bu məqalə ümumtəhsil məktəblərinin 
								dərslik problemlərinə həsr olunmuş əvvəlki iki 
								məqalənin davamı kimi nəzərdə tutulub. Həmin 
								məqalələrdə daha çox dərslik yaradıcılığı 
								tarixi, dərslik hazırlığı sahəsində həyata 
								keçirilən tədbirlər işıqlandırılmışdısa, bu 
								yazıda müasir dövrün tələblərinə uyğun yeni 
								nəsil dərsliklərinin səciyyəvi xüsusiyyətlərini, 
								onlara verilən tələbləri diqqətə çatdırmağı 
								qarşıya məqsəd qoymuşuq.  
								
								
								Əgər desək ki, dərslik hər bir insanın həyatda 
								ilk dəfə oxuduğu kitabdır, heç də yanılmarıq. 
								"Kitab bilik şəhərinin nurudur" (Ə.Cami, XV 
								əsr). İnsanları öyrənməyə, məlumatlanmağa, 
								biliklərə, bacarıq və vərdişlər qazanmağa aparan 
								yol da məhz belə kitablardan - dərsliklərdən 
								başlanır. 
								
								
								Bir dərslik yazmağın əziyyəti cild-cild roman 
								yazmağın zəhmətindən daha çoxdur. Buna görə də 
								bütün həyatını, yaradıcılığını bir və ya bir 
								neçə dərsliyə həsr etmiş alim və mütəxəssislərin 
								təhsil tariximizdə şərəfli yer tutması hamıya 
								yaxşı məlumdur. Elə dərsliklər var ki, bunlar 
								onilliklər ərzində davamlı surətdə 
								təkmilləşdirilmiş, yenidən işlənmiş, hətta 
								ayrı-ayrı müəlliflər qrupu tərəfindən müxtəlif 
								variantlarda hazırlanmışdır. Bununla belə, 
								dərsliklər daim ictimaiyyətin diqqətində 
								olduğundan onlara həmişə tələbkarlıqla 
								yanaşılmış, tənqidi münasibət bəslənilmişdir. Bu 
								da təbiidir, çünki yaranan kitabların ən 
								vaciblərindən hesab edilən dərsliklər cəmiyyətdə 
								uşaq və gənclərin təhsillənməsi yolunda başlıca 
								vasitə kimi qəbul olunmaqdadır. 
								
								
								Bu yerdə indiyədək ciddi diqqət yetirilməyən bir 
								məqama toxunmaq istərdim. Məsələ bundadır ki, 
								dərsliklərin müvafiq tədris proqramları əsasında 
								yazılmasına baxmayaraq, son nəticədə məhz 
								dərsliklər tənqid hədəfinə çevrilir. Halbuki hər 
								bir fənnin məzmunu bilavasitə tədris 
								proqramlarında müəyyənləşdirilir. Ona görə də 
								dərsliklərə münasibət göstərilərkən, ilk 
								növbədə, tədris proqramlarının hansı səviyyədə 
								hazırlanmasına, mövcud tələbatları ödəyib 
								ödəməməsinə xüsusi diqqət yetirilməlidir. 
								Əlbəttə, keyfiyyətli tərtib olunmuş tədris 
								proqramı əsasında zəif dərslik də yazıla bilər, 
								bu, müəllifin peşəkarlığından birbaşa asılıdır. 
								Lakin məzmun baxımından real tələblərə cavab 
								verməyən proqram əsasında yaxşı dərslik 
								hazırlamaq sağlam məntiqə heç cür uyğun gəlmir. 
								Fikrimcə, sovet dönəmində yaranan, müstəqillik 
								illərində də eyni prinsiplər əsasında hazırlanan 
								dərsliklərdəki nöqsan və çatışmazlıqların 
								mənbəyini ümumi təhsilin məzmununun fənyönümlü 
								olmasında, daha çox faktların, məlumatların, 
								nəzəri materialların mənimsədilməsinə 
								yönəlməsində axtarmaq daha düzgün olardı. O 
								vaxtlar əksər dərsliklərin mərkəzdə hazırlanıb 
								yerlərdə tərcümə edilərək istifadə olunması 
								səbəbindən müttəfiq respublikalarda, o cümlədən 
								Azərbaycanda dərslik yaradıcılığı sahəsində 
								mütəxəssislərin kifayət qədər formalaşmaması da 
								dərsliklərin keyfiyyətinə mənfi təsir göstərən 
								amillərdən biri idi. 
								
								
								İslahatların nəticəsi olaraq mütərəqqi dünya 
								təcrübəsi nəzərə alınmaqla ümumi təhsilin 
								məzmununda təklifyönümlülükdən tələbyönümlülüyə 
								keçilməsi, şəxsiyyətyönümlülük, inteqrativlik 
								istiqamətlərinin gücləndirilməsi, məzmunun 
								əvvəlcədən müəyyən edilmiş nəticələrin 
								(standartların) reallaşdırılmasına yönəldilməsi 
								və bunlarla əlaqədar təlim prosesində 
								"müəllim-şagird" münasibətlərinin, təlim 
								strategiyalarının mahiyyətcə dəyişməsi dərslik 
								hazırlığı məsələlərinə də yeni yanaşma 
								formalaşdırmışdır. Bütün bunlar dərslik 
								yaradıcılığı sahəsində III mərhələni 
								şərtləndirən əsas amillərdir. 
								
								
								Məlumdur ki, yeni yanaşmaları əks etdirən fənn 
								kurikulumları əsasında hələlik I və II siniflər 
								üçün dərsliklər hazırlanıb istifadəyə 
								verilmişdir. Digər siniflərdə isə ənənəvi tədris 
								proqramları üzrə yazılmış dərsliklər tətbiq 
								olunur. 
								
								
								Aparılmış təhlil göstərir ki, ənənəvi qaydada 
								hazırlanmış dərsliklərdə tədris proqramlarına 
								uyğun olaraq, daha çox müvafiq elm sahəsi üzrə 
								anlayışların, məlumatların əks olunmasına 
								üstünlük verilir. Ona görə də dərsliklərin ümumi 
								quruluşu müəyyən edilərkən elmi-nəzəri 
								materialların ardıcıllıqla mənimsədilməsi üstün 
								prinsip kimi əsas tutulur. 
								
								
								Dərsliklərin bu qaydada tərtibi onların əlavə 
								materiallarla yüklənməsinə, təkrarlara, həcminin 
								artmasına gətirib çıxarır. Proqram və dərslik 
								müəlliflərinin bir çoxuna elə gəlir ki, məsələn, 
								Azərbaycan dili fənni daxilində şagirdlər dilin 
								bütün bölmələri üzrə nəzəri bilikləri, qaydaları 
								bilməli, əzbər yadında saxlamalıdırlar. Yaxud 
								riyaziyyatdan natural ədədlərə, kəsrlərə, cəbri 
								ifadələrə, funksiyalara, inteqrallara, həndəsəyə 
								aid nə varsa şagird mənimsəməli və onların 
								tətbiqi ilə bağlı məsələləri, misalları, habelə 
								digər tapşırıqları yerinə yetirməlidir. 
								
								
								Bu fikirləri əsaslandırmaq üçün nümunələrə nəzər 
								salaq. Məsələn, III sinfin ana dili proqramında 
								nitq hissələrindən isimin öyrədilməsinə 28, 
								sifətə 14, felə 30 saat vaxt ayrılmışdır. IV 
								sinifdə isə yenə də isimə 35, sifətə 20, felə 45 
								saat verilmişdir. Təsəvvür etmək çətin deyil ki, 
								əgər III-IV siniflərdə təkcə fel bəhsinə 75 saat 
								ayrılırsa, onda bu nitq hissəsi üzrə şagird 
								səviyyəsində öyrənilməmiş heç nə qalmır. Bu 
								zaman haqlı bir sual meydana çıxır: ibtidai 
								sinif şagirdinə təkcə bir nitq hissəsinə aid bu 
								qədər bilik, məlumat həcmi nəyə lazımdır?! 
								
								
								Şübhə yoxdur ki, dərslik hazırlığında elmilik 
								prinsipinin gözlənilməsi vacib şərtlərdən 
								biridir. Dərsliklərdə müvafiq elm sahəsinin 
								nailiyyətləri şagirdlərin yaş, qavrama 
								səviyyəsinə uyğun öz əksini tapmalıdır. Lakin 
								bu, heç də dərslikləri nəzəri məlumatlarla 
								yükləməyə əsas vermir. O elmi materiallar 
								faydalı hesab olunur ki, bunlar bilavasitə 
								şagirdlərdə idraki bacarıqların, xüsusilə də 
								tətbiqi bacarıqların formalaşmasına xidmət edir. 
								
								
								Ənənəvi tədris proqramlarında və bunlara uyğun 
								yazılmış dərsliklərdə yuxarıda qeyd edilən 
								nöqsan və çatışmazlıqların yaranmasının başlıca 
								səbəbi yaxın illərədək təhsil sistemində 
								nəticələrə əsaslanan dövlət standartlarının 
								müəyyənləşdirilib tətbiq edilməməsi olmuşdur. 
								Məhz dövlət tələbini əks etdirən təlim 
								standartları etibarlı sipər rolunu oynayaraq 
								dərslikləri artıq materiallardan, 
								informasiyalardan, məqsədlə uyuşmayan 
								mövzulardan, kənaraçıxma hallarından qorumağa 
								yönəlmişdir. Aşağıdakı nümunəyə diqqət yetirək: 
								
								
								Riyaziyyatdan II sinif üçün fənn kurikulumunda 
								"Cəbr və funksiyalar" məzmun xəttinin "Riyazi 
								ifadələr" hissəsində əsas standart "Şagird 
								riyazi ifadələr haqqında təsəvvürə malik 
								olduğunu nümayiş etdirir" formasında müəyyən 
								edilmişdir. Bu əsas standart aşağıdakı nəticə 
								alt-standartları vasitəsilə reallaşdırılır: 
								
								
								Şagird: 
								
								
								- mötərizəli və mötərizəsiz ədədi ifadələri 
								oxuyur və yazır; 
								
								
								- mötərizəli və mötərizəsiz ədədi ifadələrin 
								qiymətini hesablayır; 
								
								
								- sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə 
								edir və riyazi ifadələri sözlərlə oxuyur; 
								
								
								- məsələyə uyğun riyazi ifadə, riyazi ifadəyə 
								uyğun məsələ qurur. 
								
								
								Başqa sözlə, əgər şagird həmin alt-standartlarda 
								qeyd olunan tələbləri yerinə yetirirsə, demək o, 
								riyazi ifadələrin mahiyyətini mənimsəmiş və 
								müvafiq tətbiqi bacarıqlara yiyələnmişdir. 
								Analoji olaraq dərslikdə də yalnız 
								alt-standartlarda ifadə olunmuş məzmun və 
								fəaliyyətlərin reallaşdırılması yolları öz 
								əksini tapmalı, bütün diqqət buna yönəlməlidir. 
								Göründüyü kimi, standartların təbiəti elədir ki, 
								reallaşma prosesində dərsliklərə hər hansı bir 
								artıq materialın, məlumatın daxil olmasını 
								yolverilməz edir. 
								
								
								Yaxud ədəbiyyat fənnini götürək. Azərbaycan 
								hökuməti tərəfindən təsdiq olunmuş Milli 
								Kurikulum sənədində, məsələn, əsas təhsil 
								pilləsində bu fənn üzrə ümumi nəticələr şifahi 
								və yazılı ədəbiyyat nümunələri, bədii mətnlər, 
								poeziya, nəsr, dramaturji materiallar əsasında 
								şagirdlərdə təhlil, müqayisə, tətbiq, müstəqil 
								fikir yürütmə, planlaşdırma, münasibət bildirmə, 
								izahetmə, əməkdaşlıq bacarıqlarının 
								formalaşdırılmasını nəzərdə tutur, onlarda 
								obrazlı təfəkkürün, sözə və söz sənətinə həssas, 
								emosional münasibət yaradılmasına, ədəbiyyat 
								nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbi simalar 
								haqqında ümumi məlumatların mənimsədilməsinə 
								xidmət edir. 
								
								
								Müqayisə üçün deyək ki, indiki fənn proqramının 
								tələbinə görə hazırda istifadə edilən ədəbiyyat 
								dərsliklərində, bir qayda olaraq, şifahi xalq 
								ədəbiyyatı nümunələri, müxtəlif bədii əsərlərdən 
								parçalar, yazıçıların həyat və yaradıcılığı, 
								onların bəzi əsərlərindən nümunələr daha geniş 
								yer tutur. Həm də yazıçılar dərsliklərdə 
								tarixi-xronoloji ardıcıllıqla sıralandığından 
								şagirdlər xeyli ərəb və fars sözləri olan 
								klassik ədəbiyyat nümunələrini 14-15 yaşlarında, 
								daha müasir əsərləri isə 16-17 yaşlarında 
								öyrənirlər ki, bu da müəyyən uyğunsuzluqlar 
								əmələ gətirir. Eyni zamanda tədris olunan bədii 
								əsərlərin dərsliklərdə təhlilinin verilməsi 
								şagirdləri düşünmək, fikir söyləmək, müstəqil 
								təhlil aparmaq imkanından məhrum edir. Elə 
								ədəbiyyat dərslikləri də var ki, bunlara 
								ədəbiyyat yox, ədəbiyyat tarixi dərslikləri 
								demək daha düzgün olardı. Yaxud 235 səhifəlik 
								dərsliyin 42 səhifəsi yazıçıların həyatına sərf 
								edilirsə, bu qədər məlumatın şagirdlər 
								tərəfindən öyrənilib yadda saxlanılacağına kim 
								zəmanət verə bilər və bu, nə dərəcədə 
								əhəmiyyətlidir?! 
								
								
								Həm də dərsliklərə daxil edilmiş poeziya, nəsr 
								və dramaturgiya nümunələrinin az qala standart 
								səviyyəsində qəbul olunması qətiyyən düzgün 
								deyildir, bunların hansı məqsədlə seçilməsi 
								əsaslandırılmalıdır. çünki təhlil göstərir ki, 
								eyni əsərlər uzun illərdən bəri dərsliklərə 
								salınır və dəyişdirilmir. Məgər məqsəd həmin 
								əsəri öyrətməkdir, yoxsa əsərlər vasitəsilə 
								qarşıya qoyulmuş digər vacib məsələni yerinə 
								yetirmək?! Təbii ki, şagirddə, məsələn, təhlil, 
								müqayisə və sair bu kimi bacarıqları 
								möhkəmləndirmək nəzərdə tutulursa, bu məqsədə 
								hər hansı bir əsər xidmət göstərə bilər. 
								
								
								Fikrimcə, yeni fənn kurikulumları ədəbiyyat 
								dərsliklərini "yazıçının həyatı, yaradıcılığı və 
								əsərlərindən bir nümunə; ənənəvi sual və 
								tapşırıqlar..." şablonundan xilas edərək, 
								şagirdlərə bədii ədəbiyyat vasitəsilə zəruri 
								həyati bacarıqların, insan şəxsiyyətini 
								şərtləndirən mənəvi-əxlaqi keyfiyyətlərin 
								formalaşdırılmasına real zəmin yaradacaqdır. 
								
								
								Bütün bu açıqlamalardan sonra (əlbəttə, bu 
								fikirlər diskussiya obyekti də ola bilər) belə 
								bir sual meydana çıxır: Müasir dərslikləri 
								səciyyələndirən hansı cəhətlərdir? Bunları, 
								əsasən, aşağıdakı kimi qruplaşdırmaq olar: 
								
								
								- şagirdlərin təlim marağının gücləndirilməsi, 
								onları tədqiqatçılığa, axtarışlara, yeni 
								məlumatlar əldə etməyə istiqamətləndirməsi; 
								
								
								- məntiqi və yaradıcı təfəkkürün inkişafını 
								təmin etməsi; 
								
								
								- tətbiqi xarakter daşıması, şagirdlərdə zəruri 
								həyati bacarıqların formalaşdırılmasına zəmin 
								yaratması; 
								
								
								- fəndaxili və fənlərarası inteqrasiya 
								imkanlarını təmin etməsi; 
								
								
								- fəal təlim metodlarının tətbiqinə şərait 
								yaratması; 
								
								
								- fərqli idraki imkanlara malik şagirdlərin 
								təlim prosesində nəzərə alınması; 
								
								
								- müəllimlərin müstəqil və yaradıcı fəaliyyətinə 
								əlverişli imkanlar yaratması və s. 
								
								
								Yeni kurikulumlar əsasında tərtib edilən 
								dərsliklərin müəllim üçün metodik vəsait və 
								şagirdlər üçün iş dəftəri ilə birlikdə komplekt 
								şəklində qəbul edilməsi sayəsində dərsliyin yeni 
								bir funksiyası - əlaqələndirici funksiyası 
								meydana çıxır. Bu funksiya 
								müəllim-şagird-valideyn pedaqoji əməkdaşlığının, 
								birliyinin təmin olunmasında başlıca rol 
								oynayır. 
								
								
								Daha bir vacib məqam. Ənənəvi dərsliklər öz 
								xarakterinə görə daha çox informasiya mənbəyi 
								kimi qəbul edilir, bu xususiyyət onların əsas 
								mahiyyəti hesab olunur. Əlbəttə, dərsliklərdə 
								informasiyalar, məlumatlar olmalıdır, bunsuz 
								keçinmək mümkün deyildir. Lakin bugünkü 
								informasiya bolluğu şəraitində dərsliklər, təbii 
								ki, onları əks etdirmək ağırlığını öz üzərinə 
								götürə bilməz. İndiki şəraitdə dərsliklər 
								müxtəlif çeşidli informasiyalardan ən 
								zərurilərini seçmək və səmərəli istifadə etmək, 
								onların əsasında meyil və marağa görə yeni 
								məlumatlar əldə etmək sahəsində şagirdlər üçün 
								istiqamətverici vəsaitə çevrilməlidir. Belə 
								olduğu halda, şagirdin təlimə marağı yüksəlir, 
								tədris prosesində onun fəaliyyətinin 
								motivləşdirilməsi (fəallığı təmin edən halların 
								nəzərdə tutulması) və stimullaşdırılması təmin 
								olunur. Heç şübhəsiz, təlim zamanı şagirdlərin 
								fəaliyyətini motivləşdirmədən və 
								stimullaşdırmadan yüksək keyfiyyətə nail olmaq 
								qeyri-mümkündür. 
								
								
								Müasir dünya təcrübəsi göstərir ki, dərslik 
								yaradıcılığında iki mühüm cəhətə xüsusi diqqət 
								yetirilir. Bunlardan birincisi, dərsliklərdəki 
								təlim tapşırıqlarının şagirdlərin yaş 
								səviyyəsinə uyğun daha çox oyun elementləri, 
								maraqlı fakt və hadisələr üzərində qurulması, 
								ikincisi isə bu tapşırıqların şagirdlərin idrak 
								fəallığının, təfəkkürlərinin, dünyagörüşlərinin 
								gücləndirilməsinə yönəldilməsidir. Məsələn, mətn 
								üzərində iş prosesində məqsəd əsas məzmunu 
								müəyyənləşdirmək və ya məzmunu qüvvətləndirən 
								ifadələri təsnif etməkdirsə, bu zaman elə mətn 
								seçilməlidir ki, həm tapşırığa uyğun gəlsin, həm 
								də şagird bu mətn vasitəsilə yeni maraqlı 
								məlumat əldə edə bilsin. Yaxud şagird təsviri 
								xarakter daşıyan mətn üzərində qurulmuş riyazi 
								məsələyə nisbətən yeni informasiyaya əsaslanan 
								əyləncə tipli məsələnin həllinə daha həvəslə 
								yanaşar. Heç şübhəsiz, hər hansı bir tarixi 
								hadisəni lüzumsuz rəqəmlərlə akademik dildə 
								təsvir etməkdənsə, onu nəqli formada, hekayə 
								üslubunda yazmaq şagird üçün xeyli maraqlı və 
								yaddaqalan olar. 
								
								
								Məşhur bir ifadə var ki, kəşf etmək hamının 
								gördüyünü görmək, lakin hələ heç kimin 
								düşünmədiyini düşünmək deməkdir. Görkəmli 
								maarifçi-filosof R.Dekart düşünməyi mövcud olmaq 
								adlandırırdı. Bu mənada təlim prosesində 
								şagirdləri düşünməyə, düşünməklə axtarışlar 
								aparıb qərarlar qəbul etməyə istiqamətləndirmək 
								ən vacib vəzifələrdəndir. Bu işdə dərsliklər, 
								şübhəsiz, mühüm rol oynamalıdır. Xüsusilə, əsas 
								və orta təhsil pilləsi üçün nəzərdə tutulan 
								dərsliklərdə şagirdləri problemlərlə üzləşdirən, 
								tədqiqatçılığa sövq edən materiallara geniş yer 
								verilməlidir. "Nə üçün", "hansı səbəblərə görə", 
								"hansı yolu seçməli" və sair bu kimi suallar 
								şagirdlərin təfəkkürünü durğunluqdan dinamikliyə 
								yönəltməlidir. 
								
								
								Məlumdur ki, təhsil iki əsas təməl üzərində - 
								inkişafetdirici və tərbiyəedici təlim 
								prinsipləri üzərində qurulur. Onlar bir-biri ilə 
								üzvi şəkildə bağlıdır, biri digərini məntiqi 
								cəhətdən tamamlayır. Bu prinsiplər birlikdə 
								təhsilalanın şəxsiyyətini formalaşdıran mühüm 
								amil kimi meydana çıxır. Şəxsiyyətin 
								formalaşmasında isə idraki, 
								informativ-kommunikativ və psixomotor bacarıqlar 
								aparıcı rol oynayır. Yeni kurikulumlarda bu 
								cəhət əsas istiqamət olaraq nəzərdə tutulmuşdur. 
								Bunlar, bir qayda olaraq, aşağıdakı kimi təsnif 
								edilir: 
								
								
								Fənn kurikulumlarında nəticə standartları 
								formasında ifadə olunan bu bacarıqların 
								dərsliklərdə reallaşdırılması təqdim edilən 
								sxemdəki vasitələrlə təmin oluna bilər. 
								
								
								Göründüyü kimi, hər bir tədris vahidi (bəhs, 
								fəsil), onu əhatə edən bölmə və mövzular 
								standartın tələbindən yaranır və nəzərdə tutulan 
								məqsədlərin həyata keçirilməsi göstərilən 
								vasitələrlə təmin olunur. 
								
								
								Yeni nəsil dərsliklərin fənn kurikulumları 
								əsasında hazırlanması üçün bir sıra zəruri 
								pedaqoji prinsiplərin gözlənilməsi mühüm 
								əhəmiyyətə malikdir. Həmin prinsipləri diqqətə 
								çatdıraq: 
								
								
								- düzgünlük (təlim standartlarına uyğunluq, 
								faktların dəqiqliyi, mübahisəli faktların 
								olmaması, orfoqrafiya, durğu işarələri və 
								qrammatik qaydaların gözlənilməsi); 
								
								
								- əyanilik (şəkil, foto, sxem, qrafik, xəritə, 
								cədvəl və illüstrasiyaların olması); 
								
								
								- müasirlik (müvafiq elm sahəsində və 
								sosial-iqtisadi sahələrdəki nailiyyətlərin 
								şagirdlərin yaş səviyyəsinə uyğun əks olunması, 
								təlim materiallarının müasir dünyagörüşü 
								formalaşdırılmasına istiqamətlənməsi); 
								
								
								- tamlıq (nəzəri, praktik, təsviri, 
								qiymətləndirmə materiallarının olması, onların 
								üzvi şəkildə əlaqələndirilməsi); 
								
								
								- ardıcıllıq (psixoloji, məzmun, təqvim-tematik 
								və məntiqi baxımdan). 
								
								
								Psixoloji baxımdan ardıcıllıq təlim 
								materiallarının maraqlılıq səviyyəsinə görə 
								düzülməsidir. Bu, hafizə, təfəkkür və təxəyyül 
								proseslərinin formalaşmasında başlıca şərtlərdən 
								biridir. 
								
								
								Məzmun baxımından ardıcıllıq təlim 
								materiallarının sadədən mürəkkəbə doğru 
								sıralanmasını tələb edir. 
								
								
								Təqvim - tematik baxımından ardıcıllıq təlim 
								materialları düzülərkən tarixi günlərin, 
								əlamətdar hadisələrin diqqətdə saxlanmasını 
								nəzərdə tutur. 
								
								
								Məntiqi baxımdan ardıcıllıq əvvəlki təlim 
								materialları vasitəsilə növbəti materialların 
								mənimsənilməsinə zəmin yaradılmasını tələb edir. 
								
								
								- yaş səviyyəsinə uyğunluq (dərsliyin 
								poliqrafiya, dizayn cəhətdən şagirdlərin estetik 
								tələbatına cavab verməsi, təlim materiallarının 
								məzmun və həcm baxımından onların ehtiyaclarına 
								uyğun müəyyənləşdirilməsi); 
								
								
								- təlim vaxtına uyğunluq (təlim materiallarının 
								həcmi müəyyən edilərkən tədrisə ayrılan vaxtın 
								dəqiq nəzərə alınması); 
								
								
								- oxunaqlılıq (təlim materiallarının maraqlı və 
								yığcam olması, onların aydın üslubda, sadə dildə 
								ifadə edilməsi); 
								
								
								- inklüzivlik (potensial imkanlardan, qavrama 
								səviyyəsindən asılı olmayaraq, bütün şagirdlərə 
								diferensial yanaşmanın təmin edilməsi və onların 
								təlim maraqlarının ödənilməsi). 
								
								
								Bunlarla yanaşı, müasir dərsliklər müəyyən 
								olunmuş gigeyenik tələblərə uyğun hazırlanmalı, 
								fəal təlim üçün əlverişli imkanlar yaratmalıdır. 
								
								
								Vacib cəhətlərdən biri yeni nəsil dərsliklərinin 
								inteqrativ xarakterdə hazırlanmasının təmin 
								olunmasıdır. İnteqrativlik təhsilin məzmun 
								komponentlərinin bir-biri ilə və həyatla 
								sistemli şəkildə üzvi əlaqələndirilməsidir. 
								İnteqrasiya konkret bir hadisə, anlayış və 
								məfhum haqqında şagirdlərdə daha geniş 
								təsəvvürlər yaradılmasına, onların mahiyyətinin 
								dərindən dərk edilməsinə və 
								möhkəmləndirilməsinə, bilik və bacarıqların 
								sistemli mənimsədilməsinə hərtərəfli imkanlar 
								açır, şagirdlərdə müqayisələr aparmaqla 
								ümumiləşdirmə bacarıqlarının formalaşmasına, 
								tədqiqatçılıq meyillərinin güclənməsinə 
								əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Hər 
								hansı bacarıq yalnız bir fənn vasitəsilə aşılana 
								bilməz. Konkret bacarığın mənimsədilməsində hər 
								bir fənn öz məzmun imkanları daxilində iştirak 
								edir. Bu fikri əsaslandırmaq üçün diqqətə 
								çatdırım ki, müasir kurikulumlarda standartlar 
								elə müəyyən olunmuşdur ki, onların hamısı əsas 
								məqsədləri ilə yanaşı, bu və ya digər dərəcədə 
								şagirdlərdə nitq mədəniyyətinin 
								formalaşdırılmasına da lazımi səviyyədə xidmət 
								göstərir. çünki bütün fənn kurikulumlarında 
								şagirdlərin "izahetmə", "şərhetmə", "təqdimetmə" 
								bacarıqlarının inkişafını nəzərdə tutan 
								standartlar vardır. 
								
								
								Fənlərarası inteqrasiya nümunəsində digər bir 
								fakta nəzər salaq. Aşağıdakı cədvəldə I sinifdə 
								tədris olunan müxtəlif fənlər üzrə 
								"fərqləndirmə" bacarığı əhatə edilən 
								alt-standartlar ifadə olunmuşdur. 
								
								
								Təlim prosesində dərsliklər əsas vəsait kimi 
								nəzərdə tutulsa da, tək bir dərslik, eləcə də 
								müəllim üçün metodik vəsait müəllimlərin 
								fəaliyyətinin istiqamətləndirilməsi sahəsində 
								yeganə mənbə ola bilməz. Təlim çoxcəhətli, 
								psixoloji-pedaqoji məqamlarla zəngin bir 
								prosesdir. Bu prosesin səmərəli, şagirdlərin 
								mənafeyinə yönəldilmiş formada təşkili üçün 
								müəllimlərin paralel olaraq müxtəlif vəsaitlər 
								və metodik tövsiyələrlə təminatı bu günümüzün 
								vacib məsələlərindəndir. Təəssüf ki, bizim bu 
								sahədə fəaliyyət göstərən mütəxəssislərimizin 
								əksəriyyəti daha çox dərslik hazırlanmasına 
								diqqət yetirir, əlavə vəsaitlərin tərtibinə 
								həvəslə yanaşmırlar. Yəqin belə vəziyyət ondan 
								irəli gəlir ki, əlavə vəsaitlər dövlət hesabına 
								nəşr olunmur. Lakin fikrimcə, müəllimlər müasir 
								tələblər səviyyəsində hazırlanan, ehtiyacı 
								ödəyən təlim materiallarının daim 
								axtarışındadırlar. İnkişaf etmiş bir sıra 
								ölkələrin təcrübəsi göstərir ki, əlavə 
								vəsaitlərin tərtibinə dərsliklərlə bərabər 
								səviyyədə yanaşılır. Ona görə də dərslik 
								yaradıcılığı sahəsində tamlığı, əhatəliliyi 
								təmin etmək məqsədilə hər bir fənn üzrə əlavə 
								təlim materiallarının hazırlanması diqqət 
								mərkəzində saxlanmalı, mütəxəssislər bu işə 
								geniş cəlb olunmalıdırlar. 
								
								
								ölkəmizdə yeni nəsil dərsliklərin hazırlanması 
								istiqamətində hələlik ilk addımlar atılır. 
								Ədalət naminə demək lazımdır ki, uğurlu 
								nəticələrin olması gələcəyə nikbinlik hissi 
								oyadır. Bununla belə, müasir tələblər 
								səviyyəsində dərslik hazırlanması üçün hələ çox 
								mərhələlər keçilməli, dünya təcrübəsində 
								mütərəqqi nə varsa öyrənilib tətbiq edilməlidir. 
								Xüsusilə, müvafiq fənn kurikulumları əsasında 
								inteqrativ dərsliklərin tərtibi üzrə 
								mütəxəssislərin hazırlanması, bu sahədə ilk 
								nümunələrin yaradılması ümdə vəzifələrdən hesab 
								olunur. 
								
								
								Bu məqalə xarakterinə görə konseptual səciyyə 
								daşımaqla yanaşı, həm də güman edirəm ki, 
								düşünmək, araşdırmalar aparmaq, yeni ideyalar 
								irəli sürmək üçün əsas götürülə bilər. Hər bir 
								pedaqoq-alimin, mütəxəssisin, müəllimin, eləcə 
								də valideynlərin dərslik yaradıcılığı barədə rəy 
								və mülahizələri bu sahənin inkişafına təkan 
								verəcəyi birmənalı qəbul olunmalıdır.  
								
								
								
								(Ardı var)   
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının  
								təhsil naziri, fizika-riyaziyyat  
								elmləri doktoru, professor  |