| 
								
								Dekabrın 9-da Azərbaycan Müəllimlər İnstitutunun 
								(AMİ) 80 illik yubileyinə həsr olunmuş təntənəli 
								mərasim keçirilmişdir.  
								
								Əvvəlcə mərasim iştirakçıları AMİ-də yeni 
								yaradılmış Heydər Əliyev Mərkəzinin açılışında 
								iştirak etmişlər. Rəmzi açılışı bildirən lent 
								kəsildikdən sonra mərkəzlə tanış olan mərasim 
								iştirakçıları ümummilli lider Heydər Əliyevin 
								dövlətçilik fəaliyyətini əks etdirən 
								eksponatlara maraqla baxmışlar.
								 
								
								Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə 
								həyata keçirdiyi nəhəng layihələrə, elmin və 
								təhsilin inkişafı məqsədi ilə atdığı addımlara 
								həsr olunmuş film nümayiş etdirilmişdir. 
								 
								
								Sonra mərkəzdə ümummilli liderin büstünün 
								açılışı olmuşdur. Mərasim iştirakçıları adından 
								büstün önünə əklil qoyulmuş, xatirə şəkli 
								çəkdirilmişdir.  
								
								İnstitutun idman zalında tələbələrin 
								hazırladıqları "İdman həyəcanı" proqramı nümayiş 
								olunmuşdur.  
								
								AMİ-nin akt zalında davam edən mərasimdə təhsil 
								naziri Misir Mərdanov yubiley münasibətilə 
								iştirakçıları təbrik etmişdir. Bildirmişdir ki, 
								Azərbaycanda son illər elmin, təhsilin inkişafı 
								məqsədi ilə həyata keçirilən çoxsaylı dövlət 
								proqramları, layihələr, inşa olunan yeni məktəb 
								binaları, nəşr edilən dərslik və tədris 
								vəsaitləri dövlətimizin başçısının bu sahəyə 
								göstərdiyi böyük diqqət və qayğının bariz 
								nümunəsidir. Nazir buna görə bütün təhsil 
								işçiləri adından Prezident İlham Əliyevə 
								minnətdarlığını bildirmişdir.  
								
								ümummilli lider Heydər Əliyevin xalqımız və 
								dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə 
								toxunan nazir qeyd etmişdir ki, bu gün 
								respublikamızda əldə edilən nailiyyətlərə görə 
								ulu öndərin ruhu şaddır. çünki onun arzuları, 
								istəkləri Prezident İlham Əliyevin uzaqgörən 
								siyasəti sayəsində böyük sürətlə reallığa 
								çevrilir.  
								
								AMİ-nin yubileyinin Azərbaycanın bütün 
								müəllimlər ordusu üçün bayram olduğunu 
								vurğulayan nazir, son 4 ildə institutda böyük 
								yenidənqurma və abadlıq işlərinin aparıldığını, 
								burada təhsilin müasir tələblər səviyyəsinə 
								qaldırılması, bu ali məktəbin qarşısında duran 
								vəzifələrin həyata keçirilməsi üçün gərəkli 
								işlər görüldüyünü qeyd etmişdir.  
								
								Mərasimdə Prezident İlham Əliyevin Azərbaycan 
								Müəllimlər İnstitutunun bir qrup əməkdaşının 
								yüksək dövlət mükafatları ilə təltif edilməsi 
								haqqında sərəncamları oxunmuş, bu mükafatların 
								AMİ-nin Elmi Şurasında təqdim olunacağı 
								bildirilmişdir.  
								
								İnstitutun bir qrup əməkdaşının Təhsil 
								Nazirliyinin mükafatlarına layiq görüldüyünü 
								qeyd edən nazir Misir Mərdanov bu mükafatları 
								sahiblərinə təqdim etmişdir.  
								
								AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı 
								institutun əməkdaşlarının əməyinin yüksək dövlət 
								mükafatlarına layiq görülməsinə görə 
								dövlətimizin başçısına kollektivin dərin 
								minnətdarlığını çatdırmışdır. Yarandığı vaxtdan 
								bu günədək xalqımız üçün çox gərəkli olan bir 
								missiyanın kollektiv tərəfindən şərəflə həyata 
								keçirildiyini vurğulayan rektor bu təhsil 
								ocağının tarixinə nəzər salmış, bütün Azərbaycan 
								elmi və təhsili kimi, Müəllimlər İnstitutunun da 
								ən böyük uğurlarının ulu öndər Heydər Əliyevin 
								respublikamıza rəhbərlik etdiyi illərə təsadüf 
								etdiyini bildirmişdir.  
								
								Rektor bildirmişdir ki, ötən əsrin 20-ci 
								illərinin sonlarından fəaliyyətə başlayan və bu 
								gün də öz işini uğurla davam etdirən, ölkəmizin 
								pedaqoji kadr potensialının gücləndirilməsində, 
								onun elmi-metodiki səviyyəsinin yüksəldilməsində 
								mühüm rol oynayan Azərbaycan Müəllimlər 
								İnstitutu şərəfli yol keçərək, təhsilimizin 
								inkişafında özünəməxsus yer tutmuşdur. 
								 
								
								Qeyd olunmuşdur ki, dövrün tələblərinə uyğun 
								olaraq Azərbaycan Xalq Maarifi Komissarlığının 
								13 iyul 1929-cu il tarixli qərarı ilə həmin il 
								oktyabrın 1-də Azərbaycan Pedaqoji Kadrların 
								İxtisasının Artırılması İnstitutu yaradılmışdır. 
								Müxtəlif adlar altında fəaliyyət göstərən 
								Müəllimlər İnstitutu həmişə öz vəzifələrinin 
								öhdəsindən şərəflə gəlmiş və respublikamızda 
								gedən maarifçilik hərəkatının öncüllərindən biri 
								olmuşdur.  
								
								Azərbaycan Müəllimlər İnstitutunun kollektivi 
								ötən əsrdə burada işləmiş görkəmli elm və maarif 
								xadimlərindən Yusif Məmmədəliyevin, Mikayıl 
								Rəfilinin, Fatma İsmayılovanın, Mirəli 
								Axundovun, Yusif Zeynalın, İsa Seyidovun, Şamil 
								Məmmədbəylinin, Midhət Bineyevin, Əlisəftər 
								Şirinovun, Sədi Əfəndiyevin, Həsən Sadıqlının, 
								Saleh Hüseynovun, Süleyman Məmmədovun, Əsəd 
								Dilbazinin, Emin Abdullayevin, İbrahim 
								Əfəndiyevin, Yəhya Qarabağlının, Bağır Axundovun 
								və başqalarının əziz xatirəsini hörmətlə yad 
								edir, onların işini layiqincə davam etdirirlər.
								 
								
								Bu ali məktəbin əsl çiçəklənmə dövrünün, müasir 
								tələblərə cavab verən təhsil müəssisəsinə 
								çevrilməsinin 1969-cu ildən - ulu öndər Heydər 
								Əliyevin Azərbaycanın rəhbəri seçildiyi dövrdən 
								başladığını vurğulayan rektor bildirmişdir ki, 
								ümummilli liderimiz istər ötən əsrin 70-80-ci 
								illərində, istərsə də müstəqillik illərində bu 
								institutun fəaliyyətinə xüsusi qayğı göstərmiş, 
								onun problemlərinin dövlət səviyyəsində həllini 
								diqqət mərkəzində saxlamışdır.  
								
								Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin 
								uzaqgörən siyasəti nəticəsində 2000-ci ildə 
								respublikamızın 11 bölgəsində Müəllimlər 
								İnstitutunun filiallarının açılması barədə 
								fərman imzalanmışdır.  
								
								Hazırda bu təhsil ocağının çox genişprofilli ali 
								məktəbə çevrildiyini diqqətə çatdıran rektor 
								qeyd etmişdir ki, institut bir tərəfdən 
								respublikanın böyük müəllimlər ordusunun 
								təkmilləşdirilməsi və yenidənhazırlanması işini 
								həyata keçirir, digər tərəfdən müxtəlif 
								ixtisaslar üzrə ilkin pedaqoji kadrlar 
								hazırlayır.  
								
								A.Naxçıvanlı qürur hissi ilə qeyd etmişdir ki, 
								bu gün respublika məktəblərinin ibtidai sinif 
								müəllimlərinə, uşaq bağçalarının tərbiyəçilərə 
								ehtiyacının 60-70 faizini məhz Azərbaycan 
								Müəllimlər İnstitutu və onun filialları ödəyir.
								 
								
								Hazırda filiallarla birlikdə institutda bakalavr 
								pilləsində 8 minə yaxın tələbənin və 100 
								nəfərdən artıq magistrin təhsil aldığı və onlara 
								21 fakültə, 56 kafedra, 42 kabinet, 21 kompüter 
								zalı, 12 kompüter mərkəzi, çoxsaylı fənn 
								kabinetlərinin xidmət göstərdiyi bildirilmişdir. 
								Bütün kafedra və kabinetlər öz işlərini Avropa 
								təhsil sistemi ənənələrini mənimsəmək, yeni 
								təlim texnologiyaları və İKT vasitələrindən 
								geniş istifadə etməklə müasir təlim metodlarına 
								yiyələnmək, onun yerlərdə tətbiqinə nail olmaq 
								istiqamətində qurur. Bu istiqamətdə fəaliyyət 
								göstərən 700 nəfərdən artıq professor-müəllim 
								heyətinin 47 nəfəri elmlər doktoru, professor, 
								223 nəfəri elmlər namizədi, dosentdir. 
								 
								
								Bu gün Azərbaycan Müəllimlər İnstitutu və onun 
								filialları əlavə təhsil sistemində də 
								respublikada aparıcı təhsil müəssisəsi sayılır.
								 
								
								İnstitutda milli fənn kurikulumlarının orta 
								məktəblərdə tətbiqini, təhsilin idarə 
								edilməsini, məktəb rəhbərlərinin idarəçilik 
								fəaliyyətinin elmi əsaslara söykənməsini təmin 
								etmək məqsədilə ixtisasartırma kurslarının 
								tədris proqramlarının yeniləşdirilməsi, onların 
								məzmununa elmi yeniliklərin daxil edilməsi 
								sahələrində məqsədyönlü işlər aparılır. 
								 
								
								Qeyd olunmuşdur ki, bu problemlərin həlli 
								yolunda görüləcək işlərin mərkəzində ulu öndər 
								Heydər Əliyevin təhsil strategiyası dayanır. Bu 
								strategiya müstəqil dövlətimizdə təhsilin 
								müasirləşməsinə güclü təkan vermiş, onun inkişaf 
								xəttini və istiqamətlərini müəyyənləşdirmişdir.
								 
								
								Rektor vurğulamışdır ki, AMİ ən böyük uğurlarını 
								son beş ildə Azərbaycan elm və təhsilinin dünya 
								səviyyəsində ucalması üçün yorulmaz əməli və 
								yaradıcı fəaliyyəti ilə hamını heyrətləndirən 
								Prezident İlham Əliyevin xüsusi qayğısı 
								sayəsində əldə edə bilmişdir. Məhz dövlətimizin 
								başçısının şəxsi göstərişi ilə bu təhsil ocağına 
								ayrılmış maliyyə vəsaiti hesabına burada əsaslı 
								təmir-tikinti və abadlıq işləri aparılmışdır.
								 
								
								A.Naxçıvanlı institutun professor-müəllim heyəti 
								və bütün əməkdaşları adından Prezident İlham 
								Əliyevə dərin minnətdarlığını və təşəkkürünü 
								çatdırmış, dövlətimizin başçısının uğurla həyata 
								keçirdiyi daxili və xarici siyasətin institut 
								kollektivi tərəfindən daim dəstəkləndiyini 
								vurğulamışdır.  
								
								Rektor bildirmişdir ki, AMİ-nin kollektivi 
								Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun 
								və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin 
								deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 
								qəbul olunmuş "Yeniləşən Azərbaycana yeni 
								məktəb" proqramına qoşularaq, məktəblərdə 
								təhsilin müasir standartlar səviyyəsinə 
								qaldırılması istiqamətində də var gücü ilə 
								çalışır, bu proqramın uğurla davam etdirilməsi 
								üçün əməyini əsirgəmir.  
								
								Mərasimdə çıxış edən Nərimanov Rayon İcra 
								Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, 
								Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar 
								İttifaqı Respublika Komitəsi sədrinin müavini 
								Şaiq Əsgərov, Ailə, Qadın və Uşaq Problemləri 
								üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, 
								Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı 
								Dövlət Universitetinin rektoru, akademik Abel 
								Məhərrəmov, Azərbaycan Tibb Universitetinin 
								rektoru, akademik Əhliman Əmiraslanov, Milli 
								Məclisin Elm və təhsil komitəsinin sədri, 
								Azərbaycan Dövlət İqtisad Universitetinin 
								rektoru Şəmsəddin Hacıyev ölkəmizdə elmin və 
								təhsilin inkişafında son illər əldə olunan 
								uğurlardan danışmış, bu nailiyyətlərin 
								qazanılmasında xüsusi əməyi olan AMİ-nin 
								kollektivini yubiley münasibətilə təbrik etmiş, 
								ona gələcək fəaliyyətində müvəffəqiyyətlər 
								arzulamışlar.  
								
								Mərasim iştirakçıları adından Azərbaycan 
								Prezidenti İlham Əliyevə müraciət qəbul 
								olunmuşdur.   
								
								AzərTAc |