| 
								
								Dekabrın 10-da Təhsil Nazirliyində Azərbaycan 
								Respublikasının Təhsil Nazirliyi ilə "Microsoft" 
								şirkəti arasında "Təhsildə əməkdaşlıq" proqramı 
								üzrə Anlaşma Memorandumu imzalandı. İmzalanma 
								mərasimində "Microsoft" şirkətinin Orta və Qərbi 
								Avropa üzrə "Təhsildə əməkdaşlıq" proqramının 
								rəhbəri Teodor Milev, "Microsoft Azərbaycan" 
								şirkətinin baş direktoru Teymur Axundov, həmin 
								şirkətin təhsil proqramları rəhbəri Emin 
								Axundov, nazirliyin rəhbərliyi və əməkdaşları, 
								bu sahədə nazirliklə əməkdaşlıq edən şirkətlərin 
								rəhbərləri, İKT ilə bağlı layihənin həyata 
								keçirilməsində xüsusi yeri olan məktəblərin 
								rəhbərləri, müəllimlər və KİV nümayəndələri 
								iştirak edirdilər. 
								
								Mərasimi açan təhsil naziri Misir Mərdanov zala 
								toplaşanları salamlıyıb Təhsil Nazirliyi ilə 
								"Microsoft" şirkəti arasında əməkdaşlıq və bu 
								əməkdaşlıq əsasında görülmüş birgə iş haqqında 
								qısa məlumat verdi. Nazir qeyd etdi ki, hələ üç 
								il öncə "Microsoft" şirkəti ilə "Təhsildə 
								əməkdaşlıq" proqramı çərçivəsində 2006-2009-cu 
								illəri əhatə edən Memorandum imzalanmışdır. Onun 
								vaxtı qurtardığı üçün növbəti belə bir sənədin 
								imzalanması zərurətə çevrilmişdir. Yeni 
								memorandum 2010-2013-cu illəri əhatə edir. 
								
								Misir Mərdanov bildirdi ki, proqram üzrə birgə 
								əməkdaşlıqda əsas məqsəd təhsildə İKT-nin 
								tətbiqidir. "Təhsildə əməkdaşlıq" proqramı 
								"İnnovativ məktəblər", "İnnovativ müəllimlər", 
								"İnnovativ şagirdlər" kimi 3 istiqaməti əhatə 
								edir.  
								
								"İnnovativ müəllimlər" istiqaməti çərçivəsində 
								indiyədək "Uşaqların İnternetdə təhlükəsizliyi" 
								mövzusunda müvafiq tədris vəsaiti hazırlanaraq 
								dərc olunub və bu mövzuya həsr olunmuş tədbirlər 
								reallaşdırılıb.  
								
								"İnnovativ şagirdlər" istiqaməti üzrə bir sıra 
								ölkəmiqyaslı şagird informasiya texnologiyaları 
								müsabiqələrinə ("Gənc Kompüter İstedadları", 
								"Gənc İnformatik", "Skilis Vork") dəstək 
								göstərilib. 
								
								Dünya üzrə həyata keçirilən "İnnovativ 
								məktəblər" proqramında ilk Azərbaycan məktəbinin 
								iştirakına imkan yaradılıb. Bu proqramda iştirak 
								üçün 110-dan artıq ölkədən ərizə göndərilsə də, 
								onların arasından 31 məktəb seçilib və Bakının 7 
								nömrəli orta məktəbi Braziliyanın Salvador 
								şəhərində keçirilən "İnnovativ məktəblər" 
								Forumunda iştirak edib. 
								
								Nazir onu da vurğuladı ki, Təhsil Nazirliyi ilə 
								"Microsoft" şirkəti arasında imzalanmış "Məktəb 
								sazişi" çərçivəsində məktəblərə paylanan 
								kompüterlər güzəştli qiymətlə lisenziyalı 
								"Microsoft Vindovs" əməliyyat sistemi və 
								"Microsoft Office" proqram dəsti ilə təchiz 
								olunub. Nazir bütün bunların Azərbaycan 
								hökumətinin, ölkə Prezidentinin diqqət 
								mərkəzində duran məsələlər olduğunu və onlara 
								xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırdı. 
								Bildirdi ki, son bir neçə ildə bu istiqamətdə 
								çox böyük addımlar atılıb, DATA mərkəzi 
								yaradılaraq 500-dən çox məktəb İnternet 
								şəbəkəsinə qoşulub. Gələn il bu işin başa 
								çatdırılması nəzərdə tutulur. 
								
								"Microsoft" şirkətinin Orta və Qərbi Avropa üzrə 
								"Təhsildə əməkdaşlıq" proqramının rəhbəri Teodor 
								Milev mərasimdə söz alaraq birgə əməkdaşlığa və 
								onun davam etdirilməsinə göstərdiyi marağa görə 
								Təhsil Nazirliyinə minnətdarlıq etdi, 
								şirkətlərinin bu əməkdaşlıqdan məmnun olduğunu, 
								imzalanacaq sənəddən çox şey gözlədiklərini 
								bildirdi.  
								
								Sonra təhsil naziri Misir Mərdanov və 
								"Microsoft" şirkətinin Orta və Qərbi Avropa üzrə 
								"Təhsildə əməkdaşlıq" proqramının rəhbəri Teodor 
								Milev Anlaşma Memorandumunu imzaladılar. 
								
								
								Yusif ƏLİYEV |