| 
								 
								
								2010-2011-ci dərs ilinə hazırlıqla  əlaqədar 
								İsmayıllı rayonunda xeyli işlər görülmüşdür. 
								Belə ki, Qaraqaya kəndində inşa edilən məktəb 
								binasında son tamamlama işləri gedir. Obyektin 
								sentyabrın 15-də istifadəyə veriləcəyi nəzərdə 
								tutulur. 
								
								
								Aşıqbayram kənd orta məktəbi əsaslı təmir 
								edilir. Tircan, Uştal kənd orta və Xanagah kənd 
								əsas məktəblərinin istilik sistemi isə yenidən 
								qurulur. 
								
								
								Şəhər 5 nömrəli, Qubaxəlilli, Ruşan kənd orta, 
								Xanagah, Bizlan kənd əsas, Maçaxı kənd ibtidai 
								məktəblərində, şəhər 3 nömrəli və İsmayıllı kənd 
								körpələr evi-uşaq bağçalarında və şahmat 
								məktəbində əsaslı, digər bütün məktəb və 
								bağçalarda cari təmir işləri aparılır. 
								
								
								Rayonun məktəblərini dərsliklə tam təmin etmək 
								məqsədilə 24.000 dərslik gətirilmiş və 
								paylanılmışdır. 
								
								
								Yeni dərs ilində I siniflərdə dərs deyəcək 80 
								nəfər ibtidai sinif müəllimi üçün kurikulumla 
								bağlı 2-7 avqust tarixində birhəftəlik 
								treninqlər keçirilmişdir.  
								
								
								*** 
								
								
								Xaçmaz rayonunda təhsilin inkişafı, tədris 
								müəssisələrinin maddi-texniki bazasının 
								möhkəmləndirilməsi, məktəblərin ixtisaslı 
								müəllimlərlə tam təminatı və yeni məktəblərin 
								tikintisi hər il olduğu kimi bu tədris ilində də 
								davam etdirilir. 
								
								
								Buna əyani sübut olaraq yararsız vəziyyətdə olan 
								Xaçmaz şəhər M.Məhəmmədov adına 4 nömrəli əsas 
								məktəb sökülərək, yerində Dövlət Proqramı 
								çərçivəsində müasir standartlara cavab verən 640 
								yerlik yeni məktəb binası tikilmişdir. Hazırda 
								son tamamlama işləri aparılır. 
								
								
								Həmçinin rayonda daxili imkanlar hesabına 
								ikimərtəbəli müasir tipli şahmat məktəbi 
								tikilib, yeni tədris ilində şahmatsevərlərin 
								istifadəsinə veriləcəkdir. 
								
								
								Bundan əlavə, Xaçmaz şəhər M.Babayev adına 1 
								nömrəli orta, Xudat şəhər K.Məhərrəmov adına 3 
								nömrəli orta məktəblərin binalarının fasad 
								hissələri təmir olunmuş, Xaçmaz şəhər C.Cabbarlı 
								adına 6 nömrəli orta məktəbin istilik sistemi 
								yenidən qurulmuş, Xaçmaz şəhər Ç.Abdullayev 
								adına 2 nömrəli orta məktəb isə əsaslı təmir 
								edilmişdir. 
								
								
								*** 
								
								
								"Mədəd" HTİB-nin təşkilatçılığı ilə İKT 
								(İnformasiya-kommunikasiya texnologiyaları) üzrə 
								birhəftəlik kurslarda rayonun 620 müəllimi 
								iştirak edib və müvafiq sənəd alıb. 
								
								
								Hər il olduğu kimi, bu il də fənn 
								kurikulumlarının tətbiqi ilə bağlı sinif 
								müəllimləri üçün təşkil olunmuş kurs iyul ayının 
								12-dən 23-nə qədər akademik Z.Əliyeva adına 
								Xaçmaz şəhər 3 nömrəli orta məktəbdə 
								aparılmışdır. Müasir Təhsil və Tədrisə Yardım 
								Mərkəzi tərəfindən həyata keçirilən bu kurslarda 
								226 müəllim iştirak etmiş və sertifikatlar 
								almışdır. 
								
								
								
								Nizami MİRZƏ  |