| 
								 
								
								
								Alimlik bəşəriyyətə xidmətdir. Məsələ budur ki, 
								elmin elə sahəsi var dünyəviliklə xəlqiliyi, 
								milliliyi özündə üzvi şəkildə birləşdirir. Bu 
								mənada tarixşünas və arxeoloqlar qeyri-adi tale 
								sahibləridir. İ.Cəfərzadə, Ə.Ələkbərov, 
								S.Qazıyev, O.Həbibullayev, V.Əliyev və başqaları 
								torpağın qoynunda saxlanmış qədim mədəniyyəti 
								öyrənib üzə çıxarmış əsl vətəndaşlar sayılırlar. 
								Bu sıraya tarix elmləri doktoru, professor 
								Qüdrət İsmayılzadənin də adını-soyadını əlavə 
								etmək ədalətli olar. 
								
								
								  
								
								
								Nəinki Azərbaycanda, eləcə də xarici ölkədə 
								arxeoloji qazıntılarda əməyi, rolu olmuş alimin 
								Xəzər Universiteti nəşriyyatının çapdan 
								buraxdığı "Arxeoloqun çöl gündəliyindən" (Bakı, 
								2009, 200 s.) kitabı (redaktoru Nigar 
								İsmayılzadədir) həm tarixi-mədəni, həm arxeoloji 
								abidələr haqqında elmi-kütləvi, həm də 
								bədii-publisistik dəyərləri ilə diqqəti çəkir. 
								Kitabı ağ göyərçinlərə dönüb göylərə tələsmiş 
								Samirə, Tural və Lalənin xatirəsinə ithaf etmiş 
								alim əslində onların ruhu dolaşan qədim və 
								zəngin Azərbaycanın əsrarəngiz dünəninə və nurlu 
								gələcəyinə sözdən uçulmaz, unudulmaz bir abidə 
								qoyub.  
								
								
								Xəzər Universitetinin rektoru, professor Hamlet 
								İsaxanlı orijinal elmi-publisistik üslubda 
								yazdığı "Arxeoloji poema" və ya "Arxeoloqun çöl 
								gündəliyindən" adlı ön sözdə müəllifi 
								səciyyələndirən, onun vətəndaş vicdanı, həssas 
								təbiəti, içindəki məsuliyyəti dəyərləndirən çox 
								qiymətli fikir və münasibətlərini ifadə edib. 
								
								
								Bakı Dövlət Universiteti Arxeologiya və 
								etnoqrafiya kafedrasının müdiri, "Azərbaycan 
								arxeologiyası" jurnalının (jurnalın nəşrini 
								Xəzər Universiteti nəşriyyatı öz üzərinə 
								götürüb) baş redaktoru, professor 
								Q.İsmayılzadənin kitabı dörd bölmədən ibarətdir. 
								"Nağıllar aləminə gedən yol" adlanan bölmədə 
								həcmcə kiçik, lakin tarixi məzmunlu, 
								bədii-publisistik üslubda 15 yazı verilib. 
								Əməkdar müəllim Q.İsmayılzadənin təqdimində Ovçu 
								dərəsi, Baba-Dərviş abidəsi, yurdun çinar adlı 
								təbiət atributları, igidlik, vüqar və əzəmət 
								timsalı olan dağların daş salnamələri, sahilləri 
								qovuşdurub görüşdürən, həsrət ağrısına son qoyan 
								körpülər haqqında söhbətlərə çayların nəğməsinə 
								bənzər nitq axarında qulaq asırsan. 
								
								
								Sən demə, dağlardan boyca balaca olan təpələrin 
								də öz dünyası varmış. Bu təpələr hansısa bir 
								igid, hansısa bir şahzadə haqqında özündə kitaba 
								sığacaq məlumat, informasiya qoruyurmuş. Sadəcə 
								olaraq bu torpaq yadigarına, torpaq yaddaşına 
								hörmətlə yanaşmaq, ululara ehtiram və sayğı ilə 
								əl vurmaq lazımmış. Şair demiş, hər saxsı 
								parçasında bir tarix yaşayır. Kitabdakı ikinci 
								bölmə "Təpələr sirrini vermir" adlanır. Oxucu 
								müəllifin təhkiyəsində hadisələr, faktlar 
								aləminə daxil olur, tariximizi öyrənir. 
								
								
								Qüdrətli şairlərdən misra və beytlərin epiqraf 
								kimi verildiyi müxtəlif həcmli yazılara daxil 
								edilmiş poetik parçalar ümumilikdə kitabın 
								tarixi-mədəni dəyərini artırıb. 
								
								
								Sələflərə və müasirlərə hörmət, onların əməyini 
								tarixilik və müasirlik parametrlərində bugünkü 
								nəsillərə təqdim etmək, əslində, elmdə varisliyə 
								əməl etmək, ənənələri qoruyub yaşatmaq, insan 
								əməyinə hörmətlə yanaşmaq deməkdir. 
								
								
								Professor Qüdrət İsmayılzadə "Biz gəldi gedərik, 
								sən yaşa, dünya!" adlı bölməyə Azərbaycanın 4 
								böyük arxeoloqu - İ.Cəfərzadə, Ə.Ələkbərov, 
								S.Qazıyev və O.Həbibullayev barədə oxunaqlı, 
								zəngin informasiyalı məqalələr daxil etməklə 
								xələflərinə layiqli nümunə göstərib. 
								
								
								"Abidələr, düşüncələr" bölməsindəki yazılar 
								müəllifin tarixi-mədəni dəyəri olan abidələr 
								barədə şəxsi, lakin obyektiv fikirlərinin 
								ifadələridir. 
								
								
								Arxeoloji tapıntıların, təbiət ilmələrinin 
								şəkilləri ilə təqdim olunan kitab bir alim, bir 
								vətəndaş, bir insan oğlunun vətən duyğularını 
								özündə birləşdirən, maraqla oxunan və oxuculara 
								dünənimiz barədə zəngin məlumat çatdıran dəyərli 
								bir əsərdir. 
								
								
								
								Ş.MƏMMƏDOV, 
								respublikanın əməkdar jurnalisti  |