| 
								
								Hazırda Azərbaycan İngilis dili Müəllimləri 
								Cəmiyyətində (Azerbaijan English Teachers 
								Association - AZETA) respublikanın 800-ə yaxın 
								ən peşəkar pedaqoqları toplaşıb. Bu cəmiyyət 
								ingilis dili müəllimlərinin təkmilləşməsində, 
								Azərbaycanda bu dilin keyfiyyətli tədrisi 
								məqsədilə müəllimlərin qabaqcıl təcrübələrə 
								yiyələnməsində mühüm rol oynayır. 
								
								Belə ki, AZETA müəllimlərin beynəlxalq və 
								regional  konfranslarda, layihələrdə iştirakını 
								təmin edir və müxtəlif təkmilləşdirmə kursları 
								təşkil edir.  
								
								AZETA-nın 2008-ci ildə keçirdiyi V beynəlxalq 
								konfransa bir sıra xarici ölkələrdən gəlmiş 
								nümayəndələr arasında İngiltərənin Kent 
								Universitetinin Pilqrims müəllimləri 
								təkmilləşdirmə kursunun rəhbəri Cim Rayt və 
								Pilqrims-in dünya şöhrətli müəllimi Mario 
								Rinvolukri də olmuşdur. Məhz həmin səfər zamanı 
								onlar Azərbaycanın ingilis dili müəllimlərini 
								İngiltərəyə, Kent Universitetinin Pilqrims  
								kursuna dəvət etmişlər. 
								
								Bir müddət öncə 17 nəfərlik qrup İngiltərədə 
								səfərdə olmuş və Azərbaycandan ilk dəfə olaraq 
								Kent Universitetinin Pilqrims kursunda təcrübə 
								keçmişdir. 
								
								ölkəmizin orta ümumtəhsil və aparıcı ali 
								məktəblərində ingilis dilini tədris edən 
								müəllimlər Böyük Britaniyada olduqları 2 həftə 
								ərzində kursun müxtəlif bölmələri üzrə 
								məşğələlərdə fəal iştirak etmiş və təqdim olunan 
								yeni interaktiv metodlarla təcrübə dərsləri 
								keçmişlər. Onlar indi öyrəndikləri qabaqcıl 
								təcrübəni tədris prosesində uğurla tətbiq 
								edirlər.  
								
								
								Hicran ƏKBƏROVA |