| 
								
								
								"Xəzər Universiteti bu gün həm Azərbaycanda, həm 
								də Azərbaycandan kənarda özünəməxsus yeri, 
								özünün xüsusi çəkisi olan bir ali təhsil 
								müəssisəsidir"  
								
								"Azərbaycanın ilk özəl ali təhsil müəssisəsi 
								olan Xəzər Universiteti beynəlxalq əlaqələrin 
								qurulması, beynəlxalq layihə və proqramlarda 
								iştirak, dünyanın aparıcı universitetləri ilə 
								müəllim və tələbə mübadiləsi, Boloniya 
								Bəyannaməsinin tələblərinə uyğun olaraq Avropa 
								təhsil məkanına inteqrasiya və digər sahələrdə 
								təsirli tədbirlər görməklə kadr hazırlığı 
								sahəsində əsaslı nailiyyətlər əldə etmiş, böyük 
								nüfuz qazanmışdır. Onu da qeyd etmək lazımdır 
								ki, bu universitet qrantlar vasitəsilə əlavə 
								maliyyə vəsaitləri cəlb etməklə təhsildə 
								texnologiyaların  və innovasiyaların tətbiqi 
								vasitəsilə təhsilin inkişafına zəmin 
								yaratmışdır. Ali məktəblərə tələbə qəbulunun 
								yekunlarına əsasən reytinq və abituriyent 
								ərizələrində ali məktəblərin ixtisaslarının 
								birinci yerdə rastgəlmə tezliyi cədvəllərində 
								Xəzər Universiteti dövlət ali təhsil 
								müəssisələri ilə rəqabət apara bilir". 
								
								Həm bu sözlər, həm də yarımbaşlıqda ifadə 
								olunmuş fikir Azərbaycan Respublikasının təhsil 
								naziri, professor Misir Mərdanova məxsusdur. Bu 
								cümlələr Xəzər Universitetinin ali təhsil 
								sistemimizdə və bütövlükdə cəmiyyətimizdəki 
								yerini kifayət qədər aydın göstərir.  
								
								
								Yaranma və akkreditasiyası  
								
								Xəzər Universiteti 1991-ci il martın 18-də 
								Nazirlər Kabinetinin 41 nömrəli qərarı ilə 
								ölkəmizdə müxtəlif sahələr üzrə yüksək ixtisaslı 
								və ingilisdilli kadrlara olan ehtiyacı ödəmək 
								məqsədilə, İngilisdilli Azərbaycan Universiteti 
								adı altında yaradılmışdır. 
								
								1992-ci ilin fevralında Universitet 
								Elmi-inzibati Şurasının qərarı ilə adı 
								dəyişdirilərək Xəzər Universiteti 
								adlandırılmışdır. 
								
								4 mart 1995-ci ildə Azərbaycan Respublikası 
								Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert 
								Komissiyasının 45 nömrəli qərarı ilə yenidən 
								qeydiyyatdan və ekspertizadan keçmişdir. 
								 
								
								Nazirlər Kabinetinin 13.02.97-ci il 15 nömrəli 
								və Təhsil Nazirliyinin 19.06.97-ci il 420 
								nömrəli qərarları ilə magistraturada kadr 
								hazırlığına icazə verilmişdir. 
								
								10 iyul 2002-ci il tarixdə universitetin 
								fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən 
								lisenziya (seriya AB, ¹ 019019) verilmişdir. 
								
								Xəzər Universiteti Azərbaycanda kredit sistemini 
								tətbiq edən ilk ali məktəbdir. O, Azərbaycanda 
								yeganə universitetdir ki, tədris siyasəti və 
								diplomları Avropa və Amerikanın aparıcı 
								universitetləri tərəfindən tanınır. 
								
								Xəzər Universitetində əsas təhsil dili ingilis 
								dilidir. Bu, tələbələrin təhsillərini xaricdə 
								davam etdirmələrinə geniş imkan verir. 
								
								Xəzər Universiteti  tətbiq etdiyi orijinal 
								təhsil modeli, tədris proqramlarının müasirliyi, 
								verdiyi təhsilin keyfiyyəti baxımından 
								Azərbaycanda və onun hüdudlarından çox-çox 
								uzaqlarda nüfuz qazanmışdır. 
								
								Universitetdə 6 fakültə fəaliyyət göstərir. 
								Bunlar mühəndislik və tətbiqi elmlər; 
								iqtisadiyyat və menecment; humanitar və sosial 
								elmlər; hüquq; tibb, stomatologiya və səhiyyə; 
								təhsil fakültələridir.  
								
								Bu fakültələrdə 16 ixtisas üzrə həm bakalavr, 
								həm magistr, həm də fəlsəfə doktoru dərəcələri 
								(neft-qaz mühəndisliyi, kompüter mühəndisliyi, 
								kompüter elmləri, mühasibat uçotu və audit, 
								maliyyə, iqtisadiyyat, menecment, marketinq, 
								biznesin idarə edilməsi, Azərbaycan dili və 
								ədəbiyyatı, ingilis dili və ədəbiyyatı, tərcümə 
								(ingilis dili), jurnalistika, politologiya, 
								regionşünaslıq (regionlar üzrə), təhsilin idarə 
								edilməsi), 4 ixtisas üzrə həm bakalavr, həm də 
								magistr dərəcələri (riyaziyyat və informatika 
								müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı 
								müəllimliyi, ingilis dili müəllimliyi, ibtidai 
								sinif müəllimliyi), 3 ixtisas üzrə təkcə 
								bakalavr dərəcəsi (inşaat mühədisliyi, 
								hüquqşünaslıq, beynəlxalq hüquq) və tibb, 
								stomatologiya və səhiyyə fakültəsində müalicə 
								işi, stomatologiya, tibbi biologiya ixtisasları 
								üzrə kadr hazırlığı aparılır.  
								
								
								Tələbə və məzunların sayı, kadr potensialı  
								
								6 fakültədə bakalavr və magistratura proqramı 
								üzrə 1500-ə yaxın tələbə təhsil alır. İndiyə 
								qədər universitetin 1642 məzunu olmuşdur. 
								
								Bu gün universitetin məzunları həm ölkəmizdə, 
								həm də xaricdə ən nüfuzlu təşkilatlarda və 
								beynəlxalq qurumlarda uğurla çalışırlar. 
								 
								
								Məzunların bir qismi təhsillərini ABŞ, Böyük 
								Britaniya, Fransa, Kanada, çin, İspaniya, 
								İtaliya, Türkiyə, Yunanıstan, Portuqaliya, 
								Bolqarıstan, Almanya, Norveç, İsveç və s. 
								ölkələrin tanınmış ali məktəblərində magistr və 
								doktorantura səviyyəsində davam etdirirlər. 
								
								Universitetdə 200 nəfərdən çox professor-müəllim 
								heyəti, o cümlədən 40-a yaxın elmlər doktoru, 
								100-ə yaxın elmlər namizədi çalışır. 
								Müəllimlərin əksəriyyəti xarici ölkələrdə 
								təcrübə keçmiş tanınmış alimlər, elm və 
								mədəniyyət xadimləridir. Universitetdə hər 
								semestr yerli müəllimlərlə yanaşı, dünyanın 
								nüfuzlu ali məktəblərindən dəvət edilmiş xarici 
								mütəxəssislər də çalışır.   
								
								
								Maddi-texniki baza  
								
								Universitetin geniş maddi-texniki bazası var. 
								Burada tədris, ümumi sahəsi 17.542 kv.m. olan 5 
								korpusda aparılır. 
								
								Neftçilər Kampusu-1 Məhsəti küçəsi, 11 ünvanında 
								yerləşən, ümumi sahəsi 4123 m2 olan 5-mərtəbəli 
								özəl bina və 1-mərtəbəli mətbəə binasından 
								ibarətdir.  
								
								Burada nəşriyyat, mətbəə, surətçıxarma mərkəzi, 
								elmi və tədris laboratoriyaları, akademik 
								departamentlər, elmi institut və mərkəzlər 
								fəaliyyət göstərir, elmi və ədəbi-publisistik 
								jurnallar nəşr olunur. 
								
								Zəngin kitabxana, müasir kompüter mərkəzləri, 
								tibb mərkəzi, yeməkxanalar, idman qurğuları 
								tələbə və işçilərin xidmətindədir. 
								
								Neftçilər Kampusu-2 də həmin ünvanda yerləşir və 
								ümumi sahəsi 4.208 m2 olan xüsusi layihə və 
								dizaynla tikilmiş 7-mərtəbəli tədris binasından 
								ibarətdir. 
								
								Cari tədris ilinin əvvəlində istifadəyə verilmiş 
								(binanın rəsmi açılışı hələ olmayıb) yeni tədris 
								binasında ən müasir kompüterlərlə təchiz edilmiş 
								kompüter mərkəzləri fəaliyyət göstərir. Burada 
								müasir yazı lövhələri, proyektorlarla, eləcə də 
								video-nəzarət sistemi ilə təchiz edilmiş geniş 
								və işıqlı auditoriyalar, binanın birinci 
								mərtəbəsini əhatə edən müasir tələblərə cavab 
								verən yeməkxana və ən müasir dərsliklərlə zəngin 
								kitabxana vardır. 
								
								Mərkəz Kampusu şəhərin mərkəzində - Bəşir 
								Səfəroğlu küçəsi, ev  122-də yerləşir. ümumi 
								sahəsi 1115 m2 olan xüsusi layihə və dizaynla 
								tikilmiş 4-mərtəbəli binadan ibarətdir.
								 
								
								Burada 20-dən çox dərs otağı, konsert salonu 
								yerləşir.  
								
								Alatava Kampusu Alatava küçəsi, 2 ünvanında 
								yerləşir və ümumi sahəsi 3761 m2 olan xüsusi 
								layihə və dizaynla tikilmiş 5-mərtəbəli tədris 
								binasıdır.  
								
								Burada Xəzər Universiteti nəzdində fəaliyyət 
								göstərən "Dünya" məktəbi yerləşir, həmçinin 
								təhsil fakültəsinin bir sıra dərsləri də burada 
								keçilir. 
								
								Universitetin Naxçıvani küçəsi, 9 ünvanında 
								yerləşən Binəqədi Kampusunda hazırda  xüsusi 
								layihə üzrə bağça və orta məktəb üçün nəzərdə 
								tutulmuş kompleksin tikintisinə hazırlıq işləri 
								aparılır.  
								
								
								Kompüter mərkəzləri və laboratoriyalar  
								
								Universitetdə  7 kompüter mərkəzi mövcuddur və 
								bu mərkəzlərdə ümumilikdə 317 ən müasir kompüter 
								var. Təhsil ocağında hər 4-5 tələbəyə 1 kompüter 
								düşür ki, buna da az-az ali məktəblərdə rast 
								gəlmək olar. 
								
								Bütün mərkəzlər tələbə və işçilərin tədris və 
								tədqiqat ehtiyaclarına xidmət edir. 
								
								Universitetdə müasir standartlara uyğun 
								ləvazimatlarla təchiz olunmuş ixtisaslaşmış 
								tədqiqat və tədris laboratoriyaları da fəaliyyət 
								göstərir. İxtisaslaşmış laboratoriyalar  
								müxtəlif sahələrdə tədris və tədqiqatların 
								aparılmasına xidmət edir.   
								
								
								Kitabxana-informasiya mərkəzi  
								
								Universitetdə, yeni istifadəyə verilmiş tədris 
								binasının bütövlükdə 5-ci və 6-cı mərtəbəsini 
								əhatə edən və ümumi sahəsi 1000 kv.m.-dən çox 
								olan, dünyanın bir çox ölkələrindən alınıb 
								gətirilmiş, elmin müxtəlif sahələrinə aid ən 
								müasir dərslik və monoqrafiyalarla zəngin 
								kitabxana-informasiya mərkəzi tələbələrə xidmət 
								edir.  
								
								Kitabxana-informasiya mərkəzi, Science Direct, 
								Cambridge University Press, Oxford University 
								Press, Bio One, AGORA, Ingenta və s. kimi 
								dünyada ən məşhur olan verilənlər bazalarına 
								müraciəti təmin edir. Universitenin 
								tələbələrinin dünyanın müxtəlif yerlərində nəşr 
								olunan 4450 akademik və 3600-dən çox biznes 
								jurnalına çıxışı var.  
								
								Universitetdə mövcud olan 200.000 nüsxədən çox 
								kitabdan təxminən 150.000 nüsxəsi 1990-cı ildən 
								sonra nəşr edilmiş kitablardır.  
								
								Kitabxanaya daim yeni kitablar daxil olur.  
								
								
								Beynəlxalq əlaqələr  
								
								Universitetdə tədrisin ingilis dilində 
								aparılması dünya təhsil sisteminin nailiyyətləri 
								və ənənələrindən bəhrələnməyə, eləcə də dünyanın 
								qabaqcıl universitetləri ilə tələbə və müəllim 
								mübadiləsini uğurla həyata keçirməyə kömək edir.
								 
								
								Xəzər Universiteti dünyanın bir çox ölkələrinin 
								- Böyük Britaniyanın London, Kembric, Oksford 
								universitetləri və s., ABŞ-ın  Harvard, 
								Kolumbiya, Kaliforniya Dövlət Universiteti, 
								Corciya Dövlət Universiteti və s., eləcə də 
								Fransa, Hollandiya, Türkiyə, Almaniya, Kanada, 
								İtaliya, Rusiya, İran İslam Respublikası, çin 
								Xalq Respublikası, Yaponiya, Macarıstan, 
								Avstraliya, İsveç və başqa ölkələrin məşhur 
								universitetləri ilə geniş əlaqələr yaratmışdır. 
								Göstərilən bu ali məktəblərin əksəriyyəti ilə  
								elmi araşdırmalar, informasiya mübadiləsi və s. 
								əlaqələrlə yanaşı, tələbə və müəllim mübadiləsi 
								proqramları da həyata keçirilir. Belə geniş 
								beynəlxalq əlaqələr nəticəsində Xəzərin yüzlərlə 
								tələbəsi öz təhsillərini adıçəkilən 
								universitetlərdə davam etdirmiş və 
								etdirməkdədir. Xəzərin müəllimlərinin isə, demək 
								olar ki, hamısı bu ali məktəblərdə işləmiş və 
								təcrübə keçmişlər. Universitetlərarası bu 
								mübadilə proqramlarından savayı, Xəzər 
								Universitetinin bir sıra müəllimləri və yuxarı 
								kurs tələbələri, eləcə də magistrant və 
								doktorantları müxtəlif beynəlxalq fondların və 
								proqramların (ACTRA/ACCELS Undergraduate 
								exchange Program, British Chevening Program, 
								German DAAD Program, Muskie Fellowship Program, 
								IREX Contemporary Program, Freedom Support Act 
								Program, British Council Scholarships Program və 
								s.) dəstəyi ilə məşhur xarici universitetlərdə 
								uzun və ya ortamüddətli staj keçmiş və ya təhsil 
								almış, bir sıra əməkdaşlar bu fondlar və 
								proqramların dəstəyi ilə müxtəlif ölkələrdə 
								konfranslarda, seminarlarda iştirak etmişlər. 
								Bütün  bunların nəticəsidir ki, Xəzər 
								Universiteti müəllim-kadr potensialına, xaricdən 
								dəvət edilmiş mütəxəssislərin, eləcə də xaricə 
								göndərilən müəllim və tələbələrin sayına görə 
								Azərbaycanın ən öndə gedən ali məktəblərindən 
								biridir. 
								
								Eləcə də bu əməkdaşlıq proqramları çərçivəsində 
								yüzlərlə xarici mütəxəssis Xəzərdə işə cəlb 
								olunmuşdur. Demək olar ki, hər tədris ilində 
								burada 15-20 xarici müəllim dərs deyir. 
								 
								
								Xəzər Universiteti beynəlxalq əlaqələr 
								çərçivəsində Beynəlxalq Universitetlər 
								Assosiasiyasının və bir sıra başqa beynəlxalq 
								təşkilatların üzvüdür. 
								
								Universitet Azərbaycanda fəaliyyət göstərən 
								biznes şirkətləri, fondlarla da geniş əlaqələr 
								qurmuşdur. O cümlədən, TASIC/TEMPUS, Avrasiya, 
								Soros fondu, Amerika Hüquqşünaslar 
								Assosiasiyası, İREX, Carnegie fondu və s. ilə 
								geniş əməkdaşlıq proqramları həyata keçirirlər. 
								
								Xəzər Universiteti habelə Azərbaycanda 
								fəaliyyətdə olan xarici nümayəndəliklərlə - 
								səfirliklərlə güclü əlaqələrə malikdir. Müxtəlif 
								səfirlik rəsmilərinin universitetdə mühazirələr 
								oxuması adi hala çevrilmişdir.  
								
								
								Əcnəbi tələbələr  
								
								Xəzər Universitetində təhsil alan əcnəbi 
								tələbələrin sayı ilbəil artmaqdadır. Dünya 
								təhsil təcrübəsində uğur qazanmış kredit 
								sisteminin tətbiq edilməsi, təhsilin ingilis 
								dilində olması, təhsildə keyfiyyət, eləcə də çox 
								maraqlı və canlı tələbə həyatının olması xarici 
								ölkə vətəndaşlarını bura cəlb edən 
								elementlərdəndir. 
								
								Universitetdə bu gün Amerika Birləşmiş 
								Ştatlarından, Qərbi Avropadan, Rusiyadan, 
								Gürcüstandan, ərəb dövlətlərindən, Türkiyədən, 
								İran İslam Respublikasından, Hindistandan, 
								çindən, Nigeriyadan, Cənubi Koreyadan və b. 
								ölkələrdən gəlmiş 150-dən artıq xarici tələbə 
								təhsil alır. Bu rəqəm sürətlə artmaqdadır. 
								
								Hazırda Xəzər Universitetində təhsil alan 
								tələbələrin 15 faizindən çoxu əcnəbilərdir və 
								bu, Azərbaycanda fəaliyyət göstərən bütün ali 
								məktəblər (istər dövlət, istərsə də özəl) 
								arasında ən yüksək göstəricidir.  
								
								
								Universitetin institut və mərkəzləri  
								
								Hazırda Xəzər Universitetində iqtisadi və biznes 
								təhsili və araşdırmalar; lüğət və ensiklopediya; 
								ətraf mühit tədqiqatları; qadın araşdırmaları 
								mərkəzləri; siyasət institutu; tərcümə 
								araşdırmaları mərkəzi; distant təhsil; xəzər 
								enerji tədqiqatları mərkəzi və təhsil siyasəti 
								institutu fəaliyyət göstərir. 
								
								İqtisadi və Biznes Təhsili və Araşdırmalar 
								Mərkəzi iqtisadiyyatın və biznesin müxtəlif 
								istiqamətlərində araşdırmalar aparır, 
								iqtisadiyyat və biznes fənlərinin tədrisinin 
								təkmilləşdirilməsinə dəstək verir, biznesin 
								təşkili və idarə edilməsi sahələrində müxtəlif 
								treninqlər keçirir. 
								
								Mərkəz mütəmadi olaraq iqtisadiyyat, maliyyə, 
								marketinq, kiçik və orta biznes və digər 
								sahələrdə respublikamızın müxtəlif ərazilərində 
								orta məktəb müəllimləri və sahibkarlar üçün 
								treninq və seminarlar təşkil edir. 
								
								Lüğət və Ensiklopediya Mərkəzində leksikoqrafiya 
								sahəsində zəngin təcrübəyə malik alimlər və 
								Xəzər Universitetinin müəllimləri çalışır. 
								Mərkəz son bir neçə ildir ki, 6 cilddən ibarət 
								olan ingiliscə-Azərbaycanca irihəcmli lüğətin 
								tərtibi ilə məşğuldur.  
								
								"Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət" 
								adlanan bu lüğətin 3 cildi artıq nəşr 
								olunmuşdur, qalan 3 cildi isə çapa hazırlanır. 
								
								Ətraf Mühit Tədqiqatlari Mərkəzi Azərbaycanın və 
								onun sərhəd zonalarında olan çay və göl 
								hövzələrinin və dağların ətraf mühit 
								problemlərinin öyrənilməsi və tədqiq edilməsi 
								məsələləri ilə məşğul olur. 
								
								Qadın Araşdırmaları Mərkəzi universitetdə və 
								həmçinin milli və beynəlxalq səviyyədə 
								qadınların hüquqlarını yaxşılaşdırmaq məqsədilə 
								yaranmışdır.  
								
								Mərkəzin əsas fəaliyyət istiqamətləri qadın 
								məsələlərilə bağlı bakalavr və magistr kursları 
								hazırlamaq və tədris etmək, qadın məsələləri ilə 
								bağlı elmi tədqiqat layihələrində iştirak etmək, 
								insan və qadın hüquqlarının inkişafına kömək 
								göstərmək və s.-dir. 
								
								Siyasət İnstitutu siyasətlə bağlı tədqiqat, 
								təhlil və təhsil məsələləri ilə məşğul olan 
								müstəqil qurumdur. 
								
								İnstitut müxtəlif dövlət rəsmilərinin, diplomat 
								və alimlərin iştirakı ilə müntəzəm konfrans, 
								seminar və müzakirələr, həmçinin böhran 
								simulyasiyası üzrə tələbələrin iştirakı ilə 
								illik konfranslar keçirir.  
								
								Tərcümə Araşdırmaları Mərkəzinin əsas məqsədi 
								akademik, bədii, fəlsəfi və texniki əsərləri 
								müxtəlif müasir dillərdən Azərbaycan dilinə 
								çevirməkdir.  
								
								Azərbaycan mədəniyyətinin bir çox qiymətli 
								nümunələrinin də başqa dillərə tərcüməsi nəzərdə 
								tutulur.  
								
								Mərkəz tərcümənin tədqiqi və tədrisi işlərinə də 
								cəlb olunur. 
								
								Tərcümə Araşdırmaları Mərkəzi peşəkar 
								tərcüməçilərlə yanaşı, gənc tərcüməçiləri də 
								mərkəzin işlərinə cəlb edir.  
								
								Distant Təhsil Mərkəzi müəllimlərə online 
								tədrisə hazırlıq;  kurs materiallarının dizaynı; 
								veb-yönümlü kursların təşkili; məsafədən tədris; 
								online öyrənmənin aparılması və.s yardımları 
								göstərir. 
								
								Xəzər Enerji Tədqiqatları Mərkəzi enerji ilə 
								bağlı müxtəlif məsələlərin tədqiqatı ilə 
								məşğuldur. 
								
								Xəzər Universiteti nəzdindəki orta ümumtəhsil 
								"Dünya" məktəbi Azərbaycanda fəaliyyətə başlayan 
								ilk məktəblərdən biridir. 
								
								"Dünya" məktəbi 2009 - cu il yanvarın 16 - da 
								beynəlxalq İB məktəbi statusu alıb, "Dünya" İB 
								School adı ilə Beynəlxalq Bakalavr Təşkilatı - 
								İnternational Baccalaurate Organization - İBO 
								-nun üzvü olub.  
								
								Dünyada cəmi 1878  məktəb İB diplomu verə bilir.
								 
								
								Keçmiş Sovet ölkələrində 22, Azərbaycanda isə 
								cəmi 2 İB diplomu verən məktəb mövcuddur. 
								Onlardan biri  də Xəzər Universitetinin "Dünya" 
								məktəbidir.  
								
								Təhsil Siyasəti İnstitutunun məqsədi təhsildə 
								dünya təcrübəsini öyrənmək, keyfiyyətin 
								artırılması və onun ölçülməsi problemləri 
								üzərində çalışmaq, Azərbaycanda təhsil 
								siyasətinin və təhsil sisteminin inkişaf 
								yollarını araşdırmaq, xüsusi halda Boloniya 
								prosesini yaxından izləmək və maraqlı tərəflərə 
								bu sahədə yardım göstərməkdir.   
								
								
								Nəşriyyat və mətbəə  
								
								Xəzər Universiteti nəşriyyatında dərsliklər, 
								monoqrafiya, konfrans materialları, 
								elmi-tədqiqat jurnalları, tərcümə layihələri 
								(İngilis və başqa dillərdən Azərbaycan dilinə və 
								həmçinin Azərbaycan dilindən ingilis və başqa 
								dillərə tərcümə olunmuş kitablar), həmçinin 
								bədii ədəbiyyat, elmi və elmi-publisistik 
								jurnallar nəşr edilir. 
								
								Mətbəə Xəzər Universiteti nəşriyyatının müntəzəm 
								çap sifarişlərini yerinə yetirir. 
								
								Burada eləcə də müxtəlif dərsliklər, dərs 
								proqramları, monoqrafiyalar, tədqiqat işləri, 
								konfrans materialları, bədii əsərlər, şeir 
								kitabları və.s çap edilir.  
								
								
								Mədəni fəaliyyət  
								
								Universitetdə mədəni həyatın inkişafı həmişə 
								diqqət mərkəzində olmuşdur. 
								
								Tələbə və müəllimlərdən ibarət iki mahnı və rəqs 
								ansamblı Azərbaycanda və bir çox xarici 
								ölkələrdə, o cümlədən Türkiyədə təşkil olunan 
								musiqi festivallarında uğurla iştirak etmiş, bir 
								sıra yarışların qalibi olmuşlar.  
								
								Xəzər Universiteti ansamblı Qafqaz və türk 
								xalqları da daxil olmaqla, dünyanın bir çox 
								xalqlarının milli rəqs və mahnılarını ifa edir.
								 
								
								Milli Geyimlər Mərkəzində Azərbaycanın milli 
								geyimləri toplanıb. Bütün bu geyimləri tələbələr 
								özləri "Milli Geyimlər üçün Tikiş Dərnəyi"ndə 
								düzəldirlər. 
								
								Mərkəzdə  toplanan və saxlanılan Qafqaz və başqa 
								regionların əhali və xalqlarının milli 
								geyimləri, Xəzər Universitetinin oğlan və 
								qızlardan ibarət rəqs ansamblının müxtəlif 
								xalqların rəqslərinin daha canlı, dolğun və 
								təbii yerinə yetirmələrinə kömək edir. 
								 
								
								Universitetdə 285 yerlik "Dünya konsert salonu" 
								mövcuddur. Burada universitetin müxtəlif 
								tədbirləri, klassiklərimizin və müasir sənət 
								adamlarımızın həyat və yaradıcılıqlarına həsr 
								olunmuş yaddaqalan elmi toplantılar, görkəmli 
								elm, ədəbiyyat və incəsənət xadimlərinin 
								iştirakı ilə görüşlər, muğam və klassik musiqi 
								gecələri, eləcə də yerli və beynəlxalq 
								konfranslar və s. tədbirlər keçirilir.   
								
								
								Xalça Muzeyi və Zərgərlik Mərkəzi  
								
								Xəzər Universitetinin Xalça Muzeyi həm muzey, 
								həm də emalatxana kimi fəaliyyət göstərir.
								 
								
								Muzey və emalatxana incəsənət üzrə seçmə fənn 
								götürərək kredit qazanmaq istəyən tələbələrin 
								istifadəsi üçün də açıqdır.  
								
								Burada toplanan toxunma əşyaların hamısı 
								tələbələr tərəfindən hazırlanmışdır.  
								
								Universitetin nəzdindəki Zərgərlik Mərkəzi həm 
								də kredit qazanmaq məqsədi ilə zərgərlik 
								sənətini seçmə kurs kimi götürən tələbələr üçün 
								emalatxanadır.  
								
								Burada emalatxana işlərinə peşəkar zərgər 
								rəhbərlik edir. 
								
								Universitetdə fəaliyyət göstərən Karyera 
								mərkəzinin əsas məqsədi yuxarı kurs tələbələri 
								və məzunlara gələcək uğurlu karyeralarının 
								qurulmasında yardımçı olmaqdır. 
								
								Bu məqsədlə böyük təşkilat və şirkətlərin 
								iştirakı ilə universitetdə iş yarmarkaları 
								keçirilir və bu yarmarkalarda tələbə və məzunlar 
								işəgötürənlərlə birbaşa ünsiyyətdə olurlar.  
								
								
								İdman  
								
								Universitetin həyatında idman böyük rol oynayır.
								 
								
								Universitetdə tələbələrdən ibarət futbol, 
								voleybol, basketbol, şahmat klubu və müxtəlif 
								döyüş növləri üzrə (karate, cüdo, uşu, boks) 
								idman bölmələri fəaliyyət göstərir. 
								Universitetin "Xəzər Universitet" futbol klubu 
								1998-2004-cü illərdə ölkənin futbol üzrə 
								güclülər dəstəsində (indiki premyer liqa) çıxış 
								etmişdir. 
								
								Bir sıra tələbələr idmanın müxtəlif komanda 
								növləri üzrə yerli və beynəlxalq yarışların 
								iştirakçılarıdır. 
								
								Eləcə də tələbələr yerli və beynəlxalq 
								yarışların, o cümlədən Avropa və dünya 
								çempionatlarının iştirakçısı və qalibləri 
								olmuşlar.  
								
								Universitetin kişi və qadınlardan ibarət 
								basketbol komandaları İranda, Gürcüstanda, 
								Rusiyada və başqa ölkələrdə keçirilmiş müxtəlif 
								beynəlxalq yarışlarda iştirak etmiş, uğurlar 
								qazanmışlar. 
								
								Bu  komandalar indi də Azərbaycanın premyer 
								liqasında çıxış edirlər.   
								
								
								Yusif ƏLİYEV |