| 
								
								Kəlbəcər rayon 37 nömrəli əsas məktəbin ingilis 
								dili müəllimi Vüqar Rzayev ona Azərbaycan dili 
								və ədəbiyyat fənnindən dərslərin verilməməsi 
								barədə müxtəlif idarə və təşkilatlara ərizələr 
								ünvanlayıb. Surəti bizim redaksiyaya da daxil 
								olan həmin ərizələrdən birində Vüqar müəllim ona 
								qarşı olan haqsızlıqlardan bəhs edir və 
								direktorun cəzalandırılmasını istəyir. 
								
								Doğrusu, Vüqar müəllimin labirintə bənzəyən bu 
								əcaib-qəraib ərizəsini höccələyə-höccələyə düz 7 
								dəfə oxusaq da, bir çox suallara cavab tapa 
								bilmədik. 
								
								Birincisi, öyrənmək istəyirdik ki, Vüqar müəllim 
								hansı rayonun ərazisində yaşayır. O, ərizəsində 
								yazır: "Biz çələbixan köçkünlər qəsəbəsində 
								məskunlaşmışıq və Kəlbəcər məktəbində 
								işləyirik". Daha sonra öyrənmək istədim ki, 
								görəsən o, ali təhsillidirmi, hansı institutu, 
								universiteti və ya texnikumu bitirib? Görəsən, 
								neçə ildir ingilis dilindən dərs deyir? Neçə 
								saat dərs yükü var ki, hələ üstəlik Azərbaycan 
								dili və ədəbiyyat fənnindən də dərs demək 
								istəyir? 
								
								Bütün bunlar bir yana, diqqətimizi daha çox cəlb 
								edən ərizənin müəllim adına yaraşmayan dərəcədə 
								savadsız yazılması oldu. 
								
								Vüqar müəllim cəmi-cümlətanı iki vərəqlik 
								ərizəsində düz 28 orfoqrafik və üslub səhvinə 
								yol verib. Səhvlərin çoxluğunu nəzərə alaraq 
								onları sadalamağı lazım bilmirik. Ancaq 
								fikirləşirik ki, görəsən bu savadla şagirdlərə 
								o, Azərbaycan dili və ədəbiyyat fənnini necə 
								tədris edə bilər? ümumiyyətlə, o, əgər ingilis 
								dilini də şagirdlərinə belə öyrədirsə, vay o 
								şagirdlərin halına. Görəsən, belə savadla Vüqar 
								müəllimin nəinki əlavə dərs saatı tələb etməyə, 
								ümumiyyətlə, onun dərs deməyə haqqı varmı? 
								
								Yəqin ki, bu suallara aidiyyəti təşkilatlar 
								cavab tapacaq.  
								
								
								ƏDALƏT |