| 
								 
								
								Fevralın 12-də Azərbaycan Müəllimlər 
								İnstitutunda "Təhsilin əsasları" fənninin 
								tədrisi üzrə müəllimlərin cəlb olunduğu 
								treninqlərin ikinci mərhələsinin başa çatmasına 
								dair  "dəyirmi masa" keçirildi. 
								
								
								Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, 
								Azərbaycan Dövlət Pedaqoji Universitetinin, 
								Gəncə Dövlət Universitetinin, Azərbaycan 
								Müəllimlər İnstitutunun  və onun filiallarının 
								müəllimləri  iştirak edirdilər.  
								
								
								Tədbiri giriş sözü ilə açan AMİ-nin rektoru,  
								professor Aqiyə Naxçıvanlı hazırda üç ali 
								məktəbdə "Təhsilin əsasları" fənninin tədrisi 
								ilə əlaqədar məlumat verdi və ali məktəblərdə bu 
								fənni tədris edən müəllimlər üçün institutda  
								təşkil olunan treninqlərdən danışdı. 
								
								
								Təhsil naziri Misir Mərdanov  AMİ-də "Təhsilin 
								əsasları"  fənninin  tədrisi ilə əlaqədar  
								keçirilən treninqlərin yüksək səviyyədə 
								təşkilindən razı qaldığını qeyd etdi və  bu 
								fənnin tədrisinə ayrılan saatlar barədə 
								fikirlərini bildirdi. Müvafiq tədris vəsaitinin 
								çapa hazırlanmasını məqbul hesab edən  nazir  
								Azərbaycan Müəllimlər İnstitutunda "Təhsilin 
								əsasları" fənninin tədrisinə dair yeni bir 
								mərkəzin yaradılması təklifini irəli sürdü və bu 
								işlərin həyata keçirilməsində  maddi-texniki 
								cəhətdən çətinliklər olarsa, Təhsil Nazirliyi 
								tərəfindən kömək  göstəriləcəyini vurğuladı. 
								
								
								Misir Mərdanov müəllimlər tərəfindən "Təhsilin 
								əsasları" fənninin  tədrisi metodikasına dair  
								məqalələrin hazırlanıb "Azərbaycan müəllimi" 
								qəzetində  dərc  olunmasını da   tövsiyə etdi. 
								
								
								Tədbirdə "Təhsilin əsasları" fənnini tədris 
								edən  müəllimlər müzakirə olunan məsələ ilə 
								bağlı fikirlərini  bildirdilər. Qeyd etdilər ki, 
								"Təhsilin əsasları" fənninin  tədrisi əvvəlki 
								dərs prosesindən xeyli fərqlidir. Belə ki, bu  
								fənnin  interaktiv tədrisində dərs prosesinin 
								idarə edilməsi hər bir müəllimin  özündən 
								asılıdır.    
								
								
								Sonda təhsil naziri Misir Mərdanov tərəfindən 
								"Təhsilin əsasları" fənninin  tədrisinə dair 
								təşkil olunmuş təlim kurslarının 2-ci  
								mərhələsini başa vurmuş müəllimlərə  
								sertifikatlar təqdim olundu.  
								
								
								
								Şakir CƏFƏROV  |