| 
								 
								
								2009-2010-cu illər üçün III ixtisas qrupu üzrə 
								ali məktəblərə qəbul imtahanlarının sualları 
								əvvəlki illərlə müqayisədə süni şəkildə, heç bir 
								məntiqə əsaslanmadan çətinləşdirilmiş və 
								mürəkkəbləşdirilmişdir. Nəticədə bu ixtisas 
								qrupu üzrə ən hazırlıqlı abituriyentlər belə 
								vaxt azlığı, çatışmazlığı ilə üzləşmiş, bir çox 
								sualları cavablandırmağa imkan tapmamış və 
								nəticədə aşağı bal toplamışlar. Bu hal özünü  
								tarix fənni üzrə daha qabarıq göstərmişdir. 
								Fikrimizi faktlarla əsaslandıraq: 
								
								
								1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
								1999-cu ildə təsdiq etdiyi tarix fənləri üzrə 
								Dövlət Proqramında Azərbaycan tarixinin 
								tədrisinə həftədə bütün siniflərə görə 11 saat, 
								ümumi tarixə isə 6 saat vaxt ayrılmışdır. Bu 
								nöqteyi-nəzərdən test sualları hazırlanarkən 
								Azərbaycan tarixi ilə ümumi tarixdən 
								proporsionallıq gözlənilməlidir. Yəni Azərbaycan 
								tarixindən 15, ümumi tarixdən 9, Azərbaycan 
								Konstitusiyasından 1 sual tərtib edilməklə 
								variantlar müəyyənləşməlidir. ümumiləşmiş test 
								sualları olduqda proporsiyada qismən dəyişiklik 
								ola bilər. Ancaq əksər  halda Azərbaycan 
								tarixindən olan sualların sayı heç vəchlə ümumi 
								tarix suallarından az olmamalıdır. Nəzərə 
								alınmalıdır ki, ümumi tarixdən orta məktəb 
								kursunda heç bir imtahan, olimpiada keçirilmir, 
								bunlar ancaq Azərbaycan tarixindən aparılır. çox 
								təəssüf ki, 2009-cu ilin III qrup tarix fənninin 
								A, C variantlarında Azərbaycan tarixi və ümumi 
								tarixdən sualların sayı bərabər olmuş, B,D 
								variantlarında Azərbaycan tarixindən sualların 
								sayı ümumi tarixin suallarından az olmuşdur. Bu 
								proporsionallığın ciddi surətdə pozulmasıdır. 
								Onbirinci sinifdə ən yeni tarix həftədə 1 saat 
								tədris olunur, Azərbaycan tarixi isə həftədə 2 
								saat keçilir. Təəccüb doğuran haldır ki, həftədə 
								1 saat keçilən tarixə 5 sual, həftədə 2 saat 
								keçilən fənnə 4 sual ayrılır. Bütün bunlar 
								Dövlət Proqramının, eləcə də TQDK-nın özünün 
								qəbul etdiyi proqramın tələblərinin kobud 
								surətdə pozulması deməkdir. 
								
								
								2. Müqayisə, təhlil və düşüncə tələb edən, 
								məntiqi xarakterli, vaxtın çoxluğuna hesablanmış 
								testlərin sayı 2008-ci ilə nisbətən 2009-cu ildə 
								2 dəfə artırılmışdır.Belə ki, 2008-ci ildə bu 
								tipli test suallarının sayı 6-7 olmuşdursa, 
								2009-cu ildə onların sayı 12-yə çatdırılmışdır.A 
								variantında 79, 83, 85, 86, 88, 89, 91, 92, 97, 
								98, 99, 100-cü testlər. Bunların 7-sinin ümumi 
								tarixdən olması abituriyentlərin vaxt 
								çatışmazlığı ilə üzləşməsinə səbəb olmuşdur.Bu 
								vəziyyət B variantında 78, 81, 82, 84, 86, 87, 
								88, 89, 93, 94, 100-cü, C variantında 78, 81, 
								82, 83, 88, 89, 90, 91, 92,95, 99, 100-cü, D 
								variantında 76, 79, 82, 84, 88, 90, 91, 93, 94, 
								97, 98-ci suallarda bir daha təkrar olmuşdur. 
								
								
								Bu tipli sualların cavablarını düzgün tapmaq 
								üçün abituriyent hər bir suala ən azı 2-3 dəqiqə 
								vaxt ayırmalıdır ki, bu da onun üçün ayrılmış 
								ümumi vaxtın düzgün bölüşdürə bilməməsi ilə 
								nəticələnir. 
								
								
								3. Xronoloji ardıcıllığı müəyyənləşdirməyi tələb 
								edən test  sualları adətən hər bir variantda 2-3 
								ədəd olur. 2008-ci illə müqayisədə 2009-cu ildə 
								bu səpgili testlərin sayında və çətinliyində 
								artım olmuşdur. Belə ki, 2008-ci il 
								variantlarında xronoloji ardıcıllığın birində 3 
								hadisə, ikincisində 4 hadisə verilmiş və onlar 
								müxtəlif dövrləri əhatə etmişdir. 2009-cu ildəki 
								variantlarda hər iki xronoloji ardıcıllığa 4 
								hadisə salınmış, eyni mövzuya aid olunmuşdur. 
								Hətta A, B, C, D variantlarında (78, 79, 81, 
								97-ci testlər) xronoloji ardıcıllıqda ay fərqi, 
								gün fərqi tələb edilmişdir ki, bu da ilk dəfə 
								tətbiq edilir. Hər dörd variantda "Daha əvvəl 
								olmuşdur" suallarının verilməsi ilə birdən-birə 
								abituriyentdən bir testdə 5 suala cavab 
								istənilməsi, özü də cavabların yaxınlıq 
								dərəcəsinin sıxlığı  yenə də vaxt çatışmazlığına 
								gətirib çıxarır.Bir mütəxəssis kimi vurğulamaq 
								istəyirik ki, söhbət sualların ağırlığı, 
								yüngüllüyündən getmir, söhbət vaxt azlığı, vaxt 
								çatışmazlığında olur. 
								
								
								4. Xəritə ilə bağlı test suallarının qəbul 
								imtahanlarına salınması təqdirəlayiqdir. Bu 
								şərtlə ki, onlarda kartoqrafiya prinsiplərinə 
								əməl olunsun. Məlumdur ki, son illər Təhsil 
								Nazirliyi tərəfindən həyata keçirilən uğurlu 
								dərslik siyasəti nəticəsində bütün tarix 
								dərslikləri rəngli, nəfis tərtibatda nəşr 
								olunur. Həmin dərsliklərdə mözularla bağlı 
								çoxsaylı xəritələr verilmişdir. çox təəssüf ki, 
								test tərtibçiləri həmin xəritələrə istinad etmək 
								əvəzinə, hansısa mənbədən və yaxud Sovet 
								dövründə nəşr olunmuş dərsliklərdən xəritələr 
								götürüb, onlara əsaslanaraq test sualları tərtib 
								edirlər. Xəritə müstəvi üzərində verilərkən 
								adətən 3 proyeksiyadan istifadə edilməklə, 
								rəngli və rəngsiz halda tərtib edilir. 2009-cu 
								ilin qəbul imtahanı  variantlarında verilən 
								xəritələrdə su sahələri qara, quru sahələr ağ 
								fondda verilmişdir. Kontur xəritələrdə rəng 
								verilmir. Həmçinin tərtib olunan xəritələr 
								dərslikdəkilərlə üst-üstə düşmür, ölkələrin 
								sərhədləri aydın nəzərə çarpmır. Rəqəm ilə 
								birlikdə nöqtələrin qoyulması ümumiyyətlə xəritə 
								anlayışına heç cür uyğun gəlmir. Nöqtələr adətən 
								xəritələrdə şəhərləri bildirir, ölkələri yox. 
								Rəqəm ilə qeyd edilməsi daha müvafiq olardı. A 
								variantında eləcə də  D variantında (77 və 93-cü 
								testlər) Krım yarımadasının xəritənin sağ (şərq) 
								tərəfində gözəgəlimsiz şəkildə verilməsi 
								abituriyent üçün problem yaradır.Həmin 
								xəritələrdə çoxlu miqdarda nöqtələrin qoyulması 
								da düzgün deyil. 
								
								
								5. Hər dörd variantda dərslikdə demək olar  
								diqqəti cəlb etməyən, dünya və Azərbaycan 
								tarixində elə də böyük əhəmiyyətə malik olmayan, 
								cəmi bir və 2 cümlə ilə ifadə edilən bir neçə 
								test sualları verilmişdir. B variantında 99-cu 
								sualda "ABŞ prezidenti H.Huverin hakimiyyəti 
								dövrünün səciyyəvi cəhəti" soruşulur. Dərslikdə 
								H.Huverə aid cəmi bir cümlə vardır.Səciyyəvi 
								cəhət  dedikdə isə daha geniş məlumatların 
								içərisindən daha mühümü müəyyən olunur.  
								Şübhəlidir,  sualın  qoyuluşu  nəyə  əsaslanıb  
								belə verilmişdir. Hansı ki, sualı daha sadə 
								şəkildə vermək olardı. 
								
								
								6. 1992-ci ildən 2008-ci ilə qədər TQDK-nın 
								keçirdiyi tələbə qəbulu imtahanlarının  
								suallarını təhlil edərək belə nəticəyə gəlirik 
								ki, 2009-cu ilin III qrup tarix fənləri üzrə 
								tərtib olunmuş suallar daha mürəkkəb, 
								düşündürücü, çoxpilləli və vaxt aparan olmuşdur. 
								Daha yaxşı olardı ki, testlər sadə, orta, 
								mürəkkəblik dərəcəli olmaqla, abituriyentlər 
								üçün daha anlaqlı suallardan tərtib olunsun.  
								
								
								
								Babək XUBYAROV, 
								Bakıdakı 158 nömrəli  orta məktəbin  
								tarix müəllimi, əməkdar müəllim  |