|   | 
										
										
										Yerləşir:  | 
										
										
										Yaponiya, Honşu adası, Kyoto şəhəri
										 | 
										
										  | 
										  | 
									 
									
										| 
										
										Yaranma tarixi: | 
										
										
										1897-ci il | 
									 
									
										| 
										
										Tipi:  | 
										
										
										Dövlət | 
									 
									
										| 
										
										İşçi heyəti: | 
										
										
										5400 nəfər | 
									 
									
										| 
										
										Tələbələrin sayı: | 
										
										
										22700 nəfər | 
									 
									
										| 
										
										İllik gəlirləri:  | 
										
										
										140688 milyon yen | 
									 
									
										| 
										
										İllik xərcləri: | 
										
										
										138915 milyon yen | 
									 
									
										| 
										
										Rəsmi saytı: | 
										
										
										
										www.kyoto-u.ac.jp | 
									 
								 
								
								
								Kyoto Universiteti (Kyoto University) 
								Yaponiyanın Honşu adasının mərkəzindəki Kyoto 
								şəhərində yerləşir. Asiyanın ən nüfuzlu 
								universitetlərindən hesab olunan bu təhsil 
								müəssisəsi Yaponiyanın ikinci ən qədim 
								universitetidir. Böyük Britaniyanın "Times 
								Higher Education Supplement - QS World 
								Universities Rankings" jurnalının 2009-cu ildə 
								apardığı dünya universitetlərinin reytinqinə 
								əsasən, Kyoto Universiteti 100 ən yaxşı ali 
								məktəb arasında 25-ci yerdədir.   
								
								
								Tarixi  
								
								
								18 iyun 1897-ci ildə Yaponiya imperatoru ölkədə 
								ikinci ali məktəbin - Kyoto İmperator 
								Universitetinin yaradılması haqqında sərəncam 
								imzalayır. 1899-cu ildə  universitetdə  hüquq və 
								tibb fakültələri, universitet hospitalı, 1906-cı 
								ildə filologiya, elm və texnika fakültələri 
								yaradılır. 1914-cü ildə elm və texnika fakültəsi 
								mühəndislik və elm fakültələrinə bölünür. 
								1919-cu ildə burada iqtisadiyyat fakültəsi 
								açılır.  
								
								
								Universitetin fəaliyyəinin ilkin dövründə bu ali 
								məktəbə prezident Yaponiyanın Təhsil Nazirliyi 
								tərəfindən seçilir. Lakin universitetin 
								professor-müəllim heyəti buna etiraz edir, 
								muxtariyyət tələb edərək, 1915-ci ildən 
								rəhbərlərini özləri seçməyə başlayırlar. 1923-cü 
								ildə universitetdə kənd təsərrüfatı fakültəsi 
								yaradılır və tələbələrin sayı xeyli artır.  II 
								Dünya müharibəsinə qədər və müharibə illərində 
								Kyoto İmperator Universiteti durğunluq dövrünü 
								yaşayır.  
								
								
								Müharibədən sonra universitetdə liberal atmosfer 
								bərpa olunur. 1947-ci ildə Yaponiyada orta 
								məktəb təhsili haqqında qanun qəbul olunur. 
								Nəticədə, ümumilikdə bütün təhsil sistemində 
								geniş islahatlar aparılır. 1947-ci ilin 
								oktyabrında  Kyoto İmperator Universitetinin adı 
								dəyişdirilir və Kyoto Universiteti olur. Həmin 
								ilin mayından Kyoto Universitetində 3 illik 
								təhsil 4 illə əvəz edilir. 1894-cü ildən 
								Yaponiyada liberal incəsənət təhsili verən və 
								Ali Məktəb adı ilə fəaliyyət göstərən təhsil 
								ocağı yarım əsr sonra (1949-cu il) Kyoto 
								Universitetinə birləşdirilir. 1953-cü ilin 
								aprelində yeni tədrisin nizamlanması məqsədilə 
								burada ali məktəbdən sonrakı təhsil çərçivəsində 
								ədəbiyyat, elm, hüquq, iqtisadiyyat, əczaçılıq,  
								maşınqayırma, kənd təsərrüfatı və s. ixtisaslar 
								öyrədilir.
								  
								
								
								1954-cü ildə universitetdə Azad İncəsənət və Elm 
								İnstitutu, 1955-ci ildə Təhsil haqqında qanuna 
								əlavələr nəticəsində Tibb Məktəbi yaradılır. 
								1960-cı ildə Tibb Məktəbi  iki instituta - Tibb 
								və Əczaçılıq institutlarına bölünür. 1992-ci 
								ilin oktyabrında Azad İncəsənət İnstitutunun adı 
								İnsanın Kompleks Tədqiqatı fakültəsi olur. 
								Burada tədricən Hüquq və Ekologiya, Energetika, 
								Asiya və Afrika Regional Tədqiqatlar, 
								İnformatika, Bioelmlər və Qlobal Ekologiya 
								Tədqiqatları ali məktəbləri yaradılır.  
								 
								
								
								2004-cü ildə Molekulyar Biologiya və Genetika 
								Mərkəzi, Beynəlxalq İnnovasiyalar Cəmiyyəti, 
								İnformasiyaların İdarəolunması İnstitutu açılır. 
								2005-ci ildə universitetin kitabxanası İnternet 
								şəbəkəsinə qoşulur, 2006-cı ildə Menecment Ali 
								Məktəbi, Nano-Tibb Təhsilinin Birləşməsi Qrupu, 
								Qadın Tədqiqatçılar Mərkəzi  açılır. 2007-ci 
								ildə həkimlərin təkmilləşdirilməsi üçün 
								Mühəndislik tədqiqat Qrupu, Vəhşi Təbiətin 
								öyrənilməsi Mərkəzi, 2008-ci ildə isə Kosmosun 
								Sinergetik Tədqiqatı Qrupu yaradılır.  
								
								
								Büdcə və təhsil haqqı  
								
								
								Kyoto Universitetinin illik gəlirləri ümumilikdə 
								140688 milyon yapon yeni təşkil edir. Bu 
								məbləğin 60874 milyonu universitet rəhbərliyinin 
								qrantlarına, 24680 milyonu xəstəxana 
								gəlirlərinə, 22872 milyonu xarici mənbələrdən 
								daxil olan gəlirlərə, 12975 milyonu təhsil 
								haqqına, 12845 milyonu subsidiya xidmətlərindən 
								daxil olan, 6442 milyon yeni isə ümumi gəlirlərə 
								aiddir.  
								
								
								Universitetin illik xərcləri 138915 milyon yenə 
								bərabərdir. Xərclərin 63009 milyonunu tədris və 
								tədqiqat xərcləri, 24846 milyonunu xəstəxana 
								xərcləri, 6470 milyonunu idarəetmə xərcləri, 
								12845 milyonunu  texniki xidmətlər, 23903 
								milyonunu sənaye müəssisələrinə olan xərclər, 
								4803 milyonunu müxtəlif borcların ödənişi, 3039 
								milyon yenini isə ümumi xərclər təşkil edir.
								
								
								  
								
								
								Kyoto Universitetində bir-illik təhsil haqqı 
								tələbənin təhsil aldığı fakültədən asılı olaraq, 
								orta hesabla 535800-804000 yen arasında dəyişir. 
								Təhsil haqqının daha çox tələb olunduğu fakültə 
								isə hüquqdur. Bir semestr təhsil almaq tələbəyə 
								fakültədən asılı olaraq, təxminən, 267900-402000 
								yenə  başa gəlir. Qəbul imtahanında iştirak 
								etmək üçün bakalavr üzrə 17000, magistratura və 
								doktorantura üzrə isə 30000 yen ödənilməsi tələb 
								olunur. Qəbul üçün məbləğ universitetə ərizə ilə 
								müraciət edilərkən ödənilir. Birinci semestr 
								üzrə təhsil haqqı, adətən, apreldə, ikinci 
								semestr üzrə isə oktyabrda  ödənilir. ödəniş 
								bank köçürməsi ilə də mümkündür. Yüksək balla 
								qəbul olunan, dərslərə mütəmadi gələn, əlaçı, 
								maliyyə çətinlikləri ilə üzləşən tələbələr 
								təhsil haqqından bütünlükdə və ya yarısından 
								azad oluna bilərlər ("tuition exempton"- təhsil 
								haqqından azad edilmə). Bununla bağlı istənilən 
								tələbə universitetə müraciət edə bilər, lakin 
								yerlər məhdud olduğu üçün tələbələr seçim 
								turundan keçməlidir.  
								
								
								Kyoto Universitetində yuxarıda sadalanan 
								keyfiyyətlərə malik olan tələbələrə təqaüdlər 
								verilir. Bakalavrda oxuyan tələbələr hər ay 
								125000, magistrantlar 154000, doktorantlar isə 
								155000 yen təqaüd alır. Universitetin bir sıra 
								regionlarında yerləşən müəssisələrində təhsil 
								alan tələbələrə hər ay 2000, 3000 yen məbləğində 
								vəsait verilir.  
								
								
								Yaponiya Tələbə Xidməti Təşkilatı (JASSO) 
								Yaponiya universitetlərində təhsil alan əcnəbi 
								tələbələrə təqaüdlər təklif edir. 2009-2010-cu 
								tədris ilində JASSO-nun Tokio Universitetində 
								bakalavrlar üçün ayırdığı təqaüdün 
								("scholarship")  məbləği ayda 48000, magistr və 
								doktorantlar üçün isə 65000 yen təşkil edir. 
								Universitetlər iyunun əvvəllərində JASSO-ya 
								müraciət edir. JASSO komissiyası tərəfindən 
								seçim turu aparılır və müsabiqədən 
								müvəffəqiyyətlə keçmiş tələbələr haqqında 
								məlumat universitetlərə iyul ayının əvvəllərində 
								verilir. Həmçinin bu təşkilat tələbə mübadiləsi 
								çərçivəsində Yaponiya universitetlərinə qısa 
								müddətdə tədqiqat üçün gələn tələbələrə təqaüd 
								ayırır. 2009-2010-cu tədris ilində həmin 
								vəsaitin məbləği 80000  yendir.  
								
								
								Kyoto Universitetində təhsil alan əcnəbi 
								tələbələr öz dövlətləri tərəfindən təqaüdlər 
								alırlar. Dünyanın bir çox universitetlərində 
								olduğu kimi, burada da müxtəlif təqaüdlər 
								mövcuddur.  
								
								
								Tələbənin biraylıq xərcləri, ümumilikdə, 
								qidalanması, yataqxana xərcləri, istirahəti və 
								s. daxil olmaqla onun necə yaşamasından asılı 
								olaraq, təxminən, 134000 yen təşkil edir.   
								
								
								Universitet bu gün  
								
								
								Kyoto Universitetinin əsas kampusu Kyoto 
								şəhərinin mərkəzində yerləşən Yoşidadır. Kampus 
								Əsas, Cənub, Şimal, Qərb, Tibb, Əczaçılıq, 
								Universitet Xəstəxanaları hissələrindən 
								ibarətdir. Bu kampusda yerləşən binalar çox 
								qədimdir və müxtəlif üslublarda inşa edilib. 
								Binalar, əsasən, qırmızı kərpicdən tikilib.
								
								
								  
								
								
								Universitetin simvolu olan Yüzilliyin Zalı adlı 
								saat qülləsi məhz bu kampusda yerləşir. Udzi 
								kampusu əsas kampusdan 20 kilometr cənubdadır. 
								Əvvəllər imperator ordusuna məxsus olan bu ərazi 
								1949-cu ildə universitetə verilib. Kampus Qokaşo 
								və Udzi hissələrindən ibarətdir. Burada təbii 
								elmlər və energetika fakültələri, elmi-tədqiqat 
								institutları və mərkəzləri yerləşir. Katsura 
								kampusu əsas kampusdan 7 kilometr qərbdədir və 
								2003-cü ilin oktyabrında yaradılıb. Yerləşdiyi 
								rayonun adı verilən bu kampusda texnologiya 
								elmlərinə aid korpuslar yerləşir. Əvvəllər 
								Yoşida kampusunda fəaliyyət göstərən Mühəndislik 
								və İnformatika ali məktəbləri sonradan Katsura 
								kampusuna köçürülüb.  
								
								
								Hazırda Kyoto Universitetində bakalavrlar üçün 
								10, magistr və doktorantlar üçün 20 məktəb, 13 
								elmi-tədqiqat institutu, 30 təhsil mərkəzi 
								fəaliyyət göstərir.  
								
								
								Bakalavrlar üçün məktəblər: İnsanın kompleks 
								tədqiqatı, Filologiya, Pedaqogika, Hüquq, 
								İqtisadiyyat, Təbii elmlər, Tibb, Əczaçılıq, 
								Mühəndislik, Kənd təsərrüfatı. 
								
								
								Magistr və doktorantlar üçün məktəblər: 
								Filologiya, Pedaqogika, Hüquq, İqtisadiyyat, 
								Elm, Tibb, Əczaçılıq, Mühəndislik, Kənd 
								Təsərrüfatı, İnsan və Ekologiya Elmləri, 
								Energetika, Asiya və Afrika Regional 
								Tədqiqatları, İnformatika, Bioelmlər, Qlobal 
								Ekologiya Tədqiqatları, Dövlətin İdarəolunması, 
								Menecment, Kyoto Hüquqşünaslıq, İctimai Səhiyyə 
								və Tibbi Texnologiya Kolleci. 
								
								
								 Elmi-tədqiqat institutları: Kimya, Humanitar, 
								Sərhəd Tibb elmləri, Perspektivli Enerji, Sabit 
								Ətraf Mühit, Təbii Fəlakətin Xəbərdarlığı, 
								Yukava Nəzəri Fizika, Virus, Nüvə Tədqiqatları,  
								İqtisadiyyat, Riyaziyyat, Primatlar, Cənub-Şərqi 
								Asiya. 
								
								
								Təhsil mərkəzləri: Hesablama Texnikası və Media 
								Elmləri, Radiasiya Biologiyası, Ekoloji 
								Tədqiqatlar, Kompleks Regionşünaslıq, 
								Radioizotop Tədqiqatları, Ətraf Mühitin 
								Mühafizəsi, Beynəlxalq, Ali Təhsil Sahəsi üzrə 
								Qabaqcıl Təcrübənin İnkişafı, İnnovasiya 
								Əməkdaşlığı, Aşağı Temperatur və Material 
								Elmləri Tədqiqatı, Tarla Elmləri, Fundamental 
								Kimya, Konsultasiya Mərkəzi, Kokoro Tədqiqat, 
								Vəhşi Təbiətin öyrənilməsi, Arxeologiya 
								Əməliyyatları, Səhiyyə Xidməti, Nano-Tibb 
								Təhsilinin Birləşməsi, Sabit Elmlər, Gələcək 
								Nəslə Şərait (Yol açma), "Karyera-yol" Cavan 
								Alimlərə Yardım, Kosmosun Sinergetik Tədqiqatı, 
								Əczaçılıq Sahəsi üzrə Cavan Liderlər Qrupu, 
								Birinci Beynəlxalq Tədqiqat Təşəbbüsü, Afrika 
								Regional Tədqiqat Mərkəzi, Qadın Tədqiqatçılar 
								üçün Mərkəz, Riskli Biznes Laboratoriyası, 
								Səhiyyə və Tibb Xidmətləri,  Kyoto Universiteti 
								Muzeyi, Kyoto Universitetinin arxivləri. 
								
								
								Kyoto Universitetinin kitabxanası 1899-cu ildə 
								yaradılıb. Universitetin ayrılıqda 85 
								kitabxanası mövcuddur. Bunlar Əsas, Udzi, Jinkan, 
								Yukava, Oboda, Kurri və s. kitabxanalardır. 
								Demək olar ki, bütün ixtisaslara aid ayrıca 
								kitabxana var. ümumilikdə, kitabxana sisteminə 
								6256000 kitab, 89000 jurnal daxildir. Kitabxana 
								İnternet şəbəkəsinə qoşulub. Oxucular rəqəmsal 
								kitabxanada 24000 adda elektron jurnal, 60-dan 
								çox verilənlər bazası, 3300 nadir kitab 
								kolleksiyası, elektron kitablar, müxtəlif 
								resurslarla tanış ola bilirlər.  
								
								
								Kyoto Universitetinin muzeyi ali məktəbin 
								yarandığı gündən fəaliyyət göstərir. Bu vaxtadək 
								muzey Yaponiyanın tarixinə, mədəniyyətinə, 
								elminə, texnologiyasına və s. aid 2,5 milyondan 
								çox əşya toplayıb. İstənilən şəxsə həmin 
								nümunələrlə tanış olmaq imkanı yaradılıb. 
								 
								
								
								Kyoto Universitetində Səhiyyə Xidməti fəaliyyət 
								göstərir. Bu xidmət hər il bütün tələbələri və 
								universitetin əməkdaşlarını müayinə edir, onlara 
								sağlamlıqları haqqında sertifikat verir, xəstə 
								tələbələri müalicə edir. Xidmətin daxili təbabət, 
								psixiatriya, dermatologiya, oftalmologiya, 
								otolarinqologiya, ortopediya, stomatologiya və 
								s. departamentləri var. Səhiyyə Xidmətinin 
								ofisləri Katsura, Udzi, Kumatori kampuslarında 
								yerləşir. Universitetdə, həmçinin, müxtəlif 
								bədbəxt hadisələrdən sığorta kampaniyaları 
								mövcuddur.  
								
								
								Hazırda Kyoto Universitetinin işçi heyətinin 
								ümumi sayı 5400 nəfərdir. Onların 2900-ü müəllim, 
								2500-ü inzibati işçidir. 2008-ci ilin 
								oktyabrından universitetin prezidenti Hirosi 
								Matsumotodur. O, Kyoto Universitetində 
								elektronika sahəsi üzrə bakalavr, magistr və 
								doktorantura pillələrində təhsil alıb. 
								 
								
								
								Kyoto Universitetinin tələbələrin ümumi sayı 
								22700 nəfərə bərabərdir. Tələbələrin 13400-nü 
								bakalavr, 9300-nü isə magistrant və doktorantlar 
								təşkil edir. Universitetdə təhsil alan əcnəbi 
								tələbələrin sayı 1353 nəfərdir. Burada bütün 
								qitələrdən olan tələbələr təhsil alır. 
								 
								
								
								Yerli tələbələrin qalmaları üçün əsas kampusda 
								dörd yataqxana var. Bunlar Yoşida-Re, Kumano-Re, 
								qızlar üçün Coşi-Re, magistr və doktorantlar 
								üçün Muromati-Re yataqxanalarıdır.   
								
								
								Əcnəbi tələbələrin və tədqiqatçıların yaşaması 
								üçün Kyoto Universitetində üç beynəlxalq 
								yataqxana mövcuddur - Şuqakuin, Udzi, Ohbaku. 
								Burada qalmaq istəyənlər aprel və oktyabr 
								aylarında müraciət edə bilərlər. Kirayə haqqı 
								otağın ölçüsündən və şəraitindən asılıdır. 
								Mətbəxi, İnternetə çıxışı olan birnəfərlik 
								mənzilin biraylıq qiyməti 11700 yendir. 
								İkinəfərlik yerin qiyməti 18900, ailə üçün 
								nəzərdə tutulmuş mənzilin qiyməti isə 28400 yen 
								təşkil edir. Burada, həmçinin, tələbələrin 
								yaşaması üçün özəl mənzillər mövcuddur, 
								qiymətlər isə 25000-45000 yen arasında dəyişir. 
								özəl mənzillərdə qalanlar əlavə olaraq bir sıra 
								vergilər, depozitlər ödəməlidir. 
								
								
								Kyoto Universiteti dünyanın qədim və ən nüfuzlu 
								elmi-tədqiqat mərkəzlərindəndir. Bu ali təhsil 
								ocağının tələbəsi olmaq dünyanın bir çox 
								gənclərinin ən böyük arzusudur.   
								
								
								
								Kyoto Universitetinin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Li Tenq-hui | 
										
										
										Tayvanın sabiq prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Hayato İkeda | 
										
										
										Yaponiyanın sabiq Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Fumimaro Konoe | 
										
										
										Yaponiyanın sabiq Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Tetsu Katoyama | 
										
										
										Yaponiyanın sabiq Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Kijuro Şidehara | 
										
										
										Yaponiyanın sabiq Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Osaçi Hamaquçi | 
										
										
										Yaponiyanın sabiq Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Frenk Se | 
										
										
										Tayvanın sabiq Baş naziri  | 
										  | 
									 
									
										|   | 
										
										
										Hideki Yukava  | 
										
										
										Yaponiyanın ilk Nobel mükafatçısı, 
										fizika üzrə (1949) | 
										  | 
									 
									
										|   | 
										
										
										Şiniçiro Tomonaqa | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı 
										(1965) | 
										  | 
									 
									
										|   | 
										
										
										Keniçi Fukui  | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı 
										(1981) | 
										  | 
									 
									
										|   | 
										
										
										Susumu Toneqava | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı (1987) | 
										  | 
									 
									
										|   | 
										
										
										Aunq San Syu Kyi  | 
										
										
										sülh üzrə Nobel mükafatı laureatı (1991) | 
										  | 
									 
									
										|   | 
										
										
										Ryoji Noyori  | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı 
										(2001) | 
										  | 
									 
									
										|   | 
										
										
										Makoto Kobayaşi | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı 
										(2008) | 
										  | 
									 
									
										|   | 
										
										
										Toşihide Masukava | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı 
										(2008) | 
										  | 
									 
									 
								
								
								
								Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |