| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								Hörmətli oxucular, ötən məqalələrdə ayrı-ayrı 
								ölkələrlə təhsil sahəsində əməkdaşlıq əlaqələri 
								barədə məlumat vermişdik. Bu məqalədən 
								başlayaraq Təhsil Nazirliyinin beynəlxalq 
								təşkilatlarla təhsil sahəsində əlaqələri, həyata 
								keçirilən birgə layihə və proqramlar barədə 
								fikirlərimi sizinlə bölüşəcəyəm. 
								
								
								Azərbaycan öz dövlət müstəqilliyini əldə 
								etdikdən sonra dünyanın bir sıra təşkilatları 
								ilə təhsil sahəsində əməkdaşlıq əlaqələri xeyli 
								genişlənmişdir. Bu gün Təhsil Nazirliyi dünyanın 
								20-dən artıq beynəlxalq təşkilatı ilə ümumilikdə 
								70-dən çox birgə layihə və proqramlar həyata 
								keçirir. 
								
								
								Xüsusi vurğulamaq istərdim ki, daha sıx və 
								səmərəli əməkdaşlıq əlaqələri yaratdığımız 
								beynəlxalq təşkilatlardan biri YUNİSEF-dir 
								(BMT-nin Uşaq Fondu). Bu təşkilat Azərbaycanda 
								1993-cü ildən fəaliyyət göstərir. ötən 16 il 
								ərzində YUNİSEF-lə Təhsil Nazirliyi arasında 
								əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf 
								etmiş, 1998-ci ildən isə daha dinamik xarakter 
								almışdır. Səmərəli əməkdaşlıq Azərbaycanda 
								təhsil sahəsində həyata keçirilən layihələrin də 
								kəmiyyət və keyfiyyət baxımından artmasına 
								gətirib çıxarmışdır.  
								
								
								YUNİSEF-lə Təhsil Nazirliyinin birgə fəaliyyəti 
								Azərbaycan hökuməti ilə həmin təşkilat arasında 
								imzalanmış beşillik fəaliyyət planları əsasında 
								həyata keçirilir. Sonuncu fəaliyyət planı 
								2005-2009-cu illəri əhatə etmişdir. Əməkdaşlığın 
								ümumi prinsiplərini və strateji istiqamətlərini 
								əks etdirən həmin fəaliyyət planına əsasən hər 
								il üçün Təhsil Nazirliyi və YUNİSEF-in birgə 
								fəaliyyət planı təsdiq olunmuş və həyata 
								keçirilməkdədir. Əhəmiyyətli bir cəhəti də qeyd 
								etmək istərdim ki, illik fəaliyyət planları 
								təsdiq edilməmişdən əvvəl geniş bir konfrans 
								təşkil edilir, bütün maraqlı tərəflərin, o 
								cümlədən QHT-lərin iştirakı ilə fəaliyyət 
								planına daxil ediləcək məsələlər müzakirə 
								olunur, rəy və təkliflər nəzərə alınmaqla 
								növbəti il üçün plan hazırlanır. Belə yanaşma 
								əməkdaşlığın daha sistemli şəkildə qurulmasına, 
								həyata keçirilən birgə layihələrin çevik 
								idarəolunmasına və səmərəli həyata keçirilməsinə 
								zəmin yaradır. 
								
								
								Bütün fəaliyyəti uşaqlarla bağlı olan, uşaqların 
								kədəri və sevinci ilə yaşayan, ən çətin anlarda 
								uşaqlarla birgə olan YUNİSEF təşkilatı 
								Azərbaycanda öz missiyasını uğurla yerinə 
								yetirir, uşaqların hüquqlarının qorunması, 
								sağlamlığı və inkişafı sahəsində son dərəcə 
								böyük əhəmiyyət kəsb edən birgə layihələr həyata 
								keçirir. Belə uğurlu əməkdaşlığın yaranmasında 
								həmin təşkilatın Azərbaycan nümayəndəliyinə 
								rəhbərlik etmiş Akif Saatçıoğlu, Hanaa Singer, 
								Məhəmməd Bendris və hazırda YUNİSEF-in 
								ölkəmizdəki rəhbəri Mark Herevard, eləcə də 
								təhsil proqramları üzrə rəhbər işləmiş Gülanə 
								Hüseynovanın xidmətlərini xüsusi vurğulamaq 
								istərdim.  
								
								
								Azərbaycanda YUNİSEF-lə birgə həyata 
								keçirdiyimiz layihələrin əsas məqsədi 
								məktəblərdə şəxsiyyətyönümlü təlim mühitinin 
								yaradılması, şagirdlərin məntiqi təfəkkürünün 
								inkişaf etdirilməsi və həyati bacarıqlara malik 
								olan şəxsiyyət kimi formalaşmasıdır. Təsadüfi 
								deyildir ki, təhsilin məzmununun 
								yeniləşdirilməsi, yeni nəsil dərsliklərin və 
								dərs vəsaitlərinin hazırlanması, müəllimlərin 
								ixtisasının artırılması, müasir təlim 
								texnologiyalarının tətbiqi, şagird 
								nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni 
								sistemin tətbiqi, məktəbəqədər təhsilin inkişafı 
								və digər sahələrdə Təhsil Nazirliyinin həyata 
								keçirdiyi islahatyönümlü tədbirlərdə YUNİSEF 
								fəal tərəfdaş kimi iştirak edir.  
								
								
								YUNİSEF-lə birgə həyata keçirilən layihələr 
								ümumilikdə 300-ə qədər məktəbəqədər tərbiyə, 
								ümumtəhsil, ilkin müəllim hazırlığı, 
								ixtisasartırma və yenidənhazırlanma 
								müəssisəsini, 25000-ə qədər uşaq və şagirdi, 
								8500-ə qədər valideyni, 3500-ə qədər müəllim və 
								tərbiyəçini, 860-a qədər mütəxəssisi əhatə 
								etmişdir. ümumilikdə 300-dək təlim kursu və 
								treninq keçirilmişdir. 100 minədək nüsxədə 
								müxtəlifməzmunlu təlim materialı, milyonlarla 
								nüsxədə bukletlər hazırlanmış və məktəblərə 
								paylanmışdır. Onu da qeyd etmək lazımdır ki, 
								YUNİSEF-lə birgə həyata keçirilən layihələr 
								çərçivəsində ölkə təhsilində yeni təcrübənin, 
								müasir təhsil texnologiyalarının, 
								innovasiyaların tətbiqi imkanlarının 
								genişlənməsi ilə yanaşı, bu təşkilat tərəfindən 
								təhsilin inkişafına maddi dəstək də göstərilmiş, 
								ötən müddət ərzində həmin təşkilat tərəfindən 
								reallaşdırılan layihələrə 5 milyon ABŞ dolları 
								həcmində maliyyə vəsaiti sərf edilmişdir. 
								
								
								İndi isə YUNİSEF-lə birgə həyata keçirdiyimiz 
								ayrı-ayrı layihələr barədə fikirlərimi diqqətə 
								çatdırmaq istərdim.  
								
								
								"Erkən uşaqlıq dövründə qayğı və inkişaf, daha 
								yaxşı valideynlik təşəbbüsü" layihəsi. Bu 
								layihənin məqsədi erkən yaş dövründə uşaqların 
								sağlamlığı, təhsili və inkişafı sahəsində 
								səylərin əlaqələndirilməsi, bu sahədə vahid 
								sistemin yaradılması, məktəbəqədər təhsilin 
								prioritet rolunun qəbul edilməsi istiqamətində 
								tədbirlərin həyata keçirilməsidir. Layihənin 
								ilkin mərhələsində 4 uşaq bağçası (Bakı şəhəri 
								183 nömrəli və Təhsil Nazirliyinin "Qərənfil", 
								Sumqayıt şəhər 47 nömrəli və Xızı uşaq 
								bağçaları) pilot müəssisə kimi 
								müəyyənləşdirilmiş, həmin məktəbəqədər tərbiyə 
								müəssisələri uşaqların inkişafı, sağlamlığı, 
								qidalanması, psixo-sosial qayğı, erkən təlim, 
								ətraf mühitin mühafizəsi məsələlərini əhatə edən 
								təlim materialları ilə təmin edilmişdir. 
								 
								
								
								Layihə çərçivəsində erkən uşaqlıq dövründə qayğı 
								və inkişaf üzrə "Uşaq və ailə inkişaf proqramı" 
								işlənib hazırlanmışdır. Proqram 160 uşağı, 100 
								valideyni, 35 tərbiyəçini əhatə etmişdir. 
								Proqram çərçivəsində erkən uşaqlıq dövründə 
								qayğı və inkişaf üzrə tədqiqatlar, seminarlar, 
								tərbiyəçilər və valideynlər üçün treninqlər 
								təşkil olunmuşdur.  
								
								
								Respublikanın 14 rayonunda erkən uşaqlıq 
								dövründə qayğı və inkişaf imkanlarını təmin edən 
								33 Uşaq İnkişaf Mərkəzi yaradılmışdır. Mərkəzlər 
								məcburi köçkün uşaqlarının zəruri inkişaf və 
								əyləncə imkanlarının reallaşdırılması məqsədilə 
								müxtəlif avadanlıqlar, təhsil və inkişafla bağlı 
								materiallarla təmin edilmişdir. Həmin 
								mərkəzlərin fəaliyyəti 3-6 yaşlı 2600 məcburi 
								köçkün uşaqları, 260 nəfər tərbiyəçini, 3000-dən 
								çox valideyni əhatə etmişdir. Tərbiyəçilər üçün 
								treninqlər, müxtəlif təlim sessiyaları, məcburi 
								köçkün əhalinin məskunlaşdığı rayonlarda rayon 
								təhsil şöbələri rəhbərləri üçün zona 
								müşavirələri keçirilmişdir. ümumdünya Ərzaq 
								Proqramının köməyi ilə 33 mərkəzin uşaq və 
								tərbiyəçiləri mütəmadi olaraq ərzaqla təmin 
								edilmişdir.  
								
								
								Layihənin həyata keçirilməsi nəticəsində 
								valideynlər və tərbiyəçilər uşağa qayğı üzrə 
								vərdişlərə və erkən təlim təcrübəsinə 
								yiyələnmişlər. Həyata keçirilmiş təlim 
								tədbirləri nəticəsində valideyn-uşaq, 
								tərbiyəçi-valideyn, tərbiyəçi-uşaq 
								münasibətlərinin dinamikasında müsbət 
								dəyişikliklər baş vermişdir. Pilot uşaq 
								bağçalarının təlim materialları ilə təmin 
								edilməsi, yeni təlim modellərinin tətbiqi 
								uşaqların bacarıq və istedadının üzə 
								çıxarılmasına əlverişli şərait yaratmış, 
								ümumilikdə pilot məktəbəqədər tərbiyə 
								müəssisələrinə uşaqların cəlbini xeyli 
								yaxşılaşdırmışdır. Proqramın monitorinqi 
								göstərmişdir ki, layihədə iştirak edən uşaqlar 
								daha çox inkişaf etmiş, təhsilin keyfiyyəti 
								yüksəlmişdir. 
								
								
								YUNİSEF-in iştirakı və maliyyə dəstəyi ilə 
								2007-ci ildə nazirliyin nümayəndə heyəti 
								Ukraynada "Erkən yaş dövründə uşaqların 
								inkişafı" mövzusunda keçirilən ikihəftəlik 
								beynəlxalq seminarda iştirak etmiş, beynəlxalq 
								təcrübə ilə tanış olmuşdur.  
								
								
								Eyni zamanda 2008-ci ildə bu təşkilatın 
								təşəbbüsü ilə nazirliyin geniştərkibli nümayəndə 
								heyəti London şəhərində keçirilən birhəftəlik 
								beynəlxalq seminarda iştirak etmiş, beynəlxalq 
								inkişaf tendensiyaları nəzərə alınaraq 
								"Azərbaycan Respublikasında məktəbəqədər 
								təhsilin yeniləşdirilməsi Proqramı" çərçivəsində 
								Azərbaycanda bu sahənin gələcək inkişafı üçün 
								aşağıdakı strateji fəaliyyət istiqamətləri 
								təqdim edilmişdir:  
								
								
								-məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin 
								optimallaşdırılması və infrastrukturunun 
								təkmilləşdirilməsi;  
								
								
								-məktəbəqədər təhsil müəssisələrinin 
								idarəolunmasının təkmilləşdirilməsi 
								(əks-mərkəzləşmə, yerli icra və bələdiyyə 
								orqanlarının, valideynlərin, icmaların cəlb 
								olunması);  
								
								
								-məktəbəqədər alternativ qeyri-hökumət xidmət 
								modellərinin yaradılması;  
								
								
								-yeni maliyyələşdirmə mexanizmi, 
								(maliyyələşdirmənin diversifikasiyası və 
								çevikliyi);  
								
								
								-məktəbəqədər təhsildən istifadə imkanının 
								artırılması (qısamüddətli qrupların yaradılması, 
								xidmətlərin diversifikasiyası, inklüziv təhsil);
								 
								
								
								-məktəbəqədər təhsilin məzmununun 
								yeniləşdirilməsi (yeni kurikulum, yeni 
								metodologiyalar, monitorinq və qiymətləndirmə);
								 
								
								
								-tərbiyəçilərin yeni modellər üzrə 
								ixtisaslarının artırılması;  
								
								
								-tərbiyəçi və müəllimlərin ixtisaslarının 
								təkmilləşdirilməsi üçün yeni kurikulumun 
								hazırlanması;  
								
								
								-məktəbəqədər təhsilin ictimai statusunun 
								artırılması;  
								
								
								-məktəbəqədər müəssisələrdən istifadə 
								imkanlarının artırılması (2010-cu ilin sonunadək 
								əhatə səviyyəsinin 30%-ə çatdırılması); 
								 
								
								
								-məktəbəqədər təhsilin yeniləşdirilməsi 
								proqramının həyata keçirilməsi üçün 
								sektorlararası fəaliyyət planının hazırlanması. 
								
								
								Onu da qeyd etmək lazımdır ki, Təhsil Sektorunun 
								İnkişafı üzrə İkinci Layihə çərçivəsində 
								məktəbəqədər təhsil üzrə yeni kurikulumun 
								hazırlanması prosesinə YUNİSEF tərəfindən 
								beynəlxalq məsləhətçi xidməti cəlb olunmuşdur, 
								eyni zamanda maarifləndirmə tədbirlərinin həyata 
								keçirilməsində də bu təşkilat fəal iştirak edir.
								 
								
								
								"Fəal təlim və məktəb rəhbərliyi" layihəsi. 
								Layihənin məqsədi fəal/interaktiv təlim 
								texnologiyasının pedaqoji prosesdə tətbiqi, bu 
								sahədə müəllimlərə lazımi bacarıqların 
								aşılanması, mövcud təcrübənin monitorinqi və 
								gələcək fəaliyyət istiqamətlərinin 
								müəyyənləşdirilməsi olmuşdur. Yeri gəlmişkən 
								diqqətə çatdırım ki, Azərbaycanda ilk dəfə 
								olaraq fəal/interaktiv təlim texnologiyasının 
								müəllimlərin təcrübəsinə gətirilməsi YUNİSEF-in 
								fəaliyyəti ilə bağlıdır.  
								
								
								Layihənin həyata keçirilməsi məqsədilə Bakı 
								Avropa Liseyi, Şəki şəhər 10 nömrəli, Qəbələ 
								rayonu Vəndam kənd 1 nömrəli, Quba rayon 2 
								nömrəli, Masallı rayonu Köhnə Alvadı kənd 
								məktəbi olmaqla, 5 pilot müəssisə 
								müəyyənləşdirilmişdir. Pilot məktəbləri İKT və 
								digər avadanlıqlarla təmin edilmişdir. Layihə 
								çərçivəsində fəal təlim üzrə 30 müxtəlif təlim 
								kursları təşkil edilmişdir. Layihə 567 müəllimi, 
								6100 şagirdi, 224 valideyni, 107 mütəxəssisi 
								əhatə etmişdir. 25 min nüsxədə müxtəlif növ 
								təlim və tədris materialları çap olunmuş və 
								məktəblərə paylanmışdır.  
								
								
								Pilot məktəblərində fəal/interaktiv təlim 
								texnologiyasının tətbiqi şagirdlərin təlim 
								prosesinə daha fəal cəlb olunmasına, onların 
								tənqidi və məntiqi təfəkkürünün inkişafına, 
								şagirdlərdə zəruri kompetensiyaların 
								formalaşmasına və nəticədə təhsilin 
								keyfiyyətinin yüksəlməsinə zəmin yaratmışdır. 
								Onu da qeyd etmək lazımdır ki, fəal/interaktiv 
								təlim texnologiyasının pilot məktəblərində 
								tətbiqi təcrübəsi, sonradan qeyri-pilot 
								məktəblərdə də bu texnologiyaların uğurla 
								tətbiqinə zəmin yaratmışdır.  
								
								
								Birgə layihə çərçivəsində ümumtəhsil 
								məktəblərində, ixtisasartırma və 
								yenidənhazırlanma, ilkin müəllim hazırlığı 
								müəssisələrində fəal təlimin tətbiqi üzrə 
								müəyyən təcrübə toplanmışdı. Lakin bu sahədə 
								aparılan işlərin daha da genişləndirilməsi 
								zərurəti nəzərə alınaraq, 2004-cü ilin 
								noyabrında Təhsil Nazirliyi ilə YUNİSEF-in 
								Azərbaycandakı nümayəndəliyi tərəfindən 
								"Fəal/interaktiv təlimin Azərbaycanda tətbiqinə 
								dair milli siyasətin hazırlanması" mövzusunda 2 
								günlük konfrans keçirilmişdir.  
								
								
								Konfransda fəal təlim üzrə gələcək 
								istiqamətlərin müəyyənləşdirilməsi üçün 30 
								nəfərdən ibarət işçi qrupu yaradılmış, həmin 
								qrup tərəfindən konfransın materialları təhlil 
								edilmiş, "Fəal/interaktiv təlim texnologiyasının 
								Azərbaycanda tətbiqi ilə bağlı fəaliyyət 
								istiqamətləri" hazırlanmış və Təhsil 
								Nazirliyinin əmri ilə təsdiq edilmişdir. Sənəddə 
								fəal/interaktiv təlim texnologiyasının tətbiqi 
								üzrə idarəetmə, təhsil üzrə tədqiqatlar, müəllim 
								hazırlığı və ixtisasartırma sahələrində həyata 
								keçiriləcək konkret vəzifələr 
								müəyyənləşdirilmişdir. Eyni zamanda 
								fəal/interaktiv təlim texnologiyasının tətbiqi 
								üzrə layihənin əhatə dairəsinin 
								genişləndirilməsi, daha çox regionların və 
								ümumtəhsil məktəblərinin layihəyə cəlbi qərara 
								alınmışdır. 
								
								
								2006-2009-cu illərdə Bakı şəhərinin, Şəki, 
								Qəbələ, Quba, Masallı, Füzuli, Əli Bayramlı, 
								Ucar, İsmayıllı, Lənkəran rayonlarının 
								müəyyənləşdirilmiş pilot məktəblərinin, 
								Azərbaycan Müəllimlər İnstitutu və onun 
								filiallarının, pedaqojiprofilli ali və orta 
								ixtisas təhsili müəssisələrinin müəllimləri, 
								pilot rayon təhsil şöbələri və məktəb rəhbərləri 
								üçün təlimlər keçirilmişdir. 
								
								
								Təqdirəlayiq haldır ki, YUNİSEF-in təşəbbüsü ilə 
								ilk dəfə olaraq ölkəmizdə fəal təlimlə bağlı 
								tədris vəsaitləri hazırlanıb çap edilmişdir və 
								hazırda müəllimlərlə keçirilən treninqlərdə 
								həmin vəsaitlərdən səmərəli istifadə olunur.
								 
								
								
								YUNİSEF-in müəyyənləşdirdiyi üç (Lənkəran, Quba, 
								Füzuli) və Təhsil Sektorunun İnkişafı Layihəsi 
								çərçivəsində müəyyənləşdirilmiş üç pilot 
								rayonlarının (Ucar, İsmayıllı, Şirvan) ibtidai 
								sinif müəllimləri üçün təşkil edilmiş 
								seminarlarda fəal təlim metodları haqqında 
								müəllimlərə nəzəri və praktiki bacarıqlar 
								aşılanmışdır. Bundan əlavə, məktəblər bir sıra 
								əyani vəsaitlərlə təmin edilmişdir. Lənkəran, 
								Quba və Füzuli rayonlarının pilot məktəblərində 
								aparılan ilkin qiymətləndirmə nəticəsində əldə 
								edilən nəticələr məktəblərin müəllimlərinin 
								inkişaf planlarının hazırlanmasına zəmin 
								yaratmışdır.  
								
								
								"Təhsil sistemində məlumatların və təhlillərin 
								təkmilləşdirilməsi" layihəsi. Layihə 
								çərçivəsində təhsilin keyfiyyət məsələlərini 
								əhatə edən "Təhsildə nailiyyətlərin monitorinqi" 
								sorğusu aparılmış, məktəb, rayon və nazirlik 
								səviyyəsində təhsilin idarəolunmasının 
								səmərəliliyinin artırılması məqsədilə bir sıra 
								tədbirlər həyata keçirilmişdir. Belə ki, YUNESKO 
								ilə birlikdə "Təhsil hamı üçün -2000" proqramı 
								üzrə doqquz zona treninqi təşkil olunmuş, 
								respublikanın bütün təhsili idarəetmə orqanları 
								əhatə olunmaqla, 450 mütəxəssis idarəetmə üzrə 
								təlimlərə cəlb olunmuşdur. "Təhsil hamı üçün" 
								proqramının məqsədlərinə dair Azərbaycanda 
								mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə 
								hesabat hazırlanmışdır.  
								
								
								"İnkişaf üçün təhsil və Uşaq Hüquqları 
								Konvensiyası" layihəsi. Layihənin məqsədi 
								ümumtəhsil məktəblərində uşaq hüquqlarının 
								təbliği və öyrədilməsi, müəllimlərin 
								fəaliyyətində və şagirdlərə münasibətində nəzərə 
								alınması olmuşdur. Layihə çərçivəsində tədqiqat 
								və sorğular keçirilmiş, təlim kursları təşkil 
								edilmişdir. Müəyyənləşdirilmiş pilot məktəblərin 
								100 müəllimi, 100 valideyni, 2000 şagirdi 
								təlimlə əhatə olunmuşdur. 22 min nüsxə müxtəlif 
								məlumat və təlim materialı çap olunmuş və 
								məktəblərə çatdırılmışdır.  
								
								
								İnsan hüquqlarına dair beynəlxalq aktların 
								öyrənilməsi istiqamətində "Heç bir uşağı 
								nəzərdən qaçırmayaq" layihəsi çərçivəsində "Uşaq 
								haqları əlifbası" 3200 nüsxədə çap olunmuş və 
								təhsil müəssisələrinə paylanmışdır. Uşaq 
								hüquqlarının tədrisi üzrə müəllimlər üçün "Uşaq 
								haqları və onların tədrisi", "Uşaq haqları ilə 
								tanışlıq və biliklərin uşaqdan-uşağa ötürülmə 
								üsulları", "Uşaq Hüquqları Konvensiyası və onun 
								ümumtəhsil məktəblərində tədrisi" adlı vəsaitlər 
								hazırlanmış və məktəblərə paylanmışdır. 
								 
								
								
								"Gənclərin sağlamlığı və inkişafı" layihəsi. 
								Layihə çərçivəsində 21 rayonda Gənclər Resurs 
								Mərkəzi yaradılmış, audiovizual və kompüter 
								avadanlığı ilə təchiz edilmişdir. Həmin 
								mərkəzlərdə 3000-dən çox uşaq və yeniyetmə 
								kompüterdə işləmək bacarıqlarını mənimsəmiş, 
								sağlam həyat tərzi, həyat vərdişləri və uşaq 
								hüquqları ilə bağlı biliklərə yiyələnmişlər. 
								
								
								"Valideyn-Müəllim Assosiasiyası (VMA)" layihəsi. 
								Bu layihənin məqsədi şagirdlərin inkişafı 
								sahəsində bütün maraqlı tərəflərin səylərinin 
								birləşdirilməsi, təlim-tərbiyə prosesinə 
								valideynlərin daha fəal cəlb olunması, 
								ümumtəhsil məktəblərindəki mövcud problemlərin 
								həlli istiqamətində layihə və proqramların 
								həyata keçirilməsi, təhsilə ictimai dəstəyin 
								göstərilməsidir.  
								
								
								Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası 
								valideyn və müəllimlərin könüllü birliyi 
								nəticəsində yaranan ictimai qurumdur. Milli VMA 
								YUNİSEF və Təhsil Nazirliyinin "ümidli gələcək" 
								Gənclər Təşkilatı ilə birgə həyata keçirdikləri 
								proqram çərçivəsində 2003-cü ildə yaradılmışdır. 
								Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq 
								Bakı, Qəbələ, Şəki, Masallı və Qubada 5 pilot 
								məktəbində VMA yaradılmışdır. Pilot məktəblərin 
								6 minədək müəllimləri, şagirdləri, valideynləri 
								üçün təlimlər keçirilmiş, maarifləndirmə işləri 
								aparılmışdır. Müsbət təcrübə nəzərə alınaraq, 
								2003-cü ilin sonuna artıq 20 məktəbdə VMA 
								yaranmışdı.  
								
								
								2004-cü ildə VMA-nın I milli konfransı və təsis 
								konfransı keçirilmişdir. Konfransda təşkilatın 
								strukturu, səlahiyyətləri müəyyənləşdirildi. 
								2005-ci ilin aprelində VMA Ədliyyə Nazirliyi 
								tərəfindən qeydiyyata alınmışdır.  
								
								
								İndiyədək 1000-dən çox məktəbdə valideyn-müəllim 
								assosiasiyaları yaradılmışdır. Digər məktəblərin 
								də bu prosesə qoşulması tendensiyası ildən-ilə 
								artır.  
								
								
								Uşaqlara aid qərarları qəbul edən təşkilatlar 
								qarşısında, icmalarda, məktəblərdə uşaqların 
								dəstəklənməsi, valideynlərə öz uşaqlarını 
								müdafiə və inkişaf vərdişlərinin əldə 
								edilməsində kömək göstərilməsi, valideyn və 
								ictimaiyyətin məktəblərə cəlb olunması, onların 
								məktəbə köməyinin gücləndirilməsi, təlim-tərbiyə 
								prosesinin təkmilləşdirilməsi, şagirdlərin 
								məktəb həyatının daha səmərəli təşkilinə kömək 
								edə biləcək layihələrin dəstəklənməsi üçün 
								fondların və resursların yaradılması və digər bu 
								kimi sahələr VMA-nın əsas fəaliyyət 
								istiqamətlərini təşkil edir. 
								
								
								Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət 
								göstərən VMA-ların fəaliyyəti nəticəsində ötən 
								müddətdə bir sıra əhəmiyyətli layihələr həyata 
								keçirilmişdir. Belə ki, Qəbələ rayonu Vəndam 
								kənd 2 nömrəli məktəbdə məzunların köməyi ilə 
								idman zalı, BMLK-da müasir tipli idman zalı, qış 
								oranjereyası tikilib istifadəyə verilmiş, 
								Masallı rayonu Musaküçə kənd orta məktəbində 
								yaradıcı müəllim və istedadlı şagirdlərin 
								stimullaşdırılması proqramı hazırlanıb həyata 
								keçirilmiş, məktəbə su xətti çəkilmiş, Qəbələ 
								rayonu Vəndam kənd 1 nömrəli məktəbin istiliklə 
								təminatı həyata keçirilir. Məktəbətrafı icmanın 
								və valideynlərin səyləri nəticəsində Bakı şəhəri 
								46 nömrəli məktəbdə müasir tələblərə cavab verən 
								kitabxana yaradılmışdır.  
								
								
								İcmadaxili əməkdaşlığı stimullaşdırmaq məqsədilə 
								Quba şəhər 2 nömrəli məktəbin VMA və məktəb 
								rəhbərliyinin təşəbbüsü ilə məktəb əsaslı təmir 
								edilmiş, burada "İlin ən yaxşı icma üzvü", Quba 
								şəhər 1 nömrəli məktəbdə "İlin fəal valideyni", 
								"İlin fəal şagirdi", "İlin fəal müəllimi" 
								nominasiyaları təsis edilmişdir. Quba rayonu 1 
								nömrəli Qırmızı qəsəbə məktəbində məzunların 
								sponsorluğu ilə ibtidai sinif şagirdlərinin isti 
								yeməklə qidalanması təmin edilmiş, idman zalı 
								üçün trenajorlar alınmışdır. Bakı şəhəri 
								"İstedad" Beynəlxalq Təhsil Kompleksində (134 
								nömrəli məktəb), Şəki şəhər 10 nömrəli məktəbdə 
								"İlin ən yaxşı şagirdi" mükafatı təsis edilmiş 
								və qaliblərə təqaüdlər ayrılmışdır. 
								
								
								VMA-lar  "Məktəb uşağın dostudur" layihəsinin 
								əhatə etdiyi məktəblərlə əlverişli təlim və 
								inkişaf mühitinin formalaşmasında da fəal 
								iştirak edirlər.  
								
								
								Əlbəttə, VMA-nın ölkənin bütün ümumtəhsil 
								məktəblərində yaradılması əsas hədəflərdəndir. 
								Artıq təşkilatın növbəti illər üçün Strateji 
								inkişaf planı hazırlanmış və 2009-cu il dekabrın 
								19-da keçirilən geniş konfransda təqdim 
								edilmişdir.  
								
								
								"Mina Təhlükəsinə dair Maarifləndirmə" layihəsi. 
								Layihə çərçivəsində 2004-cü ilin mayında Təhsil 
								Nazirliyi ilə YUNİSEF arasında sərhədyanı 
								ərazilərdə və məcburi köçkün düşərgələrindəki 
								orta məktəblərdə mina təhlükəsinə dair 
								maarifləndirməyə dair Anlaşma Memorandumu 
								imzalanmışdır. Layihə çərçivəsində xüsusi 
								fakültativ kursun tədrisinə başlanmış, metodik 
								vəsaitlər, təlim materialları hazırlanmış və 
								məktəblərə paylanmışdır, eləcə də məktəb 
								rəhbərləri, müəllimlər üçün təlim seminarları 
								keçirilmişdir.  
								
								
								2005-2006-cı dərs ilindən Laçın, Cəbrayıl, 
								Kəlbəcər və Şuşa rayonlarının, habelə Naxçıvan 
								MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil 
								məktəblərinin IV və VI siniflərində fakültativ 
								məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 
								saat olmaqla, "Mina təhlükəsinə dair 
								maariflənmə" adlı kurs tədris edilir. 
								 
								
								
								"Məktəb uşağın dostudur" layihəsi. Layihənin 
								əsas məqsədi 5 strateji istiqamətdə tədbirlərin 
								həyata keçirilməsindən ibarətdir:  
								
								
								1. Bütün şagirdlərə bərabər imkanların 
								yaradılması. Məktəb sağlamlıq imkanından, 
								ailənin sosial statusundan, gender və sair 
								amillərdən asılı olmayaraq bütün uşaqlar üçün 
								xoş rəftar edilən, bir məkan olmaqla yanaşı, 
								onlara öz imkanları daxilində zəruri biliklərə 
								yiyələnmək üçün əlverişli mühitə çevrilməli, 
								burada hər bir fərdə təhsil alması üçün şərait 
								yaradılmalıdır.  
								
								
								2. Səmərəlilik: Bu strategiya məktəblərdə 
								səmərəli idarəetmənin, fəal/interaktiv təlim 
								texnologiyalarının tətbiqini, təlim 
								nəticələrinin düzgün qiymətləndirilməsini təmin 
								etməklə keyfiyyətli təhsil, keyfiyyətli tədris 
								prosesi, keyfiyyətli məzmun, keyfiyyətli mühit, 
								keyfiyyətli müəllimlər, keyfiyyətli nəticələr 
								kimi məqsədləri əhatə edir.  
								
								
								3. Sağlamlığın qorunması: Məktəb tibbi və 
								sanitariya xidmətini təmin etməklə, yoluxucu 
								xəstəliklərin qarşısını almaqla, istilik 
								sisteminin işlək şəkildə olmasını təmin etməklə 
								məktəbdə sağlam tədris mühitinin yaradılmasına 
								nail olur, bu da son nəticədə şagird 
								nailiyyətlərinə müsbət şəkildə təsir edir.
								 
								
								
								4. Uşaqların müdafiəsi: Məktəb təhlükəsiz və 
								etibarlı yer olmaqla yanaşı, şagirdləri hər cür 
								zorakılıqdan və hüquq pozuntularından müdafiə 
								edən bir məkandır. Burada fiziki cəza və 
								hədə-qorxu tətbiq olunmur və məktəb hüquqi 
								məkana çevrilir.  
								
								
								5. Ailələrin cəlb edilməsi: Məktəbdə 
								valideynlərlə, digər ailə üzvləri ilə, təhsil 
								prosesinin digər iştirakçıları ilə, cəmiyyətin 
								nümayəndələri ilə məsləhətləşmələr aparılır və 
								sıx əməkdaşlıq edilir. Dialoq aparılması üçün 
								əlverişli imkanlar yaradılır. Məktəb öz 
								fəaliyyətində ailəyə və cəmiyyətə əsaslanır.
								 
								
								
								"Məktəb uşağın dostudur" layihəsi məktəblərdə 
								əlverişli, cəlbedici, maraqlı tədris mühitinin 
								yaradılmasını da nəzərdə tutur. Təcrübə göstərir 
								ki, maraqlı təşkil edilən tədris mühitində 
								şagird nailiyyətləri də yüksəlir, məktəbə 
								davamiyyət artır və həmçinin, cəmiyyət 
								tərəfindən məktəbə olan münasibət müsbət 
								istiqamətdə dəyişir.  
								
								
								Layihə ilkin mərhələdə Quba rayonunun 2, 3, 4, 
								Qırmızı qəsəbə 1 nömrəli və Rustov kənd 
								məktəblərini, Füzuli rayonu Böyük Bəhmənli, 
								Kərimbəyli, Aşağı Kürdmahmudlu kənd, Horadiz, 
								Qayıdış-3 qəsəbə məktəblərini və Lənkəran şəhər 
								3, 4, 5, 8 nömrəli və Haftoni qəsəbə 
								məktəblərini əhatə etmişdir. 
								
								
								2008-ci ildə müstəqil beynəlxalq ekspert 
								tərəfindən layihənin monitorinqi aparılmış və 
								müəyyənləşdirilmişdir ki, məktəblərdə 
								şagirdlərin inkişafı sahəsində ciddi 
								nailiyyətlər əldə edilmiş, müəllimlərin 
								yaradıcılıq və təşəbbüskarlıqları, tədris 
								prosesinə və şagirdlərə yanaşması müsbət 
								istiqamətdə dəyişmiş, valideynlər məktəbə daha 
								fəal cəlb olunmuş, təhsil müəssisələrində 
								əlverişli təlim və inkişaf mühiti yaradılmışdır.
								 
								
								
								Layihə çərçivəsində ümumtəhsil məktəblərinin 
								keyfiyyət standartlarının hazırlanması 
								istiqamətində beynəlxalq məsləhətçinin dəstəyi 
								ilə mütəxəssislər üçün seminarlar keçirilmişdir. 
								Təhsil Nazirliyində "ümumtəhsil məktəbləri üçün 
								keyfiyyət standartları"nın işlənib hazırlanması 
								məqsədilə işçi və ekspert qrupları yaradılmış, 
								keyfiyyət standartları hazırlanmışdır. İşçi 
								qrupunun üzvləri YUNİSEF tərəfindən 2009-cu ilin 
								aprelində İsveçrənin Cenevrə şəhərində təşkil 
								edilən Şərqi Avropa və MDB ölkələri üçün "Məktəb 
								uşağın dostudur" mövzusunda seminarda iştirak 
								etmiş, bu sahədə mövcud təcrübə və yenilikləri 
								öyrənmiş, Azərbaycanın keyfiyyət standartlarını 
								həmin seminarda təqdim etmişdir. Hazırlanmış 
								keyfiyyət standartları seçilmiş on məktəbdə 
								sınaqdan keçirilmiş, nəticələr təhlil edilmiş və 
								sənədin son variantı işlənmişdir.  
								
								
								"Quş qripinə qarşı mübarizə" layihəsi. Layihə 
								çərçivəsində şagirdlər üçün 1,5 milyon nüsxə 
								buklet və plakat çap olunmuş, müəllimlər üçün 
								vəsait hazırlanmışdır. Müəllimlər üçün təlim 
								proqramları hazırlanmış, 2006-2007-ci illərdə 
								Bakıda və Azərbaycanın rayonlarında riskli 
								ərazilərdə yerləşən 1400 məktəbdə müvafiq 
								təlimlər keçirilmişdir. 
								
								
								"Azərbaycan Respublikasında dövlət uşaq 
								müəssisələrində uşaqların ailələrə verilməsi 
								(de-institutlaşdırma) və alternativ qayğı Dövlət 
								Proqramı (2006-2015-ci illər)" çərçivəsində 
								YUNİSEF-in mütəxəssisləri ilə birlikdə 
								monitorinq mexanizmi yaradılmış, tədqiqat 
								aparılmış, məlumat bazası, fərdi qayğı planları, 
								alternativ qayğı üzrə standartlar, 
								transformasiya üzrə baş plan hazırlanmış, 
								beynəlxalq ekspert xidmətinin təşkili üzrə 
								tədbirlər həyata keçirilmişdir. 
								De-institutlaşdırmanın əhatə etdiyi uşaqlar üçün 
								qayğı və reabilitasiya mərkəzlərinin 
								yaradılması, Azərbaycanda Uşaq Müdafiə 
								Sisteminin təşkili sahəsində, Bakı Dövlət 
								Universitetində sosial işçilərin hazırlanmasında 
								da YUNİSEF tərəfindən müntəzəm dəstək 
								göstərilir. Eyni zamanda Proqramın həyata 
								keçirilməsinə yardım məqsədilə YUNİSEF 
								tərəfindən 2006-2008-ci illərdə 2 nəfər, hazırda 
								isə 1 nəfər məsləhətçi ayrılmış və 
								maliyyələşdirilmişdir.  
								
								
								"Azərbaycan Respublikasında xüsusi qayğıya 
								ehtiyacı olan (sağlamlıq imkanları məhdud) 
								uşaqların təhsilinin təşkili üzrə İnkişaf 
								Proqramı (2005-2009-cu illər)" çərçivəsində 
								YUNİSEF-lə birlikdə Azərbaycanda inklüziv təhsil 
								təcrübəsi tətbiq edilməyə başlanmışdır. Məhz bu 
								əməkdaşlığın nəticəsidir ki, hazırda 200-dən çox 
								xüsusi qayğıya ehtiyacı olan uşaq cəmiyyətdən və 
								yaşıdlarından təcrid olunmaqdan xilas olmuş, 
								onların adi həyata inteqrasiyasına, inkişafına 
								və hüquqlarının təmin olunmasına şərait 
								yaranmış, öz həmyaşıdları ilə birlikdə təhsil 
								almaq imkanı əldə etmişdir.  
								
								
								2006-cı ildən Təhsil Nazirliyi BMT-nin Qlobal 
								Fondu ilə birlikdə "Azərbaycanda QİçS-ə qarşı 
								cavab tədbirlərinin gücləndirilməsi" layihəsini 
								həyata keçirir. Layihə çərçivəsində YUNİSEF-lə 
								sıx əməkdaşlıq şəraitində "Həyati bacarıqlara 
								əsaslanan təhsil" üzrə Milli Konsepsiya, 
								ibtidai, əsas və orta təhsil pillələri üçün 
								proqramlar, həmin pillələrin hər biri üçün 
								ayrılıqda müəllimlər üçün tədris vəsaitləri 
								hazırlanmış və məktəblərə çatdırılmış, 
								beynəlxalq məsləhətçi xidməti cəlb edilmiş, 
								müəllimlər üçün treninqlər təşkil edilmişdir. 
								ötən dərs ilindən ölkənin bütün məktəblərində 
								kursun tədrisinə başlanmışdır.  
								
								
								YUNİSEF-in əsas fəaliyyət istiqamətlərindən biri 
								də təhsil sahəsində həyata keçirilən birgə 
								layihə və proqramlarla bağlı Azərbaycanda 
								respublika və beynəlxalq səviyyəli konfransların 
								təşkili, eyni zamanda müxtəlif aktual 
								məsələlərlə bağlı Təhsil Nazirliyinin və təhsil 
								müəssisələri mütəxəssislərinin beynəlxalq 
								təcrübənin öyrənilməsi məqsədilə xarici ölkələrə 
								səfərlərinin təşkilidir. Qeyd etmək istəyirəm 
								ki, ötən illər ərzində YUNİSEF Təhsil Nazirliyi 
								ilə birlikdə 50-dək konfrans təşkil etmiş, 
								100-dək mütəxəssisin dünyanın müxtəlif 
								ölkələrinə öyrədici, təlim və təcrübə mübadiləsi 
								səfərlərini təşkil etmişdir. 
								
								
								YUNİSEF-in təhsil sahəsində fəaliyyətinin daha 
								bir istiqaməti təhsilin ayrı-ayrı problemləri 
								ilə əlaqədar sorğu və tədqiqatların 
								aparılmasıdır. Nazirlik üçün əhəmiyyətli amil 
								ondan ibarətdir ki, aparılan tədqiqatların 
								nəticələrinə əsasən hazırlanmış hesabatlar və 
								beynəlxalq təcrübəyə uyğun işlənmiş tövsiyələr 
								gələcək fəaliyyət planlarının hazırlanmasında 
								istifadə edilir.  
								
								
								Təqdirəlayiq haldır ki, YUNİSEF-lə həyata 
								keçirilən birgə layihələrin davamlılığı təmin 
								edilir. Bir sıra layihələr uğurla başa 
								çatdırılmış, əksər layihələr isə davam 
								etməkdədir. Perspektivdə yeni layihələrin 
								başlanması da nəzərdə tutulur. Hesab edirəm ki, 
								YUNİSEF-lə Təhsil Nazirliyi arasında yaranmış 
								səmərəli əməkdaşlıq və həyata keçirilən 
								layihələr bundan sonra da Azərbaycanda təhsilin 
								inkişafına xidmət edəcəkdir.   
								
								
								
								(Ardı var)   
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının  
								təhsil naziri, fizika-riyaziyyat  
								elmləri doktoru, professor  |