| 
								 
								
								Beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil 
								etmək hər bir azərbaycanlı gəncin arzusudur. Bu 
								arzunu reallaşdırmaq üçün gənclərimizdə yüksək 
								savad və bacarığın olması isə vacib 
								amillərdəndir. 
								
								
								Azərbaycanımızı elm sahəsində beynəlxalq 
								olimpiadalarda uğurla təmsil edənlərdən biri də  
								Sənan Eminovdur. O, 1987-ci ildə Bərdə rayonunda 
								dünyaya göz açıb. Orta məktəbə Bərdədə qədəm 
								qoyan Sənan sonra təhsilini Mingəçevir özəl Türk 
								Liseyində başa vurub. Hələ məktəbdə oxuyarkən 
								kimya fənninə olan həvəsi onu bu elmin sirlərinə 
								dərindən yiyələnməyə sövq edib. Elə bu həvəs də 
								Sənanın gələcəkdə böyük kimyaçı olmasına, 
								beynəlxalq olimpiadalarda uğur qazanmasına 
								stimul verib.  
								
								
								Sənan ilk uğurunu 2003-cü ildə Yunanıstanda 
								keçirilən beynəlxalq kimya olimpiadasında əldə 
								edib. O, həmin olimpiadada ölkəmizə bürünc medal 
								qazandırıb. 2004-cü ildə Almaniyada keçirilən 
								beynəlxalq kimya olimpiadasında isə daha da 
								irəli gedərək fəxri kürsünün ən yüksək pilləsinə 
								qalxaraq qızıl medala sahib çıxıb. Həmyerlimiz 
								2005-ci ildə Tayvanda keçirilən olimpiadada 
								yenidən qızıl medal qazanaraq üçrəngli 
								bayrağımızı yüksəklərə qaldırmış, himnimizi 
								səsləndirmişdir. Bütün bu uğurlardan sonra 
								dünyanın bir çox tanınmış universitetləri Sənanı 
								öz təhsil ocaqlarında oxumağa dəvət edib. Lakin 
								Sənan Türkiyənin Orta Doğu Texniki 
								Universitetinə qəbul olunmuş, I kursu 
								bitirdikdən sonra təhsilini Almaniyanın  
								Beynəlxalq Bremen Universitetində davam etdirib. 
								Universitetdə də öz çalışqanlığı və mübarizliyi 
								ilə seçilən Sənan bakalavr pilləsini bitirdikdən 
								sonra magistraturanı oxumadan birbaşa 
								doktoranturaya qəbul edilib. Hazırda həmyerlimiz 
								Beynəlxalq Bremen Universitetinin doktorantıdır. 
								
								
								Sənanın dediklərindən: Hər bir gənc kimi mənim 
								də arzum hər hansı bir sahəni mükəmməl öyrənmək 
								və bu sahədə respublikamıza şərəflə xidmət 
								etməkdir. Orta məktəbdə oxuyarkən həmişə 
								fikirləşirdim ki, hansı sahədə ölkəmizə daha çox 
								fayda verə bilərəm. Həmin vaxt qərara gəldim ki, 
								kimya sahəsində daha çox dəyərli ola bilərəm. 
								çünki kimya gündən-günə inkişaf edən neft 
								sənayemizdə aparıcı yer tutur. Biz indi 
								çalışmalıyıq ki, neft sənayesini daha da 
								mükəmməl inkişaf etdirək. Mənə elə gəlir ki, 
								peşəsindən asılı olmayaraq hər bir şəxs 
								ölkəsinin inkişafında az da olsa, fayda verməyə 
								çalışmalıdır. 
								
								
								Olimpiadalarda respublikamızı  təmsil edərkən 
								çox həyəcanlı idim.   İndi qürur hissi keçirirəm 
								ki, ölkəmizi layiqli təmsil etmişəm.  Bu 
								uğurlarıma görə professor  Vaqif Abbasov və 
								Mütəllim Abbasov olmaqla bütün müəllimlərimə 
								borcluyam. Düşünürəm ki, bu, təkcə mənim uğurum 
								deyil, ümumilikdə Azərbaycan təhsilinin, 
								Azərbaycan müəlliminin uğurudur. Fürsətdən 
								istifadə edib bütün gənclərə üzümü tutaraq 
								deyirəm ki, dövlətimizin başçısı cənab İlham 
								Əliyevin bizə göstərdiyi qayğıdan, diqqətdən 
								faydalansınlar. çünki bu dövlətin gələcəyi biz 
								gənclərin üzərində qurulur. Biz bu məsuliyyəti 
								dərk edərək gələcəyə doğru inamla addımlayırıq. 
								  
								
								
								
								Niyazi RƏHİMOV  |