| 
								 
								
								Bakı Dövlət Universitetinin rektoru, millət 
								vəkili, akademik Abel Məhərrəmov Fransa Dövlət 
								Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun 
								(İNALCO) rektoru, professor Jak Löqranı qəbul 
								edib. Qonağı salamlayan rektor BDU haqqında 
								məlumat verib, əsasən onun beynəlxalq 
								əlaqələrindən danışıb.  
								
								
								Professor Jak Löqran da öz növbəsində rektoru 
								olduğu institutdan bəhs edib. Qeyd edilib ki, 
								Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri 
								İnstitutunda 96 dil, o cümlədən 1999-cu ildən 
								Azərbaycan dili tədris olunur. İnstitutun bir 
								neçə fakültəsində Azərbaycan dilinin tədrisin 
								tərkib hissəsinə çevrildiyindən danışan J.Löqran 
								bildirib ki, rəsmi diplom təsis olunandan sonra 
								tələbələr Azərbaycan dilini ayrıca kurslarda 
								öyrənmək və bu sahə üzrə diplom almaq imkanı 
								əldə ediblər. 2008-ci il noyabrın 7-də isə bu 
								təhsil ocağında Azərbaycan dili fakültəsi 
								açılıb. Dilimizin daha səmərəli tədrisində 
								maraqlı olduğunu söyləyən Jak Löqran BDU ilə 
								məhz bu baxımdan əməkdaşlığa önəm verdiyini 
								bildirib.  
								
								
								Akademik Abel Məhərrəmov həmkarının fikirlərini 
								təqdir edib və BDU-da fransız dili ilə yanaşı, 
								artıq 3 ildir ki, fransız ədəbiyyatının da 
								tədris olunduğunu bildirib. Sonda qərara alınıb 
								ki, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri 
								İnstitutunda Azərbaycan dilinin, BDU-da isə 
								fransız dili və ədəbiyyatının daha səmərəli 
								keçilməsi üçün mütəxəssis mübadiləsi edilsin.
								 
								
								
								Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov 
								Bakı Dövlət Universitetinin təhsil və elmimizdə 
								böyük rol oynadığını deyərək, Fransada 
								Azərbaycan dilinin tədrisi üçün vəsait 
								çatışmazlığına toxunub və BDU-dan tədris 
								vəsaiti, Azərbaycan-fransızca lüğət, o cümlədən 
								dilin öyrənilməsi üçün disklər və digər mümkün 
								vəsaitlər verilməsini xahiş edib. İkitərəfli 
								görüşdən sonra qonaq universitetlə tanış olub, 
								imtahanların elektron test üsulu ilə keçirilməsi 
								prosesi ilə maraqlanıb. Distant Tədris Mərkəzi 
								vasitəsilə əlaqələrin mümkünlüyü barədə də fikir 
								mübadiləsi edilib.  
								
								
								
								Pərvanə İBRAHİMOVA  |