| 
								 
								
								1930-cu ildə Lerik rayonunun Kirəvud kəndində 
								anadan olan Surxay Əsədovun təhsil aldığı illər 
								Böyük Vətən müharibəsinin başlanması ilə eyni 
								vaxta düşmüşdü. 1945-1946-cı tədris ilində 
								Surxay hazırda işlədiyi Boykəndil kəndindəki 
								məktəbin VII sinfini bitirir. 
								
								
								Müharibənin tüğyan etdiyi illər... Ərazidə orta 
								məktəbin olmaması Surxayın oxumaq, təhsil almaq 
								həvəsini azaltmadı, əksinə, daha da artırdı. O, 
								çətinliklə Lerikdəki orta məktəbin VIII sinfində 
								təhsilini davam etdirir. Bu ağır və əzablı 
								illər, sanki, onu sınağa çəkirdi. 
								
								
								Günlərin bir günü - 1947-ci ilin aprelində 
								Süleyman Rüstəm Lerikə gəlir. Surxayın o 
								zamanlar  çətin bir məsələsinin həll olunmasında 
								da məhz şairin böyük rolu olur. Oxumağa, elmli 
								olmağa can atan Surxay şairə yazılı 
								müraciətindən sonra internatda qalıb,  təhsilini 
								davam etdirməyə müvəffəq olur. S.Əsədov onun 
								orta təhsil almasına yardımçı olmuş Süleyman 
								Rüstəmi hər zaman böyük sevgi və ehtiramla 
								xatırlayır.  
								
								
								1949-cu ildə  məktəbi bitirən Surxay bir müddət 
								Lerik orta məktəbində pioner baş dəstə rəhbəri  
								işləyir. 1949-cu ildə rayonun ən ucqar kəndi 
								sayılan  Nücü kəndində isə müəllim kimi işə 
								başlayır. O, 1951-ci ildə Quba  Müəllimlər 
								İnstitutuna qəbul olunur və 1953-cü ildə 
								təhsilini başa vuraraq  Lerikə təyinat alır. 
								1955-ci ildə Boykəndil yeddiillik məktəbinə 
								direktor vəzifəsinə irəli çəkilir.  Azərbaycan 
								Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili 
								və ədəbiyyat fakültəsinə daxil olan Surxay 
								1959-cu ildə oranı bitirir.  
								
								
								Surxay Əsədovun direktor kimi fəaliyyəti hər 
								zaman göz önündə idi. 1972-ci ildə onun direktor 
								işlədiyi Boykəndil yeddiillik  məktəbi  orta 
								məktəbə çevrilir. Yüksək bilik, peşəkarlıq 
								göstərən Surxay qısa bir zamanda təhsil ocağında 
								dönüş yaradır. Gənc müəllimlərə diqqət və qayğı 
								göstərən direktor onların məişət şəraitini 
								yaxşılaşdırmağa səy göstərirdi. Müəllimlərə 
								tələbkarlıqla yanaşaraq o, sağlam, işinə  
								olduqca  məsuliyyətli, işgüzar bir pedaqoji  
								kollektiv yarada  bilib. Təsadüfi  deyil  ki,  
								Boykəndil orta məktəbi tez bir zamanda  
								fərqlənib. Direktor kimi səmərəli fəaliyyəti 
								diqqətdən kənarda qalmayan Surxay müəllim o 
								vaxtlar kənd və rayon sovetlərinə deputat 
								seçilib. Respublika müəllimlərinin VII 
								qurultayının nümayəndələrindən biri də Surxay 
								Əsədov olub.  
								
								
								Boykəndil orta  məktəbinin indiyə kimi 34 
								buraxılışı olub. Buranın məzunları müxtəlif 
								ixtisaslara yiyələnərək bacarıqlı mütəxəssis, 
								elm adamları kimi  təhsil aldıqları məktəbə 
								başucalığı gətiriblər. Yaradılmış əlverişli 
								təlim-tərbiyə mühiti  burada dərs deyən  
								müəllimləri öz işlərində daha məsuliyyətli 
								olmağa, peşəkarlıq göstərməyə, təhsil alan 
								şagirdləri isə yüksək bilik almağa sövq edir.
								 
								
								
								Boykəndil orta məktəbində, eləcə də ərazidəki 
								digər 4 məktəbdə işləyən 70-dən çox müəllimin 
								hamısı məhz bu təhsil ocağının  məzunlarıdır. 
								Onlardan 60 nəfəri isə Surxay müəllimin 
								yetirmələridir. Çoxillik pedaqoji təcrübəyə 
								malik Surxay Əsədovun səmərəli fəaliyyəti yüksək 
								qiymətləndirilərək 10 oktyabr 2008-ci il tarixdə 
								Azərbaycan Respublikasının  Prezidenti cənab 
								İlham Əliyevin  sərəncamı ilə ölkə təhsilinin 
								inkişafındakı xidmətlərinə görə o, "Azərbaycan 
								Respublikasının əməkdar müəllimi" fəxri adına 
								layiq görülüb.  
								
								
								Təcrübəli pedaqoq, el ağsaqqalı, gözəl ailə 
								başçısı  Surxay Əsədovun bu günlərdə 80 yaşı 
								tamam olur. Bu münasibətlə Boykəndil orta 
								məktəbin, eləcə də həmin ərazidəki digər 
								məktəblərin bütün təhsil işçiləri, rayon 
								ictimaiyyəti onu təbrik edir, qocaman pedaqoqa 
								cansağlığı arzulayırlar. 
								
								
								
								Əvəz MƏMMƏDOV, 
								Lerik rayonundakı S.Cabbarov adına Kirəvud  
								məktəbinin direktoru  |